Harda məhəbbət var, orda Allah da var - Tolstoyun hekayəsi

Tarix:8-05-2018, 17:51 Baxış Sayı:50

Harda məhəbbət var, orda Allah da var - Tolstoyun hekayəsi
Azərbaycan dilində ilk dəfə

Şəhərdə Martın Avdeiç adlı bir nəfər çəkməçi yaşayırdı. O, zirzəmidə, birpəncərəli otaqda qalırdı. Pəncərə küçəyə baxırdı. Adamların küçədən necə gəlib-keçmələri pəncərədən görünürdü; təkcə ayaqları görünsə də, Martın Avdeiç adamları çəkmələrindən tanıyırdı. Burda çoxdan yaşadığından tanıdığı adamların sayı hədsiz-hesabsız idi. Ətraf yerlərdə nadir çəkmə tapılardı ki, ən azı bir-iki dəfə əlindən keçməsin. Bəzilərinə altlıq vurur, bəzilərini yamayır, bəzilərini təzədən tikir, bəzi çəkmələri isə yenidən üzləyirdi. O, öz əl işlərini pəncərədən tez-tez görərdi. İşi başından aşırdı, çünki Avdeiç möhkəm işləyir, yaxşı materialdan istifadə edir, artıq pul götürmür və verdiyi sözün üstündə dururdu. Deyilən vaxta sifarişi yerinə yetirməyi bacarırdısa, işin altına girirdi, yox, əgər bacarmırdısa, aldatmırdı, əvvəlcədən deyirdi. Hamı da bilirdi ki, Avdeiçin işi başından aşır. Avdeiç yaxşı adam kimi tanınırdı, amma qocalığa doğru o daha çox öz qəlbi barədə düşünməyə və Allaha daha da yaxınlaşmağa başladı. Hələ sahibkar yanında yaşadığı vaxt arvadı dünyasını dəyişmişdi. Bu qadından üçyaşlı bir oğlan uşağı qalmışdı. Uşaqları qalmırdı. Bütün böyük uşaqları əvvəllər tələf olmuşdular.

Martın əvvəl istədi ki, oğulcığazını kənddə yaşayan bacısına versin, ancaq sonradan uşağa yazığı gəldi - düşündü: «Kapitoşkama özgə ailədə böyümək çətin olacaq, yanımda saxlayacağam». Və Avdeiç sahibkar evini tərk edib, oğlu ilə bu mənzildə yaşamağa başladı. Hə, Allah Avdeiçə uşaq cəhətdən bəxt verməmişdi. Elə ki, oğlan böyüməyə və atasına kömək eləməyə başladı, ona fərəhlənməyin vaxtı yetişdi. Kapitoşkanın canına xəstəlik çökdü, oğlan yatağa düşdü, bir həftə qızdırmadan qovruldu və öldü. Martın oğlunu dəfn etdi və ümidsizliyə qapıldı. Elə ruhdan düşdü ki, Allahdan şikayətlənməyə başladı. Martının canına elə üzüntü çökdü ki, dəfələrlə Allaha yalvarmağa və ondan gileylənməyə başladı ki, onun, qocanın canını almaq əvəzinə yeganə sevimli oğlunu əlindən alıb. O, kilsəyə getməkdən də vaz keçdi. Avdeiçin artıq səkkiz il gəzib-dolaşmaqda ömür keçirən Troitsalı qoca bir həmyerlisi günlərin bir günü ona baş çəkdi. Avdeiç ürəyini açdı və kədəri ilə bağlı şikayətini ona söylədi.

- Ey Allah adamı, yaşamağa belə həvəs qalmayıb, - deyir. Allahdan ölüm arzulayıram. Başqa təvəqqəm yoxdur. İndi carəsiz bir adama çevrilmişəm.

Qocacığazsa ona dedi:

- Martın, sən yaxşı danışmırsan, Allahın işlərini mühakimə etmək bizlik deyil. Allah özü bilən yaxşıdır. Oğlunun ölməyini və sənin yaşamağını Allah özü məsləhət bilib. Deməli, belə yaxşıdır. Sən məhz öz nəşən üçün yaşamaq istədiyindən bu cür ümidsizliyə qapılırsan.

- Nə üçün yaşamalıyam ki? - deyə Martın soruşdu.

Qocacığazsa ona dedi:

- Martın, Allah üçün yaşamaq lazımdır. O, sənə həyat verir, onun üçün də yaşamaq lazımdır. Nə vaxt onunçun yaşamağa başlarsan, onda heç nədən ötrü qəm çəkməzsən, hər şey sənə asan görünər.

Martın azca susdu və dedi:

- Bəs Allah üçün necə yaşayırlar?

Və qocacığaz söylədi:

- Allah naminə yaşamağın yolunu bizə həzrəti İsa göstərib. Oxuya bilirsənmi? İncili al və oxu, Allah naminə necə yaşamağı ordan öyrənəcəksən. Orda hər şey göstərilib.

Bu kəlmələr Avdeiçin qəlbinə hakim kəsildi. Gedib elə həmin gün iri hərflərlə yazılmış Əhdi-cədidi aldı və oxumağa başladı.

Avdeiç yalnız bayram günləri oxumaq istəyirdi, lakin oxumağa başlayan kimi elə ürəyinə hakim kəsildi ki, hər gün oxumağa başladı. O birisi günlər başı oxumağa elə qarışırdı ki, lampadakı bütün neft yanıb qurtarır, o isə kitabdan aralanmaq bilmirdi. Beləcə Avdeiç hər axşam oxumağa başladı. Oxuduqca da ona daha da aydın olurdu ki, Allah ondan nə istəyir və Allah naminə necə yaşamaq lazımdır, beləliklə, günü-gündən ürəyi yüngülləşirdi. Əvvəllər elə olurdu ki, yatmağa uzanır, ufuldayır və elə hey Kapitoşkanı yadına salırdı, indi isə bircə bu kəlmələri dilinə gətirirdi: «İlahi, həmd olsun sənə, şükür sənə! Özün bilən yaxşıdır».

Elə o vaxtdan da Avdeiçin bütün həyatı dəyişdi. Əvvəllər elə olurdu ki, asudə vaxtında çay içmək üçün meyxanaya girər, araqdan da imtina etməzdi. Bəzən tanış adamla içər, sərxoş olmasa da, meyxanadan şən əhval-ruhiyədə çıxar və boş-boş şeylər danışardı: adamı itələyər və söyüşə basardı. İndi bu şeylər ona yad olmuşdu. Həyatı sakit və xoş olmuşdu. Səhərdən işlə məşğul olar, iş vaxtı bitən kimi lampanı asılqandan götürüb masanın üstünə qoyar, taxçadan kitabı əlinə alar, açıb oxumağa başlayardı. Oxuduqca da hər şeyi daha yaxşı başa düşür, könlü və ruhu daha da xoş olurdu.

Bir dəfə elə oldu ki, Martın gecəyarıyadək aramsız oxudu. O, Lukanın söylədiyi İncili oxuyurdu. O, altıncı fəsli oxudu, şeirləri oxudu: «Bir yanağına sillə vurdularsa, o biri yanağını da qoy; üst paltarını əlindən alana köynəyini çıxartmağa da mane olma. Səndən istəyən hər kəsə ver və sənə məxsus olanı götürəndən geriyə qaytarmağı tələb etmə. İnsanların sizinlə necə davranmalarını arzulayırsınızsa, siz də onlarla elə davranın».

Allah kəlamlarını ehtiva edən digər sətirləri də oxudu:

«Nədir, siz mənə «İlahi, İlahi!» - deyə müraciət edirsiniz və dediklərimi yerinə yetirmirsiniz?» Mənim dərgahıma üz tutan hər kəsin, mənim sözlərimə qulaq asan və ona əməl edən istənilən bəndənin kimə bənzədiyini sizə söyləyirəm: O, yeri dərin qazıb, daş üstündə bünövrə qoyan insana bənzəyir, çünki bünövrə daş üstündə oturduğundan onun tikdiyi evi daşqın zamanı su yerindən tərpədə bilmədi. Dediklərimi eşidib əməl etməyənlər isə bünövrəsiz ev tikən insana bənzəyirlər, çünki su basan kimi bu ev dərhal dağıldı; bu isə çox böyük bir dağıntı idi».

Avdeiç bu kəlmələri oxudu və qəlbi işıqlandı. Eynəyini çıxartdı, kitabın üstünə qoydu, masaya söykəndi və fikrə getdi. Bu kəlmələri öz həyatına şamil etməyə başladı və öz-özünə düşündü:

- Görəsən mənim evim daş üstündədi, yoxsa qum üstündə? Əgər daş üstündədirsə, yaxşıdır. Tək oturursan, düşünürsən, yüngülləşirsən, sanki hər şeyi Həzrəti İsa buyurduğu kimi eləmisən, amma fikrin dağıldımı - yenə də günah işlədirsən. Hər halda, çalışacağam ki, günaha batmayım. Belə daha yaxşıdır. İlahi, mənə yardım et!

Bu cür düşündü, uzanmaq istədi, ancaq kitabdan ayrılmaq olmurdu. 7-ci fəsli də oxumağa başladı. O, yüzbaşıdan bəhs edən yeri oxudu, dul qadının oğlu barədə oxudu, İohanın şagirdlərinə cavablarını oxudu və bir nəfər zəngin riyakarın Həzrəti İsanı öz evinə qonaq çağırmağından bəhs edən yerə gəlib çatdı, günahkar qadının onun ayaqlarını necə yağladığı, göz yaşları ilə yuduğu və onu necə bağışladığı barədə sətirləri oxudu. Və o, 44-cü şerə çatdı və oxumağa başladı:

«Və üzünü qadına tutub Simona dedi: bu qadını görürsənmi? Mən sənin evinə təşrif buyurdum və sən ayağımı yumaq üçün mənə heç su da vermədin; o isə göz yaşları ilə ayaqlarımı yudu və saçları ilə quruladı. Sən məni öpmədin, o isə mən bura qədəm qoyandan ayaqlarımı öpməkdən əl çəkmir. Sən mənim başımı yağlamadın; o isə dostcasına ayaqlarımı yağladı». O, bu kəlmələri oxuyaraq düşündü: «Ayağıma su vermədin, öpmədin, başıma yağ çəkmədin...»

Avdeiç yenidən eynəyini çıxartdı, kitabın üstünə qoydu və yenə fikrə daldı.

«Görünür, bu riyakar elə mənim kimi adammış. Elə mən də ancaq özüm haqqında düşünürdüm. Doyunca çay içim, özü də isti-isti, həm də hava dəysin, qonaq barəsində düşünmək belə ağlıma gəlmirdi. Özümü düşünürdüm, qonaq vecimə də deyildi. Bəs qonaq kimdir? Həzrəti İsanın özü. Mənim yanıma gəlsəydi, o cür qarşılaya bilərdimmi?»

Beləcə Avdeiç dirsəklənərək, başını əlləri arasına aldı və yuxuya getdi.

- Martın! - sanki kimsə qulağının dibində nəfəs alırmış kimi, birdən səs eşitdi.

Martın yuxulu-yuxulu tərpəndi:

- Kimdi orda?

O çevrilib qapıya baxdı, heç kəsi görmədi. Yenidən siqaret yandırdı. Qəflətən qulağına aşkar səs gəldi:

- Martın, a Martın, sabah küçəyə bax, gələcəm!

Martın yuxudan ayıldı, stuldan qalxdı, gözlərini ovuşdurmağa başladı. Və bu sözləri aşkardan, yoxsa yuxuda eşitdiyini özü də anlaya bilmədi. Lampanı yığışdırdı və yerinə uzandı.

Səhər tezdən işıqlanmamış Avdeiç ayağa qalxdı, Allaha dualar etdi, peçi yandırdı, kələm şorbası, sıyıq hazırladı, samovarı yandırdı, döşlüyü geyib, pəncərəyə yaxın oturdu. Avdeiç oturub işləyir, amma elə hey dünənki barədə düşünürdü. Düşüncələrində qeyri-müəyyənlik vardı: gah elə fikirləşirdi ki, nəyisə dolaşıq salır, gah da ona elə gəlir ki, doğrudan da səs eşidib: «Hə, nə etməli, bu da olub».

Martın pəncərənin yanında oturub, işləməkdən çox pəncərəyə baxmaqla məşğul idi və kimsə tanış gəlməyən çəkmələrlə keçən kimi ayaqlarla kifayətlənməyib, əyilib hətta sifətinə baxırdı. Təzə keçə çəkmələrdə dalandar gəlib keçdi, ardınca suçu getdi, sonra pəncərənin önündə ayağına nimdaş keçə çəkmələr geymiş və əlinə bel almış qoca Nikolay əsgəri göründü. Avdeiç onu çəkmələrindən tanıdı. Qocanın adı Stepanıç idi, qonşu tacir mərhəmət göstərib onu yanında saxlayırdı. Vəzifəsi dalandara kömək etməkdən ibarət idi. Stepanıç Avdeiçin pəncərəsi qarşısındakı qarı təmizləməyə başladı. Avdeiç ona baxdı və yenidən öz işinə girişdi.

- Görünür, ağlım çaşıb, qocalıqdandır, - Avdeiçin özünə gülməyi tutdu. - Stepanıç qar təmizləyir, mənsə düşünürəm ki, Həzrəti İsa yanıma təşrif buyuracaq. Tamam ağlını itirmisən, qoca kaftar.

Avdeiç on-on beş tikiş atsa da, fikri yenə pəncərədə qalmışdı. Yenə pəncərəyə baxdı, görür ki, Stepanıç əlindəki kürəyi divara söykəyib, bilmək olmur ki, bədənini qızdırır, yoxsa dincəlir.

Qocadır, haldan düşüb, görünür, qar təmizləməyə gücü də qalmayıb. Avdeiç düşündü: bəlkə onu çaya dəvət edim, özü də samovar artıq sönməkdədir. Avdeiç bizi yerinə sancdı, ayağa durdu, samovarı stolun üstünə qoydu, çay süzdü və barmağı ilə pəncərəni döydü. Stepanıç başını çevirdi və pəncərəyə yanaşdı. Avdeiç işarə ilə onu içəri çağırdı və qapını açmağa getdi.

- İçəri keç, qızın, - dedi. - Görünür, donubsan.

- Həzrəti İsa dadımıza çatsın, elədir ki, var - soyuq adamın sümüyünə işləyir, - Stepanıç dilləndi.

Stepanıç içəri keçdi, qarı üstündən çırpdı, ayaqlarını sildi ki, döşəməni batırmasın, özü isə ayaq üstə güclə durmuşdu.

- Zəhmət çəkib silmə. Özüm silərəm, işimizin adı budur, keç, otur, götür çay iç, - deyə Avdeiç söylədi.

Avdeiç iki stəkan çay süzdü, birini qonağın qabağına qoydu, öz stəkanından nəlbəkiyə töküb, soyutmağa başladı.

Stepanıç çayını içdi, stəkanı ağzı üstə çevirdi və dişlədiyi qəndin tikəsini onun üstünə qoyub minnətdarlıq eləməyə başladı. Amma görünür, ürəyi yenə çay istəyirdi.

- Birin də iç, - Avdeiç dedi və həm özünə, həm də qonağa daha bir stəkan çay süzdü.

Avdeiç çay içməkdə idi, lakin nədənsə elə hey küçəyə baxırdı.

- Yoxsa kimisə gözləyirsən? - deyə qonaq soruşdu.

- Kimisə gözləyirəm? Kimi gözlədiyimi demək də ayıbdır: gözləyirəm, ya gözləmirəm, ürəyimə də bir söz gəlib. Gözümə görünür, yoxsa elə belədir, özüm də baş açmıram. Qardaşımsan, dünən atamız Həzrəti İsa barədə İncili oxuyurdum: o hansı əzablara düçar olub, aləmi necə gəzib dolaşıb. Eşitməmiş olmazsan?

- Eşitməyinə eşitmişəm, - Stepanıç cavab verdi, hə, biz qara camaatıq, savadsızıq.

- Hə, budur, onun dünyanı necə dolaşmağı barədə oxuyurdum, bilirsən, onun bir nəfər riyakarın yanına necə gəldiyi barədə oxuyuram, o adamsa onun görüşünə çıxmır. Hə, qardaş, mən də dünən elə bu barədə fikirləşirdim: atamız Həzrəti İsanı ləyaqətlə qarşılamayıb. Düşünürəm ki, məsələn, mənim və ya başqa birisinin əlinə belə bir fürsət düşsə, dəridən-qabıqdan necə çıxacağımızı bilməzdik. Riyakar isə heç qarşısına da çıxmadı. Elə bu düşüncələrlə də mürgülədim. Hə, qardaşım, bax beləcə mürgüləyir və eşidirəm ki, adımı tutub çağırırlar; ayağa qalxdım, səs gəlir, kimsə pıçıldayır ki, gözlə, sabah gələrəm. Özü də iki dəfə dedi. İnanırsan, bu, birbaşa beynimə işlədi - özümü danlayır və elə hey onu - atamızı gözləyirəm.

Stepanıç başını yellədi və bir söz demədi, çayını axıradək içib stəkanı ağzı üstə qoydu, lakin Avdeiç yenidən stəkanı qaldırdı və bir daha çay süzdü.

- Nuş olsun. Mən də düşünürəm ki, atamız insanların arasında olanda heç kəsdən iyrənməz və daha çox sadə camaatın qayğısına qalardı. Ancaq sadə insanların qapısına gələrdi, şagirdlərini də daha çox bizim kimi günaha batmış qara camaatın içərisindən - zəhmətkeşlərdən seçərdi. Deyərdi: kim ki, özünü göylərə qaldırır, o, özünü alçaldır, kimsə özünü alçaldırsa, o da göylərə ucaldılır. Siz məni Allah oğlu deyə çağırırsınız, deyir, mənsə, deyir, sizin ayaqlarınızı yuyaram. Kim birinci olmaq istəyirsə, deyir, o hər kəsin xidmətçisi olmalıdır. Çünki söyləyir, yoxsullar, mütilər, həlim xasiyyətlilər, lütfkarlar müqəddəsdirlər.

Çay Stepanıçın yadından çıxdı, o, qoca və ürəyiyumşaq adam idi. Oturub qulaq asır, yanaqlarındansa yaş süzülürdü.

- Hə, birini də iç. - Avdeiç dedi. Amma Stepanıç xaç vurdu, təşəkkür etdi, stəkanı geriyə itələdi və ayağa qalxdı.

- Səni sağ olasan, - dedi, - Martın Avdeiç, məni qonaq etdin, ruhumu və bədənimi doyuzdurdun.

- Xahiş edirəm, yenə də gəl, qonağa gözüm üstə yer var, - Avdeiç bildirdi.

Stepanıç çıxıb getdi, Martınsa çayı axıradək içib, qab-qacağı yığışdırdı və yenə də pəncərə qarşısında oturub işinə girişdi - ayaqqabının dalını tikməyə davam etdi. Tikiş atır, amma elə hey pəncərəyə baxır - Həzrət İsanın gəlişini gözləyir, ancaq onun barəsində və onun əməlləri haqqında düşünürdü. Başında isə elə hey Həzrəti İsanın müxtəlif nitqləri dolaşırdı.

Yandan iki əsgər keçdi, biri dövlətin verdiyi çəkmədə, digərisə özününkündə, sonradan tər-təmiz qaloşda qonşu evin sahibi keçib getdi, ardınca da çörəksatan keçdi. Hamısı yan keçdi və budur, pəncərənin bərabərində yun corablı, kənd başmaqlarında bir qadın göründü. Pəncərənin yanından ötüb aralıqda dayandı. Avdeiç pəncərənin altından ona nəzər saldı, gördü ki, qadın yaddır, pis geyinib, həm də uşaqladır, divarın dibində üzü küləyə tərəf durub, uşağı bükür, bükməyə də bir şey yoxdu. Qadının əynindəki yay paltarıdır, həm də yararsızdır. Avdeiç çərçivə arasından eşitdi ki, uşaq qışqırır, qadınsa onu dilə tutur, amma heç cür ovundura bilmir. Avdeiç ayağa qalxdı, qapıya çıxdı və pilləkəndə durub çağırdı:

- Ağıllı qız, ay ağıllı qız! - Qadın eşitdi və çevrildi. - Niyə uşaqla soyuqda dayanmısan? Otağa keç, istidə onu daha yaxşı qoruyarsan. Bax, bura keç.

Qadın təəccübləndi. Gördü ki, əynində önlük, eynəkləri burnunun üstünə düşmüş qoca bir kişi onu özü tərəfə çağırır. Qocanın arxasınca getdi.

Pilləkənin altına keçdilər, otağa girdilər, qoca qadını çarpayının yanına ötürdü.

- Ağıllı qız, bura keç, - söylədi, - sobaya yaxın otur, - qızınarsan və körpəni də yedizdirərsən.

- Döşdə süd yoxdur, səhər tezdən öz ağzıma da bir tikə dəyməyib, - qadın söylədi və hər halda uşağı döşünə sıxdı.

Avdeiç başını yellədi, masaya yaxınlaşdı, çörək və kasa çıxartdı, peçin qapağını açdı, kasaya kələm şorbası tökdü, sıyıq dolu bardağı çıxartdı, amma hələ bişməmişdi, təkcə kələm şorbası doldurdu və masanın üstünə qoydu. Çörək çıxartdı, dəsmalı asılqandan götürüb masanın üstünə qoydu.

- Otur, - söylədi, - ye, ağıllı qız, mənsə körpə ilə oturaram, axı mənim də uşaqlarım olub - onlara baxmağı bacarıram.

Qadın xaç vurdu, masaya yaxın oturdu və yeməyə başladı, Avdeiçsə çarpayıya uşağın yanına əyləşdi. Avdeiç dodaqlarını marçıldatdı, marçıldatdı, ancaq dişləri olmadığından bunu pis bacardı. Uşaqsa elə hey qışqırırdı. Avdeiç barmağı ilə onu qorxutmaq qərarına gəldi, barmağı ilə düz uşağın ağzına qulaylanır, qulaylanır və geri çəkirdi. Barmağını uşağın ağzına vermir, çünki qapqara idi, bişmiş qatrana bulaşmışdı. Uşaqsa barmağa baxıb-baxıb sakitləşdi, sonra gülməyə başladı. Avdeiç də sevindi. Qadınsa yeyir, özü də danışırdı ki, kimdir, hardan gəlib hara gedir.

- Mən, - söyləyirdi, - əsgər ailəsiyəm, səkkiz ay əvvəl ərimi uzaqlara apardılar, insi-cinsi də yoxdur. Aşpazdım, uşaq doğdum. Uşaqla saxlamadılar. Budur, üçüncü aydır ki, yersiz çırpınıram. Nəyim vardı, hamısını xərclədim. Dayəlik etmək istəyirdim - götürmürlər: arıqsan, deyirlər. Tacir qadının yanına getmişdim, orda bizim mamaça yaşayır, götürməyə söz vermişdi. Fikirləşdim ki, artıq işim düzəldi. O isə gələn həftə gəlməyi buyurdu. Özü də uzaqda yaşayır. Üzüldüm, bu ürəkparamı da üzdüm. Ev sahibəsi mənzildə Həzrəti İsa xətrinə bizə rəhm edir. Yoxsa necə yaşayacağımı bir Allah bilərdi.

Avdeiç dərindən ah çəkdi və dedi:

- Yəqin, isti paltar da yoxdur, hə?

- Hə, əzizim, artıq isti geyinmək vaxtı yetişib. Dünən sonuncu baş dəsmalını iyirmiqəpikliyə dəyişdim.

Qadın çarpayıya yaxınlaşdı və uşağı götürdü, Avdeiçsə qalxıb divar şkafına doğru addımladı, orada eşələnib köhnə geyimləri gətirdi.

- Al, - dedi, - pis şey olsa belə, bürünməyə yarıyar.

Qadın geyilmiş paltarlara nəzər salıb, qocaya baxdı, paltarları götürdü və hönkürtü vurdu. Avdeiç də üz çevirdi; çarpayının altına girdi, sandıqca çıxartdı, içərisini ələk-vələk elədi və yenidən qadının qarşısında oturdu.

Və qadın dedi:

- Həzrəti İsa dadına yetişsin, baba, görünür, o, məni sənin pəncərənin altına göndərib. Yoxsa balamı donduracaqdım. Evdən çıxdım, isti idi, indisə birdən soyuq düşdü. Onunsa, atamızın, mən bəxti qaraya rəhmi gəldi, sənin pəncərənə baxmağa yönəltdi.

Avdeiç gülümsündü və dedi:

- Bəli, bunu o yönəltdi. Ağıllı qız, axı mən də pəncərəyə elə-belə baxmıram.

Martın əsgər arvadına öz yuxusunu danışdı, bu gün Həzrəti İsanın onun yanına təşrif buyuracağı vədini anladan səs eşitdiyini söylədi.

- Hər şey ola bilər, - qadın söylədi, ayağa qalxdı, geyilmiş paltarı açdı, körpəsini ona bükdü və təzim etməyə, yenə də Avdeiçə təşəkkür bildirməyə başladı.

- Həzrəti İsa xətrinə qəbul et, - Avdeiç dedi və ona iyirmiqəpiklik verdi - yaylıq alarsan. Qadın xaç vurdu, Avdeiç də xaç çəkdi və onu yola saldı.

Qadın çıxıb getdi; Avdeiç kələm şorbasını yedi, yır-yığış elədi və yenə işləməyə başladı. O işləyir, pəncərəsə havanın necə qaraldığını xatırladırdı. Avdeiç yenə başını qaldırıb baxdı ki, görsün oradan kim keçdi. Tanış olanlar da keçirdi, olmayanlar da, elə bir xüsusi adam yox idi.

Və budur, Avdeiç gördü ki, düz onun pəncərəsinin önündə bir qarı - alverçi qadın dayandı. Əlindəki səbətdə alma var idi. Görünür, lap azca qalıb, hər şeyi satıb, çiyninə isə bir kisə talaşa aşırıb. Deyəsən, hardasa tikintidə doldurub, evə aparır. Hə, görünür, kisə onun çiynini ağrıdıb; o biri çiyninə aşırtmaq istədi, kisəni panelin üstünə saldı, almalı səbəti dirəyin üstünə qoydu və talaşaları silkələyib kisəni kiçiltməyə başladı. Kisəni silkələməyə başlamışdı ki, hardansa cırıq papaqlı bir oğlan uşağı peyda oldu, səbəti əlinə aldı və aradan çıxmaq istədi, amma qarı onu gördü, ona tərəf çevrilib qoçağın qolundan yapışdı. Oğlancığaz çırpındı, canını qurtarmaq istədi, qarısa ikiəlli ondan yapışdı, papağı başından salıb saçından tutdu. Oğlancığaz qışqırır, qarısa deyinir. Avdeiç bizi yerinə taxmağa macal tapmadı, döşəməyə tulladı, qapıya atıldı, hətta ayağı pilləkənə ilişdi və eynəyi yerə düşdü. Avdeiç qaçıb küçəyə çıxdı: qarı balacanın cıqqasından yapışıb döyəcləyir və söyür, qorodovoyun (çar Rusiyasında polis - tərc.) yanına aparmaq niyyətindədir; oğlansa buraxılıb qaçmaq istəyir və ayaq dirəyir.

- Mən, - deyir, - götürmürdüm, niyə döyürsən, burax.

Avdeiç onları aralamağa başladı, oğlanın əlindən yapışdı və deyir:

- Burax onu, nənə, Həzrəti İsa xətrinə bağışla!

- Mən onu elə bağışlaram ki, təzə süpürgə yetişənədək unutmaz. Haramzadanı polisə aparacağam.

Avdeiç qarını dilə tutmağa başladı:

- Burax, - deyir, - nənə, o bir daha eləməz. Həzrəti İsa xətrinə burax!

Qarı onu buraxdı, oğlan qaçıb getmək istədi, ancaq Avdeiç oğlanın qolundan tutub saxladı.

- Nənədən üzr istə, - deyir. - Və bir daha eləmə, səbəti necə götürdüyünü mən gördüm.

Oğlan ağladı, üzr diləməyə başladı.

- Bax belə. İndisə budur, al almanı.

Və Avdeiç səbətdən alma götürüb oğlana verdi.

- Pulunu verəcəm, nənə, - o, qarıya dedi.

- Beləcə sən onları, əclafları korlayarsan, - qarı söyləndi. - Onu elə mükafatlandırmaq lazımdır ki, bir həftə yanı üstə otura bilməsin.

- Eh, nənə, nənə, - Avdeiç dedi. - Bizcə belədir, axı Allahsa bu cür buyurmayıb. O alma oğurluğu üstündə döyülməlidirsə, bəs bizə günahlarımıza görə nə düşür, hə?

Qarı susdu.

Avdeiç bir sahibkarın ona borclu olan təhkimli kəndliyə böyük borcun hamısını necə bağışlamasından bəhs edən ibrətamiz hekayəni qarıya nəql etdi, kəndli isə yola düşür və borclu olduğu adamı boğmağa başlayır. Qarı onu dinlədi və oğlan da dinləmək üçün ayaq saxladı.

- Allah bağışlamağı buyurub, - Avdeiç dedi, - yoxsa bizim də günahlarımız yuyulmaz. Hamını bağışlamaq, qanmazı hamıdan əvvəl.

Qarı başını yellədi və dərindən nəfəs dərdi.

- Elə olmağına elədir, - qarı söylədi, - hə, onlar çox nazlanıblar.

- Biz, qocalar, onlara düz yol göstərməliyik, - Avdeiç dedi.

- Mən də elə deyirəm, - qarı dilləndi. - Mənim özümün yeddi uşağım olub, - bircə qızım qalıb.

Qarı da harada və qızının yanında necə yaşaması barədə, neçə nəvəsi olması barədə danışmağa başladı.

- Budur, - söyləyir, - artıq taqətim qalmayıb, ancaq hey çalışıram. Uşaqlara, nəvələri deyirəm, yazığım gəlir, həm də nəvələrim çox yaxşıdırlar; heç kəs məni onlar kimi qarşılamır. Aksyutka məndən özgə heç kəsin qucağına getməz. Nənə, nənəciyim, canım-ürəyim... - Beləcə qarı tam yumşaldı.

- Aydındır, uşaqdır da. Allah bağışlasın, - qarı oğlan tərəfə dedi.

Qarı kisəni çiyninə qaldırmaq istəyirdi ki, oğlan qabağa atıldı və dedi:

- Nənə, ver, mən apararam, yolum o tərəfədir. - Qarı başını yellədi və kisəni oğlanın üstünə yıxdı.

Və onlar küçə ilə yanaşı addımladılar. Və qarı Avdeiçdən almaya görə pul almağı unutdu. Avdeiç dayanıb elə hey onların arxasınca baxırdı və onların necə birlikdə getdiklərinə və yol boyu nə isə danışdıqlarına fikir verirdi.

Onları ötürüb Avdeiç iş yerinə döndü, pilləkəndə eynəyini taxdı, qırılmamışdı, bizi yerdən qaldırdı və işə girişdi. Azca işlədi, amma artıq cod tükə dəqiq tikmələr ata bilmirdi və görür ki, fənəryandıran işığı yandırmağa yollandı. «Görünür, işığı yandırmaq gərəkdir», - öz-özünə düşündü, kiçik lampanı qaydaya saldı, asdı və yenə işinə davam etdi. Çəkmənin birini tam qurtardı; o yan-bu yana fırlayıb baxdı: yaxşıdır. Alətini yerinə qoydu, kəsilmə parçaları süpürdü, cod tükləri, artıq qıraqları, bizləri yığışdırdı, lampanı götürüb masanın üstünə qoydu və kitab şkafından İncili çıxartdı. Dünən arasına tumac parçası qoyduğu yerdə kitabı açmaq istədi, lakin başqa yerdən açıldı. İncili açan kimi dünənki yuxusu yadına düşdü. Elə bunu xatırlamışdı ki, birdən sanki kiminsə qurcalandığını və onun arxasında gəzişdiyini duydu. Avdeiç geri döndü və görür: elə bil qaranlıq küncdə adamlar dayanıb - o isə dayanmış adamların kim olduğunu anlamır. Və səs onun qulağına pıçıldayır:

- Martın! A Martın. Yoxsa sən məni tanımadın?

- Kimi? - Avdeiç söylədi.

- Məni, - səs dedi. - Axı bu, mənəm.

Və Stepanıç qaranlıq küncdən çıxdı, gülümsündü və sanki bulud kimi dağıldı və qeyb oldu.

- Bu da mən, - səs dedi.

Qaranlıq küncdən əlində uşaq qadın çıxdı, qadın gülümsündü, uşaq da gülümsündü və onlar da qeyb oldular.

- Bu da mən, - səs dedi.

Qarı və əlində alma oğlan da peyda oldular, hər ikisi gülümsündülər və onlar da qeybə çəkildilər.

Və Avdeiçin qəlbi sevinclə doldu, o, xaç vurdu, eynəyini taxdı və açıldığı yerdən İncili oxumağa başladı.

- Və mən acdım, siz də mənə yemək verdiniz, susadım, siz də mənə su verdiniz, qərib idim, siz də məni qəbul etdiniz...

Səhifənin sonunda bunu da oxudu:

- Siz ki, bunu o kiçik qardaşlarımdan biri üçün etdiniz, sanki mənimçün etmiş oldunuz. (Matveydən, 25-ci fəsil)

Və Avdeiç anladı ki, yuxusu onu aldatmayıb, şübhəsiz ki, o gün Xilaskarı onun yanına gəlibmiş və dəqiqdir ki, o da onu qəbul edibdir../edebiyyatqazeti.az/

Tərcümə edən: T.VəlixanlıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ