manera.az
manera.az

Niyə mən dərsdən qaçmadım? _MANERA

Niyə mən dərsdən qaçmadım? _MANERA
MANERA.AZ Qvami Məhəbbətoğlunun yazısnı təqdim edir:

Mirzə Cəlil deyirdi ki, dünyada çox adam dərsdən qaçıb. Bilmirəm, Mirzə Cəlil dərsdən qaçıb, ya qaçmayıb, mən əsla dərsdən qaçmamışam (Belə bir müqayisəyə görə sizdən dönə-dönə üzr istəyirəm). Amma bu, bir həqiqətdir ki, mənim tanıdığım dərsdən qaçanların sorağı indi dünyanın müxtəlif məmləkətlərindən, həmçinin ölkəmizin yüksək qurumlarından gəlir. Yəni kimi özəl müəssisə sahibidir, kimi məmurdur, kimi hansısa partiyada önəmli vəzifədədir. Çox götür-qoydan sonra belə qərara gəlmişəm ki, onların belə uğur qazanmasının əvvəlinci və axırıncı səbəbi elə dərsdən qaçmaqları olub. Yoxsa onlar da mənim kimi... Sən demə, onlar elə o vaxtlar dərsdən qaçmaqla öz güzəranlarının, sabahlarının dalınca qaçırmışlar. Sən demə, onlar elə bu qaçmaqla sərmayə əldə edirmişlər. Elə qaça-qaça da çox şeylərə nail olublar. Müxtəsər, bu isə o deməkdir ki, dərsdən qaçmaqla ad çıxarmaq, daha da irəliyə getmək mümkünmüş.


Amma mən... Mən bütün dərslərdə oturdum, müəllimlərin bəzən mənalı, bəzən mənasız söhbətlərinə qulaq ver-verə böyüdüm. Çünki valideynlərim məni elə öyrətmişdilər ki, guya dərsdən qaçmaq-yolunu azmaq, onlara hörmətsizlikdir. Hətta mənim bu mütiliyimlə də fəxr edərdilər.

Mən heç dərsdən qaçanların növbəti illərdə mənimlə birgə sinifdən-sinfə keçmələrinin də fərqinə varmadım. Yalnız fərqinə vardığım bu oldu ki, mənim aldığım qiymətlər onlarınkı ilə müqayisədə bir qədər yüksək olurdu. Bəzən buna görə müəllimlərim də məni o ki var tərifləyərdilər... İndi isə həmin müəllimlər o dərsdən qaçanları tərifləyirlər.

Bəli, mən dərsdən qaçmadım. Üstəlik, məktəbdən evə qayıdanda da tələsik yeməyimi yeyib, qoyardım kitabları qabağıma və başlardım sabahın dərslərini hazırlamağa. Axır bir gün hərdən məni həyətə düşməyə səsləyən qonşumuzun oğlu oxumağımdan təngə gəlib, bir-iki dəfə dedi: “Gəl, sən özünü bu qədər bərkə salma...” Mən isə onun bu gül kimi məsləhətinə əsla məhəl qoymazdım. Üstəlik, kinayə ilə: “Sən qaçmağında ol”, - deyərdim. Hərdən atası məni ona örnək göstərərdi. Mən də uşaq sadəlövhlüyümlə buna sevinərdim. Hərdən də oxumamaq, dərsdən qaçmaq üstündə atası tərəfindən tənbeh olunan həmin qonşumun anasının bununla bağlı ərinə dediyi bu sözlər yadıma düşür: “Məgər oxumayanlar çörək yemirlər? Yeyirlər, özü də əla sort undan hazırlanmış çörək... Qarşılarında da dünyanın hər cür naz-neməti olur. Bir də hamı oxusaydı, dünya maraqsız olardı ki...”

İndi öz-özümə sual verirəm: axı mən niyə dərsdən qaçmadım? Niyə axı dərsdən qaçıb, onlar kimi özümü həyatın isti-soyuğuna alışdırmadım? Niyə axı mən vaxtında dərk etmədim ki, kitablara qapılmaqla bir yana çıxmaq olmaz. Niyə axı başa düşmədim ki, cəmiyyətdə yaşayıb, cəmiyyətdən kənarda qalmaq olmaz. Niyə axı başa düşmədim ki, kitab qəhrəmanları yazıçıların özlərindən uydurduqlarından başqa bir şey deyil. Niyə axı mən dərk etmədim ki, bir zaman dərsdən qaçmamağımın əziyyətini çəkəcəyəm?

Mən indi qaçmaq istəyirəm, amma qaça bilmirəm. Bu yerdə bir ibrətamiz hekayət yadıma düşdü, onu da söyləyim: Böyük Mirzə Cəlili satirik şairimiz Mirzə Ələkbər Sabirin Bakıda ucaldılan heykəlinin açılış mərasiminə dəvət etmirlər. Bundan sarsılan Mirzə Cəlil həmin tədbirin ertəsi günü abidənin önünə gələrək deyir: “Sabirim, vaxtında ölmək də xoşbəxtlikdir”.

Yəni demək istəyirəm ki, hər işi vaxtında görmək lazımdır. Nə yazıq ki, bu gün mən dərk edirəm ki, elə qaçmaq da iş imiş... Mən indi qaçmaq istəyirəm, amma qaçmağım heç ürəyimcə olmur. Üstəlik, indi mənim qaçmağım sağlamlığımın qeydinə qalmaq kimi yozulur.

Hə, bir də elə bilməyin ki, mən dərsdən qaçmağı təbliğ edirəm... Əsla yox, mən, sadəcə, düşündüklərimi yazmağa çalışdım. Allah, bir kimsəyə belə yazı yazmağı qismət eləməsin...


/zaman.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031