Stiven Kinq yazmağa necə başladı

Tarix:5-03-2019, 16:07 Baxış Sayı:140

Stiven Kinq yazmağa necə başladı
Müəllifin ədəbiyyata gəliş hekayəsini öz dilindən oxuyun

Böyük qardaşım Devidin dördüncü sinfə keçdiyi il mən də birinci sinfi bitirirdim. Davamiyyət cədvəlinə baxandan sonra dərslərdən çox geri qaldığım qənaətinə gələn anam məni məktəbdən çıxardı. Səhhətim düzəlsə, məktəbə mütəmadi gedə biləcək vəziyyətə gəlsəm, payızdan təhsilimə davam edə bilərdim.

Həmin ilin əksər hissəsini yataqda keçirdim, bir il evdən çölə ayağımı qoymadım. Tom Svift, Deyv Davsonlara başlayan qiraət səyahətim özümün də xəbərim olmadan Cek Londonun insanın bütün ruhunu bürüyən dəhşətli hekayələrinə keçid aldı.

İndi yadımda deyil, amma elə ilk yazı cəhdlərim də məhz həmin o bitmək-tükənmək bilməyən yataq dustağı, qiraət xəstəsi illərimə təsadüf edir. Həmin illərdə yazılanlar mənə görə hekayə idi, amma yaradıcılıqdan çox, təqlid məhsulu olan hekayələr.

Başımın üstündə qeyd dəftərim var idi. Kombat Kaseyin hekayələrini başdan-sona ora köçürür, o balaca ağlımla sevmədiyim sözləri, fikirləri dəyişirdim. Təzə-təzə başlayanda bu “qabiliyyət”imdən heç kimin xəbəri yox idi. Bir müddət sonra isə bu surətçıxarma məhsullarından birini anama göstərməyə qərar verdim. Anamın üzündə yüngül, qəribə, indiyədək unutmadığım təəccüb dolu təbəssüm yarandı. Sanki dünyaya gətirdiyi uşaqlardan hansınınsa bu qədər ağıllı olmasından heyrətlənmişdi. Onun nəzərində adi bir uşaq kimi görünən varlıq bu qədər ağıllı çıxdığı üçün Tanrıya təşəkkür edirdi sanki. Onun üzündə əvvəllər heç vaxt belə qarışıq, anlaşılmaz ifadəyə rast gəlməmişdim. Ən azından belə bir ifadə mənə görə yaranmamışdı, odur ki, ilk dəfə anamın nadir yaşadığı duyğulardan birinin səbəbi olduğum üçün sevindim.

Amma buna baxmayaraq, ona qarşı dürüst davrandım. Məndən hekayəni özümün yazıb-yazmadığımı soruşanda hekayənin bəzi yerlərini oxuduğum əsərdən köçürdüyümü etiraf etdim. Üzündə bir anda bütün o möhtəşəm ifadələrin yerini incə bir təəssüf aldı və bu, həyatımda həvəsimi qırdığı üçün yazarlıqla bağlı yadımda qalan ilk hadisə oldu. Sonra anam dəftəri özümə qaytardı və dedi: “Stivi, birini də özün yaz, heç kimin yazdığını köçürmədən. O Kombat Kasey, cizgi hekayə kitabları, rəngli jurnallarda yazılanlar hamısı çox səfeh şeylərdir. Adam durmadan kiminsə burnunu qırıb, dişlərini tökür. Məncə, sən ondan daha yaxşısını yaza bilərsən. İddia eləyirəm ki, səndə alınar. Birini də özün yaz”.

Anam bəlkə də bilmədən içimdə “ola bilər” duyğusunu oyatmışdı. Gözləri ilə gözlərimə elə bir inam hissi aşılamışdı ki, sanki bağlı qapılarla dolu nəhəng bir imkanlar evinə dəvət edilmişdim və sanki istədiyim qapını açmağa icazə var idi. Onun dəvət etdiyi bu evi düşünəndə xəyalımda insanın ömrü boyu açsa da bitməyəcək qədər çox qapısının olduğu ağlıma gəlirdi. Hələ də bu fikirdəyəm.

Bir müddət sonra köhnə arabaları ilə dünyanın hər yerini gəzib, balaca və köməksiz uşaqlara kömək edən, sehirli gücləri olan dörd heyvanın qəhrəmanı olduğu hekayə yazdım. Onları başçısı Cənab Dovşan Trik idi. Trik iri, ağ və yaşlı dovşan idi. Hekayə dörd səhifə idi, əllə yazılmışdı. Ona böyük əmək sərf etmişdim. Hekayəni bitirib, anama verdim. Oxuduğu kitabı saxlayıb, mənim hekayəmi oxumağa başladı. Bəyəndiyini deyirəm, çünki lazım olan hər yerdə gülmüş, lazımi bütün yerlərdə təəccüblənmişdi. Düzdür, deyə bilmərəm ki, bu, səmimi davranış idi, yoxsa özümü yaxşı hiss etməyim üçün belə hərəkət edirdi, amma hər halda üzündə məmnun ifadə var idi.

“Bunu heç hardan köçürməmisən ki?”,- deyə soruşdu. Ömrümdə heç olmadığım qədər inamlı bir görkəm aldım: “Yox”. Çünki həqiqətən də başdan-sona öz məhsulum idi. Anam bir uşaq hekayələri kitabında yayımlanacaq qədər yaxşı olduğunu dedi. Bu mənim bütün ədəbi karyeram boyu eşitdiyim ən yaxşı tərif idi, sonra ömrüm boyu heç bir tərif məni o qədər sevindirməyib.

Dovşan Trik və dostları haqqında dörd hekayə də yazdım. Anam o hekayələrin hər biri üçün mənə 1 dollar verirdi. Don anamı qucağında uşaqla qoyub getdiyi üçün xalalarımın anama həmişə yazığı gəlirdi. Düzdür, onların ərləri dözülməz və işəyaramaz olsalar da, yanlarında idi. Anam da deyəsən, yazdığım hekayələri onlara göndərməklə qucağında qalan uşağın istedadlı olduğunu göstərməyə, bununla təsəlli tapmağa çalışırdı. Dörd hekayə, hekayə başına bir dollar qonorar. Bu işdən qazandığım ilk dollar o idi.

Tərcümə etdi: Elcan Salmanqızı
P.S. Məqalə “HuffingtonPost” saytından götürülüb.


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ