Judit - Yalmar Berqmanın hekayəsi

Tarix:29-09-2018, 19:54 Baxış Sayı:60

Judit - Yalmar Berqmanın hekayəsi
Bağça qapısının ağzındakı açılıb-yığılan stulda yaşlı bir kişi əyləşmişdi. Kimsə yaxınlaşanda “Girməyin evimə, bizi narahat etməyin!” – deyə səslənirdi.

Evin üç otağı, bir mətbəxi, çardaqda da iki kiçik odası vardı. Bağçada gözə dəyən bir-iki ağacın budağı çılpaq idi, çəmənlik şaxtadan elə çürümüşdü ki, heyvanlar otlaya bilməzdi. Sözün qısası, gözətçilik eləməyə heç nə yox idi buralarda. Amma yaşlı kişi mülkünü tərk eləmək istəmirdi. Hava qaralsa da orda oturur, gəlib keçənlərə səslənirdi: “Girməyin evimə, bizi narahat etməyin!”

Bağça qapısının önündə yad əsgərlər duranda stulundan qalxıb yaşıl, yağlı kepkasını çıxarır, onlara evində meyit olduğunu söyləyirdi.

“Cənab əsgər, sənə görə deyirəm, evimdə meyit var. İnanmırsan, mənimlə gəl, göstərim. Amma o, yoluxucu xəstəlikdən öldü”. Və “Cənab əsgər” onun sözünə inanırdı. Yaşlı kişi özü də ölüyə bənzəyirdi zatən.

İçində meyit olan bu ev qəsəbənin kənarındakı axırıncı ev idi. Alaqaranlığın zülmətə çevrildiyi vaxt gənc bir əsgər gəlib içəri keçmək istədi.

Qarşısına çıxan bütün qapıları döymüş, bütün yataqların dolu olduğunu öyrənmişdi. Qaranlıqda əl havasına başqa bir ev axtarmağın, ya da o biri qəsəbəyə getməyin faydası yox idi. Öldürülməkdən də qorxurdu, bir az. Yaşlı kişi o biri əsgərlərə söylədiklərini ona da söylədi. Amma bu dəfə qarşısındakı əsgər gənc idi və deyilənlərə heç qulaq asmırdı.

Gülərək, “Bu nağıllardan çox eşitmişik” – dedi, “İmkan ver içəri keçim. Nə oğurluq edəcəm, nə də başqa bir cinayət törədəcəm, yalnız yatmaq istəyirəm.”

Meyit barədə ona da deyildiyi halda heç nədən qorxmurdu. Yaşlı kişini itələyərək bağçaya girdi. Elə qaranlıq idi ki, evin qapısını seçə bilmirdi. İşıq sızan bir qapıya tərəf irəlilədi. Yaşlı kişi dalınca gəlirdi.

Pəncərəyə yaxınlaşanda, “Bax, cənab əsgər,” – dedi yaşlı kişi – “Yalan demirəm, içəridəki kürəkənimdir, özü də ölüb.”

Otağın ortasında ayağı pəncərəyə tərəf uzanan bir yataq vardı. Yatağın üstünə ölü bir adam uzanmışdı. O da əsgər kimi gənc idi. Çənəsinə qədər mələfəyə sarınmışdı. Yatağın baş ucunda bir qadın, bəlkə də gənc bir qız oturmuşdu. Yanında masa vardı və masanın üstündəki şamdanda dörd şam yanırdı. Əsgər ölmüş adamdan çox gənc qıza baxırdı. Diqqətlə gözdən keçirəndən sonra qızın öz yerlərində qoyub gəldiyi sevgilisi qədər gözəl olmadığını anladı. Amma yenə də gözəl idi. “İnsandır da” – deyib keçmək istədi. Çünki yalnız yatmaq haqqında düşünürdü.

Yaşlı kişiyə tərəf dönərək, “Evdə bir yataq, heç olmasa bir divan, nə bilim yatmağa bir yer varmı?” – deyə soruşdu.

“Hə, var” – dedi yaşlı kişi. “Çardaqdakı odaqlardan birində yataq var. Subay vaxtı kürəkənim orda yatırdı. Amma, cənab əsgər, yaxşılığın üçün deyirəm, evimdə bir meyit var. Yoluxucu xəstəlikdən öldü. Girməyin evimə. Mən yaşlı bir adamam, çəkdiyim özümə bəsdir onsuz da.”

Əsgər, “Bəri bax,” – dedi, – “Yuxarıdakı yatağı boş qoymaq fikrim yoxdur. Orda yatsam kimsəni incitmərəm. Hər halda yorğan-döşəkdə uzanmaq mənim üçün rahat olacaq.”

İsrar edən yaşlı kişinin dediklərini eşitmirdi. Qapını axtardı. Koridor qaranlıq idi. Dörd şamın yandığı otağın qapısını ayağının ucuyla tıqqıldatdı. Gənc qadın yavaşca çevrildi, başını əyərək salam verdi.

Əsgər, “Üzr istəyirəm, xanım” – dedi. “Gecə yatmaq üçün bir yataq axtarıram. Nişanlınızın otağını siz göstərəcəksiniz, yoxsa başqası?”

Gənc qadın, “Yataq hazırdır” – dedi. “Sizə su və işıq da gətirərəm. Hava soyuqdur. Bəlkə ocaq yandırmaq da istəyərsiniz. İlin bu günlərində nişanlım yuxarıda yatanda ocaq qalayardıq. Əslində, o, mənim ərim idi, keçən yay evlənmişdik.”

Əsgər papağını çıxarıb ayaqlarının ucunda yatağa yaxınlaşdı. Nəsə deməyə məcburmuş kimi “Xəstəliyi nə idi?” – deyə soruşdu.

Gənc qadın “Oh!” deyərək ilk dəfə doğrudan-doğruya onun gözlərinin içinə baxdı. “Ərim müharibədə öldü. Dünən şəhid oldu. Mənə dediklərinə görə, süngü savaşında boğazı kəsilib.”

Əsgər “Amma atanız...” – deyə nəsə söyləmək istəyəndə, gənc qadın onun sözünü kəsdi: “Ah, bəli, bilirəm, evdə yoluxucu xəstəlik olduğunu deyib durur. Sizi qorxutmasın bu kiçik hiylə. Elədiyi zarafat bir az duzsuzdur. Sizlərdən birini görsəm başımı itirəcəyimdən qorxur. Amma mən o qədər axmaq deyiləm. Kim öldürdü onu? Tanımadığımız biri. Müharibədir bu.”

Əsgər “Doğrudur” – dedi. “Adam tanımadığı bir adama qəzəblənə bilməz. Müharibə belədir.”

Yatağın baş ucuna tərəf bir-iki addım ataraq meyitə baxdı. Qadın əyilib süngünün bir qulaqdan o birinə tərəf ərinin boğazını necə kəsdiyini göstərdi: “Elə bir yaraydı ki, qanı kəsmirdi. Öləndən sonra da düz bir gün qan dayanmadı.”

Əsgər başını tərpədərək “Bəli” – dedi – “Onları bu vəziyyətdə görmək xoş deyil. İşin içindəykən hər şey olduğu kimi gedir, amma sonra onları görmək, həm də burada, bir evin içində görmək çox ağırdır. Bəli, ərləriniz yaxşı vuruşdular. Mən də süngü vuruşmasındaydım.”

“Bilirəm” – dedi gənc qadın. “Atam bizimkilərin əlavə qüvvələrlə gücləndirildiyini, amma sizin başqa bir istiqamətə çəkildiyinizi söyləyirdi. Qəsəbəmizə girdiyinizi də bilirdim. Günorta bir bildirişinizi eşitdik. Atam gizlənməyimizi istədi. Amma faydası nə idi ki?”

“Çox doğrudur!” – deyə əsgər ucadan söylədi. Sevinc və coşqudan üzü qızarmışdı. “Heç kimə pislik etmirik. Bizi rahat buraxsanız, özünüz də qorxmazsınız.”

Coşqunluğundan sıxılaraq qəfil dayandı. Burada, düşmən məmləkətində evsiz-eşiksiz olduğunun verdiyi kimsəsizlik duyğusunu içdən yaşadı. Bəxti onda gətirdi ki, gənc qadının fikri-xəyalı başqa yerdə idi. Meyitin üstünə əyilmişdi. Vaxtıyla əsgərin öz nişanlısına etdiyi kimi meyitin saçlarını düzəldir, alnını sığallayırdı.

Gənc qadın: “Burada durmayaq, acsınız hər halda” – dedi.

Yemək otağına apardı əsgəri. Tavandan asılan qaz lampasını yandırdı, masaya süfrə saldı. Əsgərin papağını alıb koridordakı asqıdan asdı. Silahına toxunmadı. Əsgər silahını gizləmişdi. Gənc qadın mətbəxə gedincə onu diqqətlə masanın altına yerləşdirib, ayağını qundağına dayadı.

Qadın ona həqiqi bir ziyafət hazırlamışdı. Əsgər pulqabını çıxarıb içindəki qəpikləri saydı. Çox deyildi. Keflə “Sağ ol! Sağ ol!” deyə pıçıldadı.

“Əlinizə sağlıq, yordum sizi.”

Gənc qadın iki şüşə şərab gətirəndə özünü saxlaya bilmədi: “Daha bu qədər də yox! Onlar olmasa da olar. Onsuz da borcunuzu ödəyəcək qədər pulum...”

Gülümsədi gənc qadın. “Pulqabını cibinizə qoyun. Düşməninə yemək satmaq xainlik sayılır. Amma ac birini doyurmaq heç vaxt yanlış deyil. Müharibədə də olsa...”

Bir bardaq şərab doldurdu.

“İçin. Sevdiyiniz insanın sağlığına için. Bəlkə məmləkətinizdə nişanlınız vardır. Bəli, mütləq var. Buyurun, yeyin, için. Mən də onacan otağınızı hazırlayaram.”

Əsgər yeyib-içdi. Düşünürdü; görməmiş kimi tıxışdırıb qarnımı doyuracağam. Qadın mənimlə elə nəzakətli rəftar edir ki, hər şeyi silib-süpürsəm ayıb olar. Yemək çox ləzzətlidir. Qadın, ya da atası məni bir dost kimi qəbul etsə, vəziyyət dəyişər. Amma bunu onlardan istəyə bilmərəm.

Bir az sonra gənc qadın geri döndü: “Niyə yemək yemirsiniz? Qəti evimizdəki yeməkləri aşağılamayın. Yoxsa şərabın zəhərli olduğunu düşünürsünüz? Baxın!”

Bardağa şərab doldurub yarısını içdi. Sonra əsgər uzatdı. Əsgər güldü və şərabı içdi.

“Xeyir” – dedi əsgər – “Ondan qorxmuram. Çox lütfkarsınız. Amma atanız mənim dostluğumu niyə qəbul etmir?”

Gənc qadın çiyinlərini çəkdi:

“Atam bir az köhnə düşüncəlidir. O, çörəyini bir düşmənlə bölməz. Zamanımızda belə düşüncələr yoxdur artıq. Birinin can yonqarı ölüb gedərsə, qarşısına çıxan başqa birini qəbul etməlidir. Elə deyilmi? Mən də acam. Düşünün, ərimlə sonuncu dəfə süfrədə oturandan bəri ağzıma bir loxma qoymamışam. Düz dörd gün olar.”

Stul çəkərək düz əsgərin qarşısında oturdu. Əsgər qızarmış ətin bir parçasını kəsib ona verdi. Birlikdə şərab içdilər. Dərədən-təpədən, havadan-sudan, yolların narahatlığından və yarımçıq qalan işlərdən danışdılar. Müharibədən söz salmağa çəkinirdilər. Əsgər öz məmləkətindən gülməli əhvalatlar danışdı. Anasından, atasından, uşaqlığından söz saldı. Nişanlısından danışmaq üçün ürəyi gedirdi, amma bu barədə heç nə demədi. Gənc qadın ürəkdən dinləyir, əsgər güldükcə, o da gülümsünürdü.

Qəflətən soruşdu: “Bəs nişanlınız? Mənə nişanlınızdan danışmayacaqsınız?”

Qızardı əsgər. Danışmağa heç nə yox idi. Gələcək üçün xəyal qurmaq yersiz idi. Anlayırdı gənc qadın.

“Bəlkə onu bir daha görə bilməyəcəksiniz.”

Əsgər xəyala daldı: “Niyə məni bu sualla çaşdırır ki? Burada, yanımda oturmasını istəyirəm axı. Əlini əlimə almaqdan ötrü ürəyim gedir. Elə yalqızam ki...”

Elə bu vaxt gənc qadın ayağa qalxıb qapıya tərəf getdi, qapının o üzünü dinşədi. Əsgəri oturduğu yerdə narahatlıq bürüdü, əyilərək silahını bərk-bərk tutdu. Gənc qadın masaya dönərək stulunu ona yaxınlaşdırdı. O da özünü dəhşətli dərəcədə yalqız hiss edirmiş kimi danışmağa başladı:

“Təsəvvür edin, cənab əsgər, dörd aydır ki, evlənmişəm və indi dul bir qadınam. Belə bir yalqızlığın nə olduğunu başa düşürsən? Hər şey sona çatmış kimi gəlir mənə. Artıq düşünəcəyim, yolunu gözləyəcəyim, üstünə əsəcəyim heç kimsəm yoxdur. Gözünün ağı-qarası olan, alışdığın bir kimsənin itib getməsi çox dəhşətlidir...”

Əsgər, “Ərinizə çox bağlı idiniz?” – deyə soruşdu.

Gənc qadın cavab vermədi. Başı önünə əyildi. Adamı toxunmağa təhrik edən gözəl boynu vardı. Əsgər düşündü: “Vay zavallı qadın, necə də sevimlidir! Necə də yalnızdır! Mənim kimi. Nə edə bilərəm görəsən? Ona aşiq olmaq istəmirəm. Xeyr, xeyr, istəmirəm onu sevmək. Bəlkə çox içdim. İçəridə də əri uyuyur. Of! Onu vecinə almır o qədər də. Elədirsə, niyə orda oturur saatlarla? Ən yaxşısı otağıma çıxıb yatım.”

Əsgər, “Adınız nədir” – deyə soruşdu.

Gənc qadın başını qaldırıb, şaşırmışcasına baxdı.

“Adım nədir? Adım Juditdir.”

"Judit” deyə təkrarladı əsgər, yuxulu-yuxulu gülümsədi. “İncildəki adlara bənzəyir... Gözəl addır.”

“Bəli” anlamında başını yellədi gənc qadın və qəfildən, “Nə gözəl boynunuz var, cənab əsgər!” – dedi.

Əsgər qəhqəhəylə güldü və sonra üzr istədi. Düşünmədən hərbi formasının bir neçə düyməsini açdı. “Pis vərdişdir bu!” – düşünərək təkrar düymələməyə başladı. Ancaq gənc qadın ona imkan vermədi. Xeyr, xeyr, o özünü evindəki kimi hiss etməliydi. Heç olmasa bu gecə evindəymiş kimi olmalıydı. Hərbi formanın düymələrini yenidən açmağa başlayan gənc qadın bir əliylə də onun çılpaq boynuna toxundu. Əsgər onun qollarından yapışaraq özünə tərəf çəkdi. Qadının ayaqları silaha toxununca, silah da masanın ayaqlarına dəyib cingildəyən polad səsi verdi və ikisi də bu səsdən diksindi. Əsgər yenə qəhqəhəylə gülməyə başladı.

“Görürsünüz?” – dedi – “Burda sanki evimizdə, masa başındakı ər-arvad kimiyik. Amma masanın altında bir silah var. Cest la guerre*”

Gənc qadın cəld qalxıb mətbəxə getdi. Bax indi, onu incitdim, deyə düşündü əsgər. Səriştəsizin, axmağın biriymişsən sən! Onu qollarının arasına alacağınımı düşündün? Xeyr! O hörmətə layiq bir qadındır. Ondan heç nə gözləməməlisən. Yeyib-içdin, yetər! İndi gecəniz xeyrə qalsın belə demədən birbaşa yatağına get. O, səni görmək istəməz artıq.

Getməyə hazırlaşdı və silahını götürdü. Yerindən təzəcə qalxmaq istəyirdi ki, gənc qadın geri gəldi. Bir qab çərəzlə bir şüşə vişnə likörü gətirmişdi. Əsgər ayaq üstəydi... Əlindən gəldiyi qədər dürüst davranmağa çalışırdı. Havadan-sudan danışır, gözlərini qadından yayındırmaq üçün özünü məcbur edirdi. Sonuncu qədəhi də içdi.

“Siz də yatmağa gedəcəksiniz indi?” – deyə soruşdu.

“Xeyr, ərimin yanına gedəcəm” – cavab verdi gənc qadın.

Əsgər qadının bu sözlərindən bir şey anlamağa çalışsa da, bacarmadı, bu onu əsəbiləşdirdi.

Qadına bir-iki acı söz deməkdən özünü saxlaya bilməyəcəkdi az qala: “Ərinə elə düşkünsənsə, burda mənimlə niyə oturmusan?”

Amma özünü ələ aldı və eynəyini düzəldərək, “Üzr istəyirəm, mənim gözəl düşmənim” – dedi – “Cest la guerre.” [1]

Silahını götürüb qadının yanından uzaqlaşmadan öncə əyilərək salam verdi. Nərdivanlardan yuxarı çıxarkən, yaşlı kişi ona işıq tutdu. Əsgər otağa girib qapının cəftəsini bağladı və dərhal soyunmağa başladı. Otaq olduqca balaca və alçaq idi. Səliqəylə hazırlanmış təmiz-ağ yataq döşəmənin ortasındaydı. Bax bu, həqiqətən gözəl idi!

Komodun üstündə dörd şamlı şamdan yanırdı. Nə israf idi bu! Şamın ikisini söndürdü.

Çəkmələrini çıxartdı. Birdən-birə qapıya qulaq verdi. Nərdivan cırıldayırdı elə bil. Qapını açıb qaranlığın içinə pıçıldadı: “Judit... Judit...”

Səs-səmir yox idi. Qapını yavaşca bağladı, amma cəftəni vurmadı.

Yatağa girib o biri şamları da söndürdü. Gözlərini yumub öz evimə qayıtmağı düşünüm söylədi öz-özünə. Bir neçə dəqiqə içində yuxuya getdi.

Oyandı.

Oda aydınlıq idi; şamların dördü də yanırdı. Judit onun üstünə əyilmişdi. Ürəyi bərkdən döyünməyə başladı. Ah, çox ağrılı bir vəziyyət idi bu. Qollarını uzatdı və titrəyən əlləriylə Juditin başını tutdu.

“Judit... Judit…”

“Sənin üçün adım Juditdir” – dedi gənc qadın. “Amma aşağıdakı üçün mənim başqa bir adım var. İndi məni o adla kim çağıracaq?”

“Judit... Judit…”

Onun başını aşağıya çəkdi.

Qəfil gənc qadının onun boğazını kəsmək istədiyini hiss etdi.

“Judit” – deyə hayqırdı.

Gənc qadın, “Üzr istəyirəm, mənim gözəl düşmənim” – dedi.

Əsgərin boğazı xırıldamağa başladı. Gənc qadın onu tərk etdi. Şamların yandığı bu iki otaqdan başqa bütün ev qaranlıq idi. Yad adamların öz düşmənləri içində yatdığı bu qaranlıq gecədə, qəsəbə səssizcə uzanırdı...

[1] *C'est la guerre (Fr.) - Müharibə belədir

Tərcümə etdi: Şərif Ağayar
/sim-sim.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ