Kaktus - O.Henrinin hekayəsi

Tarix:12-04-2019, 21:03 Baxış Sayı:89

Kaktus - O.Henrinin hekayəsi
Zamanın ən mühüm xüsusiyyəti onun nisbiliyindədir; məsələn, suda boğulan bir insan bütün ömrünü kiçik bir anın içindəcə xatırlaya bilər; yaxud da başqa bir adam: əlcəklərini çıxararkən baş tutmamış bir sevdasını yenidən yada sala, köhnə acıları yenidən yaşaya bilər.

...Qonaq otağında masanın yanında əyləşən Traysdeyl də həmin an məhz belə xatirələrə dalmışdı. Masanın üstündə gildən düzəldilmiş qırmızı dibçək var idi: içindəki yamyaşıl kaktusun uzun yarpaqları asta-asta yellənərək zərif meh yaradır və sanki bununla yanındakı adama nəyisə başa salmağa çalışırdı.

Gəlinin qardaşı Traysdeylin dostu idi. İndi o, Traysdeylin olduğu otaqda bufetin yanında dayanmışdı və dostu ona qoşulmadığı üçün dilxor halda təkbaşına içməyə davam edirdi. Hər iki dost axşamkı geyimlərində idi. Pencəklərinin üstündə ulduz kimi görünən toy bəzəkləri otağın qaranlıq sükutunda səssiz-səssiz parıldayırdı.

Traysdeyl əlcəklərini çıxara-çıxara, son bir neçə saatda gördüklərini yenidən gözlərinin qabağına gətirərək olanları bir də xatırlamağa çalışdı. Hər şeyi yenidən xatırlayarkən kilsəni əhatələyən güllərin qoxusunu təzədən duydu, bura toplaşmış insanların xəfif pıçıltısı, onların şıq paltarlarının xışıltısı, incə səsləri və o qızı əbədilik başqa birinə nikahlayan keşişin asta-asta dediyi sözlər yenidən qulaqlarında səsləndi.

Fikirləşdikcə o qızı necə və nəyə görə itirdiyi barədə son nəticəyə gəlmək istəyi Traysdeyli daha çox narahat edirdi. Qızın artıq həmişəlik ondan alındığının dəhşətini daha aydın anladıqdan sonra bütün olanların günahkarı kimi indiyəcən heç vaxt düşünmədiyi bir səbəb ağlına gəlirdi – özü, öz daxili və sirli dünyası, həmişə hər şeydən uca tutduğu lovğalığı. Amma artıq anlayırdı ki, bir vaxtlar lovğalıqdan, xudbinlikdən və qürurdan geyindiyi zireh indi küləklə uçub getməyə hazır olan əsgi parçalarına dönüb. Qorxurdu ki, ətrafında olanların hamısı onun bu halını hiss edər... Qürur və təkəbbür? Bəli, bunlar onun ən mənfi xüsusiyyətləri idi.

Qız asta-asta mehraba tərəf addımlayarkən Traysdeylin içini anlaşılmaz bir sevinc bürümüşdü. Ona elə gəlmişdi ki, gəlinin üzündəki narahatlıq toy həyəcanına və ya evləndiyi adam haqqında olan düşüncələrinə yox, tamam başqa biri ilə bağlı xatirələrinə görədir. Lakin hətta bu fikir də ona təsəlli vermək iqtidarında deyildi. Çünki özünə təskinlik vermək istədiyi həmin anda bəy gəlinin əllərini əlinə almış və bu vaxt Traysdeyl qızın gələcək ərinə yönələn baxışlarını gördükdən sonra onu birdəfəlik unutduğunu dəhşətli bir həqiqət kimi anlamışdı. Bir vaxtlar həmin qız eynən bu cür ona baxmışdı və Traysdeyl bu baxışların mənasını anlaya bilmişdi. İndi isə özgəsinə yönələn bu baxışlardan sonra Traysdeylin qürur və təkəbbürü yaz günəşinə təslim olan sonuncu qar kimi əriyib getmisdi. Lakin bir sual hələ də cavabsız idi. Niyə belə oldu? Axı onlar bir dəfə də mübahisə etməmişdilər, bir dəfə də küsüşməmişdilər.

Bəlkə də, artıq mininci dəfə idi ki, o, son günlər baş verənləri bir daha təhlil etməyə çalışırdı. Hər görüşdə qız ona olmazın təriflər deyir, Traysdeyl də bu tərifləri böyük bir hörmət kimi qəbul edirdi. Qız bu təriflərlə onu həyəcanlandırmağı bacarırdı. “O necə də təvazökar, sadə, səmimi və pərəstişə layiq bir qızdır”, – Traysdeyl düşünürdü. Qız hər dəfə bu cür təriflər deyərkən Traysdeylin ən yüksək keyfiyyətlərini bir-bir sadalamaqdan yorulmurdu. O da bütün bu tərifləri yağış suyunu acgözlüklə içən səhra kimi öz canına çəkirdi.

Traysdeyl əlcəyini çıxararkən indi günah bildiyi qürur hissi yavaş-yavaş yenidən ürəyinə girməyə çalışırdı. O həmin gecəni düşünür, amma əzab çəkməmək üçün qızın ogecəki füsunkarlığını – xəfif küləkdə dalğalanan saçlarını, baxışlarının və sözlərinin məsum gözəlliyini xatırlamaq istəmirdi. Amma o gün bu gözəllik onu danışmağa vadar etmişdi. Söhbəti zamanı qız ondan soruşmuşdu: “Kapitan Karrusers deyirdi ki, sən ispan dilini də bilirsən, özü də əsl ispan kimi danışırsan. Niyə indiyəcən bu məharətini məndən gizlətmisən? Ümumiyyətlə, sənin bilmədiyin nəsə var?”

Eh, Karrusers necə də səfeh imiş. Düzdü, əslində, günahkar onun özü idi, çünki nə vaxtsa tez-tez məclislərdə hansısa lüğətin künc-bucağından tapıb öyrəndiyi Kastiliya atalar sözlərini deyərdi. Karrusers Traysdeylin heyranlarından idi və yalnız onun kimi səbirsiz bir adam beş-on atalar sözünü əzbər bilən Traysdeylin ispan dilində mükəmməl danışdığını deyə bilərdi. Amma çox təəssüf! Qız bu bacarığına görə Traysdeylə öz heyranlığını bildirəndə elə şirin, elə gözəl idi və elə şövqlə danışırdı ki, dediyini təkzib etməyə Traysdeylin dili gəlmədi. Traysdeyl onda təsəvvürünə belə gətirə bilməzdi ki, ispan dilini bilmədiyini gizlətmək sonralar ona nə qədər əzab verəcək.

Həmin gün o qız necə sevincli, necə utancaq, necə həyəcanlı idi! Traysdeyl onun sevgi dolu baxışlarına qarşılıqlı cavab verəndə qızın duyduğu sevinc onun gözəlliyini daha da unudulmaz edirdi. Traysdeyl qızın gözlərindəki mənanı xatırlayarkən indi də and içməyə hazır idi ki, o gözlər o vaxt razılıqdan başqa heç nə ifadə etmirdi. Lakin qız dərhal razılıq verməyib şirin bir işvəylə ona belə demişdi. “Cavabımı sənə sabah göndərəcəyəm”. Traysdeyl isə qələbəsinə arxayın olduğu üçün bu cavabdan narahat deyildi. Səhəri gün o, səbirsiz halda evdə var-gəl edərək axşamacan qızın cavabını gözləmişdi. Günorta qızın xidmətçisi Traysdeylə içində qəribə bir kaktus olan qırmızı rəngli, gildən düzəldilmiş dibçək gətirmişdi. Amma Traysdeylin gözlədiyi cavabdan əsər-əlamət yox idi: nə bir yazı, nə də bir söz. Təkcə dibçəyin içində hansısa bitkinin yad dildə adı olan bir kağız var idi. O, gecəyarısına qədər gözlədi, amma qızdan cavab gəlmədi. Qürurunun sındırıldığını düşünən Traysdeyl qızı axtarmağa, onunla danışmağa cəhd də göstərmədi. İki gün sonra onlar bir ziyafətdə qarşılaşdılar. Bir-birinə heç nə hiss etdirmədən salamlaşsalar da, qızın baxışlarında dərin bir həyəcan, nigaranlıq və gərginlik var idi. Özünü nəzakətlə aparan və qızdan izahat gözləyən Traysdeylin baxışlarında isə yenə yenilməz bir qürur və təkəbbür hiss olunurdu. Bu, qızın gözlərindən yayınmadı. Bu qürur və təkəbbürlə Traysdeylin nə demək istədiyini anlayan qız ziyafətin sonunacan bir də Traysdeylin üzünə baxmadı. Beləcə, onlar ayrıldılar.

Bəs Traysdeylin günahı nə idi? Ümumiyyətlə, günah kimdə idi? Özünü alçalmış hiss edən Traysdeylin ogecəki qürurundan indi əsər-əlamət belə qalmamışdı. Amma əgər...

Otaqdakı adamın qəfil səsi onu fikirlərindən ayırdı.

– Sənə nə olub, Traysdeyl? Elə bil toyu olan sənsən, niyə kefin yoxdu? Mən sınıq-salxaq gəmidə Amerikanın o başından bu boyda yolu basa-basa durub gəlmişəm bura, sən də, sağ ol, yaman qulluq eləyirsən mənə. Bircə bacım var idi, o da ərə gedir. Götür, al bunu içək. Kefin, bəlkə, düzələ.

– Yox, nəsə içmək istəmirəm, – Traysdeyl cavab verdi.

– Yeri gəlmişkən, konyakın heç içməli deyil. Nə vaxtsa biz tərəflərə, Punta-Redondaya yolun düşsə, yadıma salarsan, sənə bunların ən yaxşısından verərəm. Sağ olsun, o qaçaqmalçı qoca Qarsia, mənə qəti korluq vermir. Köhnə dostumuz da burda imiş ki. Hardan almısan bu kaktusu?

– Hədiyyədi, – Traysdeyl dedi, – bir dostumdan. Hansı növdəndi, bilmirsən?

– Bilirəm, bu kaktuslar ən çox isti yerlərdə, tropik iqlimdə bitir. Puntada doludu bunlardan. Burda adı da yazılıb ki... İspanca bilirsən?

– Yox, – Traysdeyl acı bir təbəssümlə cavab verdi, – ispancadı?

– Hə, yerli camaat deyir ki, guya bu yarpaqlar adama nəsə demək üçün belə uzanır... Adını da buna uyğun qoyublar: “Ventomarme”. İspanca “gəl, məni apar” deməkdi../aydinyol.az/

Tərcümə edən: Təvəkkül ZeynallıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ