Elyar İslam: Novruz adətləri...

Tarix:19-03-2019, 13:02 Baxış Sayı:153

Elyar İslam: Novruz adətləri... Elyar İslam,
AMEA Folklor İnstitutunda aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru


Çoxəsrlik tarixə malik, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi Novruz bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini, xoşbəxtliyə, bolluğa, ruzi-bərəkətə ümidini əks etdirir. Milli birlik rəmzi olan, saf niyyətləri özündə birləşdirən və yaşadan bu bayram Azərbaycan xalqının öz tarixi keçmişinə və milli mənəvi dəyərlərinə bağlılığının təcəssümüdür. Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır.

Novruz sözü “yeni gün” mənasını verir. Gecə və gündüz məhz bu ayda, Novruz bayramı günü, yəni martın 20-sindən 21-inə keçən gecə bərabərləşir. Bütün Türk dünyası üçün çox əziz olan bu bayram zaman ötdükcə müəyyən dəyişikliklərə uğrayıb, bəzi adətləri unudulub, yeni ənənələr ortaya çıxıb. Lakin bütün bunlara baxmarayaq, Sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılmış, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Naxçıvan Muxtar Respublikasında bu milli bayram xüsusi təntənə ilə, milli tətbiqi sənəti və xalq yaradıcılığını inkişaf etdirməklə paralel qeyd olunmaqdadır.

Elyar İslam: Novruz adətləri...

Novruz bayramından qabaq hər evdə, hər ailədə hazırlıq işləri aparılır. Hər tərəfdə təmizlik işləri edilir, evləri, həyətləri təmizləyib səliqəyə salırlar. Bağlar təmizlənir, torpaq şumlanır. İnanclara görə Novruz bayramında bağdakı ağacların quru budaqlarını kəsməsən, ağac küsər,bar verməz. Təmizlik işləri başa çatdıqdan sonra hər bir evdə suda isladılmış toxumdan səməni göyərdilir. Səməni ən çox buğda, arpa, noxud, mərcimək və qarğıdalıdan yetişdirilir. Səməni göyərtmək Novruz bayramının ən müqəddəs ayinidir:

Səməni saxla məni,
İldə göyərdərəm səni...


Həyat, bolluq, bərəkət nişanəsi olan səməni baharın ilk müjdəçisi hesab olunur. İnanclara görə Novruz bayramında göyərdilən səməni təbiətin oyanmasının, yaşıllığın, yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.

Novruz bayramında xüsusi bayram süfrəsi hazırlanır. Bu süfrədə şəkərbura, paxlava, qoğal, növbənöv şirniyyatlar, kişmiş, qoz, badam, fındıq, müxtəlif çərəzlər, meyvə şirələri, rəngbərəng boyanmış yumurtalar olur. Süfrənin ortasında səməni qoyulur.

Yeməklərdən bayram aşı(plov), dolma, dovğa və s. hazırlanır. Hamı çalışar ki, bayramı dolu süfrə ilə keçirsin. İlaxır çərşənbədə olduğu kimi, Novruz bayramında da böyük bayram tonqalı yandırılır. Tonqalın üstündən tullanaraq, “Ağırlığım - uğurluğum odda yansın” deyirlər.

Ən maraqlı və əyləncəli Novruz bayramı oyunlarından biri yumurta döyüşdürməkdir. Bunun üçün soğan qabıqları və müxtəlif rənglərlə boyanmış yumurtalar əvvəlcədən hazırlanır. Gənclər, uşaqlar bəzənmiş yumurtaları döyüşdürür. Hamı çalışır ki, ən bərk yumurta onda olsun, digər yumurtaları sındıra bilsin. Oyunun qaydalarına əsasən uduzan tərəf yumurtanı udan tərəfə verir.

Novruz bayramında həyata keçirilən ən gözəl adətlərdən biri də “küsülülərin barışdırılması”dır. İnanclara görə Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır. Buna görə də ağsaqqallar, sözükeçənlər küsülüləri barışdırır. Burada ağsaqqalların sözündən çıxmaq olmaz. Bu böyük qəbahət sayılır. Kənd yerlərində tez-tez “qız qaçırtma” hadisələrinə rast gəlindiyi üçün, bu barışdırmalardan ən çoxu da qudaların barışdırılması olar. Aylarla küsülü qohumlar bu bayramda barışırlar. Çünki elin adəti belədir. Təzə qohumlara “xeyir-dua” verilər, qohumluqlarının möhkəm, uzunömürlü olması arzulanar.

Novruz bayramında keçirilən mərasimlərdən biri də yaslıların yasdan çıxarılmasıdır. Bunun uçün ağsaqqallar bir qırmızı alma və boyanmış yumurta götürərək yas düşən evə gedirlər. Qonşular yas düşən evin həyətində tonqal yandırıb, onları “yasdan çıxarırlar”. Sonra vəfat edənin ruhuna dualar oxunur. Yas düşən evlərdə “İlaxır çərşənbə”dən öncəki çərşənbədə “qara bayram” qeyd edildiyi üçün “Vəfat edənin qara bayramı keçib getmişdir, daha yas saxlamayın” deyə ağsaqqallar təskinlik verərlər. Xalq arasında həmin gün ağlamaq, qara rəngli paltar geyinmək, bayramı evdə keçirməmək pis əlamət sayılır. Qohum-əqraba da öz növbəsində yas düşən evlərdə bayramı şən, yaxşı əhval ruhiyyədə keçirilməsi üçün onlara mənəvi dəstək olarlar. Burda məqsəd sınıq qəlbləri ovundurmaq, yasda olan insanların könlünü almaqdır.

Novruz bayramı günü gəlinlərə valideynləri və yaxın qohumları, nişanlı qızlara isə oğlan tərəfindən bayram payı göndərilməsi adətdir. Bayram günü qohum-əqraba yığışaraq gəlini görməyə gedər. Hər gələn də bir bayram xonçası hədiyyə gətirər. Bu xonçalarda mütləq səməni, boyanmış yumurta və bayramlıq hədiyyə olur.

Novruz rəmzləri və onların mənası

Səməni -Novruz Bayramı ərəfəsində dənli bitkilərdən cücərdilir. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni yaşıllığın, təbiətin, məhsulun rəmzidir.

Boyanmış yumurta-Novruzun atributlarından biri boyanmış yumurtadır. Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı təmsil edir. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması dörd fəslin rəmzi, əmin-amanlq kimi yozulur.

Novruzda xüsusi şirniyyatlar bişirirlər – qoğal, şəkərbura, paxlava. Qoğal – Günəşin, şəkərbura – Ayın, paxlava isə – alovun rəmzi sayılır.

Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidi, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir.

Özünəməxsus adətləri ilə ən çox sevilən milli bayramımız Novruzun təəssüf ki, bir çox adət-ənənələri artıq unudulmaqdadır.

Çalışmaq lazımdır ki, adət-ənənələrimiz, mərasimlərimiz unudulmasın. Onları unutmaq milli mənsubiyyətimizi, mənəvi dəyərlərimizi unutmaq, keçmişimizdən imtina etmək deməkdir. Bizi digər millətlərdən fərqləndirən məhz elə milli adətlərimiz, rituallarımız, milli irsimizdir. Bizə əcdadlarımızdan əmanət qalan milli-mənəvi dəyərlərimizi, adətlərimizi yaşatmaq, saflığını qorumaq, kimliyindən, zamanından və məkanından asılı olmayaraq, hər birimizin mənəvi borcudur.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ