Elmar Allahverdi: “Təhsilin “ali”ləşməsi üçün nələr çatışmır?” (KÖŞƏ)

Tarix:24-03-2015, 20:57 Baxış Sayı:982

Elmar Allahverdi: “Təhsilin “ali”ləşməsi üçün nələr çatışmır?” (KÖŞƏ)
... Artıq 6 aya yaxındır ki, İtaliyada təhsil alıram və burdakı ilk semestri bitirdim. Hətta Azərbaycanda aldığım qiymətlərdən heç də geri qalmayan nəticələrlə!


Bu yazdıqlarım üçün həm təhsil aldığım universitetdən, həm də bəzi müəllimlərdən qabaqcadan müxtəlif iradlar eşidəcəyimdən də haliyəm. Öncə tələbənin azadlıqlarından və bunu necə dəyərləndiklərindən başlamaq istəyirəm. Belə ki, ali təhsilini ABŞ-da alan və hal-hazırda Azərbaycanda iki universitetdə dərs deyən bir müəllim adı çəkilən bu iki ölkədə verilən ali təhsil arasındakı fərqləri sadalayarkən deyir ki, əgər ABŞ-da tələbələr dərs müddətində acsalar, adətən, evlərindən gətirdikləri yeməkləri dərsdə rahat şəkildə yeyə bilirlər, hətta bəzən ağzında yemək qalığı olarkən belə müəllimdən nə isə soruşa bilərlər. Eyni halı İtaliyada da müşahidə etmək olur, yəni tələbənin zəruri nəyəsə ehtiyacı olduqda dərs ərzində həll edib, dərsə qayıda bilir. Çünki müəllim çox yaxşı başa düşür ki, bu dərs mühazirəçinin eqosuna yox,tələbənin öyrənmə zərurətinə xidmət edir və əgər tələbə hər hansı bir səbəbə görə dərsə fikrini verə bilmirsə, demək ki, o məsələni həll etməlidir. İkinci bir məsələ tələbələr özlərini rahat hiss etdikləri geyimdə dərsdə iştirak edir, yəni qız tələbələr universiteti podium kimi qiymətləndirmirlər. Hətta, müəllimlər belə, rahat geyimdə dərsə girir.

Baxmayaraq ki, texnoloji və iqtisadi cəhətdən sadalanan ölkələr Azərbaycandan daha irəlidədirlər, amma bu ölkələrdə tələbələr nə sürdükləri avtomobilin bahalığına görə, nə də ən son model telefon işlətdiklərinə görə bir- biri ilə yarışmırlar. Burda tələbələri mübahisə yox, mübadilə maraqlanırır, bu fikri ötəri səsləndirmirəm. Necə ki, bu mühitdə insanların daha mülayim və problemləri aqressiyya olmadan həll etdikləri rahatlıqla müşahidə etmək olur. Fərqlərdən bir digəri dərsdəki davamiyyət məsələsidir, hansı ki, Azərbaycanda qaib məsələsi hələ də bütün zərurəti ilə özünü göstərdiyi bir vaxtda, sözü gedən ölkələrdə bu məcburiyyət yoxdur. Mühazirəçilərin qənaətincə isə əgər tələbə hər hansı bir müəllimin dərs müddətində ona faydalı olmayacağını düşünürsə həmin tələbə bu vaxtı daha səmərəli keçirmək üçün başqa öyrənmə alternativlərinə yönəlməlidir. Bu qaydaya əsasən, bəzi müəllimlərin dərslərinə iştirakın yüksək səviyyədə, bəzilərində isə aşağı səviyyədə olduğu nəzərə çarpır, bundan sonra isə müəllim özü və dərsdə tətbiq etdiyi method barədə düşünməyə məcbur olur. Burada tələbənin fərdi inkişafı üçün müxtəlif şərait yaradan müəllimlərin əksinə, tələbələri lövhədəki nəzəriyyəni dəftərlərinə köçürtmək məcburiyyətində buraxan müəllimlər arasında da ciddi fərqlər var. Bu yazını hazırlayarkən Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın universitetin tələbələri ilə məsələ barədə fikir mübadiləsi də apardıq. Onların bir qismi çox gənc, təcrübəsiz müəllimlərin yetərsizliyindən, bəziləri isə yaşı artdıqca elmi artmayan müəllimlərdən şikayətləndilər. Nəhayət, imtahanlardan danışmaq istəyirəm, İtaliyada əksər universitet şifahi imtahan sistemi ilə strukturunu yaradıb. Bu imtahanın obyektiv olmasını təmin etmək üçün isə imtahan açıq şəkildə keçirilir, yəni istənilən şəxs bu imtahanı girib şəxsən izləyə bilir, bundan əlavə isə, adətən, iki rəsmi nəzarətçi bu imtahanları müşahidə edirlər. Tələbə qiymətindən razı qalmadıqda və ya hər hansı səbəbə görə iştirak etmədikdə, ona müəyyən edilmiş vaxtda iki dəfə də analoji şans verilir. Azərbaycanda isə durum tamamilə fərqlidir, belə ki, bəzən, tələbə kiçik bir səhv etdikdə əvəzsiz keçirilən imtahanda lazımi qiyməti ala bilmədikdə, onu çətin yay məktəbi, olmadıqda isə gələcək il ərzində müxtəlif dərs krediti problemləri izləmiş olur. Məsələn, əgər tələbə bu kiçik səhvi son kursda edərsə, onun diplom arzusu da bir illik gecikə bilir. Dünyada əksər universitetlər kimi bizim universitetlərin bir çoxu Bolonya sistemi ilə hərəkət edirlər. Bu sistemin tələb etdiyi ümumi müddəalardan başqa hər universitetin öz öhdəsinə buraxdığı məsələlər də var. Biz isə bu spesifik öhdəliklərlə sistemin yaradıcısı olan ölkələrdən xeyli fərqlənməyin yolunu tapa bilmişik.

Təbii ki, bu fikirlər Azərbaycandakı bütün universitetlərə, müəllimlərə, eləcə də tələbələrə aid edilə bilməz. Hansı ki, yuxarıda sadalanan mənfiliklərdən xeyli uzaq olan, uğurlu və eqosuz təhsilin çoxlu nümayəndələrini də tanıyıram. Yaxın gələcəkdə isə bu nisbətin müsbətə doğru dəyişməsi arzusu ilə...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ