Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan - GÜNÜN ŞEİRİ

Tarix:28-05-2019, 15:00 Baxış Sayı:192

Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan - GÜNÜN ŞEİRİ
Bu gün müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür.

MANERA.AZ Əmin Abid Gültəkinin 28 May günündə yazdığı şeiri təqdim edir:

AZƏRBAYCAN İSTİQLALI

I

Ansızın bəldəmizi sardı bir gecə,
Xırpaladı həyatı bir qara pəncə.
Üfüqləri titrətdi şiddətli yellər,
Bir qiyamət fəryadı yüksəldi yer-yer.
Dağ, daş, dəniz çarparaq həp bir-birinə,
Könüllər gömüldü yerin dərinlərinə.
Yalçın dağlar başından şimşəklər daşdı,
Ortalıqda bir dəli tufan qaynaşdı.
Yıxdı, yaxdı qarşısına çıxan şeyləri,
Məmləkət oldu artıq bir yanğın yeri.
Əski vətəndən bizə bir viran qaldı,
Yurdumuz pək qorxulu matəmə daldı.
Hər qayanın altında bir ruh inlərdi,
Yüksələn fəryadlara yellər səs verdi.
Bir ölüm əl uzatdı şanlı millətə,
Dünki böyük səadət döndü nəkbətə
Devrildi həp təxtindən şərəfli həyat,
Məhbəs kəsildi bizə böyük kainat.
Artıq qeyb eyləmişdi kəndisin hər kəs,
Ağızlarda donmuşdu hıçqırıqlı səs.
Mənliyi alınmışdı türkün əlindən,
Ayrılmışdı vəhşətlə öz gözəlindən.
Bütün millət uçuşub daşlar başına,
İltica eyləmişdi son göz yaşına.
Vətən xərabəsində bürünüb aha,
Yalvaryordu candan böyük Allaha.
Yalvarıyordu haqqa öz haqqı üçün,
Yanıyordu ələmlə həp için-için.

***
İllər keçdi.... türk eli inlərdi yenə,
Azərilər dərdini gömdü qəlbinə.
Bəklədi Tanrısının böyüklüyünü,
Bəklədi qurtaracaq müqəddəs günü.
Çünki Haqqın nuruydu alnında yanan,
Yurdunun xilasına etmişdi iman.
Biliyordu sönəməz yaxdığı ocaq,
Səltənəti ta həşrə qədər duracaq.
Nəhayət, bir gün gəldi, durdu göz yaşı,
Yüksəldi çoxdan bəri əyilən başı.
Millətin tarixindən bir günəş doğdu,
Məmləkəti qaplayan zülməti boğdu,

II

Bir sabah erkəndi, hava parlaqdı,
Göylərdən dəryaya mərhəmət axdı,
Üfüqdə qanarkın bir qılınc yeri,
Günəşlə bərabər doğdu bir pəri.
Bir əlində hilal, birində xəncər,
Gözlərində ümid, üzündə kədər.
Köksündə açılan böyük yaradan
Axıyordu həzin-həzin qızıl qan.
Alovlu nəzərlə süzdü hər kəsi,
Yüksəldi min dərdlə titrəyən səsi.
Söylədi ki, ey türk oğlu azəri,
Bir zaman gözlərin aşsın Xəzəri,
Gəzsin məhdud fikrin mavəralərdə,
Nələr var? Gör, anla o dünyalərdə,
Sözlərimi dinlə, mən tarixinəm,
Aç qəlbimi oxu, düşün , ey mənəm
Hakim ikən, əsir olan övladım,
Qaliba, dilindən silindi adım.
Unutma ki, mənəm səni doğuran,
Mənəm bu dünyada təxtini quran.
Gözəl tarixini buraxma, saqın!
Onda gömülmüşdür həyatın, haqqın!
Onun içindədir şərəfin, şanın,
Həyatını ona yazmışdır qanın.
Bugünkü dərdini duyduğum zaman,
Qaynadı qəlbimdə buraxdığın şan.
Yaralı bağrımla qoşdum mən sana,
Gətirdim qanımdan məlhəm yarana.
Haydı, iczi burax, bir kəndinə gəl,
Yaşamaq istərsən, göylərə yüksəl!
Yüksəl, qucağımda şəhadət ara,
Alçaqsan, baş əysən o alçaqlara!
Bitər-bitməz əsi nəsihətləri,
Qeyb oldu gözlərdən sevimli pəri.
Ortalığı sardı bir dərin sükut,
Hər şey oldu heyran, hər insan məbhut

III

Bu səs önündə biz də hər türk kimi utandıq,
Bir qılıncla bir qala alınan günü andıq.
Baxdıq qanmaz, coşqun, qonmaz yerində,
Nədən torpaqlarımız qalsın yad əllərində?
Madam ki, kəndimizə biz də insan diyoruz,
Biz də həqqi-həyata həp iman ediyoruz,
Artıq neçin yazılsın alnımıza əsirlik?

Haydı, həyata doğru irəliləyək dedik
Fəlakətlər əzdikdən sonra milləti, mülki,
Həpimiz qane olduq, həpimiz anladıq ki,
Məzlumların səsini duyan məzlumdur ancaq,
Azərinin günəşi öz ruhundan doğacaq.
***
Çox zaman bu həqiqət bizlərdən həp saxlandı,
Çox zaman vəhşiliklə viran bağrımız yandı.
Biz bir şeyə vurğunduq, candan bir şey sevmişdik,
Yurdlarımız yanarkən o cananla bilişdik.
İllərcə biz aradıq onu Şərqin qızında,
Dalğaların içində, qılıncların ağzında.
İllərcə həsrət ilə min dərd içində yandıq,
İllərcə biz adını ruha təsəlli sandıq.
Bu sevməmiz bizlərə qaliba çox görüldü,
Süngülərin ucilə ta qəlbimiz söküldü.
O canan busəsinə uzanan hər yanağa,
Qızıl qurşunlar vurdu birər atəşin damğa.
Həsrətcə ağlayanlar sürüldü Sibiryaya,
Həqarətlə baxıldı göydə parlayan aya.
Lakin bizim eşqimiz könlümüzdə bir seldi,
Bizə yol göstərən şey bir müqəddəs əməldi.
O əməl ki, doğmuşdu milli həyat içində,
Buyruq alındı yerin ta yeddi qat içində.
Sıyrılan qılınclara çılpaq kökslə çıxdıq,
Babamızın qəbrində yüksələn xaçı yıxdıq.
Doğdu bir ay şəklində sevdiyimiz istiqlal,
Sevin, ey nazlı hilal, sevin,ey şanlı hilal!

Əvət, könüllər coşdu bir sevincin gücilə,
İstiqlal sevincilə, istiqlal sevincilə,
İstiqlal-o yaşayan millətin qəlbində can,
İstiqlal-o səadət, həyat, zəfər, şərəf, şan!
İstiqlal-o sönməyən müəbbəd bir məşələ,
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
İstiqlal-o vətənin köksündə yüksələn ay,
İstiqlal-o gəmikdən, qandan yapılmış saray.
İstiqlal-o millətin parçalanan bağrından,
Gəlinlərin, qızların axan göz yaşlarından
Doğmuş pək mübarək, pək müqəddəs bir ilahdır,
Hankı bir erkək onu düşmənlərə qapdırtır?
Anaların saçından hördüyü bir bayrağı
De hankı erkək çıxıb edəcək baş aşağı?
Sən bizimsən, bizimsən durduqca bədəncə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

28 May 1919

Bəldə, bələdə -şəhər, ölkə
Nəkbət -bədbəxtlik, düşkünlük
İltica eləmək -burada: sığınmaq
Mavəra -bir şeyin arxasında, o tayında olan
Məbhut -mat, heyran

İBRAHİM İLYASLININ TƏQDİMATINDAБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ