Kamal Abdulla şeirləri üzərindən özümə mesajlar - ESSE

Tarix:6-10-2017, 22:40 Baxış Sayı:200

Kamal Abdulla şeirləri üzərindən özümə mesajlar - ESSE


Yuxulu ricət: Şeir faciənin episentridir. Hər bir şairin öz zəlzələsi vardır, çünki yükünü atmağa, boşaltmağa məcburdur. Amma bütün şairləri birləşdirən ortaq, dünyəvi bir bağ - cədvəl vardır: Rixter cədvəli. Mirzə Səfər Rixter cədvəli üzrə on iki ballıq zəlzələ ilə üz-üzədir, çünki fələyin bağladığı darvazaya (“vurubdu”ya) qafiyə tapa bilmir. Qafiyə zəlzələni unutduran şirnikləşdirici bir nəsnə və ya uşağın başını qatan bir oyuncaqdır. İndi gəl uşağı oyundan ayır! Mirzənin bəxti gətirir: Onu oyundan ayıran atası olur. Bəs mən, sən, o?! Oyaq ricət: Mənə deyən gərək nə olub axı, Nə çabalayırsan, söylə, nə xəbər? Sən çətin tapasan axtardığını, Sən axtardığını itirməyiblər. (Kamal Abdulla “Unutmağa kimsə yox”) Desəm ki, müəllifin bu şeiri başdan-ayağa qafiyəsizdir, qəbul etməzlər! Doğrudur, misraların sonunda ahəngdar, lakin zəif bir işıq yanıb sönür. Bu, qafiyə deyil, mətnin özüylə gətirdiyi çox qədim bir iyerarxiyanın işartısıdır. Şeir başdan ayağa mahiyyətin qafiyələnməsi üzərində qurulub. Burada dil vahidlərinin sıralanması adi danışıq intonasiyasını xatırladır – rəngsiz, pafossuz... Şeirin içi isə sanki “nəm” barıtla doldurulmuşdur. Kamal Abdulla şüurlu şəkildə bu cür addım atır. O, qafiyədən asılı olmayan invariantını təklif edir. Bu, Azərbaycan şeirinə çox ciddi elmi bir mesaj idi. Az sonra şeirdən gələn mesaj nəsrə transfer olunur: “Sənsə mənə deyirsən, qulaq qafiyəsi belə gəldi, kök qafiyəsi belə getdi, misranın içində o söz yerində deyil, bu söz artıqdır... Mahiyyətin qafiyəsindən danış sən, övladi-kəbir, mahiyyətin qafiyəsindən...”. (Kamal Abdulla. “Səhvlərimizin qrammatikası” hekayəsindən).

Yarıyuxulu ricət: Bizə öyrədiblər ki, ədəbiyyat obrazlı söz sənətidir. Obrazlılığı isə daha çox bədii təsvir vasitələri yaradır. Ona görə də metafora, təşbeh, epitetlə düşünmək şakərimizə çevrilib. Xırda bir təşbehi görən tənqid az qala bunu bədii tapıntı kimi qələmə verir. Paradoks: Bədii təsvir vasitələri arxasınca yüyürən şeir sonda lümlüt qalır. Necə?! Şeir bütövlükdə bir metaforik ruha köklənməlidir. Halın, ovqatın, ani əhvali-ruhiyyənin, daxili qabarma və çəkilmələrin metaforasına. Şeirin əynindən heç nəyi çıxarıb atmaq mümkün olmamalıdır. Bu yerdə “Mənaların yaradıcısı” (“Xəllaqe-məani”) Xaqanini xatırlatmaq yetər. O, Azərbaycan ədəbiyyatının ilk nəhəng faciəvi obrazıdır. Həllaclar, Hamletlər, Faustlar, Cavidlər... (Zaman ardıcıllığı mirajdır!) ondan sonra gəlir. Xaqani məhz özünü yazdı. Oğlu Rəşidəddinin ölümünə həsr etdiyi şeirlərini oxuyarkən dünyanın ən gözəl bir ölüsü gəlir durur gözümüzün qarşısında. Hələ də bədəni istidi bu ölünün! Ata üçün bundan ağır bir dərd varmı?! Xaqaninin yazdıqları dünya ədəbiyyatının şedevrləridir! Klassikamızın bizə yolladığı mesaj bu idi: Nizami epizmi (simfonizmi) ilə Xaqani xırdalıqlarını (cazda olduğu kimi) sintez edib çıxın dünyaya! Biz isə...

Yarıoyaq ricət: Kamal Abdulla metaforasının coğrafiyası şeirin adından başlanır. Ad şeirin həm ilk, həm də son misrası kimi çıxış edir. Əgər sondan sonra özgə bir zaman adı mövcudsa, məhz o adacan uzanır. “Unutmağa kimsə yox...” kimi. Elə bu adın Yeri, Göyü, kosmosu dolduran emosional yanma sindromu yetər ki, reallığa inanasan. Sonralar bu adda məşhur romanının yazılması da təsadüfi deyildi. “Köhnə nağıl tək”, “Ölərik – ayılıb görərik ki, varıq”, “Mən öz üfüqümə çatdım bu səhər”, “Cavabsız suallar yağır” və s. onlarla başqa şeirlər məhz halın, ovqatın metaforası üzərində qurulub. Ən maraqlısı odur ki, bu şeirlərdə hisslər tam açılmır, elə bil ki, hansı bir qüvvəsə müəllifi tutub saxlayır, “dur!” deyir. Tarkovski yazırdı: “Hisslərini biruzə verən insanlara baxa bilmirəm”. - Qurban olum, axı mənəm, Aç qapını bax – mənəm, Qayıtmışam sağ – mənəm, Əvvəlki heç mən deyildim. (“Qurban olum, axı mənəm”) Qəhrəman qapının ağzındadır. “Qurban olum”la gəlib. Sağdır, başlıcası, gələn məhz onun özüdür. Əvvəl isə özü olmayıb! Oxucu inanır ki, qapı açılacaq, bir cüt qol çölə və ona sarı sonsuzluğacan uzanacaq! Fəqət qapının - dünyanın o üzündəki səs tamam başqa bir sirrdən xəbər verir: - Yorulmusan, yol gəlmisən. Keç içəri, dincini al! Belə metoforik gözlənilməzlik, səssiz dramatizm oxucunu da çaş-baş salır, necə yəni, “Keç içəri, dincini al!”. Adama elə gəlir ki, az sonra qədim bir ritualla üz-üzə gələcək. Amma... Biz buraya dincimizi almaq üçün gəlməmişikmi?! Hətta ana bətninə də bu niyyətlə düşmüşük. Yeraltı səltənətə də bu niyyətlə gedəcəyik. Bunlara qədər də böyük Yolçuluğumuz olub. Dinclik çox da sadə nəsnə deyildir, Yerin, Göyün harmoniyasıdır. Şeirin bizə ötrdüyü mesaj budur: Harada, hansı qapının arxasında olursan ol, ya burdakının (reallıq), ya da ordakının (irreallıq), fərqi yoxdu, sonda və ya sonsuzluq səltənətində bir səs səni axtarıb tapacaq: “Keç içəri, dincini al!”

Yağışlı ricət: Çox sayda dahi sənətkarlar şeirdən nəsrə keçib və belə bir təəssürat yaranıb ki, onlar şeirlə biryolluq qurtarıblar. Biz isə belə düşünmürük. Şeir onlar üçün bir eskiz, model, sxem, layihə rolunu oynayıb. Nəsr əsərləri də onların üzərində dayanıb. Nəsrə keçən yazarın yenə də məhz şair kimi qalması fəlakətdir. Şairlik bir kabusa çevrilib onu qarabaqara izləyir, haradasa əl-qolunu bağlayır. Şairlikdən “qurtulmaq” üçün yalnız nəsr kifayət etmir. Həm də dərin erudisiya, elmi-intellektuallıq və peşəkarlıq gərəkdir.

Günəşli ricət: Kamal Abdulla şeirlərini onun nəsr, dramaturji əsərləri və esseistikasının eskizləri adlandırsaq, yanılmarıq. Fikrimizi sübut edək. Yuxarıda adını çəkdiyimiz “Unutmağa kimsə yox...” şeiri həm də triliogiyasının sonuncu romanının adıdır. Adın yaratdığı poetik asossasiya nəhayətsizliyə qədər uzanır:
1. Hamı yadımdadır, heç kəsi unutmaq olmur. (Müəllif də bu qənaətdədir).
2. Hamı mənə qədər unudulub, unutmağa bir kimsə qalmayıb.
3. Mən də kimi isə unutmaq istəyirəm, amma mənimçün o kimsə qalmayıb.
4. Yerüzündə insan qalmayıb, mənə qədər hamı qeyb olub və unudulub.
5. Unutmaq üçün həm də xatırlamaq lazımdır. Xatırlamasan, unudulmağa kimsənin qalmadığını haradan bilərsən?!
6. Hər şey oyundu. Unutma Oyunu!
7. Mən boşluqdayam! Və s. Romanın strukturu da bu cür interpretasiya - yozum müxtəlifliyi tələb edir.
Müəllifin virtouz yanaşmaları heyətamizdir! Necə düşünürsünüz, “Sehirbazlar dərəsi” (Burdakı “i” də artıq deyil ha. O qədim dərəyə enmək üçün o da qədim bir işarətdir!) romanının yazılma ideyası məgər birdən-birə yaranmışdı?! “Peşmançılıq” şeiri telindən dırnağınacan romanın ideya sayrışmaları ilə həmahəngdir: Allah, sənin sevdiklərin Qırıb-çatdı bir-birini. Allah, sənin seçdiklərin Daş qəlbli adamlardı. ... Daimi bir qorxudayıq, Alınıbdı nəfəsimiz. Bəlkə sənin yuxundayıq, Allah, sənin yuxunuq biz. (Kamal Abdulla “Peşmançılıq”). Hətta şeirin adı da romanın ruhu ilə səsləşir – qəhrəmanlar sonda dibsiz bir peşmançılıq içərisində qıvrılırlar. Sanki müəllif də peşmandır. Oxucu da əsəri oxuduğuna, belə talesiz qəhrəmanlarla tanışlığına, sehirbazlar dərəsinin mövcud olduğu sürələrdə dünyaya gəlmədiyinə görə və öz “Təkcənəlik vaxtı”nı yaratmadığına görə peşmandı sanki! Və sonda sehirbazlar dərəsi peşmançılıq dərəsinə çevrilir!

Sehrli ricət: Müəllifin “Sehrbazlar dərəsi” adlı bir şeiri də vardır. O şeir istər-istəməz bizə Dostoyevskinin bu sözlərini xatırladır: “Əgər danışılacaq heç bir hekayə yoxdursa, necə yaşamaq olar?”. Və əgər Kamal Abdulla danışılacaq hekayələrinin cədvəlini tutsa, çox uzun bir siyahı alınacaq. Sadəcə, bu yazarın ədəbi-bədii-elmi fantaziyasısının sərhədləri qeyri-məlumdur. O, tarixə müraciət edəndə də (ona keçmiş deyək!), bu günün (gün hanı, yaza-yaza qurtardı o!) reallığını (reallıq hanı?) qələmə alanda da birxətli yolla getmir, intertekstuallıq (mətnlər arasında əlaqə) yaradaraq qulağımızı yağır etmiş sadəlik deyil, mürəkkəbliyin sadəliyini ortaya qoyur. Deyəsən, “Sehrbazlar dərəsi” şeirindən çox uzaq düşdük: Bütün zamanların sehrbazları Birdən güc gələlər - dəyişə dünya. ... Bir ürək, bir beyin, bir adam olaq, Uzaqdan Allah da baxıb kövrələ. Bir gözəl yuxunun gözəlliyində Hər şeyi unudaq Və yada salaq. Və birdən ayılaq. (Kamal Abdulla “Sehrbazlar dərəsi”). Şeirin anidən bir duyğu partlayışı olması fikrini qəbul edirəm, amma nəzərə alın ki, o ana yetmək üçün böyük Yolçuluğun olmalıdır, qovğalardan, savaşlardan keçib dünyanın çox üzünü görməlisən və bunların fonunda gərək məhz öz üzünü, öz simanı yarada biləsən. Şeir təkcə hiss deyil, həm də fikirdir, məsləkdir, əqidədir, bir sözlə, avtoportretindən cizgilərdir, eskizlərdir. Kimdən, nədən yazırsan yaz, sən yenə də ordasan, sənin qəlbindən nəsə var orda! Şeir yalan götürmür. Bəzən bədii yalanı da doğru qavramırlar. Bədii yalan böyük, azman həqiqətin özüdür! O, sənin həqiqətindir! Sadəcə, onu toplum həqiqəti ilə səhv-dəyişik salmasınlar-deyə bir az bəzəyirsən, əyin-başını qaydaya salırsan. Əynində donu olan həqiqət niyə yalan olmalıdır?! Kamal Abdulla məhz adıçəkilən kiçik mətnindən çıxıb möhtəşəm “Sehirbazlar dərəsin”ə yollandı...

Səyyar ricət: Dünya şöhrətli Borxes kiçik esselərinin birində yazırdı: “Cəmi dörd əhvalat var: Birincisi istekama çevrilmiş şəhər haqqındadır (Troya). İknicisi qayıdış haqqındadır (Odissey). Üçüncüsü axtarışdır (Yason). Dördüncüsü müqəddəslərin intiharıdır (Odin, Atis). Əhvalat cəmi dörd dənədir və nə olur olsun, biz yalnız həmin hadisələri bu və ya başqa şəkildə nağıl edəcəyik”. Çox dəqiq qənaətlərdir. Əgər Kamal Abdulla yaradıcılığını bir sözlə ifadə etmək olsaydı, seçəcəyimiz söz bu olardı: Axtarışlar! Axtarışlar səltənətində müəllif tək deyildir, istər-istəməz oxucu da ona qoşulur və Yasonlar çoxalır. “Müqəddəslərin intiharı” “Yarımçıq əlyazma”da baş verir. Əsl intihar silsiləsi! İlk Dədə Qorqud “intihar edir”. Avtoritar mətnin çöküşü başlanır. Çünki müəllif bizi xəbərdar etmişdi: “Özündən büt düzəltmə!”. Qayıdan təkcə Odissey deyil. Odissey simvoldur! Ondan öncə də qayıdıblar, bugün da bu proses davam edir. Bu, təkcə Odisseylərin, Beyrəklərin qayıdışı deyil, həm də mətnlərin, yarımçıq əlyazmaların qayıdışıdır. Nəhayət, istehkama çevrilmiş şəhər – Troya bizdə istehkamlaşdırılmış və bütləşdirilmiş Mətnin - Eposun özüdür! Oğuz, sadəcə, onun içərisindən keçən bir yoldur. “Kitabi-Dədə Qorqud”dan - sirriçindən nəğmələr” başlığı ilə verilmiş “Dədə Qorqud: “Mənlik deyil”, “Ümid qaldı sabaha”, “Dədə Qorqud: Mən nə edim?!” və “Bəkilin xanımı: “Dilim, dilim, vay dilim..” kiçik poemaları da “Yarımçıq əlyazma”ya gedən və labirintvari yola salllanan Ariadna ipidir. Zahirən kəsik-kəcik olan bu iplər əslində “natamamlığın tamlığı”na xidmət edir. Müəllif şeirlərinin birində deyir: “Sən çətin tapasan axtardığını, Sən axtardığını itirməyiblər”. O, itirilmiş nəsnələrin axtarışında deyil, hələ itirilməyən, lakin itirilmə ehtimalı olan nəsnələri axtarışındadır. İnsan da bu nəsnələrin içərisindədir. Xeyli əvvəl yazmışdım: “O, illər öncəsi şeirlər yazdı. Hətta “şeir tramvayı”nda ona yer olmadığı zamanlarda belə özünə lazım olan yeri tapdı, novatorluq etdi, hər cür “ənənəvi” sızıltılardan ucada dayanan antik qüssəni gətirdi şeirimizə”. İndi isə əlavə etmək istəyirəm. Kamal Abdullanın şeirlərindəki həmin antik qüssə mehi klassik rus poeziyasının Gümüş dövründən əsib gəlir. Axı, Gümüş dövrünün sənətkarları – Bryusov, Qumilyov, Axmatova, Mandelştam və başqaları da öz üzlərini Antik dövrə - bəşəriyyətin pak, məsum və ülvi uşaqlıq çağlarına tutmuşlar. Kamal Abdullanın heç bir ədəbi sifariş almadan onlardan tərcümələr etməsi də qənaətimizi müəyyən dərəcədə qüvvətləndirmiş olur.

Qeyri-səlis ricət: Polyak əsilli məşhur rus avanqard rəssamı Kazimir Maleviç (1897-1935) rəssamlıqda yeni bir cərəyan – suprematizmi yaratdı. Bütün cərəyanların bir-birinin içərisindən çıxdığını nəzərə alsaq, əslində, bu da abstraktizmin və ya müxtəlif cərəyanlar sintezinin başqa bir təzahürü idi. Biz bu qənaətdəyik ki, hər hansı bir cərəyanın manifesti onun yaranışından çox-çox sonralar meydana gəlir. Yəni, əvvəl cərəyan işləyir, sonra manifest doğulur. Maleviçin metafizik “Qara kvadrat”ını suprematizmin “rəngli” manifestidir. Zənnimizcə, “Yarımçıq əlyazma” da Azərbaycan ədəbiyyatının “Qara kvadrat”ıdır, suprematizmin bədii-elmi-fəlsəfi qaynağıdır. Romanı pis niyyətlə “Dədə Qorqudun qara kitabı” adlandıranlar özləri də bilmədən bu fikri təsdiqləyirlər. Çünki qara rəng təkcə qaradan deyil, ağla özü arasındakı yüzlərlə çalardan biçimlənib. Roman da məhz bu reallığın bədii ifadəsidir. Yuxarıdakı fikri irəli sürənlər isə bunu həzm edə bilmirlər. Yəqin hiss etdiniz, avtomatik gəlib çıxırıq dahi azərbaycanlı Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinə. Burada nəfəsimi dərib bir həqiqəti pıçıltı il demək istəyirəm: Bütün ədəbi-elmi, bədii-fəlsəfi çabaların ilk və son məkanı həmin nəzəriyyədir. Dahi Aristotel də oraya gəlib çıxmışdı, Eyneşteyn də və onlardan sonra gələn bir çox dahilər də... Onların bəxti onda gətirmədi ki, bu nəzəriyyənin elmi-prakrik tədbiqi mümkün deyildi. Uzağa niyə gedirik, məgər böyük Rəsul Rzanın “Rənglər”i qara, ağ, sarı və digər rənglərin çalarlarına həsr olunmayıbmı?! Ümumiyyətlə, qeyri-səlis məntiq nəzəriyyəsi bütün elm və incəsənət sahələrində son nöqtənin olmadığını bəyan edir. Zənnimizcə, Kamal Abdullanın “Dədə Qorqud”dan heç cür qopa və ona son nöqtəni qoya bilməməsinin səbəbi məlum oldu. 5-6 ay əvvəl biz bu böyük yazıçı və alimin son kitabı haqda yazmışdıq: “Kitabi-Dədə Qorqud” poetikasına giriş” Azərbaycan ədəbiyyatşünaslığında, ümumən, bədii-elmi-analitik araşdırmalar tariximizdə qeyri-səlis məntiq nəzəriyyəsini möhtəşəm bir formatda (İşin əvvəli 80-ci illərdən başlanıb!) faktlaşdıran ilk tədqiqat işidir”. Rica edirəm, bizi mövzudan aralanmaqda suçlamayın. Çünki bu məsələ bir qədər açıq qalmışdı. Və təbii ki, yenə açıq qaldı, gücüm ona çatdı ki, qapını bir qədər də aralaya bildim... Nəhayət, Kamal Abdulla, suprematizmin “Qara kvadrat”ına şeirdən gəlmişdi. Qətiyyətlə demək olar ki, onun “Var-gəl” şeiri bu yöndə misilsiz örnəkdir. Müəllif təkcə var-gəl arasında – bir defislik aralıq məsafədə onlarla çaların olduğunu görə bilir: “Var-gəl. Yəni, gəzinti”, “Var-gəl. Yəni, hıçqırıq”, “Var-gəl. Yəni, məşəqqət”, “Tənhalıqdan təkliyə, Təklikdən tənhalığa – var-gəl”, “Var-gəl. Yəni, pıçıltı” və s. Şairliklə alimlik, alimliklə yazıçılıq, yazıçılıqla ictimai fəaliyyət arasında onlarla, bəlkə daha çox gözəgörünməyən, lakin fəhmlə dərk olunan aralıq məsafələri, şəffaf təbəqələr və laylar vardır. Kamal Abdulla qeyri-adi bir entuziazmla onlar arasında var-gəl edir...

Mehman QARAXANOĞLU,
Tənqidçi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ