Milad - Vladimir Nabokovun hekayəsi

Tarix:5-09-2018, 21:17 Baxış Sayı:149

Milad - Vladimir Nabokovun hekayəsi
Nabokovun rus və ingilis dillərində yazdığı romanlar onu dünyanın ən məşhur, orijinal-mürəkkəb üsluba malik qalmaqallı yazıçılarından biri kimi tanıtmışdır. Lakin Nabokov eyni zamanda, çoxsaylı hekayələr müəllifi və bu janrın böyük ustadlarından sayılır. "Milad" hekayəsi onun yaradıcılığının şərti olaraq "rusdilli" adlandıra biləcəyimiz ilkin dövrünə aiddir və ilk dəfə 1925-ci ildə çap olunub. Hekayə böyük şöhrət qazanıb, tanınmış yazıçılar, ədəbiyyatşünaslar bu hekayə haqqında çoxlu analizlər, rəylər yazıblar. Ancaq bunlara toxunmazdan öncə, oxucuların hekayənin özüylə tanış olmasını istədik.

I

Kənddən axşam qarının üstüylə öz bağ evinə qayıdan Slepsov, küncdəki heç vaxt əyləşmədiyi alçaq plüş stulda oturdu. Adətən böyük bədbəxtliklərdən sonra belə olur. Hər şey bitdikdən sonra səntirləyə-səntirləyə, dişlərin bir-birinə dəyə-dəyə çıxıb gedəndə, göz yaşların ayağının altını görməyə qoymayanda doğma qardaşın yox, adi vaxtlarda ikicə kəlmə kəsmədiyin təsadüfi-əhəmiyyətsiz bir tanışın, məhz o sənə adam kimi kömək edir, başından saldığın şlyapanı nəzakətlə qaldırıb verir. Ev də eynilə bunun kimidir. Bütün, hətta ən rahat və son dərəcə balaca otaqlarda istifadəsiz bir künc, bucaq olur. Slepsov da məhz həmin küncdə oturdu.

Fligeli yayda yaşadıqları əsas evə hazırda qar basmış taxta qalereya birləşdirirdi. Evi oyadıb, qızdırmağa gərək yox idi, ağa Peterburqdan cəmi bir neçə günlüyə gəlmiş və evə bitişik fligelə yerləşmişdi. Buradakı ağ kaşı sobanı qalamaq asan iş idi.

Ağa küncdəki plüş stulda həkim qəbulundakı kimi oturmuşdu. Qaranlıq otağa pəncərədən, şaxtanın şüşə lələkləri arasından erkən axşamın tünd göy işığı düşürdü. Sakit, şişman, bığlarını bu günlərdə qırxmış İvan ağ neftlə dolu çırağı gətirib, stolun üstünə qoydu və çəhrayı ipək abajuru onun başına keçirdi. Maili güzgüdə bir anlıq onun işıq düşən qulağı və çal, biz-biz saçları əks olundu. Sonra o, qapını astaca cırıldadaraq çıxdı.

Bu zaman Slepsov dizinə qoyduğu əlini qaldırıb, ağır-ağır ona baxdı. Dərisinin barmaqlarının arasındakı incə büküyünə bir damla mum yapışmışdı. O, barmaqlarını araladı və ağ pulcuq çatladı.

II

Dərdinə qətiyyən dəxli olmayan xırda və cəfəng yuxularla keçirdiyi gecənin səhəri Slepsov soyuq eyvana çıxanda, döşəmə ayağının altında şən-şən şaqqıldadı, ağardılmış skamyaya rəngli şüşələrin əksi, əlvan ulduzcuqlar düşdü. Qapı dərhal tabe olmadı, sonra şirin-şirin çartıldadı və şaxtanın parıltısı üzünə vurdu. Artırmanın pillələrinə elə bil qum kimi, sarı darçın kimi narın buz səpilmişdi, damın çıxıntısından isə, ucu şiş, yoğun, yaşılımtıl göyə çalan buz lülələri sallanmışdı. Fligelin ətrafına yığılan qar topalarının hündürlüyü pəncərələrə çatmış, şaxta ağac tikilini donduraraq öz buz məngənəsində möhkəm sıxmışdı. Artırmanın qarşısındakı hamar qarda ləklərin ağ günbəzləri azacıq qabarmışdı, bir az irəlidə hər bir qara budağın gümüşə tutulduğu, şamların öz yaşıl pəncələrini tüklü və parlaq yükün altında yığdığı hündür park ağarırdı.

Slepsov uzunboğaz keçə çəkmələrdə, qaragül yaxalıqlı yarımkürkdə təmizlənmiş tək və düz cığırla gözqamaşdırıcı dərinliyə doğru irəlilədi. O hələ də sağ qaldığına, qarın parıltısını, şaxtanın qabaq dişlərini dondurduğunu hiss etdiyinə təəccüblənirdi. O, hətta qarlı kolun donmuş fontana bənzədiyini, qar təpəsinin yamacındakı köpək ləpirlərini, xarlanmış qarı əridən zəfəran rəngli ləkələri də gördü. Azca qabaqda kiçik körpücüyün dirəkləri göründü və Slepsov burada dayandı. Sürahilərin üzərindəki qalın, yumşaq qar qatını acı-acı, hirslə süpürüb atdı. Yadına dərhal körpücüyün yayda necə olduğu düşdü. Oğlu işıq halqaları səpələnmiş sürüşkən taxtaların üzəriylə qaçaraq, əlindəki torla ustalıqla qolaylanıb məhəccərin üstünə qonmuş kəpənəyi tutduqda, birdən atasını görmüşdü. Günəşdən bozarmış həsir şlyapasının əyilmiş kənarı altındakı çöhrəsində təkrarsız təbəssüm oynayır, əli zəncirə və enli kəmərinə bənd edilmiş çantaya toxunur, qəşəng, şumal, qəhvəyi ayaqları qısa sarja şalvarda, islanmış səndəllərdə şən-şən dayanmışdılar. O lap yaxında Peterburqda məktəb, velosiped, hansısa hind kəpənəyi haqqında şən-şən, böyük həvəslə sayıqlayaraq öldü və dünən Slepsov ən ağır, sanki bütün ömrünü doldurduğu tabutu kəndə, kilsənin yanındakı balaca ağ daş sərdabəyə gətirdi.

Adətən, ayazlı, şaxtalı günlərdə olduğu kimi, sakitlik idi. Slepsov ayağını yuxarı qaldırıb cığırdan çıxdı və qarda göyümtül izlər buraxaraq, gur işıqlı ağacların arasıyla parkın çayın sahilinə çıxdığı yerə addımladı. Aşağıda uzaqda, çayın donmuş ağappaq səthində açılan dəliyin kənarında buz parçaları bərq vurur, o biri sahildəki daxmaların qarlı damlarından sakit, düz, çəhrayı tüstü burumları qalxırdı. Slepsov qaragül papağını çıxarıb, ağacın gövdəsinə söykəndi. Haradasa lap uzaqlarda odun yarırdılar və hər bir balta zərbəsi cingildəyərək göyüzünə yaylılırdı, kilsə xaçı qara batmış komaların ağ banları üzərindən, ağacların xəfif gümüşü dumanı arxasından korun-korun baxırdı.

III

Nahardan sonra hündür və düz söykənəcəkli oturacağı olan kirşəylə ora getdi. Şaxtada zil qara axta atın dalağı bərk şappıldayır, ağ yelpiklər düz papağının üstündən uçuşur, qarşıdakı gümüşü mavi cığır işıldayırdı. Gəlib çatdıqdan sonra yun əlcək geyindiyi ağır əlini yunun üstündən belə yandıran məzar çəpərinin çuqunu üzərinə qoyaraq, bir saata yaxın oturdu və evə yüngül ümidsizlik hissiylə qayıtdı, sanki qəbiristanlıqda oğluna buradakından - onun qıvraq səndəllərinin saysız-hesabsız ləpirlərinin qarın altında qaldığı yerdən daha uzaq idi.

Axşam möhkəm darıxdığından, böyük evi açmağı əmr etdi. Qapılar ağır hönkürtüylə açılanda və gumbultulu dəmir dəhlizdən nəsə xüsisi, qışa xas olmayan soyuq həniri vuranda, Slepsov tənəkə reflektorlu çırağı gözətçinin əlindən alıb, təkbaşına evə daxil oldu. Parket döşəmə ayaqları altında cırıldadı. Otaqlar bir-birinin ardınca sarı işıqla doldular; üzərinə örtük çəkilmiş mebel ona yad göründü; tavandan çilçıraq əvəzinə səssiz-səmirsiz kisə asılmışdı və Slepsovun nəhəng kölgəsi əlini ağır-ağır qabağa, üzərlərinə örtük çəkilmiş şəkillərin boz kvadratına uzadaraq divarda üzdü.

Yayda oğlunun qaldığı otağa daxil olub, çırağı pəncərənin qabağına qoydu və dırnaqlarını qıra-qıra ağrəngli laylı pəncərə taxtalarını yarıyacan açdı, hərçənd, bayırda artıq gecə düşmüşdü. Azacıq hislənmiş çırağın sarı işığı tünd göy şüşəyə düşdü və oradan sürüşüb onun iri, saqqalı üzünə keçdi.

O, boş yazı masasının qarşısında oturub, göyümtül gülləri olan solğun divarlara, aşağıdan ta yuxarıyadək çəkməcələri olan ensiz kontorsayağı şkafa, örtüklü divana və kreslolara ciddi-ciddi, acıqlı-acıqlı baxdı, başını stolun üzərinə qoyub, gah dodaqlarını, gah da islanmış yanağını soyuq və tozlu taxtaya dayayıb, əlləriylə uzaq künclərdən yapışaraq, bərkdən, dəli kimi hönkürdü.

Stolun siyirməsindən dəftərlər, raspravilkalar, içində iri hind barama qurdu olan üç rublluq ingilis biskviti qutusunu tapdı. Oğlu xəstə olanda onu arzulamış, qoyub gəldiyinə təəssüflənmiş, ancaq içindəki qurdun yəqin ki, ölmüş olmasıyla təsəlli tapmışdı. O, cırılmış kəpənəktutan toru - iç-içə yığılan halqaları olan kiseyi torbanı da tapdı. Kiseyi tordan hələ də yay ətri gəlir, otların istiliyi vururdu.

Sonra bükülərək, bütün bədəniylə hıçqıraraq, şkafın şüşə siyirmələrini ard-arda çəkməyə başladı. Kəpənəklərin şüşənin altındakı düzgün cərgələri çırağın tutqun işığında ipək parçaya bənzəyirdilər. Oğlu burada, bu otaqda, bax bu stolun üstündə öz ovunu yerbəyer edər, kəpənəklərin tüklü arxalarını qara sancaqla deşər, sonra onu iki açılıb-bağlanan lövhənin süngər aralığına salar, əlindəki kağız parçasıyla hələ təzə, yumşaq olan qanadları yastılayıb-bərkidərdi. Artıq quyruqlu maxaonlar , göy üzü kimi mavi pərvanələr, qara xallı, sədəf qarınlı iri sarı kəpənəklər çoxdan qurumuşdular. Oğlu onların adlarını latın dilində öz şirin-xəfif qarğa diliylə təntənəli surətdə və ya saymazyana tələffüz edərdi.

IV

Gecə tünd göy, aylı idi; incə buludlar göy üzünə bayquş lələkləri kimi yayılmışdılar, ancaq yüngül, buz kimi soyuq Aya toxunmurdular. Boz qırov qalağına çevrilmiş ağaclar öz qara kölgələrini adda-budda gümüşü qığılcım saçan qar təpəciklərinə salmışdılar. Fligeldə, möhkəm qızdırılmış məxməri qonaq otağında İvan dibçəkdəki bir arşınlıq yolkanı stolun üstünə qoymuşdu və donmuş, doyunca ağlamış, yanağında tünd toz ləkəsi olan Slepsov qoltuğunda taxta yeşik böyük evdən qayıdanda, onun xaçşəkilli təpəsinə şam bağlayırdı. O, stolun üstündəki şam ağacını görəndə, hələ də öz aləmində olduğundan, dalğın halda soruşdu:

- Bu nəyə görədir?

İvan yeşiyi ondan alıb, qısıq-dolu səsiylə cavab verdi:

- Sabah bayramdır.

- Lazım deyil, yığışdır... - Slepsov üzünü turşutdu və düşündü: "Yəni bu gün Milad axşamıdır? Necə olub unutmuşam?"

İvan mülayim tərzdə israr etdi:

- Yaşıldır. Qoyun qalsın...

- Xahiş edirəm, yığışdır, - Slepsov təkrarladı və gətirdiyi yeşiyin üzərinə əyildi. Onun içində oğlunun əşyaları vardı: tor, içində daşlaşmış sürfə olan biskvit qutusu, raspravilkalar, laklı mücrüdə sancaqlar, göy dəftər. Dəftərin birinci vərəqinin yarısı cırılmışdı, qalan qismində fransızca yazının bir hissəsi qalmışdı. Bundan sonra gündəlik yazılar, tutulan kəpənəklərin adları və digər qeydlər gəlirdi: "Bataqlıqla Boroviçaya qədər getdim...", "Bu gün yağış yağır, atamla dama oynadıq, sonra olduqca darıxdırıcı "Freqat Pallada"nı oxudum, "Gözəl və isti bir gün. Axşam velosiped sürdüm. Gözümə mığmığa girdi. İki dəfə qəsdən onların bağ evinin yanından keçdim, ancaq onu (qadın cinsində - tərc.) görmədim..."

Slepsov başını qaldırdı, elə bil nəsə qaynar, iri bir şey uddu. Oğlu kimin haqqında yazır?

Bir az aralıda "Həmişəki kimi, velosipedlə getmişdim" cümləsi vardı. "Biz demək olar ki, baxışdıq. Mənim gözəlim, sevincim..."

- Bu, ağlasığmazdır, - Slepsov pıçıldadı, - mən onun kim olduğunu heç vaxt bilməyəcəyəm...

O yenə əyildi və səhifənin kənarlarında gah yuxarı qalxan, gah da aşağı əyilən uşaq xəttini acgözlüklə oxuyub anlamağa çalışdı.

"Bu gün ilk zolaqlı kəpənəyi tutdum. Deməli, payız gəlib. Axşam yağış yağdı. O, yəqin ki, çıxıb gedib, mənsə onunla heç tanış da ola bilmədim. Əlvida, sevincim mənim. Mən çox darıxıram..."

"O mənə heç nə deməmişdi..." - Slepsov alnını ovcuyla silərək düşündü.

Son səhifədə qələmlə çəkilmiş rəsm vardı - arxadan filə oxşayırdı: iki yoğun ayaq, qulaqların küncləri və balaca quyruq.

Slepsov qalxdı. Başını silkələyərək, dəhşətli quru hönkürtülərini udmağa çalışdı.

- Mən artıq dözə bilmirəm... - o, sözləri uzadaraq inildədi və daha da uzadaraq, təkrarladı: - dö-zə bil-mir-əm...

"Sabah Miladdır, - beynindən sürətlə keçdi. - Mənsə öləcəyəm. Əlbəttə. Bu, çox sadədir. Elə bu gün..."

O, dəsmalını çıxarıb, gözlərini, yanaqlarını, saqqalını sildi. Dəsmala qara izlər düşdü.

- Ölüm, - Slepsov sanki uzun bir cümləni tamamlayaraq, sakitcə dedi.

Saat çıqqıldayırdı. Şaxtanın pəncərənin göy şüşəsinə saldığı naxışlar sıxlaşırdı. Açıq dəftər stolun üstündə parıldayır, yanında kiseyi tor işığı süzür, qutunun tənəkə küncü işıldayırdı. Slepsov gözlərini qıydı və ona bir anlıq elə gəldi ki, hər şey sonacan aydındır, dünyadakı dəhşətli və kədərli, alçaldıcı dərəcədə məqsədsiz, qısır, möcüzələrdən məhrum həyat tamamilə çılpaqlaşıb...

Elə bu an nəsə şıqqıldadı, nazik səs çıxdı, elə bil gərilmiş rezin qırıldı. Slepsov gözlərini açıb biskvit qutusundakı baramanın parçalandığını gördü, stolun yuxarı hissəsindəki divarda, siçan boyda qara, qırışıq bir canlı üzüyuxarı sürünürdü. O, altı ədəd qara, tüklü pəncəsini divara ilişdirərək dayandı və qəribə tərzdə titrəməyə başladı. Barama dərdə dözə bilməyən insanın tənəkə qutunu öz isti otağına gətirməsi nəticəsində partlamış, baramanın sərt ipəyi arasına isti dolduğu üçün qurd bayıra çıxa bilmişdi. O bunu uzun müddət gözləmiş, bu vaxt ərzində güc toplamış və çıxandan sonra yavaş-yavaş, qəribə şəkildə böyümüşdü. Əzilmiş parçaları, məxməri saçaqları yavaş-yavaş açılmış, yelpik damarları havayla dolaraq bərkimişdi. O, qəfil qanadı oldu, kişiləşən sima hiss olunmadan gözəlləşdiyi kimi. Hələ zəif, nəm qanadları böyüyür, düzəlirdilər və budur, tam açılaraq Tanrının qoyduğu həddə çatdılar. Artıq divardakı topanın, qara siçanın yerində nəhəng gecə kəpənəyi, qaranlıqda Bombey fənərlərinin ətrafında quş kimi uçan hind ipəkqurdu vardı.

Onun geniş açılaraq kənarları burulmuş, dörd mika qaşlı tünd məxməri qanadları, demək olar ki, insan səadəti kimi incə, fərəhli bir həyəcanla ah çəkdilər.

Tərcümə etdi:
Nadir Qocabəyli
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ