Dilimsiz dilsizəm- Gülsadə İbrahimli yazır

Tarix:4-08-2017, 13:06 Baxış Sayı:44

Dilimsiz dilsizəm- Gülsadə İbrahimli yazır


Gülsadə İbrahimli

Hardasa 8-9 ilin söhbətini edəcəm sizlərə. Ailə qurduqdan sonra Bakıda yaşamalı olmuşdum. O zaman Bakı mənə TİTANİK kimi görünürdü… Cazibəli, vahiməli, maraqlı. Gün oldu marketə gedəsi oldum. Yadı olduğum və heç tanımadığım bu şəhərdəki ilk təcrübəm idi. Marketdə diqqətimi çəkən hamının bir ağızdan rus dilində danışması olmuşdu. Mən isə bu dildə nəinki danışmağı, heç təməl bilgiləri də bilmirdim (bu dili heç sevməmişəm).

Orda olduğum dəqiqələr ərzində özümü Bakıda heç olmadığım qədər tək hiss etmişdim. DİLSİZ HİSS ETMİŞDİM. Ətrafımdakı hər şey başıma fırlandı və təngənəfəs özümü eşiyə atdım. O gün bu gündür bu dili anamı sevdiyim kimi, sevirəm. Nə vaxt yaddillilərin içində bu dildə danışan birini görsəm küçədə anasını itirmiş uşaq kimi boyununa sarılmaq keçir içimdən. Buna görə də dilin qədrini, Vətənin, Torpağın qədrini, dili, Vətəni , Torpağı olmayandan soruşmaq lazımdır. Bizim dilimiz Azərbaycan dilidir. Dünyanın ən gözəl, ən möhtəşəm dillərindən olan AZƏRBAYCAN DİLİ!

Azərbaycan dilinin parlaq gələcəyi olduğu kimi,ağrılı,sancılı keçmişi olub. Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M.F.Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı.

Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. 1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandı.

Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir. Ulu öndərimizin verdiyi bu tarixi fərman ANA DİLİMizin bundan sonrakı “həyatında” mühim və ciddi atılmış bir addım idi. Bu dil bizə əcadalarımızın əmanəti, virasıdır.

Bu dili qorumaq, gələcək nəsillərə əmanət vermək və bu dillə fəxr etmək bizim vətəndaşlıq borcumuzdur. Unutmamalıyıq ki, dilimiz bizi bir-birimizə bağlayan qan qohumluğundan da üstün bir bağdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ