Cəmiyyətdəki aqressiya - Ramilə QURBANLI yazır

Tarix:15-10-2016, 10:40 Baxış Sayı:225

Cəmiyyətdəki aqressiya  - Ramilə QURBANLI yazır

Ramilə QURBANLI

Sevgidən başlayaq


Çox çalınmış bir bayatı var-Tanrının yaratdığı ən ali varlıq insandır. Ali varlıq ha... Alidirsə niyə həm də ən cılız, ibtidai əməllər onun cübədanından çıxır? Bilirəm, kiminsə xoşuna gəlməyəcək bu ifadə, amma əminliklə deyirəm hər insan ali varlıq deyil. Ali varlıq olmaq da bir rütbədir, nə bilim bəlkə də elə ali təhsil almaq kimi bir nəsnədir. Tanrı yaradır, ali varlıq olması üçün insanı həyata atır, indi özün bil, bacarırsan ali rütbəni qazan, bacarmayacaqsansa bu dünyaya necə gəlmisənsə eləcə də gedəcəksən, heç nə qazanmadan və gəlişindən-gedişindən kimsəyə heç nə qazandırmadan.

Hər insan ali varlıq olsaydı, bu qədər qətllər, müharibələr, cinayətlər, qırğınlar, nadanlıqlar, ayaq altıqazmalar olardımı? Əlbəttə yox. Bütün bu sadaladıqlarımın hamısı ibtidai insanın əməlləridir. Əslində isə yaranış çoxdan sivilizasiyaya qovuşmalı idi. Sadəcə insanlar, cəmiyyətlər, hətta dövlətlər arasında alilikdən uzaq olanları var, hələ də var, ona görə insanlıq sivilizasiyanın yan-yörəsində gəzir, amma qovuşa bilmir.

İstər ədəbiyyatda, istər dində, ümumiyyətlə hər bir sahədə nədənsə nadanlar daha çoxdur. Qəribə burasındadır ki, məhz nadanlar qol-budaq atıb hər tərəfi tutduqları üçün qananlara-alilərə məkan-dünya dar gəlir və çəkilirlər öz dünyalarına. Çox vaxt onların çəkilməsi qarşı tərəfin xeyrinə işləyir. Ədəbiyyatda əslində ədəbiyyata yamaq olanlar, dində əslində dindən qətiyyən baş açmadıqlarından mövhumata uyanlar, mədəniyyətdə istedadsızlar, təhsildə savadsızlar meydan oxuyur.

Hər kəs başqasını günahlandırmaqla məşğuldur. Cəmiyyətdə aqressiya artır. Heç kim özündən başlamaq istəmir. “Mən nə etməliyəm?” sualı yoxa çıxıb. “ Təkcə mən yaxşıyam, hamı pisdir” münasibətinin nəticəsində insan təklənir. Təkliyin nəticəsini isə intihar bilir.

Bax, bu hallar alilikdən uzaq olmağın göstəricisidir. İnsan aliliyə zamanla çatır, illər uzunu topladığı bilik, təcrübə sayəsində. Bəzən də heç çatmır, çünki yalnız ittiham etməklə, günahlandırmaqla məşğuldur.

Və insan nə qədər ki, heç nə bilmir elə bilir ki, dünyanın altını da bilir, üstünü də. Belə olduğu halda cəmiyyət bir bölük nadanın əlində inildəyir, kütləvi savadsızlıq-təhsilsizlik, səviyyəsizlik baş alıb gedir. Lap çoxdan nəzakətli sözlər unudulub, nəzakətli davranana camaat birtəhər baxır. “Bağışlayın”, “lütfən”, “üzr istəyirəm”, “zəhmət olmasa” ifadəsini işlədən adamı qucaqlayıb öpmək istəyirəm, o qədər qəribsəmişəm bu ifadələr üçün.

Mərhəmət hissi də qalmayıb, ölümün adiləşməsi bir yana, yaşlıya, kimsəsizə rəhm edib yardım əli uzadanların sayı sıfıra çatıb.

Nə isə, belə çıxmasın ki, hər şeyin sonudur, yox, əksinə hər şeyin başlanğıcıdır. Belə cəmiyyətləri yalnız elm, bilik və sevgi xilas edə bilər. Elə ondan da başlayaq./Kulis/

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ