manera.az
manera.az

Turgenyevin Dostoyevskiyə ünvanladığı MƏKTUBLAR - TƏRCÜMƏ | MANERA.AZ

📅 24.10.2015 13:35

Turgenyevin Dostoyevskiyə ünvanladığı MƏKTUBLAR - TƏRCÜMƏ  | MANERA.AZ

İVAN SERGEYEVİÇ TURGENYEVİN FYODOR MİXAYLOVİÇ DOSTOYEVSKİYƏ ÜNVANLADIĞI MƏKTUBLAR

1. F.M.DOSTOYEVSKİYƏ. 10 fevral 1860-cı il. Peterpurq şəhəri
10 fevral çərşənbə axşamı.


Əziz Fyodor Mixayloviç,
Mən bu gün Moskvadan gəlmişəm. Osnovskidən sizinçün gətirdiyim 600 rubl gümüş pul məndədir. Mən bir az kefsizləmişəm, ona görə də çıxa bilməyəcəyəm. Xahiş edirəm ki, gəlib pulu özünüz götürəsiniz. Əllərinizi sıxıram.
İ.Turgenyev


2. F.M.DOSTOYEVSKİYƏ. 6 sentyabr 1861-cı il. Peterpurq şəhəri
6 sentyabr 1861-ci il, çərşənbə.

Əziz Fyodor Mixayloviç - icazə verin bu məktubu göndərən "Müharibə və əsir" hekayələr kitabının müəllifi Veneskini sizə təqdim edim. Çox gəncdir və işləmək arzusundadır. Onun bir neçə yeni yazısı var. Mən əminəm ki, Siz onu sevgi və qayğıyla qəbul edib, kömək əlinizi ona uzadacaqsınız. İlk vaxtlarda bu çox vacib və gərəklidir.
Salamat qalın, görüşənədək.
İv.Turgenyev.


3. F.M.DOSTOYEVSKİYƏ. 16-28 oktyabr 1861-cı il. Paris şəhəri.
Paris 16/28 okt.1861

Əziz Fyodor Mixayloviç, əgər imkan varsa sentyabr buraxılışından başlayaraq, sizin jurnalın bütün saylarını mənə, bura - bu ünvana göndərməyinizi xahiş edirəm. Ünvan: rue de Rivoli, 210. (Rica edirəm ki, kəndə göndərdiklərinizi nəzərə almadan bütün nömrələri göndərəsiniz). Bunu etməklə mənə çox böyük köməklik etmiş olarsız.
Öz səhhətiniz və dostlarımızın vəziyyəti barədə mənə yazın. Peterburq üçün çox darıxsam da, yavaş-yavaş burdakı həyat tərzimə alışıram.
Bu günlərdə yeni bir povest yazmağa başlamışam. O, mütəq Sizdə dərc olunmalıdır. Heç nə mane olmasa yeni ilə qədər bitirmək fikrindəyəm. Lakin müxtəlif çətinliklər yarana bilər. Ümid edək ki, hər şey yaxşı olacaq.
Əlinizi sıxıram.
İ.Turgenyev


4. F.M.DOSTOYEVSKİYƏ. 30 oktyabr-11 noyabr 1861-cı il. Paris şəhəri
Paris 30 Okt/11 noy.1861


Hörmətli Fyodor Mixayloviç, Sizin o cür böyük məktubunuzu bu cür kiçik məktubla cavablandırdığım üçün üzr istəyirəm. Xüsusi bir işimin olmamağına baxmayaraq, demək olar ki, heç nəyə vaxt çatdırmıram. Əvvəla mənə səbrsizliklə gözlədiyim "Vremya" jurnalını göndərəcəyiniz üçün təşəkkür edirəm. İkincisi isə bildirmək istəyirəm ki, müəyyən səbəblərdən povestimin "Ruskiy Vestnik"də üzə çıxmağı ertələnir. Çox güman ki, bu yaz mən Rusiyaya dönəndən sonra dərc olunacaq, bəlkə də heç vax. Məncə ümumiyyətlə dərc olunmayacaq. "Sovremennik"sə yalan danışır. Amma bu heç də birinci dəfə deyil. Məndə Nekrasovun bu ilin əvvəlində göndərdiyi məktubu var. O, mənə çox gözəl təkliflər edir. Mənsə ona cavabımda yazdım ki, daha "Sovremennik"in əməkdaşı olmaq istəmirəm. Belə çıxır məni oradan qovduqlarını bildirməliyəm. Bütün bunlar cılız məsələlərdir və onlara diqqət yetirməyə dəyməz. Hətta Dobrolyubov məni bundan da çox sıxışdırsa belə, bu elə cılız bir məsələ olaraq qalacaq. "Vremya" üçün nəzərdə tutulmuş povestim də irəliləyiş olmadı, başqa (ədəbiyyatla bağlı olmayan) fikirlər də ağlımda fırlanırdı... Mən ya ümumiyyətlə heç nə yazmayacağam, ya da ki, yazdıqlarım Sizin üçün olacaq. Amma çox yazmaq istəyirəm. Sizin Peterburqda artıq susmuş müxbirlərlə bağlı məktubunuz məni xeyli sevindirdi. Xahiş edirəm, gəlin hər zaman bir-birimizdən xəbər tutaq. Povestimin məzmununu məktubda yazmaq mümkün deyil. Əsas obraz bizim müasirimizdir. Və bu müasirlik son zamanlarda biabrçı və pis vəziyyətdə olduğundan, ədəbiyyatımız bir müddət susmalı olacaq.
Polonskiyə və bütün əziz dostlarımıza, həyat yoldaşınıza salamlarımı çatdırın. Salamat qalın.
İ. Turgenyev

P.S. İndicə "Russkiy Vestnik"də Vyazemskinin şeirini oxudum. Çox pis! Yox, görünür mənimçün Sizin jurnal elə ən yaxşısıdır.

5. 4. F.M.DOSTOYEVSKİYƏ. 26 dekabr 1861-7 yanvar 1862-cı il. Paris şəhəri
Paris 26 dekabr1861/7 yanvar 1862

Hörmətli Fyodor Mixayloviç, Sizin məktubunuz məni xeyli təəccübləndirdi. Sanki məkutubumda povestim haqqında gəzən şayələr haqqında yazdığım əlavələri də oxuya bilmisiniz. Bu mənim heç ağlıma da gəlməzdi. Axı necə belə bir eyham, işarə mənim məktubumda yer ala bilərdi? Guya ki, hər bir şaiyəyə izahat vermək lazımdır? Bu cür dedi-qodular, söz-söhbətlər arxa küçələrdə, "Knijnıye Vestniki" və sairələri dərc olunan yerlərdə olur. Ümumiyyətlə götürəndə bunun heç bir əhəmiyyəti yoxdur. Bircə bu məsələnin Sizi və Katkovu narahat edəcəyindən təəssüflənirəm. Qorxuram ki, oxucular "Atalar və Övladlar"ı oxuyub: "niyə bu qədər əziyyət çəkirdilər?"- deyərlər. Düzü mən bir çox səbəblərdən onun dərcini yaza qədər təxirə salmaq istəyirdim. Lakin sifarişçi təkidlə tələb etdiyindən onu tel quel-ə verməli oldum.

Mənə Osrtovskinin "Minin" əsəri haqqındakı fikirləriniz çox maraqlıdır. O əsərlə bağlı təəssüratlarınızı mənimlə bölüşməyinizi xahiş edirəm. Yeni, cəsarətli cəhd! Allah eləsin ki, bu iş müvəffəqiyyətlə başa çatsın. Yox əgər birdən hətta uğursuzluqla nəticələnsə belə düşünürəm ki, Osrtovskinin uğursuzluğu da başqalarının uğurlu işlərindən daha maraqlı olar. Mənim salamlarımı ona yetirin.

"Vremya" üçün nəzərdə tutulmuş povestimdəsə son zamanlarda irəliləyiş var. Ümidvaram ki, ikinci saya qədər bitirərəm. Lakin Siz də bilirsiniz ki, bu çox müşgülpəsənd işdir.

"Vremya"nın ikinci sayını göndərdiyiniz üçün təşəkkür edirəm. Onu böyük məmnuniyyətlə oxuyuram. Ən maraqlısı Sizin "Ölü evin xatirələri" povestidir. Juranlınızın müvəffəqiyyəti məni şad edir. Sizinlə hər cür əmədaşlıq etməyə hazıram. Həyat yoldaşınıza və dostlara salamımı yetirin.
Əlinizi sıxıram.
Hörmətlə İ.Turgenyev


6. F.M.DOSTOYEVSKİYƏ 2-14 mart 1862-cı il. Paris şəhəri
Paris 2/14 mart 1862.

Hörmətli Fyodor Mixayloviç, gərək Sizə çoxdan cavab yazaydım. Amma mən yenə də balaca bir kağız parçası götürmüşəm. Canımda böyük bir tənbəllik var. Həm də ki, yazmağa da sözüm yoxdur. Bu son iki ayda həyatım çox maraqsız və sürətli keçib. Heç bilmirəm nə məsələdir. Heç nə yazmamışam, heç nə oxumamışam, heç yerə getməmişəm. Povestimdə də irəliləyiş çox azdır. Yazmağa həvəsim heç yoxdur. Çox güman ki, aprel ayında Rusiyaya dönüşümə qədər hazır olmayacaq. Bu günlərdə "Minin"i oxudum. Vicdanla desəm, soyuq yanaşdım. Şeirlər maraqlıdır, dili gözəldir, lakin hanı hər bir obrazın xarakteri, hanı dramı, hanı tarixi? Mən Osrtovsidən tamam başqa bir şey gözləyirdim. Heç cür ağlıma gəlməzdi ki, o da digərləri kimi bütün xarakterləri bir cərgəyə düzər. Gözəl hissələri də var. Bütün əsər boyu rus saflığı, yumşaqlığı, təmizliyi öz əksini tapmalıdır. Lakin Osrtovski üçün bu azdır, bu çox azdır. Mən hələ də "Vremya"nın birinci sayının göndərilməsini gözləyirəm. Deyilənlərə görə bütün jurnallara abunə pisdir. Ümidvaram ki, bunun "Vremya"ya dəxli yoxdur. Yazıq Panayev də dünyasını dəyişdi... Heyif, o köhnə dostlarımdan biri idi. O cür sağlam görünməyinə baxmayaraq, sən demə xəstəliyi anevrizm imiş. Hər birimiz Allahın nəzəri altnda yaşayırıq. Bu məktubum Sizə çatanda çox güman ki, povestim artıq Peterburqda olacaq. Oxuyun və öz fikirlərinizi mənə tam səmimi deyin. Mən müvəffəqiyyət gözləmirəm, bu "önə atılmaq" deyil, müsbət hisslər üzərində aydın fikirlərdir. Mən nə istədiyimi bilirdim, gücüm çatacaq işdən yapışmadığımı da hiss edirəm. Lakin kimisə öyrətmək, dərs vermək fikri ağlımın ucundan keçməyib. O hayda deyildim. Ən xoş arzularımı Sizə çatdırıram. Yoldaşınıza və dostlarımıza salam deyin. Əlinizi sıxıram.

7. F.M.DOSTOYEVSKİYƏ 30 (18) mart 1862-cı il. Paris şəhəri
30/18 mart 1962.Paris Rue de Rivoli, 210.

Əziz Fyodor Mixayloviç, Sizin "Atalar və Övladlar" haqqındakı rəyiniz mənə necə böyük sevinc bəxş etdiyini sözlə ifadə etmək çox çətindir. Burada söhbət öz izzəti-nəfsimin məmnunluğundan getmir, mənim səhf etməməmdən, əməyimin hədər olmamağından gedir. Çox inandığım, etibar etdiyim adamlar (mən Kolbasini nəzərdə tutmuram) bu yazımı ocağa atıb yandırmağımı tövsiyyə edirdilər, Pisemskiy isə (öz aramızda deyirəm) bu günlərdə yazdığı məktubda Bazarov obrazının heç də yaxşı alınmadığını bildirdi. Bu vəziyyətdə necə edəsən ki, çaşmayasan? Müəllif həmin anda fikirlərinin dəqiqliklə, düzgün efadə edib edə bilmədiyini hiss edə bilmir. O, öz əsərində sanki meşədə azmış kimi olur.

Yəqin ki, Siz özünüz də bu cür hallarla rastlaşmısınız. Buna görə də təkrar təşəkkür edirəm. Lap məəttəl qalmışam. Siz Bazarovu mən ifadə etmək istədiyimdən də çox tam və incıliklə duymusunuz. Sanki qəlbimə, ruhuma daxil olub, hətta demək istəyib, amma demədiklərimi belə hiss etmisiniz. Kaş ki, oxucular da Siz görənlərin, duyanların bir hissəsini anlaya bilələr. İndi daha mən povestimin aqibətinə görə rahatam. O, öz işini gördü və mən heç nəyə görə peşman deyiləm.

Bu tipajı necə çox qavradığınıza daha bir nümunə çəkim: Siz deyirsiniz ki, Arkadiy və Bazarovun görüş hissəsində sanki nəsə çatmır. Bazarov dueldən danışığı ilə cəngavərləri məsxərəyə qoyur. Bütün bunları Arkadiy eşidir və dəhşətə gəlir. Bu hissələri əsərdən çıxartdığım üçün çox təəssüf edirəm. Ümumiyyətlə mən o xoşagəlməz rəylərin ucbatından müəyyən hissələri çox ölçüb biçib, yenidən yazırdım. Əsərdə diqqət yetridiyiniz boşluqlar və ləngliklər elə bu səbəbdən yaranıb.

Mən Maykovdan çox xoş bir məktub almışam. Və ona cavab yazacağam. Məni müdafiə edəcəklər, lakin bunu bir müddət gözləməli olacağam. Yaxşı ki, Sizi Peterburqda tuta bildim. Mən təxminən bir aydan sonra - apreldə çıxacağam burdan. Qayıdanda yazımı tam şəkildə Sizə gəticəyəm. O, 3 çap kağızı qədər olacaq. Qəribədir. Bu bir neçə il öncə Katkovla barəsində mübahisə etdiyim həmin o "Kabuslar"dır. Bilmirəm yadınızdadır, ya yox. Mən başqa şey yazırdım. Birdən bu işdən yapışdım. Neçə gündür ki, onunla məşğulam. Bir neçə səhifəlik işim qalıb.

"Vremya"nın uğurlarına sevinirəm. Bircə jurnalın çatdırılmasını tam təmin edə bilmədiyiniz üçün təəssüflənirəm. Bunu özümə görə demirəm, onsuz da bu yaxınlarda yanınıza qayıdacağam. Sizin mənfəətinizə görə deyirəm. "Ruskiy vestnik" bura normal çatdırılırdı (lakin fevral buraxılışını hələ almamışam).
Hər şeyə görə təşəkkür edirəm, əlinizi sıxıram.
Həyat yoldaşınıza salamlarımı çatdırın, salamat qalın.
Hörmətlə İ. Turgenev.

8. F.M.DOSTOYEVSKİYƏ 4 may 1862-cı il. Paris şəhəri
Bazar günü. 4 may 1962. Paris Rue de Rivoli, 210.


Əziz Fyodor Mixayloviç, işlərim çox vacib olsa da maraqsıdır. Buna görə yubanıram, lakin iki həftədən sonra mütləq çıxacağam burdan, təxminən mayın 12-də Peterburqda olacağam. Kaş Sizi orada görə bileydim ki, bəzi məsələlər ətrafında söhbətləşəydik. "Vremya" üçün yazdığım povestisə hələ bitirməmişəm. Bir-iki günlük iş var. Onu kənddə yazmaq istəyirəm. "Atalar və övladlar" barəsində eşitdiyim şayələr düşüncələrimi təsdiq etdi: Sizdən və bir də Botkindən başqa heç kim onu oxuyub, mənim nə demək istədiyimi anlamağa çalışmaq üçün özünü əziyyətə verməyib. Salyas isə məni Bazarovu tam əks etdirmək üçün rüşvətxorları, generalları və sairələri göstəməməyimdə itdiham edir. Hələ mən başqa qınaqlardan danışmıram. Deyəsən heç kim Bazarovu tragik obraz kimi verməyimi anlamağa çalışmayıb. Hamını onun axmaq olması maraqlandırır. Lakin bu haqqda heç danışmağa dəyməz. Əgər bir əsər uğurlu alınıbsa bu cür heç bir fikir, rəy ona xələl gətirə bilməz. Əgər uğursuzluğa məhkumdusa, anlaşılmayan, başa düşülməyən, yarımçıq bir yazı kimi batacaq.

M.A.Markoviç xahiş etdi Sizdən soruşum ki, onun povestini "Vremya" jurnalında dərc edərsinizmi? Onda biri tam hazırdır, onu oxumuşam. İkinci isə sanki onun bütün istedadını - ən gözəl keyfiyyətlərini və əskiklərini özündə cəmləşdirib. Əsərin adı "Əhəmiyyətsizliklər" və həcmi 3 çap kağızı qədərdir. Maraqlı yazıdır, düşünürəm ki, jurnalınızda yersiz olmaz. "Ruskoye slova"da ona bir səhifəsi üçün 250 rubl gümüş pulla təklif ediblər. Və o həmin məbləğ qədər almaq arzusundadır. Zəhmət olmasa mənə dərhal cavab verin ki, əsəri Sizə oxumağa göndərəkmi? Peterburqda görüşəndəsə mənə son qərarınızı deyərdiniz.
Salamat qalın, əlinizi sıxıram.

İ.Turgenev

P.S. Çox heyif ki, "Vremya"nı burada almaq olmur. Başqa bütün jurnallar səliqəli şəkildə bura çatdırılır.

Davamı var...

Turgenyevin Dostoyevskiyə ünvanladığı MƏKTUBLAR - TƏRCÜMƏ  | MANERA.AZTərcümə edən: Xanım Aydın






Baxış sayı - 4 207 | Yüklənmə tarixi: 24.10.2015 13:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031