Mənim içimdə bir Eşq var - ŞEİR

Tarix:3-06-2019, 11:25 Baxış Sayı:131

Mənim içimdə bir Eşq var - ŞEİR
* * *
Mənim içimdə bir Eşq var,
onu kim çıxardar üzə?!
Mənim içimdə bir Sübh var,
onu kim açar gündüzə?!

Mənim içimdə bir Vəhy var,
onu kim nizama düzər?!
Mənim içimdə bir Nar var,
onu kim budağından üzər?!

Mənim içimdə bir Sirr var,
onu kim tülündən sezər?!
Mənim içimdə bir Şir var,
kim ondan baxar göz-gözə?!

Mənim içimdə bir Dağ var,
onu kim endirər düzə?!
Mənim içimdə bir Çağ var,
onu kim döndərər sözə?!

Mənim içimdə bir Yaş var,
onu kim doldurar gözə?!
Mənim içimdə bir Daş var,
onun kim ağrısın əzər?!

Mənim içimdə bir Mey var,
onu kim badəyə süzər?!
Mənim içimdə bir Ney var,
onu kim çalar ünsüzə?!

Mənim içimdə bir Sel var,
kim onu bağlar dənizə?!
Mənim içimdə bir Gil var,
kimin kürəsində kuzə?!

Mənim içimdə bir Qu var,
onun səsində kim üzər?!
Mənim içimdə bir Qıy var,
kim ondan qoparar nizə?!

Mənim içimdə bir Nur var,
kim onnan qalar üz-üzə?!
Mənim içimdə bir Yer var,
Göy qarşısında diz-dizə!

Mənim içimdə bir Tel var,
onu kim bərkidər saza?!
Mənim içimdə bir Saz var,
onu kim dindirər sizə?!

Mənim içimdə bir Od var,
onu kim yaxar sönməzə?!
Mənim içimdə bir Yad var,
onu kim yar edər bizə?!

Mənim içimdə bir Şam var,
kim ondan damladar közə?!
Mənim içimdə bir Tək var,
kim onnan qol-boyun gəzər?!

Ömür dirənər anlara,
Yol uzanar irfanlara,
Gücüm çatarmı bunlara?!
Kim bu yük altında dözər?!

Rahid ULUSEL

Mənim içimdə bir Eşq var - ŞEİRБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ