İntiqam Yaşar..."Və susarsan"

Tarix:3-10-2017, 11:00 Baxış Sayı:261

İntiqam Yaşar..."Və susarsan"
Vaqif YUSİFLİ
filologiya elmləri doktoru


İntiqam Yaşar lap son illərdə şeirə gəlib.”...Və susarsan” onun ikinci şeir kitabıdır,indiki çağda iyirmi beş yaşın ola,iki kitabın...təəccüblü deyil əsla.Yetmişinci,səksəninci illəri xatırlayıram.”Gənclik” və “Yazıç” nəşriyyatarında İntiqam yaşında cavanların şeir kitabları nadir hallarda işıq üzü görərdi,cavanların əl içi boyda şeir kitabları ildən –ilə,plandan-plana yola salınar,o cavanlar yalnız otuz yaşını keçəndən sonra güc-bəla sevinməyə macal tapardılar.İndi isə şeir həvəskarı olan bir məktəbli,ya təqaüdçü yaşında şeirə gələn heç bir müəlif üçün qadağa yoxdu.Pulunu ver,kitabını çap elə,nəşriyyat üçün o kitabın içində nə var,o qədər də maraqlı deyil.
Əlbəttə,mənim bu dediklərim gənc şair İntiqam Yaşar və onun ikinci şeir kitabına heç bir dəxli yoxdur.İntiqam Yaşar axtarışda olan cavan bir şairdir,və onun kitabında kifayət qədər ŞEİR tapmaq olar.Və deyim ki o ŞEİR lərlə müqayisədə nisbətən kölgədə qalan,necə deyərlər ,boysuz-buxunsuz şeirlər də gözə dəyir.Bu da təbiidir.Axtarış varsa ,o axtarışdan doğan sevinclərlə yanaşı,itkilər də,məyusluqlar da olmalıdır.
İntiqam Yaşar öz yaşının və yaşıdlarının şairidir.On yeddi yaşında Gədəbəydən Bakıya yollanan,sonra filoloji təhsil alan və təbii ki,elə tələbə ikən ilk şeirlərini qələmə alıb mətbuata yol tapan bir cavandır və bu cavan dünyanı,yaşadığı mühiti,çevrəsindəki insanları,ona təsir edən hadisələri şeirlərində əks etdirir.
İyirmi beş yaş bir gənc şair üçün həm özünü,həm də dünyanı dərk etməyə ən münasib zaman müddətidir.Kənddən ayrılmağın sıxıntısını da yaşayırsan,şəhərdə yüz minlərlə,milyonlarla insan içində özünü təsdiq etməyin çətinliyi də qarşında durur,sevgini və sevgisizliyi də duyursan,maddi və mənəvi sıxıntılarla da üzləşirsən...və bütün bunlar misra-misra şeirlərinə də köçür.Ona görə də bəzən həyatın sənə bəxş etdiyi bu çətinliklər,maneələr qarşısında hayqırmaq,qışqırmaq əvəzinə...və susarsan:

Bəzən qopub getmək istərsən bu şəhərdən,
Güvəndiyin əlləri soyuq görəndə.
Və sadəcə əfsus-deyərsən dünənlərə...
Bundan başqa bircə kəlməyə belə gücün çatmaz.
Qəhər boğar,çırpınarsan qəfəsində...
Və susarsan...

Ancaq İntiqamın şeirlərində susmaq yox,susmamaq havası gəlir və bir savaş əlili üçün yazanda da,dərdləriylə baş-başa qaldıqda da,Vaqif Səmədoğluna və Şaiq Vəliyə həsr etdiyi şeirlərində də,şəhər ritmlərində də susmur,hətta “Sadəcə susmaq” şeirində də...İyirmi beş yaş həm də tərəddüdlər dövrüdür:

Bəzən xəyallar gerçək,
Bəzən gerçəklər xəyal.
Yaşamağa cəhd elə..bəlkə də alınar.
...Nə tapmısan bu ağlamaqda.
Hər halda gülümsə.
...Cəhd elə dikəlməyə.
...Nə qədər gedirsənsə get,
Onsuzda həmişə yol yarı.
Dönməyi də düşün.

Şəhər mühiti,rastlaşdığı təzə ab-hava onda beə bir təəssürat yaradır:”Bu şəhərdə açıq pəncərə görməzsən,Pəncərələr arxasında həbs olunmuş gözlər görərsən..Bu şəhərdə təmiz küçə görməzsən” və s.Hətta yazır:” Bu şəhər yağışı neynir,İlahi,Qəm yağır gözündən adamlarının”.Bu sıxıntılar qondarma deyil,bir gənc və ümumən o sıxıntıları yaşayan bəzi cavanlar üçün səciyyəvidir.Onun sevgi şeirlərində də sıxıntılar davam edir.Nigarançılıq,hətta bir az inamsızlıq hökm sürür bu şeirlərdə.Çünki İntiqam sevgidən-bu ali hissdən ötəri ,unudulan bir adamın etirafçısı kimi söz açmır və fikrimcə,bütün şeirləri üçün aşağıdakı şeir bir bələdçidir:

Ən gözəl şeirlərimi,
Deyirlər sənə yazmışam.
İnanma hər deyilənə,
Hələ sənə nə yazmışam.

Sənə şeir yazmaq olmur,
Sənə təkcə vurulmaq olar.
Ömürlük əmrə müntəzir,
Müti bir qul olmaq olar.

Sən mənim ümidlərimin,
Yeganə sığınacağı.
Nə qədər uzaq getsəm də,
Sənə gələrəm uzağı.
İntiqam Yaşar..."Və susarsan"
İntiqam Yaşar heç bir şeirində hisslərini,duyğularını gizlətmir.Hətta deyərdik ki,onun şeirlərinə yaşadığı hissərlərin “ərazisi” kimi də yanaşmaq olar.Bu “ərazi”də-onun özünün yaratdığı şeir məkanında bir neçə guşə var ki,onları təxminən belə adlandırmaq olar:Unutmaq,Təsəlli və Tənhalıq guşələri.Unutmaq əslində unutmamaq deməkdir.”Hər gün bir az unutmaq hər gün bir az ölməkdi.Bəzən unutmaq olmur ən kiçik zərrəni də.Xatirələrə xatir unutmuram səni də”.(Burada qeyd edim ki,”xatirələrə xatir” misrasında sözlərin gözəlliyinə xələl gəlir).Yaxud: “Deyərsən unutdun,deyərəm unutmadım”.Keçirik o biri guşəyə:”Gəl bir az təsəlli nağılı danış,gəl bir az ovundur məni kədərdən”.Sonra o biri guşə-Tənhalıq.Bütün şairlərin sevdiyi tənhalıq.İntiqam hətta “tənhalığın sağlığına” badə qaldırır.Bütün bunlar unutmaqla(əslində unutmamaqla)özünə təsəlli verən bu tənhalıq aşiqinin fikir çabalamaları,hisslərin tüğyanı bir fərdin subyektiv düşüncələrini əks etdirir və əlbəttə gec-tez gənc şairin bu “ərazi” də çox qalmayacağına ümid edirik.
Beləcə,iyirmi beş yaşlı bir gəncin narahat dünyası əks olunan şeirləri ilə tanış olduq.”Bu vətəndə hamı yer-yurd yiyəsi,Bircə mənim bircə qarış yerim yox” deyən,yola saldığı qatarın həsrətə doğru yol aldığını söyləyən,”Mən kədərin əsiriyəm,çırpınıram qəfəs görmüş quşlar sayaq” pessimist ruhlu şeirlər yazan İntiqam Yaşarın könül dünyası ilə tanış olduq.Onun belə bir misrası var “Unutmaqçün yaşamağı öyrənirəm yavaş-yavaş”-qoy belə olsun,deyirik.Qoy “rəngi solmuş ümidləri” bu günündən sabahına daşımasın.Nazim Hikmət demişkən: HƏYAT GÖZƏLDİR,QARDAŞIM!

ULDUZ.-2016.-Aprel.-S.13-15
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ