manera.az
manera.az

Fironun kitabı bağlandımı?- İlhamə Əliməmmədova yazır

Fironun kitabı bağlandımı?- İlhamə Əliməmmədova yazır


İlhamə Əliməmmədova

Müasir Azərbaycan ədəbiyyatının iki minincilər nəslinin nümayəndələrindən olan Kənan Hacı öz dövrünün tanınan və seçilən yazıçılarındandır. O, “Özündən qaçmaq olmur”, “Uzaqdasan soyuqdur” şeirlər, “Çəhrayı qan”, “Yağ kimi”, “Quşlar üçün karusel”, “Atamın sevgilisi”, “Yaddaş kartı”, “Rəqqasə”, “Ədəbiyyatın kulisi” və bu yaxınlarda işıq üzü görmüş “Fironun dəftəri” kimi nəsr əsərlərindən ibarət kitabların müəllifidir.

Kənan Hacının istər şeirlərini, istərsə də nəsr əsərlərini oxuyan zaman müəllif üslubu özünəməxsusluğu ilə seçilir. Onun həm şeirlərində, həm də nəsr əsərlərində bir hüzn, bir kədər var. Müəllifin “Çəhrayı qan”, “Rəqqasə” romanları silsilə şəklində yazılmış romanlardır. “Yaddaş kartı” romanı memuar ədəbiyyatının ən maraqlı nümunələrindən biridir. “Yağ kimi”,”Fironun dəftəri” romanlarında isə həyatda özünə mövqe qazana bilməyən bədbəxt insanların taleyi, bohem həyatı əks olunur.

“Fironun dəftəri” romanına gələk. Yazıçının bu romanın adını Misir Fironunun adı ilə adlandırmağı əbəs deyil. Niyə məhz Firon? Roman Bakı kəndlərində yaşayan bir jurnalistin hər gün elektrik qatarında eyni vaqonda və eyni skamyada oturub şəhərə gələn və axşam da eyni vaxtda onunla eyni vaqonda kəndə qayıdan bir donuq baxışlı insanın tanışlığı ilə başlayır. Həmin donuq baxışlı adam Firondur. Firon yolda tanış olduğu jurnalistə özünün gündəlik həyatını yazdığı dəftərini oxumaq üçün verir. Mətləblərin üstü də bundan sonra açılır.

Müəllif qəhrəmanın adını Firon qoymaqla bir adın insan həyatı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Firon ailənin yeganə övladıdır. Ata-anası uşağa Firon adını verməklə onun həyatına elə ilk zərbəni vurur. Valideynlər uşaqlarını Firon kimi görmək istəsələr də, amma onu Firon kimi böyütmürlər. Kasıb ailədə böyüyən Firon öz tay-tuşlarından köhnə, yuyulmaqdan rəngi getmiş paltarlar geydiyinə görə utanır. Qaradinməz uşaq məktəbdə heç kəsə yovuşmur. Ancaq onunla dostluq etmək istəyən hamıdan sakit olan Cəmşid olur. Həmin Cəmşid ki, səkkizinci sinfə kimi adını da yaza bilməyən bir oğlan dostluq etdiyi Fironun su içdiyi yerdə təpik vurub qaşını partladan Üzeyirin boğazını cücə boğazı kimi sıxaraq nəfəsi kəsilənədək boğur. Son saniyələrdə Firon Üzeyiri Cəmşidin güclü əllərindən zorla alır. Həmin Cəmşid ki, Firona qəbirstanlığın yolunu öyrədir. Uşaq vaxtı anasını itirən Cəmşid anasının məzarını ziyarət eləməyə Fironla gedir. Həmin gündən Fironda qəbirstanlığa, saatlarla məzarlıqda dolaşmağa qəribə bir meyl yaranır. Qəbirüstü yazıları oxuyur, kimin neçə yaşında dünyasını dəyişməsiylə maraqlanır. Firon uşaq ağlı ilə ölülərlə diriləri bir hasarın ayırdığını düşünür. Firon fikirləşir ki, insanlar ölümün qaçılmaz olduğunu bilə-bilə niyə və hara tələsirlər?!

Əsəri oxuduqca Ç.Aytmatovun “Qiyamət” əsərini xatırlayıram. “Qiyamət” əsəri çox mürəkkəb sujet xətti üzərində qurulub. Bu əsərdə müxtəlif dövlərin hadisələri qarşılaşdırılır. Xeyirlə Şər üz-üzə gəlir. Çöx maraqlıdır ki, “Qiyamət” əsərində də qatardan atılan Kallistratov huşsuz vəziyyətdə İsa peyğəmbərin dövrünü xatırlayır. İudanın İsanı düşmənlərə satması, İsanın surətində İudanın çarmıxa çəkilməsi və İsanın zindandan qeybə çəkilməsi Xeyirlə Şərin mübarizəsidir. “Fironun dəftəri” romanında müəlif elektrik qatarında Fironla tanış olur və dəftərdə Fironun öz maşınında avtoqəza keçirməsi, huşunu itirməsi yazılır. Firon özünə gələndə başının üstündə onu əməliyyat eləyən həkimi görür. Həkim Firondan zarafatla hansı Misir Fironu olduğunu soruşanda o, Ramses olduğunu deyir. Sonra Musa peyğəmbərlə Misir Fironunun əhvalatını danışır. Musanın əsasının ilana dönüb hər şeyi udmasını və sehrbazların bir olan Allaha inam gətirməsini nəql eləyir. Burda da Xeyirlə Şərin mübarizəsi verilir və Xeyir Şərə qalib gəlir. Bu hissədə yazıçı səmavi mətnlərə göndərmələr edir.

Əsərdə Cəmşid obrazı sakit dinməz bir uşaq obrazı kimi verilsə də sonradan o, Vətən uğrunda döyüşlərdə başından güllə yarası alan və hospitaldan çıxan kimi yenidən cəbhəyə qayıtmaq istəyən qəhrəman olur. Bu da həyatın bir təzadıdır.

Ancaq onun əksi olan Nurulla isə uşaqların gözünün odunu alan, onları daim qorxu içərisində saxlayan, hər cür alçaqlığa əl atan, tüfeyli həyat tərzi keçirən bir obrazdır.

Romanda epizodik bir səfil qoca surəti verilmişdir. Bu obrazın əsərə daxil edilməsi təsadüfi deyil. O, kasıb oğlan olur, bir qıza vurulur. Qız onu əvvəl qovsa da sonradan oğlanla ünsiyyət qurur, ona bağlanır. Ancaq qız oğlanın kasıb olduğunu üzünə vurur, atasının kasıba qız verməyəcəyini bildirir və ondan uzaqlaşır. Həmin oğlan qızın dərdindən ölməmək üçün hər gün içir, özünə zülm eləyir. Kişi qocalır, amma eşqinə sadiq qalır, evlənmir. Bütün var-dövləti əlindən çıxan qocanın yeganə ümidi bir gümüş saatı olur, onu da ondan oğrayırlar. Bu qoca ilə Firon tale ortağıdırlar.

Romanı oxuduqca Fironun bütün mənfi xüsusiyyətləri üzə çıxır. O, uşaq vaxtından sakit, mağmın uşaq olsa da, 13-14 yaşına çatanda kəndin avara uşaqlarına qoşulub siqaret çəkir, yalan danışır, anasını aldadır. Toyda spirtli içki qəbul eləyib, evə sərxoş gəlir. Atasının tanışının işlətdiyi mağazadan nisyə köynək götürüb geyir, anasını aldadır, köynəyin ona hədiyyə olduğunu söyləyir. Bir aydan sonra işin üstü açılır, atası məsələdən xəbərdar olur. Fironun atası ağır xəstə yatanda anası bütün qızıllarını satır, ərinə dərman, həkim pulu düzəldir. Axırıncı brilyant üzüyü satıb yatdığı çarpayıda döşəyin altında gizlədir. Firon isə onu bir gecə anası yatdığı yerdə döşəyin altından oğrayır və qızlarla kef çəkməyə gedir. Yolda gedərkən qonşunun hamamına balaca nəfəslikdən evin kiçik qızının çimməyinə tamaşa eləyir. Pulları oğrayıb kef eləyən Fironun səhəri günü atası vəfat edir. Atası vəfat edəndən sonra Firon atasının mülkünü satır. Atası hər zaman Fironun yuxusuna qəzəbli gəlir. Atasını itirəndən sonra onun fironluq dövrü başlayır. Eldar adlı bir dostunun vasitəsilə ticarət mərkəzində telefon köşkü götürür və telefon satışı ilə məşğul olur. Eldarın nəzarətində olan bu köşk günü-gündən inkişaf edir, yaxşı gəlir gətirir. Köşkü böyüdüb mağazaya çevirir və mağazaların sayı artır. Firon Eldarın məsləhəti ilə özünə maşın alır. Fironun anası bir dəfə də olsun onun maşınına minmir. Anasını qocalar evinə atan Firon arada ona baş çəkməyə gedəndə qoca anası oğlunu qucaqlayıb əllərini buraxmır. Ona yalvarır ki, getməsin. Ancaq Firon anasını orda qoyub gəlir. Yazıçının psixoloji təsvirləri son dərəcədə zəngindir. Qoca anası vəfat edəndən sonra Firon tək qalır. Firon tək olan vaxtlarda hallisunasiyalar keçirir.

Yazıçı Fironu öz uşaqlığı ilə qarşılaşdırır. Fironun uşaqlığı ona keçmişini xatırladır. O, məktəbə gedəndə yanında oturan qızın yanağından öpür və məktəbi bitirənə kimi də həmin qızı sevir. Lakin bir dəfə də olsun həmin qıza öz sevgisini etiraf etməyə özündə cəsarət tapa bilmir. Sonradan qəzetlərin birində çalışarkən kompyüterdə işləyən bir qıza vurulur, amma heç vaxt o qıza da sevgisini etiraf eləyə bilmir.

Firon mənfi obraz kimi verilsə də o, tam vicdanını itirməyib. Rəna adlı gəzdiyi qadını işlətdiyi mağazaya satıcı götürür. Rəna Fironu sevir, onun başqa qadınlarla mağazaya gəlməyinə, onlarla kef çəkməyinə qısqanır. Buna görə də dözməyib işdən çıxır. Firon onun könlünü almaq üçün Rənanın evinə gedir və onu restorana aparıb könlünü alır. O gündən sonra bir də mağazaya qadınlarla gəlmir.

Valideynləri Fironu “Quran” oxumağı öyrənmək üçün məsciddə molla yanına aparırlar. Əsərin qəhrəmanı məscidə molla yanına gedəndə orda cavan mollalardan biri Fironu qum daşımağa kömək eləmək adı ilə öz təzə tikili həyətinə aparır. Firon həyətə gəldikdən sonra mollanın pis niyyətdə olduğunu anlayır və onu söyüb qaçır.

Əsərin sonunda Firon müflüs olur, onun bütün var-dövləti əlindən çıxır. Aldığı on iki sot həyətyanı sahədə hansısa rayonun prokuroru tikinti aparır. Bələdiyyə rəisi Firona torpaq verəcəyinə söz versə də, sözünə əməl eləmir. Firon qarlı qış günü kürəyi dənizə söykənmiş uçuq-sökük özgə daxmasında soyuqdan ölməmək üçün Mirzə Cəlilin kitablarını sobaya atıb yandırır. Kitablar sobada yandıqca Mirzə Cəlildən üzr də istəməyi unutmur. Burda Mirzə Cəlilin soyuqdan donmaması üçün öz qiymətli əlyazmalarını yandırmasına işarə edilir. Yandırmağa heç nə tapmayanda nərdivanı yandırır. Daxmanın yiyəsi nərdivanın yandığını biləndə qarlı qış günü Fironu ordan qovub daxmanın qapısını açarlayır. Pulsuz, naəlac qalan Firon kitablarını döşək kimi altına sərib qapısız, hamamabənzər yerdə gecələyir. Ciyərindən möhkəm sancı qopur və sancıdan ilan kimi qovrulur. İmdadına yetişən olmur.

Fironla qarşılaşan yazıçının yuxuları ilə obrazın yuxuları arasında bir bağlılıq var. Yazıçı da qorxunc yuxu görüb hövlnak yuxudan oyanır və dəftəri oxumağa başlayır. Firon da qorxunc yuxusunu yazır. Nəhayət yazıçıya gecənin bir aləmində zəng gəlir, telefonu açır. Telefondakı səs Fironun səsi idi. Yazıçı realist və sürrealist səhnələrdən ustalıqla istifadə edir. İrreal təsvirlər reallığı xarakterizə edir.

Roman real Azərbaycan gerçəkliyinə söykənir. Əsərin əsas ideyası cəmiyyətdəki çatışmazlıqlar, həmin çatışmazlıqların insan həyatına vurduğu ağır zərbələr, yoxsulluq və özbaşınalıqlardır. Əsər insanları pislikdən əl çəkməyə, valideynə qoca yaşında qayğı göstərməyə, onları qocalar evinə atmamağa, övladlarını hər şeydən təcrid etməməyə, ad seçimini düzgün eləməyə, oğlan uşaqlarını kişi kimi böyütməyə, sevgisinə naxələf çıxmamağa dəvət edir. Romanın adının özündə də bir qəribəlik var: “Fironun dəftəri”. Firon haqqında danışdıq, ancaq dəftər haqqında isə indi deyək; bir məsəl var, deyirlər: “Onun kitabı bağlandı”. Yazıçı burda “kitab” sözünün üslubi sinonimi kimi “dəftər” sözünü vermişdir. Burdan belə bir nəticəyə gəlmək olar ki, yazıçı: “Fironun kitabı bağlandı!”- demək istəyib.

MANERA.AZ

Fironun kitabı bağlandımı?- İlhamə Əliməmmədova yazır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031