Tarix İnstitutunun ilk Elektron Oxu Zalının açılışı olub

Tarix:9-02-2019, 14:13 Baxış Sayı:71

Tarix İnstitutunun ilk Elektron Oxu Zalının açılışı olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk Elektron Oxu Zalının açılışı olub.

Manera.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və başqaları iştirak edib.

Akif Əlizadə kitabxanaların elektronlaşmasının bu gün və gələcək üçün əhəmiyyətindən danışıb, bu işin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Yaqub Mahmudov bildirib ki, Elektron Oxu Zalı AMEA-da gedən islahatlar çərçivəsində yaradılıb: “Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Son illərdə institutda arxiv sənədləri və kitabların elektron katoloqu hazırlanıb. İnstituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən 100 mindən çox arxiv sənədi gətirilib. İnstitutun Elmi Arxivi və Kitabxanasında 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycan” qəzetinin elektron və çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, avtoreferatlar, xəritələr var”.

Tarix İnstitutunun elmi katibi İradə Əliyevanın sözlərinə görə, kitabxanadakı 17 min kitabdan 10 mini ərəb dilində olan elektron kitablardır: “Bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin kitabları, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitablar mövcuddur. İnstitutun arxivində Azərbaycanın görkəmli tarixçilərinin fondları var. Tarix İnstitutunda “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilir”.

Tədbir iştirakçıları Elmi Arxiv və Kitabxanada yaradılan şəraitlə tanış olublar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ