Ayrılıq - İsacan Sultanın hekayəsi

Tarix:14-06-2019, 21:00 Baxış Sayı:41

Ayrılıq - İsacan Sultanın hekayəsi
İsacan Sultan çağdaş özbək nəsrinin tanınmış nümayəndələrindən biridir.

***
Yurdun qırmızı daşları qandan qızarmışdı. Bütün gül-çiçəklər Vətən oğullarının qanı rəngində idi.

Buradan sol tərəfdə qıp-qırmızı alma və narları, sap-sarı ərikləri Günəşin şəfəqlərində par-par yanan Naxçıvan, Şuşa bütün gözəlliyi ilə cilvələnir. Sağ tərəfdə isə uzaqlarda, göz işlədikcə uzanan genişliklərdə Şirvan, Təbriz, Xorasan sanki öz gözəlliyindən və cazibəsindən vəcdə gəlir.

Bir vaxtlar sədası yeddi iqlimə gedib çatan bu gözəl yurd sərhədlə iki yerə bölünüb. Sərhəd dediyimiz - eni səkkiz yüz arşın gələn uzun bir məsafədir. Təbriz tərəfdən sərhəd buyunca hər yerə eni 50 metrlik nəm qara torpaq səpilib. Quş qonsa da, izi qalar. Bu tərəfdən də sərhəd boyunca yenə 50 metrlik eni olan qara nəm torpaq tökülüb. Hər iki tərəfdən də heç bir ins-cins, hətta quş da uça bilməz, izi qalar. Arada bir neçə qatlı tikanlı məftillər hündürlüyü 2 metrə çatan ağac dirəklərə bağlanıb, göz işlədikcə uzanıb gedir. Ağac dirəklər ağ-qara rənglərlə rənglənib, hər birinin üzərində "Dövlət sərhədi" yazısı var.

Sərhəd boyunca cavan oğlanlar əllərində silah gözlərini qırpmadan qarşı tərəfə baxırlar. Onlar Vətənin sərhədini qoruyurlar.

Səkkiz yüz arşın - xeyli məsafədir. D

övlət sərhədi çəkiləndə bir elin yarısı o tərəfdə qalıb, ikinci yarısı isə bu tərəfdə. Qohum-qardaşların yarısı o tərəfdə, yarısı isə bu tərəfdə qalıb.

İndi sərhədin o tərəfində yüz-yüz əlliyə qədər adam, bu tərəfdə də təxminən o qədər insan nə edəcəyini bilmədən özünü ora-bura vurmaqdadır.

Arvad-uşaq, qocalar-qarılar hamısı fəryad çəkib ağlaşmaqdadır.

Hər iki tərəfdə xeyli əhali toplaşdığı üçün ayıq-sayıq sərhədçilər fövqəladə vəziyyət elan ediblər, əlavə güclər köməyə gəlib. Onların komandanı Başçı da burdadır, ətrafa dörd gözlə nəzər salıb, vəziyyəti müşahidə etməkdədir.

- Hm-m, - deyir o, papirosuna dərin bir qullab vuraraq. - Bu türklər köpək uşağı niyə bura toplaşıb, hə, Osobist?

Osobist dedikləri arıq, qaraqabaq bir oğlandır.

- Bilmirəm, yoldaş Başçı, - deyə cavab verir Osobist.

- Burda sərhəd olmamalı idi, bilirsənmi?

- Hə, bilirəm, - deyir Osobist.

- Əgər İngiltərə ilə Amerika razılıq versəydilər, o tərəflərdə indi... - o, əli ilə havada işarə edərək qarşı tərəfi göstərir: - Azadistan Respublikası olacaqdı!

- Siz o tərəflərdə olmusunuz, çox şeydən xəbərdarsınız - qeyri-müəyyən cavab verməyə çalışır Osobist.

- Hə, sən də yaman şeysən, leytenant, - deyir Başçı. - Peşəkarsan də, cavablarından bilinir. Amma bunu da bil: biz o tərəfdə partiya yaratmışdıq. Xalq Demokratik Partiyası. Respublika da qurmuşduq. Bilirsən, nəyə görə? Birincidən, İran nefti üçün. Çünki alman faşistləri diş-dırnağı ilə nefti ələ keçirməyə can atırdılar, oradan isə - Şimali Qafqaza! İkincidən isə - Türkiyəyə hücum etmək üçün!

- Nə danışırısan, - heyrətindən Osobistin gözləri az qalır hədəqəsindən çıxsın.

- Türkiyəyə möhkəm təzyiq edirdik, - deyir Başçı. - Əgər oraları ala bilsəydik... Ərdahanı ermənilərə verərdik. Qarsı gürcülərə... türklərin bütün düşmənlərini sevindirərdik... Hə, əgər Avropa olmasaydı, o torpaqların hamısı bizimki olardı. Sovet Sosialist dövlətləri yaradardıq...

Sərhədin qarşı tərəfində üstünə yaşıl parça örtülmüş tabut görünür. O tərəfdə elin ağsaqqalı, doxsan altı yaşlı qoca dünyasını dəyişib. Vəsiyyət edib ki, məni mütləq öz doğma yurdumda, ata-anamın yanında dəfn edin. Səhər tezdən artıq meyiti yuyub, kəfənləyib, səfərə hazır vəziyyətə gətiriblər, amma sərhədi keçməyə icazə hələ də yoxdur!

- Kimsə ölüb, deyəsən, - öz-özünə söylənir Osobist.

- Bunlarda belə bir adət var - doğulduqları yerdə basdırılmalıdırlar. Harada doğuldun, harada öldün, bunun nə əhəmiyyəti var, onsuz da yox olub gedəcəksən.

- Bunlar Allaha inanırlar, - deyir Osobist.

- Vaxt gələcək ki, onlar da inanmayacaqlar, - yenə papirosuna bir qullab vurur Başçı. - Bilirsən, bu sərhədi də əslində, ilk dəfə biz çəkmişik.

- Sözün düzü, çar dövrünün tarixini o qədər də yaxşı bilmirəm, - deyə etiraf edir Osobist. - Özüm kasıb bir kəndçi balasıyam.

- Bilmək lazımdır, - deyir Başçı. - Yadında saxla, Osobist. Bir vaxtlar bu torpaqlarda bir-birindən güclü Azərbaycan xanlıqları olub. Onlar gürcülərə gün vermirdilər, torpaqlarını da əllərindən almışdılar. Gürcüləri müdafiə etmək bəhanəsi ilə yerli xalqın çox hissəsini qılıncdan keçirmişik. Xanların arasına ədavət toxumu səpib, onları birləşməyə qoymamışıq. Amma o vaxtlar Türkiyə də çox güclü idi...

Qarşı tərəfdəkilərin narahatlığı getdikcə güclənir. Osobist durbindən əsgərləri müşahidə edir.

- Əsgərlər yerli xalqdandır, - deyir təşviş içində Osobist.

- Onlar çoxdan bizimkilərə çevrilib, - deyir Başçı. - Fikir vermə, boş şeydir.

Sərhəd boyunca xalqın toplandığını görən zabitlər əlavə gücləri səfərbər etmişdilər, onlar sərhəd boyunca boy-boya düzülmüşdülər.

Balaca uşaqlar analarının ayaqlarına dolaşırdılar, onlar heç nəyi anlamadan əsgərlərə heyrətlə baxırdılar.

- Bunların heç nədən xəbəri yoxdur, düşüncələrini bölüşürdü Başçı. - Yadında saxla, Osobist. Bu - siyasətdir. Siyasət hökmran yerlərdə güc işləyir, güclü olanlar həmişə haqlıdır. Burada bizim siyasətimiz güclüdür - deməli, onlar nahaqdırlar.

Osobist onu diqqətlə dinləyirdi.

- Ehh, əgər İranda azərbaycanlıların respublikası yaşasaydı... - deyir Başçı. - Bax hər iki tərəf də birləşirik deyə can atmaqdadır. Bütün qohum-qardaşlar da bunu istəyir. O tərəfdə hələ türkmənlər də öz milli dövlətlərini qurmaq arzusundadır. Bu tərəfdə müharibə sona çatmaqdadır... İranın yarısı Amerika ilə İngiltərədədir. Yerdə qalan yarısı isə bizdədir. Əgər azərilərin respublikası süquta uğramasaydı, müharibə qurtaran kimi biz Türkiyəni alardıq, bundan sonra isə dərhal Əfqanıstan vasitəsi ilə Pakistana və Hindistana yol açılardı. Beləliklə, böyük rus imperatorunun əzəli arzusu həyata keçmiş olardı. Bu tərəfdən isə uyğurların köməyi ilə Çindən Yaponiyaya qədər əraziləri tutardıq... Bundan sonra bizim qarşımızda Avropa duruş gətirə bilərdimi? Yerdə qalan ölkələri bir neçə gündə özümüzə tabe edərdik - onda görərdin ki, bir tərəfdə Kuba-Muba kimi xırda-xuruş ölkələrnən Amerika, bu tərəfdə isə gündən-günə qüdrətlənən Sovetlər İttifaqı!

- Dəhşətli şeylər danışırsan, - deyir Osobist, amma həyəcanlanmır. - Respublikanın taleyi necə oldu?

- Bığlının nə isə mühüm bir məqsədi olub, çünki o, həmişə uzağı fikirləşirdi, - dedi Başçı. - Qəfildən qoşunları İrandan çıxarmaq haqqında əmr verdi. Azərbaycan Respublikası bundan sonra daha altı ay davam gətirdi, sonra İran polisi gəldi, bir gündə üç min adamı qırıb çatdılar. Hər şey məhv oldu.

- Respublikanı qurban vermək əvəzinə onlardan nəsə alıb yəqin? - deyə soruşdu Osobist.

Başçı cavab vermədi, o, öz xəyallarına qərq olmuşdu.

Bu tərəfdə səhər tezdən qəbir qazılmışdı, torpağı hələ də nəm idi, dəfn üçün hər şey hazırlanmışdı. Qarşı tərəfdəki oğlanlar öz aralarında nəyisə məsləhət edirdilər. Meyiti birtəhər, əldən-ələ ötürüb, o tərəfə çatdıra bilsək, kifayətdi. Özləri qəbirə qoyub basdırarlar.

Amma arada iki yüz metrlik məsafə mövcuddur! Hər on addımda bir əsgər dayanıb. Onlar əmrə sözsüz itaət edirlər. Əgər, atəş aç desələr, əmri fikirləşmədən yerinə yetirəcəklər.

Bir meyitin yanına on ölü qoşulacaq!

Bu tərəfdəki kişilər səhər tezdən komendaturaya gediblər. Komendantlıq ilə buranın arası bir saatlıq yoldur, gedib çatmağa bir saat, qayıtmağa da bir saat vaxt lazımdır.

Hər iki tərəf də komendantlıqdan icazə gəlməsini intizarla gözləməkdədir.

Axşama yaxın komendantlığa gedənlər qayıtdılar: icazə verilməyib. Hər iki tərəfdən ağlaşma, ah-fəryadlar eşidilməyə başladı. Arvad-uşaq bu sərhədi çəkənləri, əsgərləri qarğayırdılar.

Nəhayət, qarşı tərəf bir qərara gəldi - ağsaqqalı düz elə sərhədin özündə dəfn etməyə qərar verdilər. Bütün bu baş verənləri, dəfn mərasimini bu tərəfdəkilər həyəcanla və gözlərindən yaş axa-axa müşahidə edirdilər. Qocanı qəbrə qoydular, üstü torpaqlandı, qəbrin üzərində tuğ qaldırdılar.

O qədim azər-türk tuğunu xatırladardı.

- Onların heç nədən xəbərləri yox, - deyirdi Başçı. - Hər iki tərəf birləşməliyik, deyə qırılıb gedir - biz də birləşin deyə onları az-maz qızışdırırıq, sonra isə bundan öz məqsədimiz üçün yararlanırıq. Əgər işimiz alınmasa, heç olmasa, onları satmaqla xeyir götürürük. Məsələn, Azərbaycan Respublikasını Şimali İraqdakı neftlə dəyişdirdiyimiz kimi. Osobist, dünyanın necə bölüşüdürülməsi barəsində heç fikirləşmisənmi?

Hər bir məmləkətdə ən azından bir dənə barıt çəlləyi var, ondan isə onlarla məmləkətlər özlərinin məqsədi və mənfəətləri üçün istifadə etməyə çalışırlar. Xalqlar isə, bax bu gördüyün kimi, sərhədlərdə adət-ənənə, dil, millət deyə özlərini ora-bura vururlar. Bizim fikirləşib tapdığımız, uydurduğumuz ideya və məqsədlər uğrunda qurban olurlar, onları hətta qəhrəman da elan edirik, o qəhrəmanların biri yox olur, o biri meydana çıxır... Əslində... dil də, millət də, ölkələr də bir gün gələcək ki, yox olub gedəcək. Bircə güc qalacaq, güc!

- O cür barıt çəlləklərindən bizdə də var, - dedi Osobist fikirli-fikirli.

- Vo! Bax onlardan başqaları faydalana bilməməyi üçün, bilirsənmi, necə ağıllı olmaq lazımdır, - şəhadət barmağını havada silkələdi Başçı. - Tem bolee, belə kiçik ölkələri böyük oyunlardan sağ-salamat çıxartmaq üçün onların başında dahi durmalıdır, dahi!

Bu zaman, meyit qəbrə qoyulandan sonra, o tərəfdəkilər də, bu tərəfdəkilər də yerlərindən tərpənmirdilər, sərhəd dirəkləri və məftilləri arasından bir-birinə baxır, bir-birlərindən gözlərini çəkmir, ağlaşırdılar.

İndi bir söz söyləməyə gücləri, heyləri qalmamışdı, iki tərəf də bir-birinə səssizcə dikilmişdi.

Birdən bu tərəfdən bir aşıq ortaya çıxdı. Bu el toylarında oxuyan, çalıb-çağıran, tanınmış bir aşıq idi. O, sazını köksünə basdı, ah-nalə ilə yoğrulmuş saz havası hər iki tərəfə yayıldı, sonra isə qəfildən yanıqlı səslə oxumağa başladı:

Fikrindən gecələr yata bilmirəm,
Bu fikri başımdan ata bilmirəm...


O tərəf də, bu tərəf də dalğalanmağa başladı. Aşığın naləsi sərhəd dirəkləri və məftilləri, sərhəd boyu dayanmış əsgərlərin başı üstündən uçaraq o tərəfdəkilərin qulaqlarına çatdı:

Gecələr fikrindən yata bilmirəm,
Bu fikir başımdan ata bilmirəm...
Neyləyim ki, sənə çata bilmirəm...


Sərhəd boyunca səpələnmiş kişilərdən biri, sonra isə hamısı bu nəğməni bir ağızdan cur olub söyləyirdilər:

Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərddən olar yaman ayrılıq...

İndi bu musiqi naləsinə hamı, qadınlar da, arvad-uşaq, böyük-kiçik, o tərəf də cur oldu - azərilərin əsrlərdən bəri dərd və iztirabla oxuduğu mahnı bu gün bütün xalqın nisgil və arzularının səsinə çevrilmişdi. Sərhədin o tərəfindəkilər də, bu tərəfindəkilər də bir ağızdan, bir könüldən hər sözünə dərd-qəm çökmüş bu nəğməni hayqırırdılar.

Kim harda görüb, eşidib ki, yasda mahnı oxunsun? Amma onlar oxuyurdular:

Uzundur hicrindən qara gecələr,
Bilmirəm mən gedim hara gecələr,
Vurubdu qəlbimə yara gecələr,
Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərddən olar yaman ayrılıq...

Qocalar, qarılar, kişilər və qadınlar, oğlanlar və qızlar, uşaqlar yana-yana durub oxuyurdu bu mahnını!..

Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərddən olar yaman ayrılıq...

... Həmin gün Osobist öz rəhbərinə Başçının imperiyaçılıq görüşləri barəsində bildiriş yazdı, söhbət mətnini həmin bildirişə əlavə elədi, onun dövlət sirlərindən və strateji planlardan açıq-aşkar danışmağını ayrıca vurğuladı, aradan bir gün ötəndən sonra, Başçı Baş idarəyə çağrıldı və bundan sonra onu bir də görən olmadı.

***

... İllər keçdi. İndi artıq bu nəğmə təkcə azəri türklərinin nəğməsi deyil, onu özbəklər, altaylılar, əfşarlar, balkarlar, başqırdlar, qaqauzlar, dalğanlar, həcərlər, qazaxlar, qaradağlılar, qaraçaylar, qaşqaylar, tatarlar, qumuklar, noğaylar, salarlar, uyğurlar, saxalar, sibirlər, tofalar, talışlar, tuvalar, türkmənlər, orınğaylar, çuvaşlar, şahsevənlər, şorlar, baxalılar, eynanlılar, nəfərlər, xorasanilər, bıçaqçılar, dəmirdaşlar, gayrillər, qaragözlər, kəngərlilər, tunguslar.. oxumaqdadır.

Yenə aradan illər keçib, bu mahnının faciəli tarixi də başqa hadisələr kimi keçmişin qatları arasında gömülüb, yaddan çıxacaq.

Və sevgi haqqındakı ən məhzun və şirin nəğmələrdən birinə dönəcək.../525.az/

Özbəkcədən çevirənlər:
Yaşar QASIMBƏYLİ
Çingiz QASIMBƏYLİ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ