Ölümə az qalanda- Arzu Kəlbi yazır/ MANERA.AZ

Tarix:9-01-2017, 10:30 Baxış Sayı:366

Ölümə az qalanda- Arzu Kəlbi yazır/ MANERA.AZ


Arzu Kəlbi


2006-cı ildə Zəlimxan Yaqubun “Bu gecə yuxuma girmişdi Şuşa” şeiri ilə qabiliyyət imtahanından uğurla keçərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə qəbul oldum.

Onun misraları məni söz aşiqi etmişdi. Sevə-sevə oxuyur, əzbərləyirdim. Mənim üçün “Ağdam Qarabağın toy otağıydı” misralarından əlavə heç bir sözün kəsəri ola bilməzdi.

Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra, sanki şairə mənəvi borcum qalmışdı.

Aradan bir neçə il ötdü.

ARB TV-nin efirində yayımlanan “Regionun Fəxri” verilişinin müəllifi olaraq ustadlarımızın həyat hekayələrindən ibarət proqramlar hazırlayırdım. O vaxt ən böyük arzularımdan biri də Zəlimxan Yaqub ilə doğulub-böyüdüyü yerlərdə çəkiliş aparmaq idi. Həmin ərəfələrdə xalq şairi çox ağır günlər yaşayır, getdikcə kəskinləşən xəstəliyi ilə mübarizə aparırdı.

Bir gün cəsarətimi toplayıb zəng etdim. Hər zaman gur səsi ilə tükənmədən danışan, bədahətən şeirlər söyləyən şairin səsindən əsər-əlamət qalmamışdı. Özümü təqdim etdim, hal-əhvalını soruşdum. “Yaxşıyam” dedi. Halbuki, səsindən yaxşı olmadığı anlaşılırdı. Haqqında proqram hazırlamaq istədiyimi bildirdim. Özü vaxt təyin edib əlaqə saxlayacağını söylədi. Ümidimi itirdim. Məni incitmədən görüşü təxirə saldığını düşündüm. Aylar ötdü. Bu vaxt ərzində ümidsiz biri olaraq sadəcə heyifsiləndim.

*** Qızmar avqust ayı. Atamı itirdim. Bu itki məni hər şeydən soyutdu. Gözlərimə ağ-qara görünən bu həyat artıq mənə zövq vermirdi. Bu itkidən 37 gün sonra şair mənə zəng etdi. Həmin gün ilk dəfə idi ki, sevincdən ağlayırdım. Mənə xırıltılı səsi ilə “Gürcüstana gedirəm, istəsəniz gəlin” dedi. Sevinimmi, ağlayımmı… Nə edəcəyimi bilmədim. Həmin zəngdən üç gün sonra Gürcüstana yola düşdüm. Heç nəyə hazır deyildim. Hansı sualları verəcəm, nə çəkəcəm, necə çəkəcəm?

*** Gürcüstanda idik. Şairin evini axtarırdıq. Adını eşidən hər kəs “Şair necədir, sağalacaqmı, özünü necə hiss edir?” kimi suallar verirdi.
Qapını döydük. İçəriyə daxil olduq. Şair həyətin baş tərəfində oturmuşdu. Məni gördü, yaxınlaşıb qucaqladı. Hər zaman şux görkəmdə olan şairi bu dəfə tamamilə fərqli gördüm. Sanki hər şeydən bezmişdi. “Əyninizdəkiləri dəyişib, bəlkə, kostyum geyinəsiniz” istəyimdən əl işarəsi ilə imtina etdi. İsrar etmədim. Çünki mən onun bər-bəzəkli, zəngin, duyğulu dünyasına qonaq gəlmişdim.

“Çəkilişə haradan başlamaq istəyərdiniz” sualına səssizcə “dağdağan ağacının yanına apar məni” cavabını verdi. Əlimdən tutdu. Heç nə soruşmadan asta-asta dağdağan ağacına tərəf getdik. Keçmişə elə o ağacın altında səyahət etdik. Keçmişə ilk dəfə məhz bu dağdağan ağacının altında yazdığı şeirdən başladı.

Ömrünü şeirə-sənətə həsr edən, yorulmadan çalışan söz ustadı sanki tükənirdi, yorulurdu. Amma bunu hiss etdirməməyə çalışırdı. Tez-tez məndən soruşurdu ki, “yorulmadın?”. “Heç sizin yanınızda yorularammı şair”, deyə cavab verirdim.

Növbəti çəkiliş edəcəyimiz məkanı da özü seçdi. “Bulağa apar məni” dedi. Gözəl mənzərəsi, təbiəti, möcüzəyə bənzər bulağın yanında ayaq saxladıq. Stəkan istədi. Gətirdilər. Sanki illədir su içməmiş kimi məndən su istədi. Ona su verdim. İçdi, təkrar yenə istədi. “Nə zamandı belə ləzzətlə su içməmişəm”, deyib əlimi sıxdı. Bu, onun mənə bir stəkan suya görə ən böyük təşəkkürü idi.

“Bilirsən, Arzu” dedi. Dəftərini göstərdi. “Almaniyada xəstəxanada olanda bu dəftərə ürəyimdəkiləri boşaldırdım. Bir gün hər şeydən bezdim. Dəftəri qələmlə birlikdə tulladım. Yatdım. Bir yuxu gördüm. Gözlərimi açan kimi tibb bacısından dəftər-qələmi geri istədim. Yenə də yazmağa davam etdim”.

Gəzirdik. Ona şeirlərini söyləyirdim. Üzümə baxıb gülümsədi. “Sən məndən daha çox şeir bilirsən. Amma mümkünsə, çəkiliş zamanı məndən şeir söyləməyimi istəmə. Çünki heç nəyi yada sala bilmirəm”.

Kədərli idi. Həmin an nə vaxtsa, belə nəhəng adamın bu cümləni deməsini ağlıma gətirə bilməzdim. Ona suallar verirdim. O, isə yalnız ölümdən danışırdı… “Bilirsən, Arzu, düşünəndə ki, bir də bu təbiəti, gözəlliyi görməyəcəm…”

Verilişin formatına uyğun olaraq qəhrəmanımızın oxuduğu məktəbə getməliydik. Yolun ortasında məktəbə getmək istəmədiyini bildirdi. Evə gedək. Xəstəlik onu bu qədər yorub, tükətmişdi. Amma o hər zaman olduğu kimi güclü olmağa çalışırdı.

Yenidən evə qayıtdıq. Artıq süfrə arxasında idik. Sakitcə pıçıldadı. “Mənə qarpız-yemiş yeməyə də icazə vermirlər. Səncə bir az yesəm, olarmı?” (gülümsədi). “Yeyin” dedim. Bu, həyatda gördüyüm ən kədərli mənzərə idi.

Sanki hər şeyi zamanında bilirdi. Özünün dediyi kimi bir güc hər zaman onunla idi. Verilişin vaxtını da özü seçdi, son sözlərini söyləyəcəyi məkanı da. Dağdağan ağacı, uşaqlığının keçdiyi təbiətlə vidalaşmağı da. Bununla da, özü dediyi kimi ürəyində çox sirlər apardı.

Son dəfə verilişimiz vasitəsi ilə onu sevən milyonlara vida etdi. Söhbətlərinin hər cümləsində nəsə çatdırmağa çalışdı. Bundan sonra necə xatırlanmaq istədiyini anlatdı. Hər kəsdən razı qaldığını bildirdi. Arzuladığı kimi bir ömür yaşadığını əminliklə dedi.

Mən isə mənəvi borcumu ödədim, ya yox, deyə bilməyəcəm. Amma içimdə böyük bir rahatlıq tapdım.

P.S. Çəkiliş bitmişdi. Komandamızla Gürcüstandan vətənə ayaq basdıq. Gecənin yarısında çətinliklə tapdığımız taksiyə əyləşdik, Bakıya yol aldıq. Şəhərə çatar-çatmaz, taksi sürücüsünün “gecə vaxtı haradan gəlirsiniz” sualına “Zəlimxan Yaqubun qonağı idik” deyə cavab verdik. Nə qədər israr etsək də, sürücü bizdən pul götürmədi…

Gecə 450 km yol gəlmişdik.

MANERA.AZ

Ölümə az qalanda- Arzu Kəlbi yazır/ MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ