Sevinməyə qoymayan əl...

Tarix:22-07-2017, 12:37 Baxış Sayı:194

Sevinməyə qoymayan əl...
Əbülfət MƏDƏTOĞLU


Səni də kəsən var

Bu yazını hardan və necə başlayım? İnanın ki, bilmirəm. Əlimi ürəyimin üstünə qoyub and da içə bilərəm. Çünki yaşadığım hisslər, mənim aylarla, illərlə keçirdiyim sarsıntıları bir anın içində 360 dərəcə dəyişib. Mənə gələn təsəlli zənglərini indi təbrik zəngləri əvəz edib. Özü də bu zənglərin coğrafiyası o qədər genişdir ki, mən dostlarımın, tanışlarımın qarşısında baş əyməkdən başqa ağlımdan, ürəyimdən heç nə keçirə bilmirəm. Bir Allah şahiddir ki, ən çox Naxçıvandan, ordakı dostlarmıdna gələn zənglər, təbriklər, Qubadan, Şəkidən, Gəncədən, Mingəçevirdən, Füzulidən, Xocavənddən, Lənkərandan, Lerikdəndən hətta Trabzondan... Eləcə də bu gözəlim Azərbaycanın hər yerindən. Bax, o zənglər mənə kimliyimi bir daha xatırlatdı. Yadıma saldı ki, bu dünyada yaşamaq, bu dünyada adam arasına çıxmaq hüququm var. Ona görə də mən o elektron məktubların, zənglərin sahiblərinə ömrüm boyu minnətdar olacam. Yaxşı ki, varsınız! Allah sizləri qorusun!
Yazını minnətdarlıq duyğularıyla başlamağım bir az ürəyimə rahatlıq gətirdi. Elə bil ki, nə yazacağımı artıq tapmışam. Və bu yazdığım yazının girişində elə indicə ağlımdan gəlib keçən misraları da diqqətinizə təqdim edirəm. Bilmirəm necə alındı, amma içimdən gəldi.

İçimdə sevinc, kədər
Uzun zaman döyüşdü.
Yazısın taleh qədər
Bir az sildi, dəyişdi...…

Həyatımda bir işıq
Yarıb zülməti - yandı!
Donub olmuş bir qaşıq -
Qanım, sanki oyandı...…

Çiynimdə dost Əlinin
İstisini duyunca
Yaşadım bir sevincin -
Anlarını doyunca...…

Hə, bu anların içərisində itib-batmaq, bu dünyanı unutmaq istəyirəm. Çünki yaşamağım belə bir məqamının da olduğuna ilk dəfə təsadüf edirəm. Zaman-zaman, xüsusilə 1988-ci ildən dünənki tarixə qədər mən həyatın ancaq zərbələrini, yamanlıqlarını görmüşəm, dadmışam. Bu zərbələr, bu ağrı-acılar həyatımı bəzən sözün böyük mənasında dözülməz edib. Hətta ağlımdan dəfələrlə intihar da gəlib keçib. Həmin o məqamlarda mənə dəstək olan könül dostlarım, bir də Sən olmusan. Və mən məhz Sənin, eləcə də dostların sayəsində sıxıntılardan çıxmağa çalışmışam. Yazmışam ki:

Qapımı döyməyən kədər qalmayıb
Mənə yazılmayan qədər qalmayıb.
Canım bu dünyada hədər qalmayıb -
Qalıb ki, qurbanın olsun həmişə!

Gecə pəncərəmdən yuxu tökməyib
Qaranlıq içimə enib, çökməyib…
Ürəyim dan yerin sənsiz sökməyib -
Söküb ki, qurbanın olsun həmişə!..

Mən ömrüm dediyim - mələk qadına
Əlim açılıbdı Tanrı adına!
Açıb gecə-gündüz salıb yadıma -
Salıb ki, qurbanın olum həmişə!

Bəli, mən əlimi açdığım Allah, ətəyindən tutduğum Tanrı, ümidimi bağladığım Yaradan və bir də sevgimin ünvanı olan Sən həmin o 1988-dən bu ana qədər məni tək buraxmadınız. Ona görə də ayağımı yerə dirəyib içimdəki ahları boğa-boğa yaşadım. Yaşadım ki, günlərin bir günü Allahın iradəsi, dostların yardımı və dəstəyilə bu sevincin əlini sıxım. Bu xoş anlar üzümə qapı açsın!
Bir müdrik kəlam var. Deyirlər ki, "əlini, ümidini Allahdan üzmə". Yəni ümidsiz yaşama. Bax, mən də ümidin ətəyindən tutub fərəhimə, sevincimə doğru zaman-zaman yol gəldim. Gəldim və gördüm ki, o sevinc, o fərəh bir işıq topası kimi dayanıb yolumun üstündə. O yolun yolçusu olmaq əzablı olduğu qədər də sevincliymiş...…
İstənilən yerdə, istənilən məqamda insanın əhvalı dəyişə bilir. Bu, sübuta ehtiyacı olmayan bir həqiqətdir. Mən həmin həqiqəti öz içimdən, öz canımdan çox keçirmişəm. Hətta elə bu sevinc xəbəri qapımı döyəndə də ovqatıma zəhərdən də tünd bir soğan doğradılar. Bilmirəm, günahım nə idi? Bilmirəm, hansı yaxşılığımın cavabıyıdı?! Amma bircə onu bilirəm ki, hətta buna bütün "Ədalət"çilər də şahid oldular ki, mən bir anın içində iki zərbə, iki sarsıntı və bir sevinc qazandım! Özü də bunlar ikisi də bir anda açılan atəş oldu. Bu atəş çox sərrast idi. Düz ürəyimdən nişan almışdılar. Zavallı ürək! Hamı səni vurur, hamı səni zədələyir, hamı səni sıxıb nar kimi cecəyini bir tərəfə atır... Görəsən niyə? Ümumiyyətlə, ürəyə qarşı hücumlar, təxribatlar, haqsızlıqlar, sayğısızlıqlar nədəndi?
İndinin özündə də yazını bilgisayara hələ ki, tanıdığım gündən dəyişməyən, olduğu kimi qalan əzizim Gülər xanıma diktə edəndə də o anı təkrar yaşadım. Zavallı ürək elə sıxılıb açıldı ki, həmin o zaman kəsiyində elə bildim ki, nəfəsim durdu! İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Gerçəkdən gerçəyə mən hər şeyin, xüsusilə ölümün gözlə-qaş arasında olduğunu yaşadım. Bunu heç kimə arzu etmirəm. Yəni hətta məni sevməyən istənilən Allah bəndəsi qoy haqsız basqıdan, qoy səbəbsiz sancmalardan və bir də günahsız atəşdən uzaq olsun. Allah bunu kimsənin adına, bəxtinə yazmasın. Mən sadəcə olaraq həmin o gündən bu anın özünə qədər hansısa bir səbəbdən baş verən məqamı xatırlayanda çox təəssüflənirəm. Bu yerdə yaxşı ki, dediyim o Allaha güvənc və bir də Sənə sevgi köməyimə çatır. Bir fərəh hissiylə pıçıldayıram:

Ad çəkmirsən qoy barı
Yuxunda əyan olum.
Sözsüz öldürən yarın -
Nazında bəyan olum.

Sevib hər tərəfini
Qəmini, fərəhini…
Sən adlı şərəfini -
Ömrünə oyan olum!

İçindəki ülfətdən
Keçib gəl, Əbülfətdən.…
Nə sən bu məhəbbətdən -
Nə də mən doyan olum!

Qəribədi, elə bil ki, hansısa bir gizli əl, hansısa bir gizli caynaq addım-addım izləyir məni. İmkan vermir o sevinci, o fərəhi, o xoşbəxtliyi heç olmasa bir sutka, heç olmasa 24 saat unudum. Bir sutkalıq da olsa xalq artistimiz, böyük sənətkarımız Zeynəb Xanlarova demiş, "dünyanın xoşbəxti mənəm dünyada!" - deyim. İndi düşünəcəksiniz ki, yəqin hansısa nostalji duyğular, hansısa nüanslar yadıma düşüb, gözümün önünə gəlib... Yox, belə deyil. Sadəcə, dediyim kimi, mən qurtula bilmirəm. Nə qədər cəhd etsəm də, nə qədər özümü dağa-daşa çırpsam da xilas ola bilmirəm. Boyuma biçilmiş kədərdən, ağrıdan və qurtara bilmədiyim kədər də, ağrı da məni özündən uzaq buraxmır. Görünür, həmin o kədər, o ağır xoşbəxtliyini məndə tapır. O mənim içimdə, mənim canımda daha rahat, daha sərbəst olur. Əks halda, mənim az qala canımdan da bezdiyim zamanın özündə heç olmasa bir iynə boyu kənara çəkilərdi...…
Təəssüf, bu da baş vermir. Ona görə də mən varlığına hakim olan Sənin işığında öz-özümə pıçıldayıram:

Mən yıxılsam sən qorxma
Baxtımdan yıxılacam.…
Ürək adlı ən uca -
Taxtımdan yıxılacam!..

Əlçim-əlçim diddiyin,
Qarış-qarış getdiyin,…
Sən mənə sərf etdiyin -
Vaxtından yıxılacam!

Ayrılıq istədiyin,
İçində bəslədiyin,…
Məni də səslədiyin -
Əhdindən yıxılacam!

Bu şeirin hansı ovqat yaradacağını anlayıram. Amma buna baxmayaraq, bir rahat ovqatla demək istəyirəm ki, inciməyin məndən, qınamayın məni. Mən sevinmək istəsəm də, sevinc qapımı döyüb içəri daxil olsa da, ondan qabaq həmin o gözəgörünməz əl önə keçir. Sevincə uzatdığım əlimi o sıxır...…
Ola bilsin ki, bu, mənim heç vaxt dəyişməyəcək alın yazımdı. Nə deyə bilərəm ki? Ən yaxşı halda, bircə rahat şəkildə onu deyə bilərəm ki, mən kədəri özüm axtarmıram, özüm yaratmıram, özüm icad etmirəm. O, mənim adaşım, mənim çiyindaşımdı. Bu da belə!.. Amma...…
Amma bir həqiqət də var. Ən böyük, ən güclü, ən ədalətli Allahdı. Deməli, mənim üçün də yazılanları o imzalayıb. Bu da o deməkdir ki, hələ nələr olacaq, nələr oxunacaq heç kim deyə bilməz. Heç mən də deyə bilmərəm, heç Sən də. Sadəcə...…

Sən kədərə köklənmə
Kədər mənim havamdı…
Bu meydanda təklənmə -
Dava mənim davamdı!..

Harda dursam, dayansam
Ordan uzaq dayan sən!
Qanıma da boyansam -
Cəfa mənim cəfamdı!..

Nə bulud ola, nə ələm,
İşığa, nura bələn.…
Məcnundan keçib gələn -
Vəfa mənim vəfamdı!..

Deyəcəksiniz ki, ilin-günün bu vaxtında özünü təriflədi, özünü reklam etdi. Olsun! Niyə də olmasın ki?! Axı mən də bu millətin bir sıra nəfəriyəm. Mənim də hardasa, nədəsə, kiminsə yadında və yaxud yanında iynə boyu yerim, nüfuzum var. Bax, elə iynə boyu yerimə güvənib özümü tərifləməyə cəsarət etdim. Ümumiyyətlə isə hər bir risk, hər bir cəsarət mütləq nəyisə ortaya qoyur, nəyəsə çatmaqda yardımçı olur. Mən də düşünürəm ki, elə özümü tərifləməyim bəlkə mənə də uğur gətirdi, bəlkə məni sıxıntıların caynağından xilas etdi, ya da məni izləyən o qara əli biləkdən kəsdi. Və mən də bu duyğuları yaşaya-yaşaya bir könül rahatlığı içində sənə yazdım:

Baxışında ağırlıq var, sən belə
Baxma mənə, bu baxışı yığışdır.…
Nə özünə, nə də mənə zülm elə -
Nə də məni baxışınla sıxışdır!

Qoy yaşayım öz odumla, közümlə,
İçimdəki sızıltıyla, dözümlə,…
Düzdü, mən də bacarmıram özümlə -
Neyləyim ki, bu gileyli baxışdı!

Söz versəm də öz-özümə min dəfə
Ürək sınır hər yanlışa, hər səhvə!
Düşmədin sən, ay Əbülfət, bu əfvə -
Düşməməyin özü də bir naxışdı!

Və nəhayət, yazımın əvvəlinə qayıdıram. Necə deyərlər, özümü bütün imkanın, bütün riskin daxilində toparlayıb mənə xoş anlar yaşadan hər kəsə, mənə xeyir-dua verən insanlara və bir də məni sınmağa qoymayan Şəxsə Var olun! - deyirəm. Sevindirənləri Allah sevindirsin! - söyləyirəm.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ