Bütün xəstəliklər təkəbbürdən yaranır...|MANERA.AZ
Şəhla Aslan
Bu gün bütün dünyada məşhur olan psixoterapevt Şinelnikov psixologiyada bir inqilab edərək sübut edib ki, insanın bütün xəstəlikləri təhtəlşüurundakı gizlənmiş mənfi emosiyaların nəticəsində baş verir. Ona görə də xəstəliyi müalicə etmək üçün həmin səbəbi tapıb aradan götürmək lazımdır. Bunun üçün də 60-a yaxın xəstəliyin və onları doğuran fikirlərin, həmçinin müalicə üsullarının geniş şərhini verən alim çox qəribə bir təsnifat verib. O, sübut edib ki, bütün bu xəstəliklər təkəbbürdən yaranır.
İlk baxışdan çox qəribə görünsə də, Sinelnikovun izahatları o qədər inandırıcıdır ki, sadəcə olaraq mat qalırsan. Axı bizə öyrədiblər ki, insan qürurlu, vüqarlı, məğrur olmalıdır, heç kəsə baş əyməməlidir, azadlıq onun amalı olmalıdır və s. Bütün bunları şərh etmək çox vaxt apardığından buna lüzum yoxdur. Amma onu da qeyd etmək yerinə düşərdi ki, "Qurani-Kərim"də təkəbbür ən böyük günah hesab olunur. Elə məşhur psixoloq da İncilin hökmlərinə əsasən yuxarıdakı nəticəyə gəlmişdir. Deməli, dəyərlərimizi bir daha götür-qoy etmək lazımdır. Fikirlərimi Qədim Yunanıstanın iki böyük şəxsiyyəti barədə salnamələrin yazdıqları ilə davam etdirəcəm:
Bir dəfə Alkiviad Periklə Afinanın idarə olunmasının təşkili haqqında danışmışdır. Gənc adamın nəsihətverici tonla dediklərindən yorulan Perikl demişdir:
- Oğul, mən də sənin yaşında olanda eynilə sənin kimi düşünürdüm.
Alkiviad Periklə çəpəki baxaraq cavab verir:
- Heyf ki, sənin həmin vaxtlarında, yəni düzgün mühakimə elədiyin vaxtlarında səninlə tanış olmamışam.
Kaş gənclərin bu cür özündən razılığı olmayaydı! Yaşlı və gənc nəsil arasındakı konfliktlərin hamısı bundan doğur, itirən isə cəmiyyət olur. Repressiya illərində ölkəmizin yaşlı, bacarıqlı, elmli təbəqəsini yox etdilər. Nəticəsi də göz qabağındadır...
Dəyərlər ortadan qalxdı, keçmişlə əlaqə kəsildi. Bəs Yaponiyada, Çində vəziyyət necədir? Min illər öncəki elm, adət, atalardan gənc nəslə ötürülərək indiyə qədər gəlib çıxmışdır, üstünə yeniləri əlavə olunur. Hətta əlifbaya da əl vurmurlar. Nəsillər arasında da heç bir konflikt yoxdur.
Qayıdaq öz qəhrəmanlarımıza.
Perikli çoxsaylı xidmətlərinə görə Afinanın ilk sakini adlandırırlar. O, ədəbiyyat və incəsənətin inkişafını himayə edirdi, demokratiya uğrunda mübariz idi, Akropolun arxitektura şedevrlərinə sponsorluq edirdi. Alkiviad da məşhur dövlət xadimi və alovlu tribun idi. Onların hansının haqlı olduğunu sübut etmək uzun vaxt aparacağından bunun üstündən vaz keçib təkəbbürün nəticələri haqqında danışaq...
Perikl öz nailiyyətlərinə görə layiqli qiymətini aldı. Alkiviad isə Noti burnunda məğlubiyyətə uğramış və sonda ölkəni tərk etmək məcburiyyətində qaldı. Onun tənəzzül etməsinin bir səbəbi də döyüş vaxtı həddən artıq gözləmə mövqeyi tutması idi. Özünə çox güvənən Alkiviad işi o yerə gətirmişdi ki, spartalılar nəhayətdə onları darmadağın etdilər...
Ensiklopediyanın yazılarına əsasən Alkiviad təşəxxüs, diliacılıq, lovğalıq və dikbaşlığın canlı nümunəsi idi. Məhz buna görə də o, həqiqət və reallıqlarla rabitəsini itirmişdi. Hakimiyyətdə olan insanlar, adətən, öz bilik və bacarıqlarını, həqiqətdə olduqlarından daha artıq qiymətləndirirlər.
Məşhur adamların özlərini həddən artıq qiymətləndirmələrinin nəticəsində uğursuzluqlar barədə qəzetlər çox yazırlar. Məsələn, 2010-cu ildə həmin xasiyyətinin ucbatından İlinoys ştatının qubernatoru rüsvayçılıqla istefaya göndərilmişdi. Yaxud da «Britiq Petroleum»un rəhbəri iş prosesində namünasib hərəkət edərək Meksika körfəzində qazma platformasında partlayışa səbəb olmuşdu. Nəticədə böyük ekoloji fəlakət baş verdi.
Gördüyümüz kimi, təkəbbür eranın əvvəllərindən, daha dəqiq desək, yaranışın ilk çağlarından ta bu günə qədər gəlib çıxmışdır. Təkəbbür isə nəinki ona malik olan insanlar üçün, hətta ətrafdakıları üçün də neqativ təsirə səbəb olur.