Darıxmaq belə olur - Məhəmməd Turanın şeirləri

Tarix:13-01-2019, 14:37 Baxış Sayı:161

Darıxmaq belə olur - Məhəmməd Turanın şeirləri
MANERA.AZ istedadlı gənc şair Məhəmməd Turanın şeirlərini təqdim edir:


***
Bütün sevdalar öldü,
Hamı getdi bircə-bircə.
Dən gəzə-gəzə can verir
Qar üstündə qalan sərçə.

Hayana qaçasan indi,
Axı kimə sığınasan?!
Bilmirsən ürəyin, yoxsa,
Ömrün halına yanasan.

Hər şeydən bezib gəlmişəm,
Yorulub gəlmişəm, Allah.
Gələnlər bulanıq gəlir,
Durulub gəlmişəm, Allah.

Qovur məni bu dünyadan,
Külək qovur, yağış qovur...
Nə durmusan bu göylərdə? -
Durma, gəl, mənə yiyə dur!

Bir az göz yaşı saxla...

Alışdı sinəmdə qoxun,
Tüstüsü başıma vurdu...
Həsrətin çəkdi yayını
Oxu düz tuşuma vurdu...

Gözlərim şeirlərimdə
Səni gəzir sətir-sətir...
Saçlarındakı ətiri
Axtarıram ətir-ətir...

Necə deyim indi sənə
Daha bitən tab kimiyəm...
Gözünün dərin yerində
Saralan məktub kimiyəm...

Tez küsər, tez barışar-
Könlün uyar qılığa...
Bir az göz yaşı saxla
O biri ayrılığa...

Ölmədim eşqi tərgidəm...

Yoxluğuna çəkiləndən
Bir şeir yaza bilmirəm...
Yazıram, zəif yazıram,
Yazıram, poza bilmirəm...

Qəribsəyir baxışlar da...
Dəli yağır yağışlar da...
Mənə baxır naxışlar da-
Ömrümə düzə bilmirəm...

Sən gedəndən itdi yönüm...
Yol dolayı, dönüm-dönüm...
Nə vaxt çıxar ayaz günüm
Bahara, yaza bilmirəm...

Həyat-adamı təng edən...
Ölmədim, eşqi tərgidəm...
Çatacammı o sən gedən
Cığıra-izə bilmirəm...



***
Hansı qəmdən üz döndərdim,
Sevincim yoxa çəkildi?
Muradım sola üz tutdu,
Yığvalım sağa çəkildi...

Əllərimə sığışmadı
Bir belə dərd, belə qəm...
Allahsa da görmürdümü
Mən uşağam, çox uşağam...

Gözlərimdə solan ümid
Tökür, tökür dözümünü...
Hələ təzə boy atmışdı-
Yanvarın on üçü günü....

Bir sevgilik vaxtım qalıb...
Bir ömürlük ölüyəm mən...
Başıma dolanın, nolar,
Dəliyəm mən, dəliyəm mən...



***
Dünyanın boz üzündəyəm,
Hardan tapacaqsan məni?..
Hardan ki küsübdü Allah
Ordan tapacaqsan məni...

Tənhalıq əzizdi mənə,
Anamdan belə əzizdi...
Bir həsrətə qoşulmuşam
Sonamdan belə əzizdi...

Özüməm özümə yanan,
Unutmuşam onu, bunu...
Özüm ovula-ovula
Ovutmuşam onu, bunu...

Bəlkə dirilib qayıdam,
Sən bircə yol boğsan məni...
Ana, əgər yarıtmasam
Bir də doğacaqsan məni?



***
Bilirsənmi, ayrılığın
Dahası, sonrası olmur...
Beş günlük acısı olur,
Bir ömürlük yası olmur...

ən müqəddəs sevdalar da
Unudulur xəyal kimi...
...ən zülmlü ayrılıqlar
Bəzən çəkir xoşbəxtliyə
Bir iz kimi...bir yol kimi...

saçlarında bir vaxt itən
Əllərim tək itirmişəm...
İtirmişəm səni, qadın,
Külək-külək itirmişəm...

Unutdum səni...
Bağışla....
İçimdəki dəli atəş
külə döndü
Bircə anlıq yağışla...

***

Addımlar asta-asta
Gəzər gecəni gəzər...
Xəyalım ayaq açar
Sizin küçəni gəzər...

Ulduz qonar çiynimə
Təbəssümə bataram...
Bir röya uyduraram
Dizlərində yataram...

Gözlərimdə bitərsən...
Üstünə yüyürərəm...
Xəyalına sarılıb
Yoxluğunu görərəm...

Gecələri sayıram
Hər nəfəs dilək olur...
Kölgəmlə oynayıram -
Darıxmaq belə olur...



***
Bilmədim düz elədim
Ya səhv elədim, qadın...
Saçlarından tökülən
Günahı qucaqladım...

Ağıl yeri qoymadı
Başımda gül nəfəsin...
Bir öpüşdə qırıldı,
Qırıldı tutqun səsin...

Ya göylərin işiydi,
Ya da şəhvət kələyi... -
Ehtirasa qovuşub
Əsdi eşqin küləyi...

...Çiynimdə telin yanır
Qovruluram oduna...
Tüstüm çıxır ha çıxır
Göyün yeddi qatına...

Belində toxtaqlaşar
Əllərimin ac gözü...
Sinəmdə saçın qalıb,
Sinəmdə öpüş izi...

Ulduzları saxlayaq
Bu gecə ay getməsin...
Bir az yuban, əzizim,
Qoy bu gecə bitməsin....



***
Dünya başıma fırlanır,
Başım hərlənir, ilahi...
Bir xal düşüb ürəyimə
Ürəyim yanır, ilahi...

Kəsib yolu duman indi,
Sənsən əlac qılan indi,
Laxtalanır zaman indi,
Ömür-gün dönür, ilahi...

Qaralır dünya, qaralır,
Durulur ruhum, durulur,
Düz yollar bir-bir burulur,
İçimə sinir, ilahi...

Gözlərim yorulur daha
Çox da ki eşq var sabaha...
Daha həyat gülmür,
Daha
Əcəl dinir, ilahi...



***
Hamıdan küsüb getsəm,
Qınamayın məni...
Əlimi üzüb getsəm,
Qınamayın məni...

Başımda dəli sevda,
Yolumda qara həsrət,
Ömrüm qalıb qırovda...
Yoxdu daha o taqət,
Qınamayın məni...

Hamının başı qarışıq,
Hamı öz dərd-sərindədi...
Ürəyimə dolan işıq
Nağılların sirrindədi...
Qınamayın məni...

Arxa axan sudu ömrüm,
Sökülürəm pilə-pilə.
Önünüzdə lap diz çöküm,
Lap yalvarım,
həsrət ilə
Sınamayın məni...



***
Burda qoluma girmişdin,
Burda üzündən öpmüşdüm.
Gedəndə burayla getdin -
Gedən izindən öpmüşdüm.

Burda birgə gülümsədik,
Bax, elə burda ağladıq.
Ən sonuncu göz yaşını
Biz görən harda saxladıq?!

Burda günəşdən saxladı
Bizi çinarın kölgəsi.
Xan bağında bir səs yatır -
Eşq qoxuyan gülüş səsi.

Sükut çöküb Xan bağına...
Yer də laldı,
Göy də laldı.
Nə sevgimiz var idisə,
Hamısı Gəncədə qaldı.



***
Bütün gedənlər
sənin kimi getdilər onsuz da,
Səssiz-səmirsiz, barmaqlarının ucunda...
Öyrəşmişəm,
Öyrəşmişəm daha
Bu baha sevgilərə,
Ucuz ayrılıqlara...

Qorxma, sevdiyim,
Bütün əsəbini gəl üstümə tök,
Ürəyindən keçənləri hayqır üzümə bir-bir...
Nə qədər səhv olduğumu
gözlərimə baxa-baxa söylə,
Sonra get.
Belə sakit getmə....

Ayrılırıq,
Heç olmasa, qoy, urvatlı ayrılaq,
Bir az sən hönkür, bir az mən,
Bir az ölüm qabağında,
İmdad umum əllərindən
Ölən eşqin sorağında,
Ondan sonra gedərsən...

Son dəfə baxıram gözlərinə,
Son dəfə Pavilç bizi birlikdə görür...
Son dəfə, son dəfə...
Hər şeyin sonudur daha...

Getmə, dayan!
Getdin daha?
Yenə başladı tənhalıq...

Uzaqlara məktub...

Məni buralarda sevən olmadı,
Uzaqda, uzaqda gözləyənim var...
Gecələr yuxuma girən olmadı
Gecələr yuxuda səsləyənim var...

Bir qarış dünyadı könlümü sıxan,
Hər şey gözlərimdə qarma-qarışıq...
Sevgidi üzümdən gülüşü yıxan,
Qəlbimin başından parlayan işıq...

Qəriblik sarmaşıb dodaqlarıma...
Boy verir həsrətim hey saçaq-saçaq...
Bilirəm, azacam o yolda-izdə,
Məni uzaqlara kim aparacaq?



***
Keçmişəm özümdən, itib gəlmişəm,
Halal mənzilimdən ötüb gəlmişəm,
Deyəsən yuxumu qatıb gəlmişəm,
Nə azarım vardı bu qürbət eldə?

Gecə də vətəndi, gündüz də vətən,
Elə hey vətəndi dilimdə bitən.
Qohum yox, qardaş yox bir əlim yetən,
Dünya mənə dardı bu qürbət eldə...

Yığıram gözümə cığırı-yolu,
Nə ölü yoludu, nə diri yolu,
Bir yanı bürküdü, bir yanı dolu,
Allah da namərddi bu qürbət eldə...

Gözümü göylərə döyüb gəlmişəm,
Özüm bildiyimi sayıb gəlmişəm,
Babamın qəbrinə dəyib gəlmişəm,
Ruhu mənə yardı bu qürbət eldə...

Dünyanın...
Taleh Mansura

İçəndə də sağlığına içirik,
Ölümünə içiləsi dünyanın...
Qardaş, elə biz dalınca qaçırıq
Yaxasından qaçılası dünyanın...

Dərd bir deyil, iki deyil, üç deyil
Bəlkə düşdü... Bəlkə elə düş deyil...
Ölüm belə bu dünyadan köç deyil...
Əsiriyik köçüləsi dünyanın...

Hər həvəsi fikir etdik, dərd etdik...
Dar qapıda göydəkini yad etdik...
Körpüsündə yuva qurduq, yurd etdik
Körpüsündən keçiləsi dünyanın...



***
Qürbətin düzünə düşmüşəm indi
Baxışım dağılır ha yana baxsam...
Yuvasına həsrət bir quşam indi -
Kim məni tutası göylərdən axsam?

Mən ki, qəribiydim lap ilk anımdan,
Qürbətdə qəriblik mənim nəyimə?
Vətəndə kök salıb, canım, qanım da,
Burda nəyim var ki? Yanım nəyimə?

Xəyalım kövrəlib, könlüm kövrəlib,
Bir bax, incəlibdi ürəyim necə...
Bir Allah bilir ki, bu qürbətlərin
Keçir boğazımdan çörəyi necə...

Çoxda ki, yozuram yuxumu çin-çin,
Təsəlli gəzirəm mən gələn qışa...
Uçunur ürəyim camaat üçün,
Uçunur ürəyim dosta-tanışa...

Bir belə günahdan sonra

Sinəmə elə qısılıb yatırsan ki,
Sanki min ildi məni gözləyirmişsən...

Nəfəsin dəydikcə sol tərəfimə
Buz bağlamış dərdlərim əriyir yavaş-yavaş
Havalanmış ürəyimdə...

Eh, elə sarılmısan ki, sanki durub qaçacam...
Bəlkə sən də gözü dağlısan qaçanlardan...
Nə bilim...

Sinəmi dalayan saçlarını
Qıymıram qulağının dibinə atmağa...
Yat, quzum, rahat yat,
Yanındayam...

Elə məsum yatırsan ki,
Sevməmək olmur səni...



***
Dodaqlarının bir öpüş yanğısı vardı
dodaqlarımda...
Öpdüm, keçdi, getdi...
Bir hənirtilik ehtirası var idi
bədəninin...
Çəkdim içimə doyunca,
Çəkdim səni...
Keçdi, getdi....
Bir baxışlıq alov vardı gözlərində,
Baxdım, külə döndü...
İndi isə....
İndi isə bircə bağ var aramızda...
Bir də toxunsam sənə qırılacaq
o bağ da...

Əllərin üzülmür əllərimdən,
Ətrim sovuşmur tellərindən...
Məsum gözlərini qurut, yaş tökmə,
Dik saxla qamətini.
Mən utanaram,
Mən utanaram ikimizin yerinə...



***
Yağışdan islanmış skamyaların
tənhalığı var bir də...
Baxışı uzanar, qanı qaralar...
Ayağına sırmaşan
Alov dolu sarmaşıq
Saraldıqca saralar...

Çinar üstünə tökər yarpaqlarını
təsəlli kimi...
Sevişər skamyanın sinəsində
Bir cüt yarpaq...
Öpüşər... sevişər... qoxlaşarlar...
Sevinər skamya....

Otlar baxar aşağıdan yuxarı,
Qarışqalar cərgə-cərgə yol alar...
Su dəydikcə skamyanın üzünə
Alnı-üzü qırışlanar... qocalar...
Qocalar skamyalar....

Neçə qız qarıtmışıq
bu skamyalarda...
hamısı onların ahıdı -
tutur skamyaları...



***
Yenə hava qaralır...
Hər şey soyunur kölgəsini...
Quşlar da, ağaclar da, insanlar da...
Ən hündür binalar da...
Abırı tökülür torpağın...

Yenə başı açılır bu şəhərin...
Yorğun əllərini yanına salır...
Dənizi ləpələnir səngiyən alov kimi...
Ulduzlar lap astadan pıçıldaşır...

Səhəri sevmir bu şəhər....
Sığınıb gecənin qucağına
Yatır doymayana qədər.....

Günəş sinəsinə şölə səpir
bir qədər sonra zəngli saat kimi...
Başını bulayır bu şəhər
Yorğana doymayan uşaqlar kimi...

Bir əlçim ümidlə
Qısılıb bir küncünə
Hələ də kimisə gözləyirəm, şəhər....
O gəlməyənləri unudub gedəcəm,
Gedəcəm harasa bir səhər...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ