Yorulmuş atların güllələnməsi

Tarix:4-10-2017, 10:17 Baxış Sayı:209

Yorulmuş atların güllələnməsi

Buna hər gün yaxınlaşıram

Yəqin ki, film həvəskarları həmin məqamı xatırlayırlar. Amma indiki halda xatırlamasalar da olar. Çünki mən film barəsində yazmayacam. Heç yazmaq arzusunda da deyiləm. Təbii ki, arzusunda olsaydım, nə isə yaza bilərdim. Sadəcə indiki durumda nə film barəsində düşünmək, nə də onun barəsində nə isə demək heç ağlımın ucundan da gəlib keçmir. Bu da səbəbsiz deyil. Əvvəlki yazılarımda xatırlatdığım kimi, səbəb o halda ortaya çıxır ki, ona zərurət də yaranır. Deməli...

Hə, indi özümdən yazacam... öz həyatımdan, öz yaşantılarımdan. Özümün içimdə olduğum reallıqdan. Ona görə bəri başdan "özümdən yazacam" deyirəm ki, oxumaq istəməyənlər elə bəri başdan vərəqi çevirsinlər, səhifəni qatlasınlar. Yəni keçib getsinlər, dayanıb vaxt itirməsinlər... Axı indi itirilən vaxt deyilənə görə qızıl qiymətindədi. Doğrudur, biz Qarabağla bağlı 25 ili itirmişik. İndi o hesabla görün bu nə qədər, nə həcmdə, nə çəkidə qızıl deməkdi. Bunu heç ağlınıza gətirə bildiniz? Şəxsən mən o barədə düşünməyə qorxdum. Elə qorxdum ki, hətta dizlərim titrədi. Düşündüm ki, bu barədə ağlımdan gəlib keçəni kimsə oxuya bilər. Onda istər-istəməz onsuz da tüstülü olan əsgimə bir od da vurular. Di gəl ondan sonra qurtar bu qızıl həvəskarlarının əlindən, necə qurtarırsan. Axı özgənin ərazisinə girmək, monopoliyasına göz dikmək həmişə fəsadlar törədir, ya da bu həvəsə düşənlər ciddi cəzalanır. Odur ki, mən də dediyim sözün üstündən sükutla keçib onun dərinliyinə baş vurmaq istəmirəm...

Ömrüm boyu işıq axtarmışam, işıqlı adamların sorağında olmuşam. Elə bilməyin ki, mən bu dünyaya gələndən işığa həsrətəm, ağı qaradan seçə bilmirəm. Yox, sadəcə mənim dünya görüşümdə, əxlaqımda həmişə birinci yerdə işıq dayanıb. Bu səbəbdən də məmləkətin aydınlarını, yəni işıqlı adamlarını oxumağa, şəxsən tanımağa, onları yaxından görməyə içimdə bir dəli sevgi olub. Elə bil ki, susamış adam kimi suya təşnə olmuşam. Bax, bu mənada işığa təşnəliyim də işığın müqəddəsliyindən, qaranlığın aydınlığa çevrilməsindən qidalanıb, bəhrələnib. Görmüşəm ki, işıqlı adamlar oturduqları yeri nura qərq edirlər, dayanıb durduqları yeri sanki çilçırağa bürüyürlər. Danışdıqları hər söz, söylədikləri hər fikir adama ümid verir, inam verir, adamı yaşamağa həvəsləndirir, adam özü-özündən xəbərsiz sanki çiçəkləyir, qol-budaq atır. Hətta onlar olmayan yerlərdə də ailələrində söz düşəndə mühit dəyişir, soyuqluğun buzu əriyir, səmimiyyətin dərəcəsi yüksəlir... Bax, bütün bunlara görə aydınları - işığı axtarmışam... aydınların, işığın ardınca getmişəm bu günə kimi. Elə indi də gedirəm. Ancaq əvvəlki kimi yox. Əvvəl birnəfəsə, yorulmadan, sanki qaçırdım. Yüyürürdüm. İndi isə tənginəfəs, yorğun-yorğun, ağır-ağır, ayağım ayağıma dolaşa-dolaşa gedirəm... Amma gedirəm!
Deməli, işığın olduğu yerin müqəddəsliyini dilə gətirməyimin yəqin ki, fərqindəsiniz. Hiss edirsiniz ki, mən o yerə necə yanaşıram, necə "Pir!"im deyib ətəyindən tuturam. Onsuz da indi ətəkdən tutanlar çoxdu. Bu mənada məni qınamayın. Düşüməyin ki, mən ətəyi çəkib qoparan, əli-qolu çəkib özü ilə aparan və bundan doymayan bəndələrin sırasındayam. Yox, sadəcə mən "Pir!"im dediyimə inamla, inancla yanaşıram, ondan nə isə qoparmaq istəmirəm, ona yük olmağa çalışmıram, onun kölgəsində daldalanmıram. Mən sadəcə ətəyindən tutduğum həmin ünvanı özümün bir parça dünyam hiss edirəm. Daha doğrusu, özümü də həmin dünyanın bir zərrəsi sayıram. Buna nə boyda haqqım çatdığının fərqinə varmadan, götür-qoy etmədən, layiq olub-olmadığımı araşdırmadan o işığın yanında olmağa qərarlıyam, ona çalışıram, ona cəhd edirəm...
Bəli, zaman hamı üçün eyni saatda, eyni rəqəmlərdə, eyni əqrəblərdə ifadə olunur. Hamımız üçün dan yeri eyni vaxtda sökülür, qürub eyni vaxtda dənizin üstünə enir. Bu bir həqiqətdir. Amma dan yeri söküləndən qüruba qədər və bir də qürubdan dan yeri görünənə qədər olan məsafədə zaman hamı üçün işlək olmur, hamının istəyini gerçəkləşdirmir, hamının əlinə əl uzatmır, hamını özününkü bilmir, hamını eyni cür qiymətləndirmir. Elə ziddiyyət, anlaşılmazlıq, umu-küsü, bir sözlə, çəkişib-dartışmalar da burdan başlayır. Səbəbini bildirdim. Ancaq yanaşmanı indi deyəcəm, daha doğrusu, yazacam...
Bütün mənalarda hər kəs haqq etdiyinə qovuşur - bunu belə deyiblər. Amma bəzən bu deyimdəki yanlışlığı da müşahidə edib görürük. Axı bir məsafəni qaranəfəs çapan, sahibinin yükünü mənzilbaşına çatdıran atların hamısı kişmiş yemir ki... Bu atların yorulanları... deyəsən bəlli oldu. Bəlkə şeir deyək fikri yayındırmaq üçün, ya da şeir oxuyaq, ya da elə-beləcə susaq.

Xoşuna gəlir
Ya gəlmir
Fərq eləmir -
Mən ancaq
Duyğuları yazıram...

Qanadlı xəyalları
Əl çatmaz arzuları
Və bütün olanları
Öncə də sevgimizə
Qayğıları yazıram...

Yuxusuz gecələri
Sökülən dan yerini
Dolanbac küçələri
Günlərin hər birini
Xatırlayıb onlara
Sayğıları yazıram...

...Xoşun gəlir, ya gəlmir
Fərq eləmir
Mən indi
Uydurduğum nağılı
Könlümdən keçənləri
Könlümə köçənləri
Kəsəsi, lap açığı
Yuxuları yazıram
Duyğuları yazıram!..

***
İstənilən yazını qələmə alanda öz-özümlə danışırmış kimi bir xeyli susuram. Öz suallarıma öz içimdə cavab tapana qədər bu susqunluq davam edir. Ta o yerə qədər ki, bütün suallar cavablanır, bütün cavablar da, yəni müəyyən mənada razı salır. Bax, ondan sonra başlayıram yazını yazmağa. Elə bu yazını da az qala bir həftədir ki, içimdə yazıram. Yəni özüm verdiyim sualların özüm də cavabını bir növ yazıya çevirirəm. Səbəbi kimlər üçünsə maraqlı ola bilər. Amma mən indiki anda bütün maraqları unudaraq yalnız düşüncələrə, hisslərə üstünlük verirəm. Çünki bu yazı əslində əvvəldə dediyim kimi, özüm barəsindədi, öz yaşantılarımdı...
Hər dəfə yorulmuş atlar barəsində düşünəndə elə bil ki, güzgüdə özümə baxıram. Baxıram və bir gic gülmək tutur məni:
- Yorulmuş at və mən!..
Siz necə bilirsiniz, oxşarlıq var?! Ola bilsin ki, etika xatirinə heç biriniz heç nə demədiniz və yaxud da bir-birinizlə pıçıldaşdınız. Olsun. Bunu da təbii qəbul edirəm. Çünki mentalitetimizdə üzə tərif deyib, arxada baltalamaq kimi bir yanaşma min illərdi ki, kök atıb. Hətta üzbəüz əyləşib çörək kəsib ayrılanda bir-birinə torba tikmək də mentalitetimizdə normal olmasa da, normal kimi qəbul olunub. Çünki biz buyuq... bu cürük... belə alışmışıq, belə də yaşayırıq. Yəqin ki, hələ min illər də belə gedəcək. Nə isə...
Hə, özümdən yazdığım bu yazıda bir məqam xüsusilə mənim üçün çox maraqlıdı. Onu xatırlatmaq istəyirəm. Yəqin ki, sizə də maraqlı gələcək. Çox sadə bir kəndçi ailəsində doğulmuşam. Atam 4-cü sinfi bitirib, sonra traktorçu olub. Anam isə özünün dediyi kimi, 2-ci sinfə qədər gedib. Sovet-alman müharibəsi onları uşaq ikən əməyə öyrəşdirib. Təqaüd yaşına qədər hər ikisi təsərrüfatda çalışıb. Amma haqqı nahaqqa verməmək həyat prinsipləri olub. Bax, dediyim həmin maraqlı məqam da elə atamın uşaq vaxtlarımda dilindən eşitdiyim, yeri gələndə təkrarladığı bir məsəllə bağlıdı. O məsəl indi də qulaqlarımda səslənir...
Haşiyə: Bir kasıb kişinin bir dəvəsi olur. Həmin kişi çox fikirləşəndən sonra dəvəsini götürüb karvana qoşulur, kimlərinsə yükünü daşıyır, kimlərəsə yardım edir. Müəyyən müddətdən sonra topladığı vəsait hesabına dəvələrin də sayı artır, güzəran da yaxşılaşır. Artıq özü karvanbaşı olur. Vaxt gəlib çatır, həmin dəvə yorulur, qocalır. Sahibi minnətdarlıq əlaməti olaraq onu sərbəst buraxır. Günlərin birində kişiyə xəbər çatır ki, dəvə ölüm ayağındadı, halallaşmaq istəyir. Kişi durub gəlir dəvənin yanına və deyir:
- Sənə etdiklərimi halal edirəm. Sən də yolumda çəkdiklərini halal et!
Dəvə dilə gəlir:
- Mən də hər şeyi halal edirəm, tək birindən başqa...
Kişi təəccüblə baxır:
- Yadındadı, filan vaxtı, filan yerdən keçəndə yüküm ağır idi. Bir az büdrədim, mənim noxtamı eşşəyin quyruğuna bağladın. Bax, onu halal etmirəm, onu bağışlamıram!!!
Bilmirəm, yazıya dəxli oldu, olmadı, amma atamın tez-tez təkrarladığı bu məsəl yaddaşıma elə möhürlənib ki, mənə göstərilən bütün diqqət və qayğıya qarşı həmişə özümü borclu bilirəm... özümdə bir halallıq işığı axtarıram. Amma deyəsən onu tapa bilmirəm, ya da onu tapmağıma imkan vermirlər. Hər halda, zaman bu gerçəkliyi gizlədə bilmir. Saatın necə işləməsindən asılı olmadan, bu gerçəklik gizlənmir ki, gizlənmir.

***
Tez-tez işlədilən bir söz var: hansısa bir məsələdən danışanda, hansısa bir şəxs xatırlananda adətən deyirlər ki, filankəs qədirbilən adamdı... filankəs nankordu... filankəs xeyirxahdı... filankəs qaradabandı... filankəs... filankəs...
Bilmirəm, mənim də barəmdə danışırlar, yoxsa yox, amma onu da bilmirəm ki, danışan adamlar məni hansı filankəslərin sırasında görürlər. Əgər bunu bilsəydim, bəlkə də həyatımda hansısa bir dönüş etməyə maraq göstərərdim. Amma deyəsən bilməməyim daha yaxşıdı. Çünki bilməyib beləcə 55 ildi başımı aşağı salıb gəldiyim yolun qalan hissəsini də elə gəldiyim kimi də keçib gedirəm. Məndən sonra o yola baxıb nə deyəcəklərini isə inşallah ruhum duyar. Axı ruhlar ölmür!
Sözün bütün çalarları o vaxt ortalıqda olur ki, dilin altında çöp olmasın. Təəssüf ki, indi sözdən söz çıxarmaq, sözə qulp qoymaq bir şakərə çevrilib. Ona görə mən də elə sözlərdən istifadə etməyə çalışıram ki, ona qulp qoymaq mümkün olmasın. Təəssüf ki, dilimizdə qulp götürməyən sözlər ya yoxdu, ya da son dərəcə azdı. Mən də məcbur olub həmin o qulpsuz, ütülü sözlərin axtarışına çıxıram. Lakin...
Uğursuz cəhddi. Ona görə də qayıdıram yorulmuş atlar məsələsinə. Öz-özümə fikirləşirəm, doğurdanmı, yorulan atları güllələmək lazımdı?! Doğurdanmı, bu, xilas yoludu?! Axı bu atlar bizi nə boyda yüklə nə boyda məsafələrə, mənzillərə aparıblar. Bəlkə onların öz talelərinin sona qədər yaşamasına imkan verək. Axı onlar bu mənzilləri, bu yükləri güllə qurbanı olmaq üçün qət edib daşımayıblar...
Doğrudan da yorulmaq, yarı yolda qalmaq, tərk edilmək və xüsusilə layiq olduğunu almamaq həmişə üzücü olub, ağrıdıb, incidib. Amma biz bunun fərqinə varmamışıq. Çünki hamımız öz arşınımızla, öz baxış bucağımızla yanaşmışıq hər şeyə. Nəticədə də... Nəticədə də:

Hərəmiz bir üsulla
Yol gəlirik, yoldayıq
Doğulan gündən ancaq
Hamımız roldayıq..

Kimi qalxıb sevinib
Kimi enib "ah" çəkir
Ucalan da, enən də-
Çiynində günah çəkir...

Bütöv sevinc istəyən
Şikəst ümidlə qalıb...
Qoynunda gül bəsləyən
Ürəyi əldən salır...

Hərənin öz arşını
Öz vüsalı, həsrəti...
Mən könüllü çəkirəm
Bu yazılan qisməti!..

P.S. Bəlkə onların noxtasının eşşək quyruğuna bağlanmasına da imkan verməyək. Onda halallıq məsələsi yəqin ki, gündəmə gəlməz.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ