Yanal küyər və gilyotin qadax qabı

Tarix:4-07-2017, 13:27 Baxış Sayı:437

Yanal küyər və gilyotin qadax qabı
Tural Turan yazır...

Yanal küyər və gilyotin qadax qabı
(Esse)


Bir neçə gün bundan əvvəl şair Fuad Cəfərli, gənc rejissor Elşən İsmayıl bir də mən iki dəmlik çay içdikdən sonra qərara gəldik ki, gedib bir şeylər atışdıraq. Onları bilmirəm, mənim dənciyim boş idi, mədəm siyrılırdı. Gün təpəmizə döyə - döyə yorğa yerişlə, hal-halsız gəlib bir dönər evinin qarşısında dayandıq. Uşaqları da həmin dönərxanada ən yaxşısı verilir, səliqəli əl işləri var – deyib inandıran mən idim. Ona görə də birinci özüm qabağa keçdim. Pilləkəndə isə yanında islaq çörək qırıntıları qoyulmuş, özü də suyun içində olan çəlimsiz bir pişik balasını görüb diksindim. Əsməcə tutdu məni. Hərəkətsiz idi. Deyəsən ölmüşdü. Yəqin yanımdakılar pişik balasının öldüyünü hiss etmişdilər. Fuad dedi ki, - gəl – gəl, o girmə, qabaqdakına girək – sol çiyni üstə geriyə dönüm qarşıdakı dönərxanaya keçdik.

Dönər sifarişimizi verdikdən sonra mən Fuadla Elşən aralandım. Əslində onların yanında oturmuşdum. Gözümün qabağına təxminən 14 – 15 il əvvəlki bir hadisə gəldi. Qulağı kəsik, tayməmə yanal keçinin ruhu huşumun qapısını döyüb məni yenidən diksindirdi:

Səhv etmirəmsə, 2003 – cü ilin ya da ondan bir il əvvəlki yay idi. Əmimgilin xalxalında – qoyun – quzunun yay olacağı – qoyun sağırdıq. Mən atam əziyyət çəkməsin deyə sağın vaxtından yarım saat, qırx dəqiqə əvvəl dəmir vedrəni götürüb xalxala gedirdim. Atamın sağın payını sağandan sonra gətirib pendir güyümünə tökürdüm.

Aranızdakı qoyun-keçi sağan tərəkəmələr yaxşı bilər, qoyunların içində sağın zamanı ovşara getməyən cavan işşəklər, küyərlər, birinci qarına doğan çəpişlər yaman məməsi kəsik olur. Süd verməyə canları çıxır. Südlərini oğara çəkirlər – yəni, qısırlar. Balasına saxlamağa, sağıma imkan verməməyə çalışırlar. Tərəkəmə əhli də həmin “cüvəllağıları” qabağa salırlar ki, silə - dolu vedrəni aşırmasın. Yoxsa, bir bardaq südə görə, o boyda pendirin mayasını malızay edərlər.

Günlərin bir günü vedrəni alıb xalxala girdim. Necə oldusa qırmızı yanal çəpişi unutdum; birinci sağmadım. Axıra qaldı. Vedrəni oturduğum sağım kötüyünün yanında qoyub küyəri tutmağa çalışdım. Handan-hana tutmağı bacardım. Elə yenicə əlimi tüpürcəkləyib sağına başlamışdım ki, cavan keçi bir vedrə südü aşırdı. Bir anlıq atam gözümün qabağına gəldi. Daha doğrusu, deyəcəyi sözü – fərsiz oğlu fərsiz!.. Cin təpəmə vurdu, gözlərim böyüdü. Gözüm xalxalın qarmağından asılan yun qayçısına sataşdı. Keçinin yerə aşırdığı südü ayaqlaya – ayaqlaya qayçını asqıdan götürdüm. Yanal küyəri qaldırıb yerə çırpdım. Bir o yadıma gəlir ki, keçinin məməsi qan içində idi. Keçinin döşünü, üç aylıq balasının əmziyini kəsmişdim. Hirsim soyumamışdı. Atamın əmilərimin yanında məni şillələyəcəyindən ehtiyat edib – indiyə qədər bir şillə də vurmayıb, əslində o qədər danışmağın qabağında bir şillə ondan yaxşıdı ha... – oradan əkildim. Əmim oğlunun dediyinə görə, atam keçini o günə mənim qoyduğumu anlamışdı. Dinməmişdi. Arxamca nə dinib, nə də söylənib. Sakitcə çəpişi son dəfə balası ilə görüşdürüb sol – sağ qalan məməsi – döşünü əmizdirdikdən sonra siyırıb başını kəsmişdi. Atamdan yaşca böyük əmim atama – nelliyirsən? Niyə kəsirsən? – sualını verəndə isə atam – mənim heyvanımın içində tayməmə heyvan olmaz, çəpiş olanda nə olar, onun da namusu var – deyib bıçağı yanal küyərin başına çəkmişdi.
Əmim oğlu axşam “qırmızıyanal”ın cəmdəyini qapıya gətirəndə hirsimdən hönkürdüm. Peşman olduğumu düşünürdüm, sonra necə oldusa hər kəs yatandan sonra əmimgilə xalxalın yanındakı quzuluğa – quzuların olacağına getdim. Küyərin çirtikbuynuz balasının qarnı tox idi. Yəqin hansısa balası ölmüş keçiyə ya da qoyuna yanlamışdılar. Ac qalmaması üçün hansısa balası ölmüşə təliyəcəkdilər. Bütün yetim quzu və oğlaqlar kimi...
Çəpişi öpüb oxşadıqdan sonra qonşu kənddəki Alpı kişinin əhvalatı gəlib gözümün önündən keçdi. Arvadı doğum üstə qanaxmadan ölən Sona xala balasını ilk və son dəfə əmizdirib atasına sarı uzadır. Sonra gözlərini yumur. Sonanın açıq qalmış gözlərini bağlayır. Sonra ağ mələfədəki oğluna baxır. Alpı kişi yetimlik bir şey deyil a zülyət, istəmərəm mənim oğlum ələ baxa – deyərək iki-üç saatlıq körpəni boğub anasının sinəsi üstə uzadır.
Çəpişi tay-tuşlarından ayırıb quzuluğun dalındakı daldey yerə keçdim. Başını korkəsməz bıçaqla üzüb əniklərin qabağına atdım. Son dəfə hıçqıra – hıçqıra “Basar”ın balalarının qabağında ora-bura dartışdırılan oğlağa hıçqırtı içində baxıb oradan uzaqlaşdım. Sabahsı atam oğlağı axtaranda “yarım qalmış namusumu təmizlədim” – deyə cavab verdim. Atam – Alpımı oldun əə maa – dedi. Yeddi yerimdən keçdi söz. Nə o dindi, nə də mən.
O hadisədən sonra sir-sifətim muçuqladı. Yanal küyər də, balası da hər gecə ağ mələfə geyib yuxularıma gəlirdilər. Heç nə demirdilər, ayağımın dibində otlayırdılar. Qulaqlarının üstünə gözümdən bir damcı yaş düşdükdən sonra gəlladar əmim gəlib onları sürünün içinə qatırdı. Hövləng ayılıb təzədən qorxa-qorxa yuxuya gedirdim...

Həmin ana-bala şəhidlər – Tanrının izni ilə - indi məni dünyanın ən saxsıürəyi edib atam-anam. Atam indi hərdən deyir ki, - nə kövrək olmusan ə, Alpı, şətəl küyərin başında imiş...

...Hesabı ödədikdən sonra dönərxanadan çıxdıq. Fuad məni dümsükləyib – hacı, pişiyə bax, sağıymış – dedi. Sevindik, çox sevindik. Elşəndən başqa. Onu qınamağım gəlmədi. Çünki bu hadisədən cəmi yarım saat əvvəl çay süfərsində uşaqlığından danışarkən demişdi ki, qarışqalara, çəyirtkələrə zülm edimiş. Evlərinə “çağırılmamış” gəldikləri üçün – sizsiniz mənim evimə girən alçaqlar? – deyib, erməni öldürürmüş kimi qadax (mismar) qabının məngənəli ağzına salıb boyunlarını vururmuş. Elşən hələ də o hadisəni fəxrlə danışır, deyir ki, uşaqlığında xeyli sarsıntılar yaşaayıb. Onun təsiridir ki, indi qəddar xislətli rolları, xarakterləri daha canfəşanlıqla, ürək qoyaraq oynayır...

Elşəni boş verin e, əsas odur ki, istidə parpılayan pişik balası sağ idi.


MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ