2017-ci ilin bədəvi mühiti və ya AYB-nin çayxana "filialları"...

Tarix:16-05-2017, 20:30 Baxış Sayı:460

2017-ci ilin bədəvi mühiti  və ya  AYB-nin çayxana "filialları"...

Çay ədəbiyyatı, kürsülü söz davası ...

Son illər peşə fəaliyyətimlə əlaqədar olaraq ədəbi mühitdən uzaq düşmüşdüm. Nə kitab təqdimatlarına qatıla bilirdim, nə də ki, ədəbi mühitdə baş verənlərdən xəbərim olurdu. Axır bir neçə həftədir ki, bu sindromu qırmağa çalışıram. Demək olar ki, hər həftə sonları kitab təqdimatlarına gedir, gənc yazıçı və şairlərlə çay masasında xoş-beş edirəm. Xülasə, gördüklərim və ya üç-dörd ildən sonra ədəbi mühitlə qısa tanışlıq məni yenidən üç-dörd həftə əvvəlki durumuma sürükləyir. Yəni, ədəbi mühit adlanan camiadan ürpənməyə başlamışam.

İlk olaraq özümdən başlayım; işdən çıxandan sonra istər-istəməz yazar tay-tuşlarımın yanına uşqunuram. Nəsə öyrənmək eşqi ilə üç-dörd metostansiyalıq məsafəni hər gün gedib gəlməkdən usanmıram. Əslində ərincək adamam haa. Bir-iki nəfər könlümə yaxın adamları çıxmaq şərti ilə digərləri ilə görüşdən bədii zövq ala bilmirəm, hələ poetik elektrik məsələsi bir qırağa. O bir-iki nəfərin adını açıqlamamağımın isə bircə səbəbi var – mən də “bajoğlu ədəbiyyatına”, qruplaşmaya rəvac verə bilərəm – qorxusudur. Nə yalan deyim, son üç-dörd həftədə cəmi iki kitab bitirmişəm. Halbuki, axşamlar işdən gələndən sonra 2-3 saat özümlə və sevimli müəllifimlə baş-başa qalmaq adətim idi. Artıq çaylaşma-huylaşma, ağsaqqallarla küçə ədəbiyyatını müzakirə etmək oxuduqlarımı xırdalayıb burnumdan qəpi-qəpik tökür. Cılız ədəbiyyat baxışları heç nə qazandırmadığı ilə yanaşı tiryaki maqnit olub adamı özünə çəkir. Yəni, bir az da bu cür davam etsəm, şəkər tozu olub çayxana ədəbiyyatının istəkanında qarışacağam. Şair Emil Rasimoğlu demiş, çayçı ədəbi mühitində, “bəh-bəhlə bir-birinə tərif yağdırıb özlərini bədbəxt edənlər” kimi...

İndi şəhərin bir çox yerində AYB-nin çayxana filialları fəaliyyət göstərir. Modernistlər isə pivəli, rakılı alatoran daxmalarda, mərəklərdə məzə qırır. Mərkəzi cəbhə isə elə rəsmi və qeyri rəsmi ədəbi qurumların ofisləridir. Arı şirəyə yığışanda, daha doğrusu, mərkəzi cəbhənin mərasim zalından qonaqlıq iyi gələndə çayxanalar boşalır, “book- cafe”lər seyrəkləşir...

Bir sözlə, hazırki ədəbi mühit kitab təqdimatlarında cücərib, çayxanalarda qarıyır. Gənc yazarlar üç-dörd “bakal”dan sonra pivə bardağını əlinə alıb mızıldana-mızıldana ora-bura qaçır. 50 dəfə intihar edib boyunları kəndir götürməyənlər var, o çayxanalarda, atam balası. “İntihar” başlıqlı söhbətlərdən bezməyənlər həmişə “özümü öldürəjəm” mesajından sonra yıxıl-yıxıla evlərinə arvad-uşaqlarının yanına diyirlənirlər. Aralıqda ölənlərə heyif...

Elə ağsaqqalları da onlardan geri qalmır – sözə and verdirib üzləri kəsəndən bir manat qoparıb limon dilimi ilə “çubuş” vurandan sonra başlayırlar ateist qibləgahlarına mərsiyə deməyə, gah da tanrı ilə qol-boyun olub özlərini söyürlər. “İstedad kəlməsi” qədər ağırlıqları olan bu qələm-kağız sahibləri ayıq vaxtı özlərini, sözlərini qıraqdan görsələr inanın ki... (istədiyiniz kimi tamamlayın).

Hələ çayxanaları işlədənlər də, elm adamları da bu istedadbazların bürküsünə düşüb şeir yazır, kitab çıxarırlar. Naşirlər uşaq da bağışlasın, “kitab doğuzdurma” adı ilə fağır-füğara soyur. “Çubuşnik”lər də söz halayına dənlə, yarma ilə “endirdikləri” həmin fağır-füğaranın “kitabını yumaqla” yazıqların 15-20 manatına quş qoyur. Bunun adına ad qoydu da deyə bilərsiniz, “qol-budaqlı” imzaların qolunu qırıb budağını saxlayan zahidlər bu gün də “Nəsimi” soyur, əkə.

Hələ öz ətraflarına istedadlarını qəbul etdirməyə çalışan qələmkarlarımızı demirəm; birinin kitab təqdimatında söz verilməsə, az qalırlar ki, tədbirin təşkilatçılarını bir çaydan çayda boğalar. Özü də elə-belə dava demirəm ha, lap urvatlısından – kürsülü söz davasından. Ya gərək təqdimatda özün danışasan, ya da bir-iki nəfərə söz verdinsə siyahını kərtənkələ quyruğu kimi uzadasan. Yerli dilənçilər kimi devizləri də gec-gec dəyişir – “hər adamın təqdimatında söz deyən deyiləm, sən özgəsi deyilsən”. Beləliklə də adamı ağır sözə-yüngül səbrə sürükləyirlər. Şair Fuad Cəfərli demiş, “hamı özünə dəstə yığır”. Ya qruplaşmaya qoşulmalısan ya da anklav olaraq ədəbi prosesdən qopmamalısan. Bir sözlə, ədəbi mühit bədəviləşib. Cəngəllikdə söz oynadanlar, meymun güləşdirən sincablara bənzəyir qağamın goru haqqı. Amma insaf da yaxşı şeydi, hissiyatlar tam da ölməyib- arada bir-birlərindən umub-küsürlər də...

Nə isə başınızı çox ağrıtdım, saqqız kimi uzada da bilərdim amma üzrlü sayın beş dəqiqədən sonra kitab oxuma saatımdır. Arxasını yadıma salarsınız sonra danışaram. İstəyirsiniz, siz də gəlin, sizin də əlinizə bir kitab verim. Narahat olmayın çayımız da var...

P.S: Kitab təqdimatlarındakı nəmər dəftərlərinə təkrar olmasın deyə bu dəfə toxunmadım. Onsuz da qoyduğumuz qiymətlər standartdır – 5 manat. Kimin neçə kitab alması satan üçün yox, məncə daha çox alan üçün önəmlidir.

Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ