Dostoyevski haqqında üç melodiya

Tarix:6-04-2019, 21:15 Baxış Sayı:123

Dostoyevski haqqında üç melodiya
I

Dostoyevski romanlarında mələklərlə günahkarların taleyinə ancaq bədbəxtlik yazılıb. Gözləri kədər yaşları ilə dolmuş Liza Alyoşaya belə deyir: "Xoşbəxt olmaq istəmirəm..." Xoşbəxtlik təcrübəsi – ağrı yaddaşda yer tutur. Görəsən itirilmiş xoşbəxtliyi geri qaytarmaq mümkündürmü? Ölüm yatağında boğazındakı sonuncu xırıltıyla Zosima Alyoşaya belə səslənir: "Xoşbəxtliyi kədərdə axtar..." İnanc xoşbəxtliyi ağrısız təsəvvür edə bilməz. Ağrı, həyatın insanla danışa bildiyi yeganə dildir. Ağrı, Tanrının simasıdır.

Nitşeyə çıxarış: “Sadəcə ağrısı keçməyən xatirə yaddaşa həkk edilər.”

Bağışlamamaq Tanrının konsepsiyasıdır; bağışlaya bilməmək isə insanın. Əzablar günahların nəticəsi deyil; əksinə, əzablar günahın bağışlanması üçün çəkilir. Bağışlanma, başqasının əhvi deyil, günahkarın öz günahından keçməsidir. İnsan əvvəlcə vicdanından üzr istəməlidir.

"Tanrı ömrüm boyunca əzab çəkdirdi mənə" - deyən Krillov intihar edir. Tanrısız bir həyatda yaşamaq hissinə dözə bilmədiyi üçün. XIX əsrdə Tanrının yoxluğu fikri ilə bacarmamaq (eynilə generalın məşhur sualında olduğu kimi: əgər tanrı yoxdursa, mənim general rütbəmlə ordenlərimə "nolacaq" düşüncəs; bir heç naminə, sonunda daim ölümün qələbə qazandığı oyuna baxmaq duyğusu hər şeyi mənasızlaşdırır) intiharı (yəni, azadlıq ideyasını) haqlı çıxardırsa, bu günün dünyasında Tanrısızlığa dözə bilməmək ironiyanı insanın vahid dil/jestinə dönüşdürür. İroniya – ağılı ötməkdir. İroniya, bu günün azadlıq fotosudur.

Krillovu xatırlayaq: “Tanrının olmadığı bir həyatda harmoniya və nizam mümkün deyil.”

Arzulamaq və arzunun praksisi. Arzularına çatan üçün yuxu yox olar. İvan atasının ölümünü arzulayan, Smerdyakov isə arzunu yerinə yetirəndir. Cinayəti törədən daha günahkardır, yoxsa cinayəti arzulayan? Biri maddi, digəri metafizik katarsistir. Dostoyevski aspektində heç bir hüquqi ədalət tətbiqi (cəza/əzab) "günahkarın" günahını əvəzləyə bilməzdi; insan maddi ağrını ötüb, mənəvi ağrıya qovuşmalıydı. Təkcə ağrının (bağışlanmanın) bu forması yolun sonunda onu Tanrıya qovuşduracaqdı...

II

Dostoyevskinin cəza çəkdiyi sürgün illərində, onun sadəcə quru şam işığında İncil oxumasına icazə verilirmiş. Kazarmada məhbusların əlaltı etdiyi, eynilə bir Dostoyevski obrazı tək – alçalmaqdan qürrələnən – arıq, bədənini irin basmış, burnu qalın, üzü çopurlu, keçəl bir məhbus, soyuq Sibir gecələrinin birində Fedyanın İncilini oğurlayaraq, onu bir litrlik vodkaya dəyişir. “Vodka” deyə ifadə edir kefli halda məhbus, “Sibir soyuğunda bir litr vodka, bütün inanclardan müqəddəsdir!” Məhbus kazarmada qışqırır, rəqs edir, yerə yıxılır, təpiklənir, onu döydükcə “Daha çox vurun, daha bərk vurun” deyə qışqıraraq, qəhqəhə çəkir, ağzından qanla qarışıq köpüklər qusur. Səhər isə hər şey dəyişir. Məhbus, yeganə varlığını itirmiş Fedyanın kədərinə görəmi, yoxsa keçmişinə aid bir xatirənin ağırlığındanmı – bilinmir (və belə şeyləri açıqlamaq mümkün olmur) İncili verdiyi adamın yanına qaçaraq, ondan kitabı geri istəyir. Onun üzünə tüpürür, söyüb, qovurlar. Məhbus, gözləri dolmuş halda oğurladığı bıçağı həmin şəxsin sinəsinə saplayaraq, onu öldürür. İncili Fedyaya verir və bilir ki, az sonra it kimi şallaqlanıb, ölümcül vəziyyətə düşəcək. Bunu bilir, çünki bu hadisə (moment) inancın hər şeyin üstünə çıxdığı bir andır. Belə bir şey olubmu, yoxsa onu indi mənmi uydururam, bunu da bilmirəm; bildiyim tək şey, inancını itirmiş insanın bədbəxt fiqura dönüşdüyüdür.

III

1849 -1854-ci illəri arasında Sibirdə sürgün həyatı keçirən Dostoyevski, – o dövrə aid təsirli bir xatirəsindən bəhs edir: Belə ki, Fyodr Mixayloviçin cəza çəkdiyi müəssəsənin həyətində, arıq, cılız, tükləri tökülmüş, bütün bədəni qara bitlərlə dolu it yaşayırmış. Həbsxana nəzarətçiləri tərəfindən təhqir edilən, döyülən, habelə, arvadı tərəfindən aldadılan, tərk edilən – əli kəsilən, Tanrısını itirən və s. – hər kəs heyfini bu yaşlı itdən çıxırmış. Məhkumlar iti o qədər amansızlıqla çırpırlarmış ki, it bir vaxtdan sonra özü onların ayaqları altına uzanır, döyülüb, bədəninə tüpürülməyi gözləyirmiş. Bütün bu mənzərəni uzaqdan müşahidə edən Fedya, bir gün itə yaxınlaşaraq onun yaralardan qançır olmuş bədənini ehmalca tumarlayır. İt ilk dəfə gördüyü bu nəvazişin qarşılığında Dostoyevskinin əlini dişləyib, ulaya-ulaya ondan qaçır. Dostoyevski deyir ki, it məhkumlar tərəfindən xoşluqla döyülməyə davam etdi; lakin o gündən sonra məni gördüyü hər yerdən qaçıb, üstümə hürməyə başladı… Ağırdır. Daha da ağırı bu halın itlər qədər insanlarda da müşahidə edilməsidir. Dostoyevskinin iti kimi az insan tanımamışam. Tanrı heç kimi sevgisiz böyütməsin. Sevgisizlik ən böyük günahdır../sim-sim.az/

Elməddin SÜLEYMANOV

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ