Peyğəmbərin saçları - Salman Rüşdinin hekayəsi

Tarix:4-07-2018, 16:46 Baxış Sayı:81

Peyğəmbərin saçları - Salman Rüşdinin hekayəsi
Manera.az Salman Rüşdinin "Peyğəmbərin saçları" hekayəsini təqdim edir:

19...-cı illərin ilk yarısında Şrinaqar qış yuxusunun ağuşunda şaxta vurmuş sümük kimi şiddətlə sıçrayırdı. Sanki bu dəqiqə sümükləri don vurmuş şüşə kimi çatlayacaq.

İnsanlar həmin qış qızarmış yanağında nəinki soyuğun, eyni zamanda aydın rifahın əks olunduğu gənci görmüşdülər. Şəhərin ən çirkin, bədnam olmuş hissəsinə, büzməli qalayla örtülü, taxta daxmaya gəldi. Bir qədər yana əyilmişdi, sanki bu dəqiqə yıxılacaqdı. Asta səslə, lakin ciddi-ciddi “peşəkar oğrunun xidmətlərindən faydalanmaq istəyirəm. Belə şəxsi haradan tapmaq mümkündür?”, dedi.

Yerli “qardaşlar” Atta adlı bu gənci həvəslə başqa bir dar və qaranlıq küçəyə apardılar. Üzünü görmədiyi bu iki nəfər gənci yerə, yeni kəsilmiş toyuğun isti qanına yıxdılar. Bu səyahətə ağılsızlıqla götürdüyü pullarını alıb ölümcül döydülər.

Gecə düşmüşdü. Şəxsiyyəti məlum olmayan insanlar gənci göl kənarına gətirdilər. Şikare* (*Şikare - uzun, dar qayıq.) su yolu ilə kimsəsiz yerə, kanalın yatağına gətirdilər. Şalimar bağlarına gedən bu yolda al-qan içində, şikəst halda qoyub qaçdılar.

Sübh çağı həmin yerdən gecə şaxtasında qatılaşmış bal kimi sudan qayıq keçirdi. Gül daşıyan qayıqçı Attanın bədəninin ani tərpənişini eşidib şaxtadan qızarmış yanağını və eyni zamanda əks olunan rifahı görmüşdü. Qışda bitən gülləri daşıyan qayıqçı sahilə yaxınlaşdırıb aşağı əyildi. Yazığın dodaqlarının tərpənişindən sağ olduğunu anladı və sayıqlayaraq harada yaşadığını təkrar edən gənci güclə də olsa, qayığına dartdı. Böyük mükafat xəyalı ilə qayığı gölün digər sahilinə, böyük imarət yerləşən hissəsinə sürdü. Bu yolla Attanı evinə gətirdi. İki qadın: biri üz-gözü döyülməkdən göyərmiş gənc və gözəl, digəri isə onun anası, gözəllikdə qızından geri qalmayan, baxımlı idi. İkisi də yorğun, üzgün görünürdülər. Böyük qardaşı Attanı görcək gənc qız heyrətdən qışqırdı. Evin böyük oğlu olan Attanı gül-çiçək qayığında sərilmiş halda görüb səs-səsə verərək ağlamağa başladılar.

Qayıqçıya, həqiqətən, arzu etdiyi mükafat verildi, lakin susması və kimsəyə bir kəlmə deməməsi üçün. Daha bu gülsatan hekayəmizdə yer almayacaq.

Atta təkcə şaxtadan titrəmirdi, eyni zamanda kəllə sümüyü sındığından həmin an komaya düşmüşdü. Ən peşəkar və təcrübəli həkimlər aciz şəkildə çiyin çəkdilər.

Ən qəribəsi isə budur ki, sabahı gün axşam saatlarında həmin şəhərin ən çirkin, bədnam olmuş hissəsində daha bir gözlənilməz qonaq peyda olmuşdu.

Hüma adlı bu qonaq bədbəxt gəncin bacısı idi. O da ən az qardaşı kimi sakit və ciddi şəkildə eyni sualı verdi:

- Burada peşəkar oğrunu necə tapmaq olar?

Tullantılar kanalının sakinləri imkanlı axmaq gəncin verdiyi suala yetəri qədər gülmüşdülər: “burada oğrunu axtardı, özü başına iş açdı”. Ancaq qadın ondan fərqli olaraq əlavə də etdi:

- Onu da qeyd edim ki, üstümdə nə pul var, nə də zinət əşyası. Mirasdan məhrum edildiyim üçün atam kimsəyə pul ödəməz. Bura gəlməmişdən əvvəl hara gedəcəyim barədə geniş məktub yazıb polis komissarının köməkçisinə təhvil vermişəm. Əmim olan həmin şəxs səhərədək sağ-salamat geri dönməzsəm, məktubu açıb təqsirkarı yerin altında və üstündə axtarıb mütləq cəzalandıracaq.

Təəccüblüsü o idi ki, üz-gözündə və qollarındakı göyərtilər qızın gözəlliyinə xələl gətirmirdi. Eyni zamanda təəccüblü olan bu qızın üzaqgörənliyi idi. Bura gəlməmişdən əvvəl ən xırda detalına kimi düşünübmüş. Məhz bu səbəbdən ətrafına maraqla tamaşa edən kütlə toplaşmışdı. Yüksək rütbəli polis məmurunun yaxın qohumu sayılan bu gənc qızın oğru axtarmasına kinayəli irad tutanlar da oldu. Kimsə ona hər hansı bir zərər yetirməyə cəhd də etmirdi.

Onu dar və qaranlıq küçəyə tərəf apardılar. Hər addımbaşı küçə daha da qaralırdı. Sanki ətrafa kimsə mürəkkəb dağıdıbmış kimi zülmət qaranlıq idi. Orada oturmuş yaşlı qadını gördü. Hüma diqqətlə eyni nöqtəyə baxan qadının kor olduğunu anladı. Qarşıda daha bir qapı açıldı. Bu otaq indiyə kimi keçdiklərindən də qaranlıq idi. Sanki qapı kandarına zülmətin yeni, daha tünd qara dalğası çilənmişdi.

Hüma əllərini yumruq şəklində sıxıb ürəyinə normal ritmdə döyünməsini “tapşırdı” və qoca qadının arxasınca evə keçdi.

Qaranlıq otaqda sadəcə közərən şam vardı. Qadının ani olaraq qeybə çəkilməsi Hümanı irəliyə addım atmağa vadar etmişdi. Qəfil toxunduğu əşyadan diksinib qışqırdı və həmin an özünə qəzəblənib dodağını dişlədi. Dayanmadan yüksələn qorxusunu və narahatlığını bir anda biruzə verdiyi üçün özünə qəzəbli idi. Bir qədər dərindən nəfəs alıb sakitləşdi və burada onu nələrin və ya kimin gözlədiyini düşünməyi özünə qadağan etdi.

Hüma közərən şamın qoyulduğu kiçik masaya toqquşmuşdu. Növbəti stol arxasındakı divara baxıb yerdə əyləşmiş, türk dilində desək, dağ boyda adamı gördü.

“Otur, otur!” – sakit, lakin əmiranə səslənən bu təklifdən sonra Hüma növbəti dəvəti gözləmədən dərhal yerə oturdu. Barmaqlarını bərk-bərk sıxıb özünü sakit tərzdə danışmağa məcbur etdi:

- Hesab edirəm ki, axtardığım oğru sizsiniz, düzdür?

Oturmuş şəxs yerində hərəkət etdi. Bu an divardakı kölgəsi də titrəmişdi. Bir neçə cümləlik fikir bildirdi. Hansı ki, bu fikirdən Hüma “bütün rayonda baş verən cinayətlər heç də özbaşına deyil, məhz burada, bu otaqda hökmü verilir” sözlərini anladı.

Şəxs ondan planlaşdırılan oğurluq barədə geniş məlumat verməsini, nəyi oğurlamalı olduğunu, həmçinin, digər götürüləcək əşyaların təsvirini, eyni zamanda alacağı məbləği, qəflətən gözlənilməz məqamlar yaşanarsa, puldan əlavə mükafatını, ardınca da oğurluğu sifariş vermə səbəbini soruşdu.

Son sözü eşidər-eşitməz Hüma özünü ələ alıb yüksək səslə “mənim səbəblərim özümə aiddir. Əlavə detalları isə yalnız və yalnız oğrunun özü ilə danışacağam və ödəyəcəyim məbləğ də lazımi qədər səxavətli olacaq”.

- Belə hesab edirəm ki, siz bu rayonda sanki işəgötürən agentlik kimisiniz. Odur ki, ödəyəcəyim səxavətli təzminat müqabilində sizdən rayonun ən aciz, lakin heç nədən, hətta Allahın qəzəbindən belə qorxmayan, əlacsız və çarəsiz birini tələb edirəm. Başqa kimsə mənə gərək deyil!

Bu an kimsə ağ neft lampasını yandırdı və Hüma üzündə “sin”* (*Sin - ərəb hərfi.) hərfinə bənzər çapığı olan nəhəng, ağsaçlı kişini gördü. Bir anlıq Hüma qarşısında ruh görürmüş kimi tamaşa etdi. Uşaqlıq kabusunu xatırladı. Atta və Hümanın dayəsi növbəti dəcəlliyin qarşısını almaq üçün deyərdi:

- Əgər sözə baxmasanız, xahiş edəcəm Şeyx Sin - “oğruların oğrusu” sizi aparsın.

Üzündə dərin çapıq izi açıq-aydın seçilən ağsaçlı şəxs oğurluq üzrə yaxşıların yaxşısı idi. Kişi “bu işi məndən yaxşı kimsə bacarmaz” deyəndə Hüma havalandığını düşündü.

Yenidən doğulmuş uşaqlıq kabuslarını boğub cəsarətlə yaxınlaşdı və könüllü olan ağsaçlı oğruya bu təhlükəli “səyahətə” məhz başqa çıxış yolu olmadığından, məcburən çıxdığını dedi.

- Bir dəqiqə belə itirmək olmaz, - Hüma sözə davam etdi, - məhz buna görə heç nəyi ötürmədən, ən xırda məqamına kimi hər şeyi danışacağam. Əgər hekayəmi sonadək dinlədikdən sonra qərarınızdan dönməsəniz, əlimdən gələn köməkliyi edər, iş başa çatdığı zaman da səxavətli mükafat verərəm.

Ağsaçlı çiynini dartıb başını yellədikdən sonra kənara tüpürdü. Hüma hekayəni danışmağa başladı: Cəmi altı gün əvvəl imkanlı sələmçi olan atası Haşimin evində gün hər səhər olduğu kimi başlamışdı. Üzündən sevgi yağan ana yoldaşının qarşısına bir sini hiçri qoydu və söhbətləri hər zamankı kimi xoş keçdi. Haşim hər fürsət düşəndə bütün var-dövlətini dini “əhd”-lərinə görə deyil, məhz “həyata hörməti” naminə qazandığını deyirdi. Onun sadə və bir o qədər dəbdəbəli evində ən kasıb insanları, ona pul borcu olanları belə hörmət və izzətlə qarşılayırdılar. Təbii ki, pulun yetmiş faizini verərdisə, qalan otuz faizini də artıqlamasıyla geri alardı. Haşim hiçri çəkən yoldaşına baxıb “onlara pula hörmət etməyi öyrədirəm. Səhvindən nəticə çıxarıb pis vərdişindən və borc almaqdan qurtulsalar, mən də bir tikə çörəyə həsrət qalacağam”.

Sələmçi və yoldaşı uşaqları Atta və Hümaya qənaət etməyi, azad fikirli və dürüst olmağı öyrədirdilər. Bu barədə də Haşim əlavələrini gizlətmirdi.

Qəlyanaltı bitdikdən sonra ailə üzvləri bir-birinə uğurlu iş günü arzulayıb sağollaşdılar. Lakin bir neçə saat keçmişdi ki, evin şüşətək incə əmin-amanlığı, çini qablartək nəzakəti, zərifliyi çilik-çilik oldu və keçmiş günləri qaytarmaq kimi ümidləri də qalmadı.

Sələmçi işlərinin ardınca getmək üçün şəxsi şikarəsinə keçməyə hazırlaşırdı ki, qayıq ilə şəxsi limanı arasındakı suda gümüşü parıltı diqqətini çəkdi. Haşim tərəddüd etmədən buz kimi sudan gümüşü parıltını götürdü.

Gümüşü parıltı deyə əlinə aldığı adi silindrik şüşə idi. Lakin üstdən gümüşü sapla incə şəkildə hörülmüşdü. Haşim diqqətlə baxanda şüşənin içində insan saçını gördü.

Əllərini sıxıb qayıqçıya planlarının dəyişdiyini deyib evinə, şəxsi otağına keçdi və gümüşü qabı incələməyə başladı. İlk incələmədən sonra sələmçi Haşim əlindəki nadir gümüşü şüşə içindəki saçların Məhəmməd Peyğəmbərə (s.a.s) aid olduğunu anladı. Həzratbal məscidindən oğurlandıqdan sonra qəzəb və fəryad səsləri bütün vadini bürümüşdü.

Çox güman ki, oğrular əhalinin ağlaşması, siyasi çıxışları, kütləvi axtarışları nəticəsində öz adlarının ləkələnməməsi üçün çaxnaşmaya düşüb ilk fürsətdə gümüşü şüşəni gölə atıblar. Bəxtinin gətirdiyini hesab edən Haşim saçları məscidə geri qaytarmaqla əhaliyə və dövlətə rahatlıq bəxş edəcəkdi. Lakin qəfildən ağlına başqa fikir gəldi.

Otağın dörd tərəfi Haşimin kolleksiya toplamaq kimi ehtirasını əks etdirirdi. Şüşə vitrinlərdə qulmarq* (*Qulmarq - Şiranqarın məşhur bağları.) kəpənəkləri kimi qılınclar asılmışdı. Onların ortasında naqov* (*Naqov - Hindistanın şimal-qərbindəki Hannibal qəbiləsi.) nizələri, müxtəlif metallardan hazırlanmış 3 ədəd zamzama* (Zamzama - Multan qalası ələ keçdikdən sonra Lahura gedən yolda quraşdırılmış məşhur 4,3 m-lik toplar. Bu topları Redyard Kiplinq “Kim”(1901) romanı ilə ölümsüzləşdirmişdi.) toplarının nüsxəsi, eyni zamanda doxsan ədəd ardıcıl düzülmüş dəvə heykəlləri, dəzgahlardan məşhur olan samovarlar, səndəl ağacından hazırlanmış, adətən uşaqları çimizdirərkən əyləndirmək üçün istifadə edilən müxtəlif növ heyvanlar vardı.

- Onsuz da, - Haşim öz-özünə dedi, - Peyğəmbərin (s.a.s) özü də nadir əmanətin üstündə canfəşanlıqla ibadət edilməsini istəməzdi, - həmin dəqiqə ilahiləşdirmə fikrinə nifrət etdi, - əgər bu saçları lazımi yerə qaytarsam, din fanatlarının gözündə vəzifəmi yerinə yetirmiş olacağam. Təbii ki, məni bu əşyanın dini tərəfi yox, mənəvi tərəfi maraqlandırır. Bu əşyaya baxarkən onun nadir gözəlliyini görürəm və qiymətləndirirəm. Qısacası, mən fialı əldə etmək istəyirəm, Peyğəmbərin (s.a.s) saçlarını yox. Amerikalı milyonerlər dünyanın dörd bir yanından nadir əşyaları alır ki, zirzəmisində hər kəsdən gizli saxlasın. Bax, onlar mənim nə demək istədiyimi anlayardılar. Bu nadir əmanətdən ayrıla bilmərəm.

Heç bir kolleksiyaçı öz nadir tapıntılarını kimlərəsə göstərmədən dayana bilmir. Odur ki, Haşim də bu nadir gözəlliyi oğlu Attaya göstərdi. Kimsəyə bir kəlmə deməyəcəyinə dair söz versə də, Atta buna əmin deyildi. Ailəsinin yaşadığı çətinliklərdən sonra daha susa bilməmişdi.

İlk dəfə nadir əşyanı görəndə atasından üzr istəyib getmişdi. Xəzinəsinə xüsusi heyranlıqla baxan Haşim həmin vaxt sərt qoltuğunda oturmuşdu. Evdə hər kəs bilirdi ki, sahib heç zaman nahar etmir, odur ki, axşam qulluqçu otağa gəlib sahibi şam yeməyinə çağırdı. Attanın otaqdan çıxdığı an Haşim necə oturmuşdusa, nökər gələnədək yerindən tərpənməmişdi, hətta bir qədər şişmişdi. Gözlər bərəlmiş, göz qapaqları qızarmış, yumruq sıxdığı üçün əlləri belə ağrımışdı.

Bu dəqiqə partlayacaqmış kimi görünürdü. Sanki haqsızlıqla əldə olunan nadir tapıntıdan sirli maye axıb Haşimin bədəninə dolub və qısa zamanda deşik-deşik etməyə hazırlaşır. Başqasının köməyi ilə Haşim yemək masasına kimi getdi. Lakin bu an evdə, həqiqətən, “partlayış” oldu.

İsti ailə bağlarını kökündən silkələyəcək sözlər bir nəfəsə Haşimin dilindən çıxırdı. Sanki daxilində fəvvarə vururdu.

Bənizi ağarmış uşaqlarına baxıb xanımına “ailə həyatım ən bəd xəstəliklərdən betərdir!” Ardınca “rədd olsun, mədəniyyət! Rədd olsun, riyakarlıq!”, dedi. Sonra xanımının ağarmış üzünə baxıb sevgilisinin olduğunu, bu illər ərzində neçə dəfə sifarişlə qadın çağırdığını, mirasın yalnız 8 faizini xanımına qoyduğunu dedi. “İslam qaydalarında 8 faizdən az olsaydı, lap az miras qoyardım!”, dedi. Sonra heyrətə gəlmiş uşaqlarına baxıb əvvəlcə Attanın üstünə qışqırdı və onu ağıldan kəm adlandırdı.

- Axmaq! Allah məni sənin kimi oğulla cəzalandırıb! - dedi.

Sonra qızı Hümaya baxıb onu azğınlıqda ittiham etdi. Şəhərdə üzü açıq gəzdiyini, başqa müsəlman qızlara da pis nümunə olduğunu qışqırdı. O andan etibarən qadın əhatəsindən çıxmamasını əmr etdi. Süfrədə heç nəyə toxunmadan otağına gedib ürəyindəkiləri deyib rahatlaşdıqdan sonra dərin yuxu yatdı. Nə süfrə başında ağlayan ailə üzvlərini, nə də eşitdiklərindən heyrətlənmiş qulluqçusunu düşündü.

Sabahsı gün Haşim səhər beşdə bütün ailə üzvlərini oyatdı və yuyunub gün ərzində beş dəfə onunla birlikdə dua etməsi üçün hər kəsi məcbur etdi.

Elə həmin səhər qəlyanaltıdan sonra Hüma atasının əmri ilə nökərlərin kitabları baxçaya çıxarıb yandırdıqlarını gördü. Evdə qalan tək kitab Quran idi. Hansı ki, Haşim ipək parça arasına büküb qonaq otağındakı stola qoymuşdu. Əmr etdi ki, evdə hər kəs günə ən az iki saat sərf etməklə dəyərli kəlamları oxusunlar. Televizor qadağan olunmuşdu. Attanın hər hansı dostu ziyarətə gələrsə, Hüma otağından çıxmamalıdır - göstərişini vermişdi.

O gündən etibarən evləri kədər və zülmətə qərq olmuşdu. Lakin əsl fəlakət hələ qarşıda idi.

Növbəti gün Haşimin yanına sələm almış və qaytarmaq üçün yetəri qədər pulu olmadığından bir neçə gün möhlət istədiyini demək üçün biri gəlmişdi. Ancaq bu an özü də bilmədən səhv buraxmışdı. O, Haşimə Quranda sələm və faizçilər haqqında olan “cəsarətli” fikirləri səsləndirmişdi.

Haşim qəzəblənib yazığı qamçı ilə çırpır, bir zamanlar heyvan eksponatlarını düzdüyü divarlar boyunca itələyirdi. Təsadüfdən həmin gün digər borclu da gəlib sələmi ödəyə bilmək üçün möhlət istəmişdi. Ata onu da eyni ilə qamçılamışdı. Lakin digərindən fərqli olaraq bu şəxsin sağ əlindən qan axırdı. Başqasının xeyrini oğurlayanı düşmən hesab edib Haşim divara asdığı kukrilərin* (*Kukri - döymə silahları ilə məşhur olan qəbilə.) otuz səkkiz bıçağından biri ilə borclunun əlini kəsmək istəyirmiş.

Atta və Hüma ailənin yazılmamış yeni qaydalarına əməl etməkdə çətinlik çəkirdilər. Haşim çox dərinə getmişdi. Hətta xanımı borclunu niyə döydüyü soruşanda bu, onun xoşuna gəlməmiş və onu da döyməyə başlamışdı. Atta anasını müdafiə etmək istəyəndə Haşim Attanı da yerə yıxmışdı. Haşim:

- Bu gündən etibarən qaydaların nə olduğunu bilərsiniz! - demişdi.

Həmin gecə səhərədək və üçüncü gün axşamadək xanımı əsəblərini cilovlaya bilmirdi. Nəhayət, Haşim susmazsa, boşayacağı ilə hədələdi. Qadın otağına keçib qapını açarla bağladı və hıçqırıqlar içində səssizcə ağlamağa davam etdi.

Hümanın da səbir kasası daşmışdı. İndiyə qədər müstəqil olmağı öyrətdiyi halda birdən-birə üzünün qapanmasını tələb edən atasının qərarına qarşı çıxıb “üz örtüsü gözləri zəiflədir” deyərək bir daha üzünü örtməyəcəyini bildirdi. Haşim bir qədər düşündükdən sonra onu mirasdan məhrum etdiyini və bir həftə ərzində evi tərk etməsini tələb etdi. Dördüncü gün qorxu bütün evi ağuşuna almışdı. Elə həmin gün Atta bacısına atasının nadir tapıntısından danışdı.

Həmin gün Haşim iki başkəsən adamla şəhərə, borclarını qaytarmayanlardan pullarını tələb etməyə getmişdi. Ailənin tək varisi olduğundan atasının seyfinin açarı Attada da vardı. Odur ki, otağa keçib seyfdən gümüşü fialı götürüb şalvarının cibinə qoydu. Bacısına baxıb:

- Bəlkə də, son günlərdə evdə baş verənlər ağlımı alıb. Ancaq dəqiq bilirəm: nə qədər ki, bu saçlar bizim evdədir, yaxşı heç nə gözləmə, - dedi.

Hüma qardaşı ilə razılaşdı və əşyanı tez bir zamanda məscidə qaytarmasını istədi. Atta qayığa minib məscidə tələsdi. Məscid önündə ağlayan, sızlayan din fanatlarını görüb əlini cibinə saldı. Fial yox idi. Cibində kiçik deşiyi görüb gümüşü şüşənin harasa düşdüyünü hesab etdi və özünü yüngülləşmiş hiss etidi. Əgər mollaya “oğurlanmış saçları tapmışam” desəydi, bu insanların içindən sağ çıxmayacağını düşünüb son dörd gündə ilk dəfə gülmüşdü.

- Bizə bu fialdan qurtulmaq lazım idi. Bu da öz-özünə baş verdi, - deyib qayığa tələsdi.

Evə girər-girməz qonaq otağında döyülmüş, qan içində ağlayan bacısını gördü. Otaqdan anasının ağlamaq səsini eşidib bacısını qaldırdı və səbəbi soruşdu. Hüma da atasının evə qayıdarkən yenə suda parlayan gümüşü şüşəni görüb ora necə düşdüyünün səbəbini öyrənirmiş. Bu an Atta əlləri ilə üzünü tutub ağlamağa başladı və ağlayarkən şüşə barədə nəsə uydurmaq lazım olduğunu düşünüb atasının otağına getdi.

Səhəri gün Hümanın üzündəki döyülmə izləri nisbətən solmuşdu. Qardaşını qucaqlayıb qulağına saçlardan nəyin bahasına olursa olsun, xilas olmaq lazım olduğunu pıçıldadı və son cümləni bir-neçə dəfə təkrar etdi:

- Saçları məsciddən oğrulamaq mümkün olubsa, evdən də oğurlamaq mümkündür! Lakin bunu elə ustalıqla etmək lazımdır ki, kimsənin şübhəsini çəkməsin. Bizə bone fide* (*Fide (latınca) - Şərəfli, ləyaqətli.), peşəkar oğru lazımdır. Elə biri ki, nə polisdən qorxur, nə qarğışdan...

- Təəssüf ki, - Hüma davam etdi, - atam bir dəfə onu itirmək qorxusu yaşadığından gözbəbəyitək qoruyur. Bu da işi qəlizləşdirir. Siz bunu edə bilərsiniz? - Hüma qarşısındakı “sin” çapıqlı şəxsə nəzər salıb soruşdu.

Ağ neft çırağından düşən işıqda gördüyü şəxsə növbəti sualını verdi:

- Siz qorxmayacağınıza və işi sonadək görəcəyinizə əminsiniz?

Şəxs çiynini dartıb bir daha tüpürüb nə aşbaz, nə də bağban olmadığını və heç bir vədi verməyəcəyini dedi. Lakin qorxu hissi ona yad olduğunu və xüsusən də uşaqsayağı nağıllardan qorxusu olmadığını dedi. Ardınca oğurluğun xırdalıqları ilə maraqlandı.

- Məscidə qaytarmaq cəhdimizdən sonra atam gecələr gümüşü şüşəni yastığı altında gizlədir. Özü də otaqda tək yatır. Siz otağa elə keçməlisiniz ki, o oyanmasın və nə zamansa çönəcəyini gözləyib əşyanı oradan götürüb mənim otağıma gətirməlisiniz, - dedikcə evin təxmini sxemini göstərdi, - mən də sizə anamla mənim bütün qızıllarımı verirəm. İnanın mənə, o qızıllar müqabilində böyük sərvət qazana bilərsiniz, - bu an gözlərinin yaşardığını hiss edib özünü ələ aldı - bu gün... Siz onu bu gün oğurlamalısınız!

Hüma otaqdan çıxdıqdan sonra var gücü ilə öskürüb qanla dolu qaba tüpürdü. Şeyx Sin-oğruların oğrusu artıq qocalmışdı və xəstə idi. Oğurluqla əldə etdiyi sərvətini qumarda uduzduğundan çox kasıb idi. Hətta oğurluğa başladığı illərdəki kimi kasıb... Yerinə namizəd olan gənc oğru hər an onu bıçaqlayıb öldürməyə hazır idi. Məhz bu məqamda gənc qızın təklifi ona göydəndüşmə kimi göründü. Qazanacağı pulla vadini tərk edib özünə ev alacaqdı və adına layiq ölümü gözləyəcəkdi.

Saça gəldikdə isə nə özü, nə də kor arvadı ömür boyu heç bir peyğəmbər haqqında maraqlanmamışdı. Məhz bununla Haşimin ailəsi ilə Şeyx Sin arasında bənzərlik vardı.

Şeyxin övladları özündən fərqli olaraq dindar böyümüşdülər. Hətta bir gün Məkkədə dilənmək istədiklərini deyib Şeyxi qəzəbləndirmişdilər: “Boş-boş danışmayın. Özünüz düşünün görək, ora necə gedəcəksiniz?” Şeyxin ailəsində uşaqlar doğulduqca “xoşbəxt həyat üçün doğulub” deyərək beşikcədə balasını şikəst edirdi və beləcə dilənmək üçün böyüdürdü.

Uşaqları dilənçiliklə özlərini dolandıracaq qədər qazana bilirdilər. Odur ki, Şeyxin tək fikri kor arvadı ilə birlikdə bu xarabalıqdan köçmək idi. Ömür boyu ilk dəfə tale üzünə gülmüşdü: qapısına döyülmüş, çarəsiz, gözəl qız gələrək oğurluq təklif etmişdi.

Həmin gecə ev sakinləri oğrunu gözləyirdilər. Bunun üçün dəhlizlərdə asılmış lampaların işığını söndürmüşdülər. Gecə də oğrulara əl verəcək şəkildə düşmüşdü. Göl üzərinə duman çökmüşdü. Səma qara buludlarla örtülmüşdü. Sələmçi Haşim yatmaq üçün otağına getdi. O gecə bir tək onun yuxusu gəlirdi. Digər otaqda saçlarına yeni dən düşmüş ana kəllədaxili qanama ilə komada olan Attanın başı üstündə əyləşib göz yaşları axıdırdı. Üçüncü otaqda isə Hüma əynini dəyişmədən son ümidləri olan qızıl dolu sandıqca ilə oturub oğrunu gözləyirdi.

Nəhayət, bağçadan bülbül cəh-cəhi eşidildi. Hüma asta-asta pilləkənləri düşüb üzündə “Sin” çapığı olan bülbülə qapı açdı. Səssizcə pilləkənləri çıxıb dəhlizdə bir-birlərinə baxmadan müxtəlif istiqamətlərə getdilər. Şeyx səs salmadan peşəkarcasına sələmçinin otağına keçdi. Bu an Hümanın cızdığı sxemin necə dəqiq olduğunu anladı. Haşim yastığı və yorğanı qucaqlayıb yatırdı. Yastıq bir qədər kənara sürüşdüyündən gümüşü əşyanı götürmək heç də qəliz olmadı.

Bu an yan divardakı otaqda Atta ani olaraq yatağından oturdu. Anasını bu gözlənilməz davranışı ilə heyrətləndirmişdi. Çox güman ki, qan beyninə yetəri qədər dolmuşdu. Ya da atasının otağında nə baş verdiyindən agah olmuşdu. Burasını heç zaman dəqiq bilməyəcəyik. Atta yatağında oturub üç dəfə eyni sözü təkrar etdi!

- Oğru! Oğru! Oğru! - sonra yatağa uzanıb öldü.

Başı üstündə əyləşmiş anası ət ürpədən səslə fəryad qopardı. Elə bir fəryad ki, səsinə yan otaqdakı Haşim oyandı. Şeyx bilmədi Haşimin çənəsindən vurub yerə sərsin, yoxsa yataq altında gizlənsin. O düşünənə kimi Haşim ayağa qalxıb başı ucuna qoyduğu şəkər qamışı təsvirli bıçağını götürüb yatağın digər tərəfində dayanmış Şeyxi görmədən dəhlizə çıxdı. Şeyx bir an tərəddüd etmədən yastığı qaldırıb içində peyğəmbərin saçları olan gümüşü şüşəni götürdü.

Haşim əlindəki bıçağı dəhlizdə sağa–sola dəli kimi yellətdi. Tam ayılmadığından dəhlizdə gördüyü kölgəyə cumdu və bıçağı həmin şəxsin düz ürəyinə sancdı. Sonra gözlərini ovxalayıb işığı yandırdı. Al qan içində yerə sərilmiş qızı Hümanı görüb bıçağı çıxartdı və öz ürəyinə sancdı. Ailə üzvlərindən sağ qalmış tək insan olan ana dəhlizə çıxıb hər iki meyidi görüb dəli kimi çığırdı. Bir müddət sonra doğma qardaşı, polis komissarının müavini bacısını ruhi xəstələr üçün xəstəxanaya yerləşdirdi.

Şeyx işin pozulduğunu pıçıldadı. Yuxarıda bəhs etdiyimiz faciə baş verdiyi zaman Şeyx yan otağa keçib qızılları götürmək əvəzinə pəncərədən qaçıb canını xilas etməyə çalışdı. Evə qayıtdığı zaman səssizcə arvadına işlərin pozulduğunu və bir müddət buralardan getməli olduğunu pıçıldadı. Xanımı gözlərini açmadan onu dinləyirdi.

Həmin gecə səsdən nəinki qulluqçular, eyni zamanda o gecə nədənsə dərin yuxu yatmış qarovulçu da oyanmışdı. İlk növbətə polisə, oradan da polis komissarının müavininə xəbər verdilər. Komisar müavini Hümanın öldüyünü eşidib məktubu açdı və orada qeyd edilmiş bütün yazıları diqqətlə oxudu. Silahlı polis dəstəsinin başına keçib məktubda qeyd olunan yerə, şəhərin şəhərin ən çirkin, bədnam olmuş hissəsinə getdi.

Məhəlləyə çatar-çatmaz basqınçılardan kimsə qulağına Şeyxin adını pıçıldadı. Digəri Hümanın əlaltısına xəbər göndərib qaçmasını tapşırdı. Elə bir anda açılmış atəş pəncərədən qaçmaq istəyən Şeyxin qarnına dəydi. Atəş açan komisar müavini bu yolla qəzəbini sakitləşdirdi. Yerə sərilmiş oğrunun cibindən gümüşü şüşədə əşya parladı.

Peyğəmbərin saçlarının polis əməliyatı sayəsində məscidə qaytarılması barədə “Hindistan radio”-sunda elan edildi. Bir ay sonra ölkənin ən tanınmış din xadimləri məscidə toplaşdılar və saçların, həqiqətən, Peyğəmbərə (s.a.s) aid olduğunu qeyd etdilər. Nadir və dəyərli tapıntı hal-hazırda da güclü nəzarət altında, dünyanın ən gözəl göllərindən birinin sahilindəki məsciddə qorunur.

Lakin biz hekayəmizi Şeyxin dörd oğlu barədə bəhs etmədən bitirə bilmərik. Onlar özləri də bilmədən həmin gecə müqəddəs şüşənin olduğu evdə bir neçə dəqiqə sərf etmişdilər. Sabahsı gün yuxudan gümrah və sağlam oyanmışdılar. Sanki beşikdə ikən ataları tərəfindən şikəst edilməmişdilər. Bu sağlamlıq sayəsində dilənçilik uğursuz olurdu. Beləcə, qəpiyi-qəpiyə güclə calayırdılar.

Onlardan fərqli olaraq Şeyxin öldüyü günün səhəri xanımın gözlərinə nur gəlmişdi. O, ömrünün sonunadək Kaşmir vadisinin gözəlliyinə tamaşa edərək yaşadı.

Tərcümə: Xəyalə MURADБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ