Daxili mübarizədə kim qalib çıxacaq? - TƏRCÜMƏ | MANERA.AZ

Tarix:30-11-2015, 11:18 Baxış Sayı:849

Daxili mübarizədə kim qalib çıxacaq? - TƏRCÜMƏ | MANERA.AZ manera.az Uğur Canpoladın hekayəsi

Əvvəllər tez-tez təkrarlanan bir görüş var idi. “Həyat bir döyüşdür, mücadilədir. Güclü zəifi əzməlidir” şəklindəydi bu anlayış. Bu fikri müdafiə edənlərə qarşı çıxırdım. Həm də şiddətlə... Həyatın bir mübarizə və mücadilə olmadığını, əksinə, yardımlaşma olduğunu izah edirdim. Bacardığım qədər. Bu mövzuda nümunələr də verirdim.
Hələ də belə düşünməyə davam edirəm.


Həyat əlbəttə bir mücadilə deyil, yardımlaşmadır. Kainata baxdığımızda buna dair nümunələri daha çox görürük. Başqa cür, sözsüz ki, qeyri-mümkün olardı.
Rəqabətin bu qədər sürətləndiyi, başqasının üzərindən bir yerlərə yüksələrək iqtidar əldə etmənin adətən qanuni sayıldığı çağımızda bunun mənfi nəticələrini yaşayırıq hamımız.

Ancaq həqiqətən də yaşanan bir mübarizə var... Bunu inkar edə bilmərik. Bir mücadilə mövcuddur...Üstəlik, amansız bir mübarizədir bu...
Bu mübarizə zahiri bir müharibə xarakteri daşımır. Sursat olaraq bu müharibədə tank, top və güllədən söz gedə bilməz. Ya da müharibə raketlərindən, bombalardan...Savaşa aparan yoxuşlardan...

Bu müharibənin məhv etmə silahı başqa... Tamamilə başqa...
...
Bu bir daxili müharibədir... Daha doğrusu mənəvi bir mübarizədir...
Təxribat çöldən deyil içəridən baş verir... “Qurd gövdənin içində” vəziyyəti var. Uçurumlar da o səbəblə içəridən olmaqdadır. İçdən-içə... Hiyləgərcəsinə...
Müharibə strategiyalarında oxşarlıq vardırmı? Əlbəttə, vardır. Hətta daha planlı, daha strateji olduğunu belə söyləyə bilərik. Çünki düşmən içimizə sızaraq özünü gizlətmişdir.
Və içimizdəki mənfi duyğulardan yaranan bu düşmən qüvvələr biz fərqində olmasaq belə dayanmadan çalışmaqdadır.
...
Bədən olaraq ifadə etdiyimiz vücudumuz, bir qara parçamız kimidir. İçimizdə isə fərqli güclər, fərqli dinamikalar var. İnsani, vicdani, ruhsal və mənəvi tərəfimizi təmsil edən pozitiv, yəni xeyirxah duyğular var tərkibimizdə saxladığımız. Həm də şeytani, eqoist, qaranlıq və dağıdıcı olan neqativ, yəni bədxah tərəfimiz var. Bu da eyni tərkibdə... Bu iki fərqli gücü təmsil edən duyğularımız toqquşma halındadır. Özü də dayanmadan...
Bəzən qalib gəlsək belə zəfər anlarımız çox uzun davam etməməkdə...İnkişaf etdirdikləri yeni taktikalar səbəbiylə təkrar mühasirə altına alına bilməkdə, əhatələnməkdəyik.
Kəşfiyyat çalışmaları, qabaqcıl qüvvələrin verdiyi məlumatların beyin-könül qərargahında analiz edilməsi, dəyərləndirilməsi və uyğun strategiya ilə bu müharibə davam etməkdədir.
...
Bu savaşda xəndək qazıldığı da olur. Tələ qurulduğu da... Bəzən geri çəkilmələr. Bəzən də şiddətli döyüşlər... Kəşfiyyat oyunları da yaşanır. Düşmən qüvvələr (bədxah duyğular) zahirən dəyişib bəzi vaxt dost qüvvələr (müsbət duyğular) kimi görünə bilməkdədir. Bizi tələyə salmaqdadır. Əvvəlki təbirlə “Surət-i haqdan” görünüb bizi aldada bilməkdədir. Müsbət duyğularımızın bir növü rəngli fotokopyasını çəkən nəfs qüvvələri bizə qarmaq kimi bunları sırıya bilməkdədir.
Elə güclü təbliğata məruz qalırıq ki, dost ilə düşmən zehnimizdə qarışa bilir. Doğru düşünə bilmirik. Bir növ “beyinyuma”ya tabe oluruq. Könlümüz qarışır. Bir də baxırıq ki, bu iç mübarizənin nəticəsində “əsla etmərik”, “bizə uyğun olmaz”, “yetişmə tərzimizə tərs düşər” dediyimiz şeyləri həyata keçirmişik.
...
Mənfi duyğularımız və ya xasiyyətlərimiz ilə müsbət duyğularımız arasındakı bu daxili mübarizə amansızca davam etməkdədir.
İçimizdə müsbət duyğularımıza qarşı döyüşən mənfi duyğularımızı tanımalıyıq. Bu çox həyatı məsələdir. Qazanma və itirmə davasıdır. Bunu diqqətə almaq vacibdir.
Eqoizm, qürur, üstünlük duyğusu, şübhələnmək, qısqanclıq, əsəb, kin, nifrət, impulsivlik. Bu duyğular sevgi, inam, ümid, yaxşılıq, mərhəmət, vəfa, ədalət və səbr kimi müsbət duyğularımızla davamlı mübarizə halındadır...
Və əksər hallarda mənfi duyğularımız bu daxili çəkişmədə dəyişir... “mən heç kimə inanmaram.”, “bağışlamayacaqsan”, “acısan acınacaqlı hala düşərən”, “yıxılana bir təpik də sən vuracaqsan”, “öncə can, sonra canan” kimi bütün bu sözləri daxili mübarizədə mənfi duyğuların qalibiyyəti şəklində görürük. Bu cümlələr bizə çox tanış gəlmirmi? Əslində, biz də bunları mənimsəyərək, təsdiqləyərək istifadə etmirikmi? Deməli daxili mübarizədə itkilərimiz var. Həm də çox..
Qəzəblərimiz niyə artır? Hərisliyimiz niyə susmur? Qazanc duyğularımız niyə heç qane olmur? Niyə hərkəsdən xüsusi qayğı gözləyirik? Niyə həmişə köhlən atı mindiyimiz üçün qürurlanırıq? Sualları istədiyimiz qədər uzada bilərik. Özü də çətinlik çəkmədən...
...
İstəsəniz, yaşadığımız mənfi vəziyyətlər üzərində biraz daha düşünək. Baxaq görək nələr gələcək xatirimizə? Daxili mübarizədə itkilərimiz hansı sahəni əhatə edirsə, ortaya çıxsın!
Tez-tez üzərindən keçdiyimiz və ümumiyyətlə daxili mübarizədə məğlubiyyətə səbəb olan pis xasiyyətlərimizdən biri də dili “qoruya bilməmə”dir. Dilimizi pis sözdən, kəm cümlələrdən uzaq tuta bilməmək...Qılınc kimi istifadə edirik onu. Qırmadığımız könül, dağ çəkmədiyimiz ürək qalmır... “Dil yarası”nın asan sağalmadığını bildiyimiz halda... “Nə yaxşı etdim”, “buna layiq idi”, “həddini bildirdim” deyirik. Özümüzü qalib hesab edirik. Yaxşı, əslində belədirmi? Xeyr! Biz məğlub olduq hərisliyimizə, qəzəbimizə, mənliyimizə... İtirdik daxili mübarizəni...
Lağ etmə davranışı da könül qıran pis xüsusiyyətlərdən biridir. Çox vaxt onun caynaqlarına keçirik. Başqasını alçaltmağı bir əyləncə, özümüzə bir üstünlük hesab edərkən məğlub olan kimdir, görəsən? Alçaldılan şərəflər necə bərpa ediləcək? Bu davranışın altında bir növ insanın özünü bəyənməsi, vacib sayması kimi gizli bir “mənlik duyğusu” dayanmırmı?
Və bunu hər etdiyimizdə daxili mübarizədə yeni bir mövzu itirilmiş sayılmazmı?
...
Eyibini üzə vurmaq, pis ləqəb qoymaq da eyni şəkildə könülləri viranə qoyan davranışlar deyilmidir?
Əvvəllər “Su-i Zənn” dedikləri başqaları haqqında pis düşüncəyə sahib olmağımız həyatın içinə buraxılan zəhərli bir ilan deyildirmi? Hər kəsə pis baxmaq, onlardan zərər gələ biləcəyini düşünmək həyatımızda güvən duyğusunu yox edər. Bu isə içimizdə atəşi sönməyən bir daxili müharibənin fitilini yandırmaq deyildirmi?
Məsələn təcəssüs... Təcəssüs kəliməsinin bugünkü qarşılığı da daxili mübarizənin ünsürlərindəndir mənə görə... Başqalarının eyib, qüsurlu hallarını araşdırmaq... Bunlara diqqət yetirmək... Hətta bunlardan istifadə etmək... Bu davranışa istiqamətləndikdə, öz içimizdə yaşanan, görməyimiz vacib olan daxili mübarizəni qavraya bilmərik. Diqqətimiz kənarda olduqda yenə itirən biz oluruq.
Müsbət duyğularımızı daxili mübarizədə boğan, həyata dair gözəlliklərin görməyimizi əngəlləyən başqa mənfi duyğularmız da var. Qiybət, yalan, şər, söyüş, lənət yağdırma, aldatma, başaqaxma, həsəd, hərislik, tərslik, israf, kin, qəzəb, zülm kimi...
...
Bunların hamısı ilə müharibə halındayıq.
Məğlub olma üzrəyik. Amma qalib çıxmağımız şərtdir.
Bunun üçün könül yetişdirən irfan əhlinə yaxın olmamız lazımdır. “Məna pillələri” deyə biləcəyimiz bu nurlu insanların dünyaya baxışlarından agah olmalıyıq. Söhbətlərində həqiqətin arxasınca düşməli, əziz nəfəsli, Nuru Baki Xızır əlinə olan ehtiyacımızı dərindən hiss etməliyik.
Buna nail ola bilsək, onların yardımı ilə nəfs güclərini ram edib, davam edən daxili mübarizəni qazana bilərik...
Əks halda vəziyyətimiz ağır olar!

Türk dilindən çevirən: Aydan Umudova
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ