Səs - Səbahəddin Əlinin hekayəsi

Tarix:12-10-2018, 17:56 Baxış Sayı:40

Səs - Səbahəddin Əlinin hekayəsi
Bizi Beyşehirdən Konyaya aparan avtobus Barsakdərəsi adlanan yerdə xarab oldu. Sürücü və köməkçisi avtobusun motoruna baxdıqdan sonra oturduqları skamyanı qaldırıb ordan xeyli alət çıxardılar. Bundan sonra saatlarla davam edən təmir başlandı. Bəzən hər ikisi sürünərək avtobusun altına girir, əlləri ilə motoru qurdalayır, bəzən də biri sükan arxasına keçərək qaza basıb motoru işlədir, digəri bu əsnada motorun işləməyinə nəzarət edirdi.

Günortanın yandırıcı istisi altında avtobusun müşəmbə üzlü oturacaqları dözülməz idi. Sərnişinlər bir-bir yerə düşdülər. Bir hissəsi maraqla sürücünün işini seyr edir və o bir balaca dincəlmək üçün motordan başını qaldıran kimi: "Düzəldimi?” – deyə həyəcanla soruşurdular.

Bir neçə laqeyd sərnişin, mən və dostum yolun qərb tərəfinə, kölgəlik yerə sarı gedib, hərəmiz bir daşın üzərində oturub ətrafı seyr edərək gözlədik.
Avtobusun dayandığı yerdən bir az qabaqda, yolun kənarında iki çadır və bunların ətrafında bir neçə bel və bir əl arabası vardı. Onlardan bir az uzaqda isə daş qıran alət və qum daşımaq üçün kiçik bir araba görünürdü.

Günəş arxamızdakı təpədə batdıqca qarşı tərəfdəki təpənin üzərinə əkilmiş şam ağaclarına get-gedə qırmızılaşan bir işıq düşür, vadini sürətlə artan bir alaqaranlığa bürüyürdü. Sərin bir yaz günü idi və iki təpənin düz ortasından axan kiçik çay sanki pıçıltı ilə zümzümə edirdi.

Yoldan bir neçə maşın və avtobus gəlib keçdi. Bizim avtobusumuzun yanına çatanda dayanıb sürücüdən bir şey lazım olub-olmadığını soruşdular. İçərisində boş yer olan bir avtobus vaxt keçdikcə həyəcanlanan və mütəmadi olaraq sürücünü danlayan bizim sərnişinlərdən ikisini götürüb Konyaya apardı.

Sərnişinlər üç-bir, beş-bir – qrup halında dayanıb söhbət edirdilər. Bizim yanımızda dayanan və bura yaxın kəndlərdən birində baqqal olduğunu deyən taxta ayaqlı bir qoca avtobusa qalxaraq çuvalını arxasına alıb sürücüyə bir neçə söyüş "bəxş” etdikdən sonra yola düzəldi.

Hava əməlli-başlı qaralmışdı. Yol işçiləri çadırlarına dönüb ocaq qalamağa başladılar. Bizim avtobus şose yolun kənarında heyvan ölüsü kimi hərəkətsiz dayanmışdı. Üstləri yağ və torpağa bulanmış, üzlərindən qara tər damcılayan sürücü və köməkçisi bir kənarda oturub dincəlirdilər.

Sərnişinlərin əksəriyyəti bu kimi hadisələrə vərdişkar olduqları üçün səbirlə gözləyir, ac olanlar səbətlərini açıb yemək yeyirdilər.
Bir müddət keçəndən sonra dincəlmiş sürücü və köməkçisi hava tam qaraldığına görə yol işçilərindən bir fənər alaraq təzədən təmirə başladı. Biz sərnişinlər isə birdən-birə yaranan sükut vaxtı oturduğumuz yerə uzanıb, tərpənmədən gözləyirdik.

Arxamızda – günəşin batdığı təpənin ağacları birdən-birə rəngsiz bir işığa qərq oldu. Dostumun üzünə baxdım. O gözlərini qarşıdakı yamaca dikmişdi. Yamacın üzərinə seyrək əkilmiş qara şam ağacları, sürətlə işıqlanan göy üzünə titrək siluetlər cızırdılar. Dostum bir müddət bunları seyr etdikdən sonra:
– Bir azdan ay görünəcək, – dedi.
Elə bu əsnada gözəl ətirlər və zəif pıçıltılarla dolu havanı xəfif bir saz səsi titrətdi. Musiqi ilə məşğul olan və musiqi məktəbində çalışan dostum yerindən dikəlib, qaşlarını çatıb səsi diqqətlə dinləməyə başladı.
Yol işçilərinin çadırı tərəfdən gələn, ustalıqla çalınan saz susan kimi bir kişi səsi o zamana qədər eşitmədiyimiz, ancaq bizə yad olmayan xalq nəğməsi oxumağa başladı:

Döndüm budağından qopan yarpağa,
Səhər yeli, dağıt məni, əz məni.
Apar tozlarımı burdan uzağa
Yarın çılpaq ayağına sürt məni.

Mən də dikəldim. Saz yenidən kövrək bir nəğmə çalsa da qulağımda bayaqkı səsin əks-sədası qalmaqdaydı. Dostum, "Bu nədir?” – deyərcəsinə üzünə baxdı.
– Möhtəşəmdi! – deyə pıçıldadım.
Bütün vadini bürüyən səs yenidən eşidildi:

Aldım sazı, çıxdım qürbət görməyə,
Dönüb yara gəldim, üzüm sürməyə,
Nə lüzum var ondan-bundan sormağa
Səndən ayrı nə haldayam, gör məni.

Ömrümdə bu qədər gur, məlahətli bir kişi səsi eşitməmişdim. Bir insanın qırtlağından bu qədər mənalı, sirli səslərin necə çıxa bildiyinə heyrət edirdim. Dostum yerindən qalxdı, mən də qalxdım. İşçilərin çadırına tərəf getdik.

Çadırın qarşısında dörd-beş kişi oturmuşdu. Belləri ətrafa atılmışdı. Çadırın qapısına asılmış fənər yelləndikcə vadinin içərilərinə tərəf uzanan və başları qaranlıqda qeyb olan kölgələr tərpəşirdilər.

Yaşı iyirmidən çox olmayan bir gənc çadırın qarşısında əyilmiş bir əl arabasının üstündə oturub saz çalırdı. Başı sinəsinə, gözləri yerə dikildiyinə görə sifətini aydın görmək olmurdu. Fənərin işıqlandırdığı alnı tər damcılarından görünmürdü. Sazının uzun sapı surətlə aşağı-yuxarı gedib-gələn barmaqlarının altında canlı bir məxluq kimi titrəyirdi. Tellərə toxunan sağ əli kiçik, amma dəqiq hərəkətlər edir sazın gövdəsinə hər dəfə yaxınlaşanda insan sanki o taxta ilə bu ət arasında gizli, lakin çox mənalı və mühüm dialoq olduğunu zənn edirdi.

Çadırı və olduğumuz yeri bir işıq yalayıb keçdi, vadinin o biri ucuna qədər uzandı. Başımı qaldıranda təpəni aşıb yuxarı qalxan ayı gördük.
Saz çalan oğlan da başını qaldırdı və gözlərini azacıq qapayaraq tam qarşısında peyda olan bu aydın üzlü dinləyicisini süzdü. Sonra saza dəyən əli ləngidi, gözləri qapandı, boğazı gərildi və üzü qızardı. Biz heyrətlə onu seyr edərkən incə dodaqları arasından bəyaz dişləri göründü və oğlan bu dəfə xitab edərcəsinə nəğməsinə davam etdi:

Ayın şövqü vurur sazım üstünə,
Söz söyləyən yoxdur sözüm üstünə,
Gəl, ey hilal qaşlım, dizim üstünə,
Ay bir yandan, sən bir yandan quc məni.

Avtobusun digər sərnişinləri də çadırın yanına toplanmışdılar. Hamı heyrətlə qırmızı sifətli cavana baxırdı. O, təsirli bir dildə danışan barmaqlarını sazın üzərində hərəkət etdirməyə başlamış və gözlərini yerə, yaxud qucağından qaçmaq istəyirmiş kimi sıçrayan sazına dikmişdi. Qısa bir fasilədən sonra, bu dəfə başını qaldırmadan daha yavaş, ancaq əvvəlki kimi şirin, məlahətli və ürəyinin dərinliklərindən gələn bir səslə oxudu:

Səkkiz ildir gedəmmədim yurduma,
Dərd ortağı axtarmadım dərdimə,
Gələcəksən bir gün düşüb ardımca,
Heç kəsdən yox, ürəyindən sor məni...

Və saza iki qüvvətli akkord vurub, sonra yanına qoyub başını qaldırdı. Ətrafdakıların bir neçəsi "Yaşa!” deyə çığrışdılar. O, gözlərini hamıdan qaçıraraq boşluqda dolandırmağa başladı. Üzündə xəfif, utancaq bir təbəssüm dolaşırdı.
Dostum yanına gedib soruşdu:
– Adın nədir, oğlum?
– Əli.
– Haralısan?
– Sivaslıyam.
– Saz çalmağı haradan öyrənmisən?
– Nə bilim... Balacalıqdan çalıram...
– Bəs oxumağı?
– Onu da elə... Sonralar bir-iki usta aşıq yanına getdim.
Dostum mənə tərəf dönüb:
– Fövqəladə bir səsdir, əzizim, illərcə axtarsaq tapa bilmərik. Mən bu oğlandan əl çəkmərəm! – dedi. Sonra yenidən ona tərəf dönüb yaşını soruşdu. İyirmi iki imiş. Cibindən dəftərini çıxarıb qeydlər apardı və oğlanın ünvanını soruşdu. Gənc əvvəlcə çaşdı. Verə biləcəyi ünvan yox idi. Bu gün burda, sabah başqa yerdə olurmuş.
– Beyşehir yolunda Sivaslı Əli deyib axtarsan olmazmı? – deyə soruşdu. Bir qədər düşündükdən sonra Konyaya gələndə qaldığı bir otelin ünvanını dedi.
Dostum onun dediklərini qeyd etdi. Bu əsnada bayaqdan bəri yanımızda dayanıb sazı dinləyən sürücü dilləndi:
– Bəylər, avtobus hazırdır.
Gəncə bir neçə nəğmə söylətməyə hazırlaşan dostum sürücünün sözündən sonra digər sərnişinlərin torbalarını, çantalarını götürərək o dəqiqə yerlərindən sıçrayıb avtobusa doğru getdiklərini görəndə içini çəkdi; sonra yerindən qalxan Əliyə tərəf dönərək:
– Səni çağıran kimi yanıma gəl. Sənə münasib, yaxşı məvacibli iş taparam, usta aşıqların yanında məşğul olar, çalıb-oxumağını təkmilləşdirərsən, yaxşımı?– dedi.
Əli heç bir şey anlamadan razılıq verdi:
– Yaxşı, – dedi.
Biz ordakı bütün işçilərlə sağollaşıb ayrılan kimi yoldaşları Əlinin başına yığışdılar. Çox güman ki, dostumun Əliyə dediklərini müzakirə edir, Əli üçün deyilənlərdən yaxşı bir nəticə çıxarmağa çalışırdılar.

Dostum Ankaraya qayıdandan sonra həqiqətən çox böyük məsuliyyətlə o cavanın işi ilə məşğul oldu. Qarşısına onu bir musiqi məktəbinə yerləşdirməyi məqsəd qoymuşdu. Bu qədər üstündə əziyyət çəkdiyi bir iş barədə söz düşəndə zaman:
– Oğlanın səsi qulaqlarımdan getmir, qardaşım, bilirsən ki, mən bu işdə təcrübəsiz deyiləm, amma belə bir səs az eşitmişəm, – deyirdi.
Mən həm onun kimi düşündüyümü bildirmək, həm də beynimi məşğul edən fikirlərimi çatdırmaq üçün dedim:
– Düz deyirsən. Amma görəsən o səsin bizdə bu qədər qüvvətli təsir buraxmasında onu dinlədiyimiz gecənin təsiri varmı? Təzə doğulmuş ay! Şırıltısı gah eşidilən, gah qeyb olan balaca bir çay... İki dağ arasında qıvrılan dar vadi və nəhayət heç gözləmədiyimiz bir yerdən ­– işçi çadırından təbiətin içinə yayılan bir səs... Bəlkə bütün bunlar o gecənin ürkək səssizliyində bizi qəribə bir romantizm içinə atıb, bir az qulağaxoşgələn səsi möhtəşəm bir səs kimi göstərib?

Ancaq bütün bu düşüncələrə baxmayaraq Sivaslı Əlini tapıb Ankaraya gətirmək və ona burada da qulaq asıb səsini cilalamaq, inkişaf etdirmək etiraz ediləcək bir fikir deyildi.
Dostum indidən xəyallar içində üzürdü. Sivaslı Əlinin bir gün məşhur və dünyada tanınmış bir opera müğənnisi olaraq Avropa şəhərlərində konsertlər verdiyini düşünürdü. "Onu ağ yaxalıqlı frakda görmək möhtəşəm bir şey olacaq”, – deyirdi.
Nəhayət, istədiyinə çatdı. Bir çox yerlərə müraciət edərək Sivaslı Əlinin Ankaraya gətirilməsinə nail oldu. Təbii ki, belə işlərlə məşğul olan insanlar da yeni istedadlar axtarışında idilər. İmtahanlar keçirilir, opera müğənnisi yetişdirmək üçün tələbə seçilirdi. Çox da çətinlik çəkilmədən axtardığımız gənci tapdıq.

İmtahanın keçiriləcəyi məktəbin müdirinin otağına girən kimi əlində sazı ilə bir kənarda gözləyən Sivaslı Əlini tanıdım. Dabanları basılmış ayaqqabılarının arxasından topuqları deşilmiş corabları görünür və üstündə durduğu xalça ayaqlarını yandırırmış kimi tez-tez ayağının birini qoyub, o birini götürürdü. Sazını silah kimi sağ ayağının kənarına dayayıb sapından iki barmağı ilə tutmuşdu. Otaqdakı danışıb-gülənlərin üzünə baxmır, baxışlarını yerdə və qarşıdakı divarda gəzdirirdi.
Otaqdakılarla salamlaşdıqdan sonra Əli ilə söhbət etdim. Necə gəldiyini soruşdum. "Pis deyildi!” – dedi. Əlindəki saz təzə idi. Gülümsəyərək üzünə baxdım, dərhal anladı:
– Qaldığım karvansaradan pul verib aldım. Sənətkarların qarşısına qırıq saz ilə çıxmağım hər halda yaxşı olmazdı, – dedi.
İndi işıqlıqda və açıq olsa da qara, gözəl gözləri mənə o axşamkı kimi görünürdü. Diqqətlə baxanda bu böyük və dalğın gözlərin daim bir yuxu içində yaşadığını anladım. Bir anda özümü onun yerinə qoymaq istədim.

Kim bilir bura nələr düşünərək gəlmişdi? Hər halda dostumun ağlından keçən opera müğənniliyi və fraklı Avropa konsertlərinin düşüncəsi ona yad idi. O, uzaq başı Ankarada "böyüklərdən” bir neçə adamın ona qulaq asacağını, bəlkə beş-on manat pul verəcəklərini düşünə bilərdi. Bir az da geniş düşünsə bəyənildiyi təqdirdə xadiməlik, qapıçılıq kimi bir işə qoyulacağını, ara-sıra "böyük” məclislərdə saz çalıb beş-on qəpik qazanacağına ümid edə bilərdi. Hər halda bəzən "böyüklərin” belə aşıqları qoruduqlarını, onlara məclislərində saz çaldırdıqlarını eşitmiş olardı.

Məktəbin müxtəlif millətlərə mənsub musiqiçilərinin türkcə, almanca, fransızca dialoqları otağı doldurarkən müdir otağının qapısı açıldı və içəri iki adam daxil oldu. Bunlardan biri maarif müfəttişi idi. Bir az əvvəl imtahana girmək istəyən bir uşağı gətirdilər. Orta məktəb məzunu olduğunu və səsini müəllimlərinin çox bəyəndiyini deyən bu sarışın, olduqca kök, dalğalı saçlı, cəsur baxışlı bir oğlan idi. Otaqdakılar onu da imtahan etməyə razılıq verdilər. Onsuz da yalnız bir tenoru imtahan edəcəkdilər, ikincisinə də qulaq asa bilərdilər.

Dostum məmnun və özünə əmin bir tərzdə imtahan otağının qapısını açdı. Bura parket döşəməli, bir tərəfində yeni qurulmuş səhnəyə bənzər yer olan geniş salon idi. Səhnəyə yaxın künclərin birində pino var idi. Otaq birdən-birə doldu. Türkcə, fransızca danışanlar qrup halında dayanıb söhbət edirdilər. Bu söhbətlər get-gedə ucalır, yaratdığı anlaşılmaz gurultu başıma düşürdü. Gənc bir alman qadını piano arxasına keçib dillərə toxundu. Sivaslı Əli ömründə görmədiyi bu alətə heyrət dolu baxışla nəzər yetirdi, sonra çox ehtimal ki, təcrübəsizliyini göstərməmək üçün laqeyd görünməyə çalışdı. Bu vaxt gənc musiqiçilərdən biri səhnəyə bəyaz boyalı bir stul qoyub Əlini orda oturmağa dəvət etdi. Digər bir musiqiçi:
– Canım, stulda oturub oxumaq olarmı? Ayaq üstə oxusun, – dedi.
– Söz danışdın da. Ayaq üstə dayanıb saz çalıb oxuyan xalq aşığı görmüsən?
Bu təzadlı söhbət gedərkən Əli otağın xəstəxananın əməliyyat otağına bənzəyən ağappaq, çılpaq divarlarını, böyük, pərdəsiz pəncərələrini seyr edir və otağı səsləri ilə dolduran insanlara əməliyyat stoluna yatacaq bir adamın həkimlərə baxışına oxşayan ürkək nəzərlərlə baxırdı.
Yanımdakı gənc musiqiçilərdən birinə:
– Bunu stula oturub oxutmaq doğru deyil; bəlkə də bardaş qurub oxumağa alışıb, – dedim.
O bir anlıq "doğrudur”, deyər kimi baxdı, sonra:
– Yox, canım, nə əlaqəsi var! Fransızların yanında bardaş qurub oturmaq olar? Onları özümüzə güldürərik, – dedi.
Əli, ağappaq stulda od üstündə oturan kimi oturdu. Sazı tutan əli titrəyir və qırışan alnından tüklü yanaqlarına tərlər süzülürdü.
Söhbət edənlər yavaş-yavaş səslərini kəsdilər. Hərə bir yerə söykəndi, stul tapa bilənlər oturub gözlərini səhnənin ortasında tək qalan Əliyə dikdilər.
Əli iki dizini bir-birinə yapışdırmış, dişlərinin sıxmışdı. Sazı sinəsinə basdı. Ancaq heç cürə sinəsinə yerləşdirə bilmədi, təlaşlanıb ətrafına baxdı. Üzünə dikilən gözləri görüb daha da həyəcanlandı. Tər alnından daha tez-tez axmağa başladı. Titrəyən sağ əli ilə bir neçə dəfə üzündə puçurlanan tərləri sildi.

Ətrafda yüksəlməkdə olan səslər onu bir az özünə gətirdi. Üzünə sükunətə bənzər ifadə qondu. Bir az çaldıqdan sonra oxumağa hazırlaşırmış kimi boynunu oynatdı. Öskürmək istədiyi, amma utandığı üzündən bəlli idi. Nəhayət gözlərini üzərimizdən çəkib tavanın bizim başımız üstündəki küncünə dikərək bir xalq nəğməsi oxumağa başladı.
Səsi yenə gözəl olsa da xışıltılı idi. Zilə qalxdıqca çox da bəlli olmayan bu xışıltı aşağıya doğru yayılırdı. Əli də bunu hiss edirdi. Özünü ələ almaq istədi, ancaq bu hərəkəti ilə boğazının damarlarını gərdi və üzü daha çox qırmızılaşdı.
Əli çox böyük canfəşanlıq etdi. Çənəsinin yanlarından aşağı doğru uzanan və iki balaca dirək kimi tərpənmədən dayanan yumru, qat-qat ət parçaları açıq-aydın görünürdü. Əli sinəsindən qüvvətlə çıxarmağa çalışdığı səs onların arasından keçirə bilmək üçün tər tökürdü. Nəhayət, nəğməsini bitirib ayağa qalxdı.
Alman musiqiçilərindən biri dərhal:
– Pis deyil, pis deyil, o birinə də qulaq asaq, – deyib başı ilə sarışın gənci göstərdi.

Üzündə özündən əmin bir təbəssümlə səhnənin dörd ayaqlı pilləkənini bir sıçrayışla çıxan sarışın gənc o dəqiqə, hətta otaqdakıların susmasını belə gözləmədən məşhur bir xalq mahnısını oxumağa başladı. Əvvəla sakit çıxan səsi yavaş-yavaş yüksəldi və bütün otağı bürüdü. Həqiqətən gözəl oxuyurdu. Bir neçə yerdə bəzi xanəndələri təqlid etməsinə, lazımsız boğazlarına baxmayaraq bir səsə sahib olduğu bilinirdi. Mahnısını bitirən kimi bayaqkı alman musiqiçi:
– Bravo! Bu gənci təkmilləşdirə bilərik! – dedi.
Bir ara gözlərim Əliyə dikildi. Sanki bu otaqda olanların ona heç aidiyyatı yox imiş kimi gözlərini boşluqlarda gəzdirir və darıxdığı açıq-aydın bilinirdi. Piano çalan qadın əli ilə onu yanına çağırdı. Sağ əli ilə sadə bir musiqi çalaraq almanca:
– Bunu təkrar et, – dedi.
Türk musiqiçilərindən biri onun dediklərini Əli üçün tərcümə etdi. Əli bir mənə, bir də dostuma baxdı. Mən "vay!” dedim. Zavallı ömründə görmədiyi, səsini, adını eşitmədiyi bir alətin qarşısında gərilmişdi. Deyilən sözün mənasını belə anlamırdı. İzah etmək istədim:
– Oğlum, bu xanımın çaldığına uyğun səs çıxar.
Qadın eyni melodiyanı təkrar etdi, Əli böyük bir cəfa sərf edərək boynunu gərdi:

Bir xəbər yolladım canan elinə...
– deyə başlamışdı ki, otaqdakılardan bir neçəsi güldü, Əli dərhal susdu.
Mən araya girib:
– Yox, iki gözüm, mahnı oxumayacaqsan, bu səsləri çıxaracaqsan, – dedim.
Sıxıla-sıxıla qırtlağından bir neçə səs çıxdı. Artıq darıxmağa başlayan almanlardan biri əli ilə sarışın gənci çağıraraq:
– Bunu yoxlayın, – dedi.
Pianoda ard-arda çalınan kiçik musiqi parçaları gur və şəffaf bir halda sarışın gəncin ağzından tökülürdü. İmtahanı tez bitirmək istəyənlər Əliyə bir mahnı da oxutdurdular. Bu dəfə daha çox enerji sərf edən və hər şeyin tək bu mahnıya bağlı olduğunu sezən Əli ən gözəl nəğməsini oxudu. Heç də pis deyildi. Hətta orda olanlar da "Mükəmməl!” – deyər kimi başlarını tərpətdilər. Ancaq nəğməsini bitirib Əli sazı ilə bir kənara çəkilən kimi onu dərhal unutdular. Sarışın gənc yenə disklərdən öyrəndiyi bir mahnı oxudu. Təbii ki gözəl səsi var idi...

İmtahan kafi hesab olunaraq bu sarışın gəncin hansı istiqamətdə yetişdirilməsinə dair mübahisələrə keçdilər – büdcə məsələsi ortaya atıldı, iyundan əvvəl tələbə kimi qeyd olunardı, olunmazdı – kimi fikirlər təzad yaratdı. Heç kim eyni otaqda bir kənarda dayanan Sivaslı Əlinin fərqində deyildi. Onu buralara qədər gətirən dostum mübahisə edənlərin yanında heç nəyə qulaq asmadan dayanmışdı. Heç birimiz Əlinin yanına getməyə cəsarət etmir, hətta onun üzünə baxa bilmirdik.

Mən yavaşca başımı qaldıranda heyrət etdim. Əli boş gözlərlə bir az əvvəlki kimi divarları süzürdü. Sanki bu otaqdakıların ona zərrə qədər aidiyyatı yox idi. Üzündə heç bir təəssüf hissi, hiddət yox idi. Hətta olduqca uzun çəkən bir sıxıntıdan, işgəncədən qurtarmış kimi sakit halda idi. Gözləri sarışın gəncə sataşanda bir an dayanır, heyrət və maraqla onu süzürdü. Bu baxışlarda kiçik bir qibtə, paxıllıq hissi axtardım, tapa bilmədim.
Sazı yenə silah kimi sağ ayağının yanında idi və bu ayağı gah yerdən qalxır, gah da parketlərə toxunurdu. Ona baxdıqca qəlbində nəyinsə qırıldığını hiss etdim. Gəncin bütün arzuları, bütün ümidləri bu xəfif ayaq hərəkətində özünü göstərirdi. Vücudunun hər tərəfinə hakim olan, üzünün ən kiçik bir hərəkəti ilə içindəkiləri ətrafa büruzə verməyən, gözləri sonsuz bir dərinlik və sükunət içində xəfif bir işıqla parıldayan bu adam fərqində olmadan əsəbini, qəzəbini sağ ayağının qımıltısı ilə boşaldırdı. Ömrümdə heç bir dərdli insan üzü, heç bir ağlamaq mənə bu qədər kədərli, bu qədər mənalı görünməmişdi.
Özümü toplayıb onun yanına getdim. Onunla mütləq danışmaq lazım idi. Konyaya necə qayıdacaqdı? Cibindəki son pulunu verərək bu sazı almışdı. İndi nə edəcək?
Mən yanına gedən kimi ayağının hərəkəti dayandı. Dostum da gəlmişdi. Tez-tələsik düzüb-qoşduğu yalanı söyləməyə başladı:

– Əli, oğlum, sənin səsini bəyəndilər, amma yaşın bir az çoxdur. Bura yaşı iyirmidən çox olanları qəbul etmirlər. Çalışıb sənin üçün xüsusi bir iş görəcəyik. Amma bu bəlkə də bir az uzun çəkər. Sən ən yaxşısı hələlik Konyaya qayıt, biz iş olan kimi sənə xəbər verərik.
Əli deyilənləri əhəmiyyətli bir şey imiş kimi, qaşlarını çataraq dinləyir, sanki əzbərləməyə çalışırdı. Gözləri mənə dikiləndə diksindim. Nədənsə mənə elə gəldi ki, bu qara və böyük gözlər bu sözlərin heç birinə inanmadığını ifşa edir.
Bir şey etmək xatirinə:
– Gəlin gedək yemək yeyək, – dedim.
Otaqdakıların mübahisəsi hələ də davam edirdi. Bizim otaqdan çıxdığımızın fərqində belə olmadılar.
Bir kababçıda yemək yedik və bu müddətdə demək olar ki, kəlmə kəsmədik. Onu aldatmağa ehtiyac yox idi. "Səni bura çağırıb zəhmət verdik, bağışla” da deyilə bilməzdi.
Mən bunları düşünərək kababçıdan çıxdıq. Əli bir söz demək istəyirmiş kimi bir neçə dəfə udqundu və boynunu bükərək:
– Sizin inamınızı doğrulda bilmədim, məni bağışlayın! – dedi. Qısa fasilədən sonra heyrətlə davam etdi: – Mən o otaqda heç cürə səsimi tapa bilmədim!
Və yanımızdan ayrılıb getdi.
Sabahı gün aramızda topladığımız pulları ona vermək və onu Konya avtobusuna mindirib yola salmaq üçün Haymana otelinə gedən dostuma Sivaslı Əlinin sazını iki lirəyə satıb yol pulu etdiyini və gün doğan kimi bir yol maşınına minib Konyaya getdiyini demişdilər../artkaspi.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ