Çıxıb getmək vaxtıdır...

Tarix:13-07-2017, 10:41 Baxış Sayı:172

Çıxıb getmək vaxtıdır...
Əbülfət MƏDƏTOĞLU



Ziyarətə gəlmə, görərlər


Açıq demək istəyirəm. Həyat o qədər cansıxıcı olub ki, nəyəsə baxıb sevinmək, nəyinsə yanında, çevrəsində olmaq az qala möcüzəyə çevrilib. İnanın ki, indiki məqamda, indiki anda yaşamağın heç bir məna kəsb etmədiyinə ovcumun içi kimi inanıram. Və ona görə də mənə elə gəlir ki, artıq adamlara da, yerin üstünə də yükəm. Sanki durduğum, dayandığım nöqtədə yerə ağırlıq gətirirəm, yeri bezdirirəm. Elə bilməyin ki, mənim sevinc hisslərim ölüb... elə bilməyin ki, mənim ürəyim çırpınmır... elə bilməyin ki, mən ümumiyyətlə, hər şeydən, hər kəsdən usanmışam, yorulmuşam, bezmişəm. Yox, sadəcə mən arzularımın, xəyallarımın necə daşa dəydiyini, necə çilikləndiyini, necə tapdalandığını görə-görə içimdə ağırlaşmışam, içimdə yorulmuşam. Hətta lal bir sükuta çevrilmişəm. Ona görə də daşıdıqlarımı hansı səslə deyirəm-deyim Allahdan və özümdən başqa kimsə eşitmir. Allah da ona görə eşidir ki, O mənim içimdədi, ruhumdadı, mən də Onun dərgahında. Belə olan halda nəyə sevinib, nəyi xatırlayıb içində ümid şamı yandırmaq olar. Nəyə fərəhlənmək, nədən qürrələnmək gəlib keçə bilər ağıldan? Sual heç də qəliz deyil. Şəxsən mən yenə əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətlə deyirəm ki, sizə də, özümə də ünvanladığım sualın cavabı əslində sizi də, məni də yaşada biləcək böyük bir sevgidi. O həm həyata olmalıdı, həm ətrafındakılara, həm özünə, xüsusilə də Sənə. Təəssüf ki, bizim sevgi anlayışlarımız fərqlidi. Biz sevgini o qədər cılızlaşdırırıq, o qədər müxtəlif müstəvilərə paylayırıq ki, sevgi də bədbəxt olur, elə özümüz də. Mən bunu birmənalı şəkildə deyirəm və dediyimin də arxasında son nəfəsimə qədər dayanacam. Hətta elə bu günlərdə yazdığım misralarda da demişəm:

Sənə xatırladacam
Sevgini və sevməyi...
Sevgi olan məbədə-
Əyilməyi, enməyi!..

Sən orda görəcəksən
Allahı və özünü!..
Bir də səni isidən-
Bu ürəyin közünü!..

Sevincdən dodaqların
Hətta dilin əsəcək...
Vüsalın kəb inini-
Baxışların kəsəcək!..

Yəqin ki, bu misralar hansısa bir nöqtədən tərpənişə səbəb ola biləcək... hansısa bir anın damarını isidəcək... və hansısa bir buhzun əriməsinə şam işığı salacaqdı...
Təbii ki, bütün bunlar mənim indiki anda özümün öz misralarıma verdiyim qiymətdi. Bir az yekə çıxmasın, bir növü şeirimi tərifləməkdi, təqdim etməkdi. Amma bunun içindəki səmimiyyət hər kəs tərəfindən görünürsə, onda mənim cəsarət edib öz misralarımı tərifləməyimi yəqin ki, günaha yazmazsınız. Axı mən həm də yazmışam ki:

məndən
soruşurlar
həyatımı...
dərhal
bir nəfəsə
söyləyirəm adını!..
sənin,
yəni mənim
sevincim, fərəhim olan
bu dünyanın
ən müqəddəs
mələk qadını!..

***
İnsan özü-özünə qapılanda, özü-özünə çəkilib bir küncdə gözdən, könüldən uzaq olmağa çalışanda kimlərsə onu qınayır, kimlərsə də ağız büzür. Amma mən bu halı özüm yaşadığımdan öncədən söylədiyim iki məqamı həm ötəri sayıram, həm də ağlımdan keçirirəm ki, kimin harasının necə ağrıdığını özü daha yaxşı bilir. Hətta ən məşhur təbib də xəstənin ağrısının dərəcəsini, ölçüsünü, çəkisini deməkdə acizdi. Onlar, yəni ən məşhur təbiblər bircə söz bilirlər və deyirlər bu xəstəliyin dözülməz ağrıları olur. Ona, yəni xəstəyə ağrıkəsici vurmaq lazımdı. Lakin həmin o ən məşhur təbiblər unudurlar ki, az qala 28 ildi ki, ağrıyan, artıq bütün bədənini, ruhunu göz-göz edən Qarabağ ağrısı üçün ağrıkəsici fayda verməz. Üstəlik, bu ağrı dözülməzlik həddinə də keçir. Amma biz, o cümlədən də mən dözürəm. Daha bir məqam. Deməli, bir-birini anlayan, bir-birini tamamlayan, hətta bir-birini müəyyən mənada əvəz etmək gücündə olan elə dostlar, elə cütlüklər, elə sevgililər var ki, onların ayrı-ayrılıqda yaşadıqları həyat dramları o dözülməzlik həddini rahatca ötüb gedir. Kənardan adama elə gəlir ki, daha sondur. Müşahidə etdiyi məqamlar mütləq son nöqtədə dayanacaq. Amma yox! O insanların daxili və qarşılıqlı tələbatları, o insanların ruh cütlüyü həmin o dediyim dözülməzliyi kölgədə qoyur. Şəxsən mən yaşadıqlarımı heç bir dərmanla, hətta alkoqolla da müalicə edə bilmirəm. Sadəcə mənim köməyimə bir təsəlli, ikinci nəfəs kimi qələm və dəftər çatır. Ağrını həmin o dəftərin vərəqlərinə bükürəm. Sonra da bir anlıq da olsa özümü taleyin ixtiyarına verirəm və yazıram ki:

Səsimi büküb atacam
Külək ağzına - aparsın...
Mən səslə fərəh tapacam
Sən də ki, ümid taparsan-
Axtarsan...

Gözümü ovub qoyacam
Yol üstə boylansın sənə!
Mən səndən ölüb soyuyacam
O da qaranlıqdı mənə-
Axtarsan...

Qəlbimi dama dəftər tək
Səssizcə naxışlayacam
Onu görərsən ay mələk
Mən sənə bağışlayacam-
Axtarsan...

İndi siz də bu şeiri oxudunuz, mən də onu bilgisayara diqtə elədim və hərəmiz də öz-özümüzdə mühakimə də etdik, qərar da verdik. Bəyənənimiz də, gülənimiz də bir dodaqucu "eh" edənimiz də oldu. Bunlar təbii haldı və normal sayılır ağıllı adamlar tərəfindən. Mən də özümü iynəucu boyda ağıllı saydığımdan fikirləşirəm ki, dediyim, yazdığım sözlərin, fikirlərin, misraların hər qatında mənim duyğularımın, sevgimin həm həniri, həm də görüntüsü var. Mən hardasa sözlə o duyğuları, o görüntüləri ürəyimdən çıxarıb bir az açıq havada gəzdirirəm. İstəyirəm ki, mənim iç dünyamın heç bir künc-bucağı qaranlıq olmasın. Ordakı işıq ömrümün işığına çevrilsin və mən də bir ömür işığının bir sevgi işığından alışdığını, onun davamı olduğunu varlığında hiss edim. Hətta onu görüm, ona toxuna bilim. Deməyin ki, bu, xəyalpərəstlikdi, deməyin ki, bu hardasa heç kimin əli, ünü çatmayan bir məqamdı. Deyin ki, bu, ola bilən bir haldı, hətta olub da, olacaq da!.. Əgər belə desəniz onda mənim özümə inamım da, o böyük sevgiyə qovuşacağıma əminliyim də artar və üzümü sizə tutub demərəm ki:

yer tapa
bilmirəm
çıxıb getməyə-
qəbirdən başqa...
sən də
söz tapa bilmirsən
mənə deməyə-
səbrdən başqa!..
təzaddı,
əzabdı,
nədisə bunu
Allah uzatdı
ömrüm ölçüdə!..
indi anlayıram
tək çıxışı var
düşdüyüm halın
sənə insaf verə
mənə Allahım
sənin sevəcəyin
ürək köçürə!..

Hə, doğurdan da həyat öz suallarını hər gün qəlizləşdirir, hər gün çətinləşdirir və bəzən də cavabsız edir. Amma etiraf edək ki, indi transferlər də, köçürmələr də o qədər sadələşib, adiləşib ki, onu gözümüzlə də görürük, qulaqlarımızla da eşidirik və hətta öz varlığımızda, öz cismimizdə də şahid oluruq. Ona görə də mənim sənin yanında olmam üçün Allahımın mənə başqa bir ürək köçürəcəyinə inanmağı normal say, təbii qəbul et. Və bil ki, bu dünyanın qara daşını göyərdən Allah o qədər müşkülləri, o qədər çətinlikləri bir anın içərisində çözüb ki, təkcə dərd sahibi deyil, bəzən bəşəriyyət də bu məqama heyrət edibdi. Və yenə yeri gəlmişkən xatırladım ki, məhz mənim inancıma görə, böyük Füzuli elə bu məqamda deyib ki, "Heyrət ey qütb"!
Mən yazımın əvvəlində birbaşa, heç bir pərdə-filan gözləmədən dedim ki, olduğum həyatın içərisində, yaşadığım günlərin fonunda sevinəcək heç nəyim yoxdu. İndi o fikrə bir də qayıdıram. Demək istəyirəm ki, "Ol!" deyən böyük varlıq, böyük qüdrət sahibi bəlkə də, nə vaxtsa, hardasa, hansı məqamda olur-olsun öz gücünü göstərə bilir və biləcəyinə də şübhəm yoxdu. Ona görə də ümidsizliyin yaratdığı əks-sədanı şeirə çevirəndə mən bir az rahatlanıram... Amma bir az... Sonra isə yenə həmin başlanğıc öz səsini eşitdirməyə başlayır. Ona da yenə kağız-qələm düşür yadıma.

bir parça
kağızdı
başımın üstə-
qara kağız,
əlçin bulud...
bir az
aşağı əyil
rahatlan-
mən də
səni oxşayıb
bir ağız,
sonra
boyuma ölçüm,
bulud!

***
Ümidsizlik, inamsızlıq təbii ki, yaxşı hal deyil və onu da mən bir kimsəyə arzu etmirəm. Adətən belə məqamlarda adam könül dostuna, ən yaxın simsarına, sirr yerinə, daha çox isə ürəyinin sahibinə üz tutur. Onunla dərdləşir, onunla pıçıldaşır və...
Hə, bax, onda bir balaca özünə dönüş olur. Çünki ürəyinin sahibi ürəyinin içində bir qaralmış qoru üfürür, onu alışdırır. Bax, bu da səni, məni həmin o ümidsizlikdən, o təklikdən, o inamsızlıqdan çıxarır. Bir az da dəqiq desəm, çıxarmaq üçün quyuya sallayan kəndir olur. Onun ucundan tutub həmin o işığa, o ümidə, o sabaha tərəf getmək istəyirsən. Bu da hardasa ikinci nəfəs kimi bir şeydi. Və çox təəssüf ki, bu İkinci Nəfəs də hərdən gücsüz olur. Yəni onun qarşısına elə bir sədd çəkilir ki, o səddi aşmaq, keçmək, yarmaq fiziki güclə mümkün olmur. Mənəvi güc isə müəyyən normalardan çıxa bilmədiyinə görə, dözüb durmalı olur. Neyləsin?! Və onun tapdığı və yaxud tapa bilmədiyi çıxış yolu da bütün hallarda özünə dönüş yoludu. Həmin yolda bir kimsə görünməyəndə, bir işartı olmayanda ürək paramparça olur və onda mən şəxsən yazıram ki:

mobil susur...
yol da boşdu...
göz yorulur...
ürək daşdı...
bu sükutun,
bu həsrətin,
təzyiqin
həm hərarətin...
bir an duyun
qapısını
sonra döyün
Əbülfətin!..

Məni qınaya bilərsiniz ki, bu qədər ümidsiz və bir az da adamı sıxan, lap açığını desəm, canını boğazına yığan yazıyla, şeirlə niyə oxucuları sıxırsan? Niyə onlara dilxorçuluq gətirirsən, əhvallarına soğan doğrayırsan? Mən irad tutanları başa düşürəm və onları haqlı sayıram. Lakin siz də məni başa düşün. Siz də bilin ki, mən sizlə nəfəs alıram... Sizlə bölüşüb içimdə güclə işaran şamı sönməyə qoymuram. İstəyirəm ki, o şamın işığı alova, məşələ çevrilsin...

Hə, bir də istək nə cinayətdi, nə də icazəli olur. Mənə görə istək hər bir ürəyin haqqıdı. Hər bir ürəyin də öz haqqına doğru gücü, imkanı daxilində çarpışması, getməsi, yüyürməsi hətta zərurətdi. Bu zərurəti heç kim onun əlindən ala bilməz. Elə mənim də dediyim, yazdığım, pıçıldadığım budur ki, gəlin bir-birimizin haqqını qəbul edək, bir-birimizin haqqına dəyər verək, bir-birimizin haqqına girməyək. Əgər bu qərarım, bu təklifim gerçəkləşsə, qəbul olunsa, vallah, hər kəsin ürəyindəki işıq yanacaq, sönməyəcək. Kaş ki, bütün işıqlar haqdan yansın və bütün ürəklərin istəkləri gerçəkləşsin. Ən azından Allah xatirinə! Amin!!!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ