“Baku Guide” kataloqunun mart sayı

Tarix:10-03-2018, 18:34 Baxış Sayı:181

“Baku Guide” kataloqunun mart sayı
Novruz Azərbaycan xalqının ən qədim və gözəl bayramıdır. Onun məxsusi ab-havasını dərindən hiss etmək üçün bayram günlərində sizlərə, şəhərimizi gəzib-görməklə yanaşı, Azərbaycanın regionlarına da səyahət etməyi və yerli əhalinin ənənələri ilə yaxından tanış olmağı tövsiyə edirik.

Bu fikirlər Azərbaycan paytaxtına təşrif buyuran xarici qonaqlar üçün səyahət bələdçisi olan “Baku Guide” kataloqunun 2018-ci il mart sayında diqqətə çatdırılır. İngilis və rus dillərində hazırlanan kataloq “Baku Guide” MMC tərəfindən nəşr olunur. Şəhərimizi istirahət, ziyarət və ticarət məqsədli bütün özəllikləri ilə təqdim edən nəşrin mart sayı da maraqlı yazılar, illüstrativ materiallar, faydalı informasiyalarla zəngindir.

Nəşrin ənənəvi “Bakını kəşf et” bölməsində paytaxtın tarixi-mədəni və turistik panoramı təqdim olunur. Həmçinin paytaxtdan regionlara günlük səfər etmək istəyənlər üçün “Azərbaycan üzrə yaz marşrutu” təklif olunur. Bu dəfə marşrut Şamaxı, İsmayıllı, Qəbələ, Şəkidən keçir.

Mart ayının ən əlamətdar günləri olan Novruz bayramı haqqında “Baharın doğuluşu” adlı yazıda ətraflı söz açılır, bayramın özəllikləri, Novruz öncəsi dörd çərşənbənin mahiyyəti, ayinləri, səməni, bayram süfrəsi ilə bağlı maraqlı məqamlar diqqətə çatdırılır.

“Əsrarəngiz Bakı...” yazısında şəhərin daha çox yerli sakinlərin tanıdığı məşhur məkanlarından bəhs olunur. Eyni zamanda qonaqlara Bakının göydələnlərindəki restoranlarda ləziz yeməklərdən dadaraq şəhərin ecazkar görüntülərini “ulduzların altında” seyr etmək təklif edilir.

Bu bölmədə həmçinin gənclərin aktiv istirahəti, balacalar üçün əyləncə mərkəzləri barədə məlumat verilir. “Bakının musiqili axşamları” yazısı milli və xarici musiqilərin müşayiəti ilə nahar və şam etmək istəyənlərə ünvanlanıb.

“Azərbaycan Müasir İncəsənət Muzeyindəki avanqard və ənənələr” yazısı, xalçalarla maraqlı instalyasiya və 3D əsərlər yaradan rəssam Faiq Əhmədin ekspozisiyası haqqında material isə sənətsevər səyahətçilərin xüsusilə diqqətini çəkəcək.

Kataloqun “Sənət və mədəniyyət” bölməsində ənənəvi olaraq ay ərzində paytaxtın mədəniyyət müəssisələrində keçiriləcək tədbirlər, teatrların, muzeylərin, qalereyaların, konsert salonlarının repertuarı yer alır. Bununla bərabər, hər mədəniyyət və sənət məkanı haqqında yığcam tanıtım mətnləri və müvafiq fotolar da verilir. Yeri gəlmişkən, kataloqun bütün bölmələrini şəhərin xüsusi memarlığı ilə seçilən məşhur tarixi binalarının siluetləri müşayiət edir. “Bakı haqqında maraqlı faktlar” səhifəsində bu dəfə şəhərimizdə lentə alınmış məşhur xarici filmlərdən söz açılır.

Kataloqda mart ayı ilə bərabər qarşıdakı aylarda Bakıda keçiriləcək böyük tədbirlərin, beynəlxalq yarış, sərgi və festivalların (AİTF 2018 turizm sərgisi (aprel), Bakı Şopinq Festivalı (aprel-may), Formula 1 (aprel), “Tour d`Azerbaidjan” yarışı (may), “Jara” festivalı (iyul) və s.) anonsu verilir.

“Yemək və içkilər” bölməsində paytaxtın yerli və dünya mətbəxi nümunələri təklif edən məşhur restoran və kafeləri, bar və pabları barədə informasiyalar verilib. Bundan əlavə, milli mətbəximizin şahı sayılan plov haqqında, onun bir-birindən ləziz növləri barədə ayrıca yazı dərc olunub.

“Şopinq” bölməsi şəhərimizin həm istirahət, həm ticarət həvəskarı olan qonaqlarına bələdçilik edir. Burada Bakının iri ticarət mərkəzləri, milli suvenirlər və brend mallar təklif edən mağazaları barədə zəruri məlumatlar almaq olar.

“Əyləncə” bölməsində şəhərdəki kino nümayişi məkanları, gecə klubları, müxtəlif sərgilər barədə xəbərdar olmaq, eləcə də “Bakı şəhər turu”nun (Baku City Tour) marşrutu ilə tanış olmaq olar.

“Görməli yerlər və tarixi abidələr” bölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə və Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə dəvət edir.

Kataloqun ənənəvi “İnfo-bələdçi” bölməsində turistlər üçün zəruri bilgilər, “ASAN Viza” və “Tax Free” xidməti haqqında informasiyalar, hotellərin, səfirliklərin, turizm informasiya mərkəzlərinin ünvan və telefonları təqdim olunur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ