“İTV-də işlədiyimi biləndə həmsöhbətim israr etdi ki...” – Müsahibə | MANERA.AZ

Tarix:28-07-2015, 16:55 Baxış Sayı:2154

“İTV-də işlədiyimi biləndə həmsöhbətim israr etdi ki...” – Müsahibə | MANERA.AZ


Milli Mətbuatın 140 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə mukafatlar alan KİV nümayəndələri arasında İctimai Televiziyanın Qarabağ müxbiri, “Hərbi And" qəzetinin baş redaktor müavini Şöhrət Eyvazov da var.

Qeyd edək ki, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Şöhrət Eyvazov 2002-ci ildən jurnalist fəaliyyətindədir. 2013-cü ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının “Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu”nun dissertantı, “Qərbi Azərbaycan salnamələri”, “Bizim general” kitablarının müəllifi, “Ordudan tərxis olunmuş gənclərə iş tapmaqda məsləhətlər” və “Hərbçinin qeyd və yaddaş kitabcası”nın tərtibçisidir.


Şöhrət Eyvazovun manera.az-a müsahibəsini təqdim edirik:

- Şöhrət bəy, "Tərəqqi" medalı ilə təltif olunmusuz, təbrik edirik. Maraqlıdır, ilk olaraq bu haqda hardan xəbər tutdunuz?

- Jurnalist dostum zəng vurdu, internetde görmüşdü adımı. Əslində gözləyirdim, amma tam əmin deyildim.Bundan əvvəl də müxtəlif fəxri fərmanlar və diplomlara layiq görülmüşəm, iki medal almışam. Bölgədə fəaliyyət göstərdiyimizə baxmayaraq, unudulmamağımız mənə xoş duyğular yaşatdı.

- Təbrikini ən çox gözlədiyiniz kim idi?

- Təbrikini ən çox eşitmək istədiyim insana özüm zəng vurdum. Bu atam idi. Elə hesab edirəm ki, o, məndən də çox sevindi.

- 13 ildən çoxdur ki, hərbi jurnalistikadasınız. Bu sahəyə maraq hardan başlayıb?

- Hərbi jurnaistikaya marağım Azərbaycan Ordusnda xidmətimlə eyni vaxtlara təsadüf edir. Boş vaxtlarda döyüş yoldaşlarımdan xatirə olaraq özüm üçün müsahibələr alırdım. Bir müddət hərbi əməliyyatlar haqqında gündəlik də yazmışam. Cəbhə xəttində döyüş yoldaşlarımızla keçiridyimiz bayramlardan xatirə qalan video çəkilişlər var. Orada zabit və əsgərlərin arzularını öyrənməyə çalışırdım. Yəqin ki, bu elə müsahibə almaq, jurnalistika həvəsindən gəlirmiş. Xidmət dövründə Türkiyə Cumhuriyyətində müxtəlif ixtisasartırma kurslarında olarkən izlədiyim hərbi verilişlər məndə bu sahəyə marağı daha da artırdı. 2001-ci ildə tərxis oldum. 2002-ci ildə ehtiyata buraxılmış bir qrup zabitlə bərabər “Hərbi And” qəzetini təsis etdik. Jurnalist kimi fəaliyyətim o günlərdən başlayır. 2005-ci ildə İctimai Televizya fəaliyyətə başlayanda “Salam Əsgər” verilişində çalışdım. Qarabağ bürosuna isə 2007-ci ildə təyin edildim.


- Gündəliyin sonraki aqibəti nə oldu?


- Etibarlı yerdədir. İnşAllah, zamanı gələndə çap olunar.

- Hərbi xidmət illəriniz haqqında daha ətraflı nə deyə bilərsiniz?

- Ordumuzda 8 ildən çox zabit ki xidmət etmişəm. Azərbaycan Texniki Universtetində hərbi kafedra var idi və ali məktəbi bitirəndə bizə leytenant rütbəsi vermişdilər. Kəlbəcərin işğalından sonra hərbi komissarlığa müraciət etdim və tələbə yoldaşım olan Əvəz Nəbiyevlə bərabər zabit kimi TərTər -Ağdərə döyüşlərində artilleriya bölmələrində xidmətə başladıq. Ağdərə şəhəri, 3 nömrəli sovxoz istiqamətlərində, Levonarx, Çaylı, Talış və başqa yaşayış məntəqələri uğrunda döyüşlərdə iştirak etdik. Onu da qeyd edim ki, 1994-cü ilin əvvəllərində Akop-Komari kəndi yaxınlığında Əvəz yaralandı və xidmətini yarımçıq qoymağa məcbur oldu.

- Atəşkəs pozulsa, müharibəyə hərbçi, yoxsa jurnalist kimi gedərsiniz?

- Cəbhə xəttindən materiallar hazırlayarkən şahidi olduqlarım əminliklə deməyə imkan verir ki, Azərbaycan Ordusu çox güclənib. Şükürlər olsun ki, zabitlərimizin hamısı peşəkardırlar. Hesab edirəm ki, mən bu gün hərbi jurnalist kimi daha çox fayda verə bilərəm, amma ehtiyac duyularsa, 22 il əvvəlki kimi yenidən topçu zabit kimi xidmətə başlaya bilərəm.O vaxt leytenant Eyvazov idim, indi isə kapitan Eyvazov olaram.

- Cənab kapitan, cəbhə bölgəsində olan jurnalistlərin ən böyük arzusu Qələbə xəbərini çatdırmaqdı, deyirlər…

- Keçmiş hərbçi, müharibə veteranı kimi mənim səbirsizliklə gözlədiyim bu Qələbənin baş verməsidir. Yəqin qismət olar, xalqımıza Qələbə soraqlı xəbərlər çatdırarıq. Azad olunmasını gözləyən o qədər kəndlərimiz, şəhərlərimiz var ki… İnşallah bu xəbərləri verməyə növbə hamımıza çatar. Əsas qələbə çalmaqdır.

- İnşallah çatdırarsız. Deyəsən, bir müddət müəllimlik də etmisiz?..

- İki il Nərimanov rayon Baxça Məktəb Litsey Kompleksində hərbi müəllim işləmişəm. Şərəfli, amma çətin peşədi. Əsasən oğlanların hərbi xidmətə hazırlanmasına çalışmışam. Belə bir aforizm var: “Müəllimlik uşaqlardakı hansısa qabı doldurmaq deyil, onlardakı məşəlin alovlanmasına kömək etməkdir”. Çin müdrikləri isə “heç kimə heç nə öyrədə bilməzsən, kiminsə nəsə öyrənməsinə kömək edə bilərsən”- deyiblər.

- Bildiyim qədər psixologiya elminə xüsusi marağınız var. Bu sadəcə maraqdır, yoxsa araşdırma?

- Bu sahədə müəyyən qədər ədəbiyyat oxumuşam və davam edirəm. Ən çox praktiki psixolgiya ilə maraqlanıram. “Biz niyə belə edirik?” – sualı, özümün və başqalarının iç dünyasını tanımağa həvəsim olub həmişə. Rənglər psixolgiyası da maraq dairəmdədir. Ümumiyyətlə, zənnimcə istənilən peşə sahibi, xüsusiylə də jurnalist az-çox psixologiyanı bilməldir . Bu həm də insanın ünsiyyət qurma bacarığını inkişaf etdirir.Psixologiya mənə ürəyimin səsini dinləməyimə kömək edir. Belə bir Afrika misalı var axı: - “Musiqi dəyəşəndə rəqs də dəyişir”. Amma, bu gün psixolgiya mənim üçün əsasən hobbidir. Fəlsəfi tədqiqatımı bitirdikdən sonra bu sahəni araşdırtmağa daha çox vaxtım olacaq yəqin ki.

- Sizi ən çox nə sevindirir?

- Özümü optimist hesab edirəm. Ona görə də sevinməyə həmişə nəsə tapıram. Lessinq deyib ki," sevinci gözləmək özü də sevincdir".Əlbətdə, hamı kimi uğurlarıma sevinirəm. Amma, tanidığım adamların layiq olduqları uğurlarına da sevinirəm. Xüsusi ilə, bu nəticədə az-çox payım olanda. Bu yaxınlarda Tərtərdən olan qohumum Nicat Musazadə ən yüksək nəticələrlə hərbi məktəbi bitirəndə təbrik eləməyə getmişdim. Mənə dedi ki, “Qarabağ döyüşlərində döyüşdüyünüz vaxtınızda sizə baxıb həvəslənərək zabit olmaq arzusuna düşdüm”. Düzünü deyim ki, həm onun yüksək nəticəsi, həm də kiməsə müsbət təsir eləməyim məni çox sevindirdi.

- “Qərbi Azərbaycan salnamələri” kitabını, "Yarımçıq qalmış oyun" pyesini və "Cənnətə tək getmə" adlı hekayənizi oxuyanda sizə ədəbiyyat adamı da demək olar. Üstəlik şeir də yazmısınız.

- “Qərbi Azərbaycan salnamələri” kitabında əsasən müxtəlif vaxtlarda "Hərbi And" qəzetində yayımlanan yazılara yer verilib. 1949-cu ildə Ermənistandan deportasia edilən insanların arasında mənim valideynlərim də olub. Nəslimiz erməni terrorunun ağır nəticələrini öz üzərində dəfələrlə hiss edib. Atam Dərələyəz mahalının Sallı kəndindən, anam isə Sisyanın Ərəfsə kəndindəndir. Anamın əmilərini 1918-cil ildə erməni daşnakları öldürüblər. Məmmədəli adlı əmim isə deportasiya olarkən mərhumiyyətlər nəticəsində 14 yaşında xəstəlikdən dünyasını dəyişib. 1987-ci ildə Ərəfsədə olanda kəndin yaxınlığındakı alban kilsəsinin erməniləşdirilməsini gözlərimlə görmüşəm. Yazılarımın da əsas səbəbi yəqin ki, altşüurumda gizlənənlərdir. Digər tərəfdən, məni ədəbiyyat adamı adlandırmaq olmaz, amma ədəbiyyatı sevən demək olar. Aristotel deyib ki, tarixin bədii əksi, tarixi salnamnələrdən daha elmi və həqiqidir. Yazdığım hekayələr, povestlər və s. əsərlər də müharibədə şahid olduqlarımın və eşitdiklərimin az-çox bədiiləşdirilimiş əksidir. Yəqin nə vaxtsa İsmayıl Şıxlının ”Cəbhə xatirləri”nə oxşar bir kitab yazmağa çalışacam. O ki, qaldı şeirə, Azərbaycanda az adam qalıb şeir yazdığını deməyən, qoy onlardan biri də mən olum... Həm də deyirlər poeziya yaralayır, fəlsəfə isə təskinlik verir. Ona görə də mən şeir yazmaqdansa fəlsəfəni öyrənməyi tərcih edirəm.

- Bəs müharibədən yazmaq?

- Asan deyil. Elə həqiqətlər var ki, onları olduğu kimi yazmaq doğru olmaz. Ən azından müharibə qələbə ilə başa çatmayınca. Necə ki, cəbhə bölgəsində elə xəbərlər var ki, onları yaymaq milli maraqlarla ziddiyət təşkil edir. Müharibə vaxtı yaşananları bir neçə hekayədə yazmağa çalışmışam və yəqin ki, ardı olacaq.

- 100+ lətifələr kitabını hazırlayacağınzı demişdiniz. Bu ciddidir, ya zarafat?

- Jurnalistlərin yanında bir şey danışmalı deyil ki. Lider TV-nin Qarabağ müxbiri Habil Aslanoğlu düz deyirmiş, "bizim yanımızda heç nə danışmayın, çünki xəbərçiliyin qanuni vəsiqəsini daşıyırıq". Lətifə danışmaqdan və dinləməkdən xoşum gəlir. Əslində, ziddiyətli görsənsə də yumor, lətifə, gülüş barışıqdan çox etirazdır. Optimist olduğumdan mənə bəzən gülərək etiraz etmək xoşdur. Gülməyə, dolayısıyla etiraz etməyə heç kimdə heç nə tapmayanda özümdə axtarıraram nəsə. Bəlkə də, bu normal deyil, amma çox maraqlıdı, başqalarına və özünə kənardan baxırsan və gülürsən... Şopenhauer bu fikirdəydi ki, əgər zarafat ciddiyətin arxasında gizlənirsə bu ironiyadır, yerlərini dəyişəndə isə yumor. Doğurdanda, yumor hər hansı ağrının gülüşə müraciətidir. Bax, məsələn, evlilik xəyallarının alt-üst olmasının ağrısı necə gözəl ifadə olunub: Bir evli qadın rəfiqəsinin ailə haqqında sualna belə cavab verir. “Ailə qurmaq sanki səhrada bir vahəyə catmaqdır. Burda soyuq bulaq, palma ağacı və dəvə var. Biraz vaxt keçir, soyuq bulaq və palma yoxa çıxır. Dəvə isə qalır.”

- Ümumiyyətlə, 100+ lətifə nə deməkdir?

- Bu sualın cavabı kitabın ilk səhifəsində yazılacaq.

- Sizin öz başınıza gerçək lətifə gəlməmiş olmaz…

- 2007-ci idə, Qarabağ bölgəsinə müxbir kimi təzə gəlmişdim. Cəbhə xəttinə yaxın yaşayış məntəqəsindən çəkilişdən qayıdanda bir qoca kişini götürdüm maşına. Harda işlədiyimi soruşdu. İctimai Televiziyada işlədiyimi biləndə həmsöhbətim israr etdi ki, televizorumuz xarab olub, gedək düzəlt. Nə qədər çalışdım, inandıra bilmədim ki, mən milli televiziyada işləyirəm, televizor ustası deyiləm. Dedi, “sən necə televiziya işçisisən ki, bir televizoru düzəldə bilmirsən?!” Dayı sağollaşıb düşəndədə bildim ki, televizorunu düzəltmədiyimə görə məndən inciyib. (gülürük)
“İTV-də işlədiyimi biləndə həmsöhbətim israr etdi ki...” – Müsahibə | MANERA.AZ

- Allah sizi güldürsün, son zamanlar heç real lətifə eşitməmişdim. "Montyorluq"dan başqa, daha nəyi bilmirsiz?

- Bu sualla razı deyiləm. Hələ Sokrat o vaxtı "Bircə bunu bilirəm ki, heç nə bilmirəm" demişdi. Mənim də bilmədiklərim bildikərimdən müqayisə olunmayacaq qədər çoxdur. Sadəcə çalışıram ki, bildiklərimdən, daha doğrusu bildiyimi düşündüklərimdən vaxtında və ətraflı istifadə edim. Bu isə çox çətindir.

- Ümumiyyətlə, olubmu ki, çox sadə iş sahibi, misal üçün, “kaş mantyor olaydım” deyəsiz?

- Məncə, işləri sadə vəya mürəkkəb deyə təsnifatlaşdırmaqdansa, verdiyi faydaya görə qruplaşdırmaq doğru olardı. Nizaminin dediyi kimi, "kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Müharibəyə getməyim taleyimi dəyişdirməsəydi, yəqin ki, kompüter sahəsində fəaliyyət göstərəcəkdim.

- Həyat eşqi hissələrə bölünürmü?

- Yəqin ki. Bölünmür ey, müxtəlif qatlarda olur. Övlad sevgisi, yurd sevgisi, yar sevgisi və s.. Hərəsinin öz payı var ömürdə. Elə həyatda bu sevgilərin cəmidir.
“İTV-də işlədiyimi biləndə həmsöhbətim israr etdi ki...” – Müsahibə | MANERA.AZ
- Bəs EŞQ?

- EŞQ - mənə çox yaxın bir nəsnədir. Soyadım, adım və atamın adının baş hərfləri bir yerdə EŞQ-dir. Bu barədə də sitat gətirməkdən özümü saxlaya bilməyəcəyəm - deyirlər ki, "sevgi kabus kimidir, hamı ondan danışır, amma heç kim görməyib". Balzak isə bir az daha kəskin deyib: "Sevmək bir qadının ədalətcəsinə digərlərindən üstün tutulmasıdır". Sitatları gətirməyim, onlarla razılaşmağım deyil ha...

- Sitatlara yaman çox müraciət edirsiz, sonra da sevgi sualından yayınmaq üçün deyirsiz ki, “sitat gətirməyim onlarla razılaşmağım deyil”. Bəs nədir?

- Aforizm - fəlsəfənin poeziyasıdır, deyirlər. Razı olub-olmağımdan asılı olmayaraq gətirdiyim sitatlar sizin, mənim və oxucunun vaxtına qənaət edir. Bəzən fikri kəsə demək üçün bir cümləyə, aforizmə ehtiyac olur. Fikri bir cümləyə, səhifəyə, uzaqbaşı hekayəyə, şerə sığdıra bilmirsənsə, onu romana, poemaya da sığdıra bilməyəcəksən... Bax bu sitat deyil ha, öz sözümdü... (gülümsəyir)

- Həmişə siz sual verirsiz, bu gün əksidir... Nə vaxtsa, kiməsə verdiyiniz sualı bu gün cavablandırdınız?

- Yox, sizdən eşitdiyim sualları heç kimə verməmişdim. Maraqlı oldu. Özünü təqdim etməyin başqasını tanımağa cəhd etməkdən asan olmadığına da bir daha əmin oldum. Sadəcə peşə vərdişi kimi, həm də özümü sanki kənardan izləməyə, suallara kənara çıxmadan cavab verməyə çalışdım.

Söhbətləşdi: Ramilə Qardaşxanqızı
Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ