Ağrı başqa, qərəz başqa…- Nuranə Dadaşova yazır

Tarix:24-07-2017, 19:00 Baxış Sayı:3118

Ağrı başqa, qərəz başqa…- Nuranə  Dadaşova yazır

Son günlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin adının qalmaqallarda hallandırılması, bu mötəbər təhsil ocağını fərqlənmə diplomu ilə bitirən bir məzun olaraq məni narahat etməyə bilməzdi. Odur ki, universitet rəhbərliyi haqqında sosial şəbəkələrdə yer alan qərəz və böhtan xarakterli məlum video çəkilişə münasibət bildirməyi özümə borc bilirəm.

Qeyd edim ki, 2013-ildə bu universitetin “Rejissorluq” fakültəsinə daxil olunmuşam. Sənət öyrənmək arzusu ilə seçdiyim ixtisasın sirlərinə bələd olmaq üçün öz istəklərimlə universitetin imkanları arasındakı təzadı görüncə xəyallarım “suya” düşmüşdü. Universitetin yerləşdiyi binanın teatr təhsili üçün yararsız halda olması, buradakı texniki imkanların müasir tələblərə cavab verməməsi, fakültə rəhbərliyi səviyyəsində rüşvətin tüğyan etməsi, sənətlə əlaqəsi olmayan bir çox insanların universitetin əməkdaşları sırasında yer alması, layiq olmayanların vəzifələrə irəli çəkilməsi, öz istedadı, biliyi və pedaqoji ustalığı ilə seçilən müəllimlərin söz sahibi olmaması və s. bu kimi neqativ halların nəzərə çarpması teatr təhsilinin gələcəyinə ümidləri azaldırdı. Bütün bu mənzərələrin fonunda birinci kursu başa vurmaq üzrəydim ki, 2014 cü il may ayının 2-də ölkə rəhbəri, cənab İlham Əliyevin sərəncamı ilə Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin olunması xəbərini eşitdim. Etiraf edim ki, ildırım sürəti ilə yayılan bu xəbərə sevinənlər qədər məyus olanlar da az deyildi. Sevinənlər yaxşı bilirdilər ki, həyatını Azərbaycan Cümhuriyyət tarixinin tədqiqinə həsr edən professor Şirməmməd Hüseynov kimi aydınımızın qızının rektor vəzifəsinə təyin olunması universitetimizdə köklü islahatlara yol açacaqdır. Və bu islahatlar hörümçək toru kimi bir-birinə bağlı olan və universiteti bataqlığa çevirən qaraguruhçuları heç şübhəsiz ki, narahat etməyə bilməzdi. Bəlli idi ki, günün tələbləri səviyyəsində islahatlara başlamaq universitet rəhbərliyindən güclü iradə və ağır zəhmət tələb edəcəkdi. O da məlum idi ki, universitetimizdə neqativ halları aradan qaldırmaq və təhsili günün tələbləri səviyyəsində qurmaq üçün bəlli bir zamana ehtiyac olacaqdır. Önəmli olan o idi ki, universitetin müəllim və tələbə heyətinin böyük bir qismi Fərəh xanıma bir rektor olaraq ilk gündən inanıb, güvənmişdi.

Beləliklə, birinci kursun son semestr imtahanlarını başa vurdum. İmtahanlar ciddi nəzarətə götürülsə də, burada əvvəlki rəhbərlikdən qalma “izi”lərə rast gəlməmək mümkün deyildi. Ümidlərim yeni dərs ilinin başlanmasına qalmışdı...

“Qocaman sənətkar” adı ilə universitet auditoriyasında illərlə mürgü vuran bəzi yaşlı müəllimlərin, bir çox rüşvətxor fakültə rəhbərlərinin vəzifədən kənarlaşdırılmasını təqdirəlayiq hal kimi yalnız o halda dəyərləndirmək mümkün olardı ki, bu vəzifələrə sənətlə əlaqəsi olmayan digər ixtisas sahibləri deyil, əsl mütəxəssislər cəlb olunardı...

Bütün hallarda xanım rektor iş görmək istəyirdi. Məncə ən vacib olanı elə bu idi. Hər kəs yaxşı anlayırdı ki, rektorun bütün cəhdləri savadlı kadrlar yetişdirməyə xidmət edir. Biz rektorla tez-tez niversitet dəhlizlərində, tələbə auditoriyalarında, imtahan tamaşalarında rastlaşırdıq. Hər qarşılaşdığımızda o bizimlə hal-əhval tutur, problemlərimizlə maraqlanır, onların həlli yollarını düşünürdü. Bu sadə və səmimi davranış tərzi biz tələbələri razı salırdı. Hiss olunurdu ki, sivil ölkələrin təhsil təcrübəsindən faydalanmağa cəhd göstərən xanım rektor, tələbələrə daha çox qayğı və sayğı göstərməklə onların etibarını qazanmağa səy göstərirdi. Nə yazıq ki, rəhbərlik tərəfindən atılan bu humanist addım azdan-çoxdan öz istedadı ilə diqqət çəkən bəzi gənclərdə özündən razılıq hisslərini daha da qabartmış oldu. Bu hal özünü müəllim-tələbə münasibətlərində daha qabarıq göstərməyə başladı. Unutmaq olmaz ki, hər bir ali təhsil müəssisəsinin nüfuzu, ilk növbədə orda çalışan pedaqoqların nüfuzu ilə ölçülür. Müəllimə hörmət, sayğı və ehtiram olmayan yerdə heç bir keyfiyyət göstəricisindən söhbət gedə bilməz.

Dünyanın müxtəlif ölkələrindən tanınmış sənət adamlarının universitetə dəvət olunması, onların iştirakı ilə tələbələrə “ustad dərsləri”nin keçirilməsi, teatr, kino və televiziya xadimləri ilə görüşlərin mütəmadi hal alması tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Tələbələrin teatrlarla əlaqələri möhkəmləndikcə, istedadlı tələbə-rejissorların böyük teatr səhnələrində uğurlara imza atmaları ilə nəticələnirdi. Xarici ölkələrdə keçirilən bir çox sənət festivallarında tələbələrimizin müvəffəqiyyətli çıxışları, qazanılan nailiyyətlərin universitetin saytlarında yer alması, tələbələrin sənətlə bağlı fikirlərinin qəzet və jurnal səhifələrində çap olunması görülən işlər sırasına daxildir.

Yeni kadrların seçilib universitetə qəbul olunması işində bəzi boşluqların olması da gözləniləndi. Çünki praktiki sahədə təcrübəyə malik olan gənc kadrların pedaqoji fəaliyyətə cəlb olunması hər zaman uğurla sonuclanmır.

2015-ci ilin oktyabr ayında universitet binasının əsaslı təmirə dayanması, iki ilə yaxın bir müddətdə dərs prosesininin darısqal, şəraitsiz sığınacaqlarda davam etdirilməsi tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi. Amma əsas odur ki, dağınıq halda, müxtəlif məkanlarda fəaliyyət göstərən universitet kollektivi onlar üçün yaradılan hər bir minimum şəraitdən maksimum şəkildə faydalanmağa cəhd göstərə bildi.

Heç kəsə sirr deyildir ki, perespektivi olmayan əməkdaşlarla xudahafizləşmək cəhdi Fərəh xanımın apardığı islahatın tərkib hissəsindən sayılır. “Naftalin iyi” verən əməkdaşların universitetdən beş əlli yapışmaları isə (kimi ailə durumunu bəhanə edir, kimi maddiyyətisizli əsas göstərir, kimi də böyük sənətkar olduğunu iddia edərək əbədiyaşarlığını sübuta çalışır) rektorun apardığı kadr islahatlarını ləngidən səbəblərdəndir.

Universitetdə yaradıcı mühiti formalaşdırmaq naminə atılan hər bir böyük və cəsarətli addımın ilk başdan ağrılı görünməsi başa düşüləndi. Amma ağrı başqa, qərəz, böhtan başqa. Bu yerdə Fərəh xanım Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başladığı islahatlara qara yaxanlara üz tutub soruşuram: “Qara məni basınca mən qaranı?!” Elə etməyin ki, açım sandığı, töküm pambığı...

Xanım rektora işində və islahatlarında ancaq və ancaq uğurlar arzu edirəm!

Nuranə Dadaşova,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ