Məcnun Ədalət qısılmışdı Leyli saza - Mövlud yazır

Tarix:15-09-2017, 15:20 Baxış Sayı:529

Məcnun Ədalət qısılmışdı Leyli saza - Mövlud yazır
Manera.az Mövlud Mövludun Aşıq Ədalət haqda yazısını təqdim edir:

“Məcnun Ədalət qısılmışdı
Leyli saza,
Leyli saz qısılmışdı
Məcnun Ədalətə...”
Vaqif Bayatlı Odər

...Aşıq Ədalət bədbəxt adamdır...
Şair dostum Bəxtiyar Hidayət danışır, deyir Yaralı Bəxtiyar imzası ilə yazan vaxtım idi. Qazaxda parkda gəzişirdik. Bir də gördük Aşıq Ədalət gəlir. Yanımdakı dostum dedi ki, gedək ustadın əlini sıxaq. Yaxınlaşıb görüşdük. Dostum məni təqdim elədi:
“Tanış ol, ay qağa: şair Yaralı Bəxtiyar!” Ustad üz-gözünü turşudub etiraz elədi:
“Hərəsi belinə bir “lapet”i qoşor, gəler...”
Aşıq Ədalət bədbəxt adamdır...
Mərhum şair Akif Səməd Qazaxda onun haqqında film çəkirmiş. Yayın istisində gündə bir neçə saat çəkiliş meydançasında gördükləri zülmün əziyyətini yaşadığı anların birində xəbər gəlir- Bəs deməzsənmi, Aşıq Ədalət gedib orda-burda danışır ki, gəlib burda mənim hesabıma pul qazanırlar. Akif qağa havalanır. Çəkiliş kollektivinə tapşırır: Yığışın gedirik!
Handan-hana sənətkarın özü gəlib çıxır. Bəs nə olub? Nə məsələdi? Onu söhbəti danışırlar edirlər. Üzünü Akif tutub deyir:
“Əşi gör kimə baş qoşursan? Dəlisən eyyy sən...”
Akif Səməd özü ilə Bakıdan gətirdiyi adamlara baxıb gülür:
“Qalası olduq film çəkiləcək”.
Aşıq Ədalət bədbəxt adamdır...
Bir dəfə özü danışırdı. 11 yaşı olanda onu Bakıya saz festivalına aparırlar. Deyir yanıma bir yaşlı müəllim qoşmuşdular. Təzə ayaqqabım ayağımı sıxsa da, utandığımdan deyə bilmirdim. Az getdik, üz getdik, axırda bir gizlinə çəkilib, ayaqqabılarımı çıxarıb, asfaltın üstü ilə yeriməyə başladım. Ayağım elə dincəldi ki....
O, sənətdə də belə elədi. Böyük sənətkarlar Kamandarın, Əmrah Gülməmmədovun, Xındı Məmmədin, Saraşdı Söyünün, ciddi, qədim-qayım, sanballı Borçalı ifaçılıq məktəbini yaxşı öyrəndi, sonra da aşıqlıq meydanında öz komasını qaraltdı. Ona görə də hərdən elə nadanlar olur, onu əllaməçilikdə qınayırlar.
Aşıq Ədalət bədbəxt adamdır...
İndi gəlin, Murad Köhnəqalaya qulaq asaq:
“Qazaxa getmişdik. Aşığı tapmaq üçün soraqlaşdıq. Dedilər “Çinarın Altı” deyilən yerdə çay içir. Getdik görüşdük. Bir məclisə aparmaq istəyirdik. Sol əlinin şəhadət barmağını irəli uzadıb dedi:
“Bu barmaqnan çala bilmərəm. Baxıb gördük ki, barmağı yanıb. Dedik, ay ustad nə məsələdi. Bəlli oldu ki, araqdan içib siqaret əlində elə süfrədəcə yatıb. Necə sərxoş imişsə, yanğından xəbəri olmayıb.”
Qazaxda onun haqqında məşhur bir fikir var: “Barmağını qızıla tutmaq lazımdır, amma başı kəsiləsidir”. Guya bu adamlar dəhşət ağıllı, əxlaqlı, hər şeyin yerini bilən adamlardır. Amma Ədalət bunları söyəndə, məclislərində nadinclik edəndə səhv edir. Axı onlar aydan arı, sudan duru varlıqlardır. Həə, başınız üçün elə...
Aşıq Ədalət bədbəxt adamdır...
Bir dəfə konsert verirdi, saray od tutub yanırdı. Onun içinin yanğısı, konsertə içib gələn qazaxlıların araq qoxusuna qarışmışdı. “Yanıq Kərəmi”nin dəhşətli yerində birinci sırada oturan biri iki əlini aralayıb qışqırdı:
– Barmaxlarına qurvan olom Ədalət qağa...
Çalğını yarıda saxlayıb üzünü həmin adama tutdu:
– Elə boş-boş danışersan. Qəpiyini də görmədik...
Aşıq Ədalət bədbəxt adamdır.
İncəsənətin, idmanın hansı sahəsində olursan ol, sən nə qədər tənhasansa, o qədər seviləcək, uğur qazanacaqsan. Bu bəlkə də insanların başqalarının gününə baxıb öz vəziyyətinə şükür eləmək hissi ilə bağlıdır.
Maradona, Mayk Tayson, Şarl Bodler, Orxan Pamuk, Milan Kundera... Mən – biz hamımız, çəkdiyimiz tənhalıq iztirablarının hesabına oxunuruq, sevilirik.
Aşıq Ədalət də tənha olduğuna, insanlar, öz yerliləri tərəfindən anlaşılmadığına görə, Böyük sənətkardır.
Aşıq Ədalət bədbəxt adamdır...
Gördüyünüz kimi bu yazım da alınmadı. Çünki sənətkarın əksər əhvalatları qəzet səhifəsinə çıxarmaq üçün deyil. Mən də – Planetimizdə onu ən yaxşı tanıyan adamlardan biri də sizə Ədalət təqdim edə bilmədim. Hardaydı mən də o istedad, o iç...
Aşıq Ədalət bədbəxt adamdır.
ÇÜNKİ O, DAHİDİR!

"525-ci qəzet"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ