Oxunub : 311 | Tarix : 26-01-2016, 21:10 | Bölmə: Tribuna

Vüqar Quliyevin  Amerika təəssüratları... MANERA.AZ
Vüqar Quliyev

Vaşinqton əsrarəngiz, gözəl təbiəti ilə yanaşı, həm də tarixi abidələr, muzeylər və dövlət idarələrinin yerləşdiyi şəhərdir.

Doğrusu, tarixi-memarlıq abidələri ilə zəngin olan bu şəhəri seyr etməkdən doymurdum, bu müasir şəhəri gəzdikcə də hər dəfə yeni-yeni insanlarla tanış olur, dostlar qazanırdım. Nə deyim, xarici dil bilməyim çox köməyimə çatdı, çünki ingilis dili vasitəsilə paytaxt əhalisi ilə ünsiyyətdə olur, şəhər haqqında yerli əhalidən çox şeylər öyrənirdim, onlar da səbrlə, heç yorulub-usanmadan mənə dolğun məlumat verirdilər. Bəli, ataların “yüz dəfə eşitməkdənsə, bir dəfə gör” deyimi ilə desək, bir gün mənim də Amerikanın bu gözəl şəhərlərini gözlərimlə görmək düşdü payıma. Düzünü deyim, səfərim qısamüddətli olduğu üçün, doymadım bu gedişdən, çünki çox yerləri gəzməyə zamanım qalmadı. Əminəm ki, nə vaxtsa uzun bir zaman dilimində bu şəhərləri qarış-qarış gəzib-dolaşacağam, irəlidə məni hələ nə qədər tanışlıqlar, dostluqlar gözləyir. Hələliksə, “buna da şükür” deyirəm, ən azından əlüstü də olsa, getdim, gəzdim, gördüm və oralardan xoş təəssüratlarla döndüm....

Səfər zamanı təkcə Vaşinqtonda deyil, Arlinqton, Daşbörn və s. şəhərlərdə də oldum. Burada piyada gəzinti, velosiped və qaçışı üçün xüsusi yollar, pulsuz futbol, tennis voleybol və basketbol meydançaları var. Bir sözlə, istirahət etmək üçün hər cür şərait yaradılıb.
Vaşintonda olarkən dükan və mağazalarda uzun-uzadı növbələri görəndə, doğrusu, ilk günlər təəccüblənirdim, lakin sonralar buna vərdiş etdim, çünki növbələr əslində insanların bir-birinə nəzakətli davranışından irəli gəlirdi, yəni nəsə bir şey almaq üçün onlar yanındakını itələyib irəli keçmir, “tələsirəm, məni tez yola sal” deyə növbə gözləyən yoldaşına qarşı, yumşaq dillə desək, saymazlıq etmirlər. Qısası, hamı bir-birinə hörmətlə yanaşır.

Şəhər tər-təmiz, küçələri, parkları səliqəli... Çünki zibil atanı cərimə gözləyir, həm də şəhərin təmizliyi üçün ciddi marifləndirmə tədbirləri görülür. Zibili yerə atmaq kimi arzuolunmaz bir vərdişə sakinlərə yaddır. Burada media orqanları marifləndirmə işini jurnalistikanın əsas prinsipi kimi qəbul edirlər, yəni cəmiyyətin inkişafında medianın rolu böyükdür.

ABŞ-ın Azərbaycan kimi etibarlı mütəffiqə ehtiyacı var

Vaşinqtona səfərim zamanı bir jurnalist kimi ölkəmizin ABŞ–la münasibətlərinin yaxşılaşması və bu münasibətlərin inkişafı üçün kiçik müşahidələr apardım. Və bir daha əmin oldum ki, ABŞ böyük və güclü dövlət olması ilə yanaşı onun Azərbaycan kimi etibarlı mütəffiqə ehtiyacı var. Azərbaycanın getdikcə güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağrışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi dünyanın aparıcı dövlətlərinin, xüsusilə ABŞ-ın diqqətini cəlb edir. Bu reallığı Amerikada görüşdüyüm bir neçə diplomat və jurnalist dostlarım da açıq şəkildə etiraf etdilər, həqiqətən də Azərbaycanın inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu bildirdilər.

Artıq iki ölkə arasında səmimi dostluq münasibətləri qarşılıqlı maraqlar çərçivəsində daha da möhkəmlənməkdədir. Və bu, ABŞ-Azərbaycan əlaqələrinin hər bir sektorunda özünü göstərməkdədir. ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksəksəviyyəli münasibətlər də mövcuddur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji daşınması layihələrinin reallaşmasında Amerikanın da dəstəyi olub, bu amil, rəsmi Vaşinqtonun ümumilikdə Cənubi Qafqaz bölgəsinin, regionda dövlətlərarası münasibətlərin inkişafında maraqlı olduğunu göstərir.

Dünyada böyük nüfuza malik olan və bütün hesabatları, siyasi təhlilləri diqqətlə izlənilən və çoxları tərəfindən ABŞ dövlətinin mövqeyinin ifadəçisi kimi dəyərləndirilən strateji araşdırma qurumu - Stratfor Qlobal Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik Corc Fridman 5 il əvvəl səsləndirdiyi fikri bir daha xatırladaraq yaxın gələcəkdə ABŞ-ın dünyadakı ən yaxın müttəfiqi Azərbaycan olacağını vurğulamışdır. O, hesab edir ki, hazırda soyuq müharibənin başa çatdığı bu dövrdə çox mürəkkəb siyasi proseslər baş verir. ABŞ-ın müttəfiqləri sayılan Avropa ölkələri dərin iqtisadi böhran içindədir. Bu qitədəki dövlətlərin mövqeləri bir-biri ilə qətiyyən uzlaşmır. Halbuki, Avropa ölkələrinin əksəriyyəti NATO-nun üzvüdür və ilk baxışdan siyasi mövqelər üst-üstə düşməlidir: “Lakin biz ziddiyyətli münasibətlərdə olan Avropa dövlətlərini bir araya gətirə bilmirik. Bu isə NATO-nun beynəlxalq hərbi-siyasi təşkilat kimi gücünü zəiflədir. Ona görə də ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq lazımdır. Bu, həqiqətdir və bu reallığı müəyyən dairələr nə qədər tez dərk etsələr, bir o qədər faydalı olar”.

2001-ci ildə ABŞ-a qarşı dəhşətli terror aksiyası törədilmişdir. Rəsmi Vaşinqtonun bəzi müttəfiqləri antiterror əməliyyatlarında ABŞ-ı dəstəkləmək üçün müəyyən şərtlər irəli sürdülər. Azərbaycan isə qeyd-şərtsiz ABŞ-ı dəstəklədiyini bəyan edərək beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər cür kömək göstərmişdir”.

HAŞİYƏ: yola saldığımız 2015-ci ilin aprelində Azərbaycan Müdafiə Nazirliyinin Təlim Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə keçirilən konfrans Azərbaycan-Amerika münasibətləri hərbi əməkdaşlıq çərçivəsində də inkişaf etdityinin göstəricisidir. Konfransda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il üçün İş Planının layihəsi müzakirə olunub.

Amerika-Azərbaycan dostluğunun daha da güclənməsi üçün hər birimiz əlimizdən gələni əsrgəməməliyik: Amerika vətəndaşlarına Azərbaycanı yaxından tanıtmaq və sevdirmək, eləcə də qarşı tərəfi Azərbaycanda tanıtmaq üçün Amerika təcrübəsindən istifadə edlməlidir.

Bütün bu təcrübələrin öyrənilməsi, ölkəmizdə tətbiq olunması təbii ki, sosial rifahı da qaldıracaq və inkişaf yolunda bir addım da atılmış olacaq.

Həmsöhbətlərimlə fikir mübadiləsi apararkən belə qənaətə gəldim ki, Amerika bu sahədə Gürcüstanla əməkdaşlıq etdiyi kimi Azərbaycanla da hərtərəfli əlaqələrin inkişafına hazırdır. Düşünürəm ki, Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsi hər iki ölkənin hərtərəfli inkişafına bundan sonra da öz töhfəsini verəcək. Amerika Türkiyə Asossasiyyası Məclisinin nümayəndəsi xanım Oya Bainlə söhbətim də elə bu mövzuda oldu və onunla Amerika-Azərbaycan münasibətlərinə dair müzakirələr apardıq. Oya Bain bu iki dövlətin bir-birinə ehtiyacı olduğunu, Azərbaycanın regionda ən etibarlı mütəffiq və güclü dövlət olduğunu dilə gətirdi.

ABŞ-Azərbaycan münasibətlərini pozmağa cəhd edənlərə zərbə


Bu yaxınlarda ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtonda keçiriliəcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsinin özü ABŞ-Azərbaycan münasibətlərinin müsbət yöndə inkişaf etdiyini, ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bu dəvət, həmçinin ABŞ-Azərbaycan münasibətlərinin pozulmasını istəyənlərə də bir növ zərbə mesajı oldu. Bəli, dediyimiz kimi, Barak Obamanın bu addımı son vaxtlar ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin gərginləşməsinə çalışan qüvvələrə cavab mesajı oldu.

Həqiqətən də, ABŞ-Azərbaycan münasibətləri daim yüksək səviyyədə olub və bu münasibətlər bundan sonra daha da müsbətə doğru inkişaf edərək hər iki ölkəyə öz səmərəsini verəcək. Və bununla da Ağ Ev rəhbəri bəyan etdi ki, ABŞ Azərbaycanla sıx əməkdaşlıq edir və bu əməkdaşlıq yüksək templə irəliləyir.

Fəxrlə deyə bilərəm ki, bu gün rəsmi Bakı ilə Vaşinqton parlamentləri arasında dostluq əlaqələri yüksək səviyyədə davam etməkdədir.
ABŞ-la Azərbaycan təkcə öz ölkələrində deyil, eyni zamanda dünyada sülhün bərpasına can atan, bütün problemlərin həlli istiqamətində səy göstərən, insanların dinc yaşamasına, qonşu dövlətlərlə münasibətlərin normal olmasına çalıır.
Barak Obamanın Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsinin bir səbəbi də hər iki dövlət başçısının bu istiqamətdə əllərindən gələni etməsinə bir işarədir. Hər iki lider üçün öz ölkələri ilə yanaşı, dünyada təhlükəsizliyin təmini, insan tələfatının qarşısının alınması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması əsas məqsədlərdəndir.

İnformasiya bazarında yerimizi möhkəmləndirməliyik


Bəli, Amerikanın etibarlı tərəfdaşı olan Azərbaycan bu gün artıq Avropa dövlətləri səviyyəsində söz və nüfuz sahibinə çevrilir.
Bunu bir daha təkrar edir və üzülərək qeyd edirəm ki, Amerika vətəndaşları Azərbaycanı çox da yaxından tanımırlar. Ermənistan isə hər cür vasitələrə əl ataraq özünü Amerika vətəndaşlarına tanıdır və buna demək olar ki, nail olub. Fikrimcə, bu problem bizim informasiya baxımından bir qədər zəif olmağımızdan qaynaqlanır.

Amerikada olduğum müddətdə ətrafımdakıları, ünsiyyətdə olduğum insanları Azərbaycan haqqında bacardığım, bildiyim qədər məlumatlandırmağa çalışırdım. Bu baxımdan xarici ölkə vətəndaşlarına ölkəmiz haqqında məlumat verməklə, ictimai fəaliyyətimizi artırmaqla müsbət mənada çox şeyə nail ola bilərik. Bunun üçün informasiya bazarında yerimizi möhkəmləndirməliyik.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər