Qılınca qalxanımız var, bəs iynəyə?

Tarix:2-08-2017, 09:00 Baxış Sayı:56

Qılınca qalxanımız var, bəs iynəyə?
Ağalar Məmmədov


Qılınca qalxanım var, iynəyə yoxdu.

Adamı iynələyə-iynələyə öldürmək olar. Adamı iynə-iynə, incə-incə, sanca-sanca məhv etmək olar.

Adama iynə ilə gor qazmaq olar, quyu qazmaq olar.
“İynə ilə gor qazmaq”ın mənası xəlbirlə su daşımaq kimi boşa gedən nəticəsiz əməklə məşğul olmaq deyil. İynə ilə gor qazmaq başqasına ölümü iynə-iynə hazırlamaqdır. İynə ilə gor qazmaq cəza deyil, xəyanətdi.
“Torba tikən” alət olub iynə həmişə. Quyu qazmamışdan qabaq tor, tələ hörüb iynə. Biz bəzən sözlərimizlə iynələrik, bəzən baxışlarımızla, bəzən incə bir hərəkətimizlə. İynə kimi göz “ucu” ilə baxar, iynələrik, ağız “ucu” ilə dindirər, iynələrik. “Sümüksüz”, “tikansız” adam olmaq iynəsiz olmaqdır.
(Qədim insan iynəni ilk dəfə balıq sümüyündən, tikandan düzəldib.) İynə oxdan qədimdi.
“İynə-iynə, ucu düymə, yarıl-yırtıl, su iç qurtul”. İynələnmiş adamın acığından partlamasına təsəllidi bu. Yəni, di dur, atıl-düş, su iç, acığın ötsün, deyir. Çünki iynə elə batırır ki, uda da bilmirsən, unuda da,
dillənə də.
Biz də iynəyə çatmaz, çuvalduz da, ox da. “İynənin işini çuvalduz görməz” deyiblər. “İynə saplamaq” iynəyə sap keçirmək deyil, əksinə, iynəni kiminsə qəlbinə saplamaqdır.
“Qılınc və qələm” “qılınc və iynə”dir əslində. Qələmin qılınca qalib gəlməsində (özü də yavaş-yavaş) dərin hikmət var. Tüfəng çıxanda mərdlik getmədi, qələm kəşf ediləndə artıq mərdlik çoxdan getmişdi. Koroğlu yanılıb.
Qəlbin yaddaşı ağlın yaddaşından möhkəmdi. Ona görə sağalmır söz yarası. İynə yarasıdı söz yarası. Hər dəfə ağrıdır ilan dişinin yeri, əqrəb iynəsinin yeri.
İynədə ilan soyuqluğu var. “İlan kimi başdan-ayağa quyruq-adam” (Alov) elə iynə-adamdır. Əqrəblikdi sancmaq. Acı söz zəhərli iynə kimidir.
Qılınc açıq düşmənçilikdi, iynə örtülü “dostluq”. “Batırmaq” “kəsmək”dən həmişə qorxuncdur.
Qədim insan iynəli düşmənlərindən daha çox qorxub, nəinki buynuzlu, dişli düşmənlərindən. “Qatil ona görə ilan kimi soyuqqanlıdır” (K. Saqan).
İynəli ölüm vahiməlidi. İynəli ölümün dəhşəti gizlinliyində, yavaşlığında, sirrliliyindədi.
Qılınc öz qurbanına bərəlmiş qəzəbli gözlərlə baxır, iynə qıyılmış soyuq baxışlarla. İynə qılıncdan pis öldürür. Qılıncın adı çıxıb.
İynə “dostların” əlində olur. Düşmən əlində zəif silahdır o. “Dost” əlində zəruri silah.
Əli iynəli “dost” əli qılınclı düşməndən qorxuludu.“Ən güclü zərbə gözlənməyən yerdən gəlir.” (F. Niçe) Zərbəni güclü edən onun haradan gələcəyini bilməməkdir.
Qılınca qalxanımız var, bəs iynə ilə neyləyək? Qılınc müharibə dövrünün silahıdı, iynə sülh. Qılınc birdəfəlik üzüb atır. Qılıncda birdənlik var. İynədə yavaşlıq. Ona görə görünmür iynənin qazdığı quyular. Bəlkə də ən gizli qətl növüdür adamı iynə-iynə öldürmək. Təkcə müharibədə öldürmürlər, sülhlə də öldürürlər.
İynə niyə lüt gəzir? Çünki onsuz da heç kim onun iç üzünü tanımır. Hamıya elə gəlir ki, o, doğrudan da aləmi bəzəyəndir təkcə. Demə, maskanın bu forması da varmış: hamını ört, özünü açıq saxla. Lütlüyü iynənin yalançı səmimiyyətidir. İynə qılıncın arxasında gizlənə bilib. Elə isə, açıq qılınclı düşməni(mizi)n arxasında gizlənən iynəli dost(umuz) kimdir?
İynə tikiş aləti kimi görünür quyruğundakı ulduzdan. Ulduzu iynəni gizlədən paqon kimidir. Ulduzunu qopardın, iç üzü açılsın…
Qılınc Kişi silahıdı, iynə Qadın. İynənin tarixən qadın tapıntısı olması təsadüf deyil.
İynə-iynə öldürmək qaba gücü olmayanın tədbiridir.
Kiçikliyi iynənin qınıdır. Qılınca qalxanımız var, iynəyə yoxdu. Üskük iynənin qalxanı deyil, tiyəsidi. İynə iz buraxmır. Yavaş-yavaş öldürən zəhərlər kimi. Onun qatilliyini sübut etmək bəzən heç mümkün olmur. Gönüqalına iynə batmaz.
Mən iynədən həmişə qorxmuşam.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ