manera.az
manera.az

Qaranlıq bir meşə, gölün sahili - Şeirlər

Qaranlıq bir meşə, gölün sahili - Şeirlər
Boris Pasternakın şeirləri

QIŞ GECƏSİ

Yer üzü çovğunundu,
qarlıydı axşam,
Masada şam yanırdı,
Yanırdı bir şam.

İşığa hücum çəkən
pərvanələr tək,
Qarı pəncərələrə
çırpırdı külək.

Şaxta naxış salırdı
Şüşəyə müdam,
Masada şam yanırdı,
Yanırdı bir şam

Tavandakı kölgələr
Qarışmışdılar,
Qollar, qıçlar, talelər,
Sarışmışdılar..

Ağ da, boz da itmişdi,
çovğunda tamam.
Masada şam yanırdı,
Yanırdı bir şam.

Bir cüt başmaq düşürdü,
Yerə taq-taraq,
Dona mumdan göz yaşı
tökürdü çıraq.

Əsirdi şama sarı
Düz küncdən külək,
Şam da qanadlanırdı,
Xaçlı mələk tək.

Fevral qarlı keçirdi,
Bir aydı tamam.
Masada şam yanırdı,
yanırdı bir şam.

(tərcümə:Rasət Pirsoyu)

NOBEL MÜKAFATI

Batdım mən, qovğada heyvan kimi lap.
Hardasa adamlar, işıq, azadlıq.
Arxamca təqibin səsi, tappatap.
Çıxmağa yolum da qalmayıb artıq.

Qaranlıq bir meşə, gölün sahili,
Tir kimi yıxılmış küknar gövdəsi.
İndi bütün yollar bağlı, kəsili.
Nolacaq, qoy, olsun bundan ötəsi.

Axı, deyin, nədir o böyük səhvim,
Bəlkə qatiləm mən, bəlkə caniyəm?
Gözəl Yurdum üçün məcbur elədim
Göz yaşı axıtsın, qoy, bütün aləm.

Hətta belədirsə, əynimdə kəfən
Yenə də bilirəm o gün gələcək.
Qəzəbin, qərəzin hökmü hər yerdən
Xeyirin ruhuyla dəf ediləcək.

(tərcümə:Səlim Babullaoğlu)

* * *
Məşhur olmaq yaxşı deyil.
O ucaltmır bizi göyə.
Dəyməz arxiv yazıların
Üzərində titrəməyə.

Nədir sənət- fəda olmaq!
Nə qalmaqal, nə uğurdur.
Heç bir məna kəsb etmədən
Şöhrət tapmaq - ucuzluqdur.

Yalan şöhrət ad gətirməz,
Gərək elə yaşayasan-
Gələcəkdən təpər alıb,
Əsl sevgi qazanasan.

Yazıda yox, taleyində
Hərdən boş yer buraxasan,
Həyatına başlıq qoyub
Fəsil- fəsil ayırasan.

Xəlvət yerə çəkiləsən,
Gizlədəsən izlərini.
Bütün şəhər başdan-başa
Ağ dumanda gəzsin səni.

Yolun ilə gedəcəklər
Səndən sonra gələnlər də.
Sayma, axı özünündür-
İtkilər də, zəfərlər də.

Bir də, heç vaxt öz simandan
Üz çevirmə zərrə qədər.
Təki yaşa, yaşa təki,
Təki yaşa, sona qədər...

(Tərcümə: Fərican Yarən)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031