“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi işıq üzü görüb

Tarix:21-06-2019, 13:00 Baxış Sayı:133

“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi işıq üzü görüb
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi nəşr edilib.

Manera.az xəbər verir ki, İnstitut Elmi Şurasının 15 oktyabr 2018-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə nəşr olunan birinci cild “Şifahi xalq ədəbiyyatı” bölməsini əhatə edir. 1072 səhifəlik kitabın baş redaksiya şurasına Akif Əlizadə (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli və Məhərrəm Qasımlı daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli (baş redaktor), Məhərrəm Qasımlı (məsul redaktor), Aynur Xəlilova (məsul katib), Qəzənfər Paşayev və Əlizadə Əsgərlidən ibarətdir.

“Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” adlı irihəcmli tədqiqatı ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci - “Şifahi xalq ədəbiyyatı” cildində Azərbaycan folkloru bütöv bir sistem kimi ayrı-ayrı ədəbi növ və janrların tarixi təkamül və təşəkkülü, struktur-semantik səciyyəsi, ideya-məzmun tutumu, bədii-estetik məziyyətləri ilə əlaqəli şəkildə öyrənilib.

Sanballı tədqiqat oçerklərindən ibarət kitabda Məhərrəm Qasımlı, Arif Acaloğlu, Bəhlul Abdulla, Ramazan Qafarlı, Oruc Əliyev, Muxtar İmanov, Təhmasib Fərzəliyev, Azad Nəbiyev, Nizami Cəfərov, Kamil Vəliyev, Əfzələddin Əsgər, Tofiq Hacıyev, Qəzənfər Kazımov, Məmməd Əliyev, Sədnik Paşa Pirsultanlı, İslam Ələsgər, Qəzənfər Paşayev, Məhəmməd Hüseyn Təhmasib, İsrafil Abbaslı, Aynur Xəlilova kimi alimlərin tədqiqatları yer alıb.

Azərbaycan, türk, rus dillərində 1061 sayında ədəbiyyat siyahısını Təranə Vəliyeva və Vüsal Səfiyeva sistemləşdirmişdir. Kitabda eyni zamanda rus və ingilis dillərində ətraflı xülasələr də yer alıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ