Sözüm üşüyür - Ədalət Nicatın şeirləri

Tarix:26-09-2018, 17:04 Baxış Sayı:428

Sözüm üşüyür - Ədalət Nicatın şeirləri
Manera.az Ədalət Nicatın şeirlərini təqdim edir:

SÖZÜM ÜŞÜYÜR

Yurddan ayrılanda tox saxladığım,
Üzdə şux görünən dözüm üşüyür.
Misra-misra,bənd-bənd yola düzülən,
Hər sözə kövrələn sözüm üşüyür.


Xəyalım dolanır yalı,yamacı,
Əsirlikdə qalıb yurdumun tacı,
Qürursuz yaşamaq acıdan-acı,
Şuşasız taqətim,dizim üşüyür.

Zəngilan bir həsrət ruhumu yoran,
Laçınsız ömrümə tez gəldi boran,
Kəlbəcər gedəndən kədərli duran,
Murova dikilən gözüm üşüyür.

Hər papaq qoyanlar guya ki ərdi?
Anlayan varmı ki,nə dərdi-sərdi,
İçimdə yandıqca Zəngəzur dərdi,
Qarabağda sönən közüm üşüyür.

Torpağa məhəbbət mübarək hisdi,
Burada vətəndi,demirəm pisdi,
Sumqayıt mənimçün olsada isti,
Qubadlıda qalan izim üşüyür.

CANIM YURDUM,GÖZÜM YURDUM

Səcdənə də gələnmədim,
Canım yurdum,gözüm yurdum.
Yaşda daha o yaş deyil,
Azalıbdı dözüm yurdum.

Göz yaşım baxmır sözümə,
Dərin arx açıb üzümə,
Oğul deməyə özümə
Daha gəlmir üzüm yurdum.

Dünyanın nahaqq qatında
Şeytanlar çapır atında,
Qəribsəyib kül altında
Çoxdan sönüb közüm yurdum.

Atəş sönməz gur yağışla,
Eşq göyərməz bir baxışla,
Nə olar məni bağışla,
Gələnməsəm özüm yurdum.

Ədalət varmı yadında?
İllərdi yanır odunda,
Kaş bir durna qanadında
Çata sənə sözüm yurdum.

AĞRILARA ÇÖKDÜ ŞAİQ...

Göylə yerin arasında,
Arzusuyla təkdi Şaiq.
Dünyanın ən gözəl gülün
Söz bağında əkdi Şaiq.

Öz qismətin özü dərdi,
Çiynində çəkir el dərdi,
Dağ da çəkməz belə dərdi,
Dərdi mərd tək çəkdi Şaiq.

Göydə gəzən söz köçünü,
Yerdə yığıb öz köçünü.
Eşq ilə dolu içini
Misra-misra sökdü Şaiq.

Qisası alır özündən,
Heç nə yayınmaz gözündən,
Bal kimi şirin sözündən,
Uca qala tikdi Şaiq.

Özün heç zaman öymədi,
Bir könülə də dəymədi,
Haqsızlara baş əymədi,
Ağrılara çökdü Şaiq.

QUBADLI

İlahi,bu nə gün,bu nə saatdı,
Mən gecədən tutqun,gecə rahatdı,
Azmış yuxularım çox narahatdı,
Elə hey yurd gəzir gözüm,Qubadlı.

Ürək ha deyil bu-olub dərd daşı,
Ölüncə içində elə dərd daşı,
O yurd bağışlamaz biztək yurddaşı,
Hansı üznən deyim-bizim Qubadlı

Haqqın,hamımızın yükdü boynunda,
Biz ki,uduzmuşuq böyük oyunda,
Ölüb qalmadıqsa ana qoynunda,
Demək günahkaram özüm,Qubadlı.

Tarix bağışlamaz bu qədər kəmi,
Varmı bu yurdların kimsəsi,kimi,
Səbrim ha qalmayıb,nə vaxta kimi,
Çəkib,mən bu zülmü dözüm,Qubadlı.

Məni öz arzumla qoşa asdırın,
Qorxmuram tonqaldan-ütün,qarsdırın,
Siz Allah,öləndə elə basdırın:
Sənə tərəf olsun üzüm,Qubadlı.

OĞUL

Bu dünyanının gen başına
Ağır oldu daşın,oğul.
Mən arsız hələ ölmədim,
Tək qalıb baş daşın,oğul.

Dünyanın var keşmə-keşi,
Bəlli olmaz heç bir işi,
Ölümə göz qirpmaz kişi,
Nə çatılıb qaşın, oğul.

Hər gün qopur içimdən hay,
Nicatım hardasan haray,
Atan gələn günəcən say,
Qoy qarışsın başın,oğul.

Dərd ömrümə erkən qondu,
Ümüdüm od tutub yandı,
Çırağımı hər gecə yandı
Sənin odu işin,oğul.

Sən düşməliydin qabaga,
Kim bükəcək məni ağa
Düşdün atandan qabağa
Çatırdımı yaşın,oğul?

DAHA

Getdi şahlıq dövrü, daha yox xan da,
Bizsiz ay da doğur sökülür dan da,
Çoxdan unuduldu əvvəlki an da,
Özüm olammıram, bağışla daha.

Bulud isladırdı yolu gözüylə,
Sevinc gətirirdi göydən özüylə,
Kaş gedə biləydik qəlbin sözüylə,
Qayıtmır o günlər yağışla daha.

Bir vaxt gəzdiyimiz yamac yolları,
Örtüb izimizi tikan kolları,
Vədəsiz ayrıldı tale yolları,
Getmirik enişlə, yoxuşla daha.

Hicran dediyimiz yolları kəsdi,
Ümüdlərin üstdən küləklər əsdi,
Şalının saçağı əlimdən küsdü,
Barmaqlar görüşmür naxışla daha.

Ədalət, ürəyin döyünür nə bərk,
Ruhundu qəlbini bəlkə edir tərk,
Yazıq neyləsin ki, həmişəki tək,
Baxammır alovlu baxışla daha.

AZ YAZIN

Ay qadanız alım,min ildən bəri,
Bülbülərdən, güldən,yardan az yazın.
Haqqdan,ədalətdən qaçıb kənara,
Yağışdan,yağmurdan, qardan az yazın.

Gömüldü torpağa haqq diri gözlü,
Çoxaldı rəngbərəng, yaltaq hər üzlü,
Üzdə boyun əyib,daldada gizli
Özgə pulun sayıb,vardan az yazın.

Özünü öyməkdən utanar mərdlər,
Doğmatək ürəkdə yer alır dərdlər,
Özgə qoltuğuna sığan namərdlər,
İgidtək çətindən, dardan az yazın.

İndi yerli-yersiz dəbdi qınamaq,
Əsli ,nəcabəti,kökü nə danmaq
Bu yurda,millətə,yanmaq var yanmaq,
Yana bilmirsizsə qordan az yazın.

Qulağımdan getmir qorxunc o,səslər,
Bizdən kömək umub bizləri səslər,
Xocalı ağrısın unudan kəslər
Nə olar namusdan,ardan az yazın.

QOY MƏNİ O QIZ AĞLASIN

Gözünüzdə yaş qurudu,
Məni qara saz ağlasın.
Bir ömür ürək qoyduğum
Çiçək ğözlü söz ağlasın.

Fəsillər dilnən ağladı,
Arzum göylərdə çağladı,
Sevdam bahara bağlıdı,
Şeh baxışlı yaz ağlasın.

Ayrılığın köz saldığı,
Aşıqların söz saldığı,
Dodaqlarım iz saldığı,
O həyalı üz ağlasın.

Məni özünə bağladan,
Xəyalarıyla çağladan,
Bir ömür məni ağladan
İndi məni az ağlasın.

Ürəkdən yanmağı düzdü,
Eşqi,sevgisi təmizdi,
Göz yaşı daşmış dənizdi,
Qoy məni o qız ağlasın.

İLDƏN QORXURAM

Açılası deyil gizli sevgimiz,
Bizi qınayarlar,eldən qorxuram.
Bahar arzumuza xəzan gələrsə
Təravəti yuyar ,seldən qorxuram.

Hicran yollarında qalmışıq taxtsız,
Yaradan yaradıb bizləri bəxtsiz,
Sevmədiyi əldən ağarar vaxtsız,
Barmağıma yatan teldən qorxuram.

Böyük eşqimizi qəlbdə sıxmışıq,
Hər işi talenin üstə atmışıq,
Daşıb məcaradan çoxdan çıxmışıq,
Düşərik ağızdan,dildən qorxuram.

Eşqin əzabından hər gün üzülən,
Kiprikdən yanağa tez-tez süzülən,
Gözümüzdən axan yaşla düzələn
Bizi batıracaq göldən qorxuram.

Nə xoşdu yaşamaq sevdalı anı,
Sevənlər səbirsiz gözləyər danı,
Nə qədər baxsaqda görünmür sonu,
Bizi ayıracaq ildən qorxuram.

EŞQİN DİLİYLƏ

Ayrılıqlar qatarlanır,
Baxışında ağır-ağır.
Arxanca bulud gözümdən
Su səpilir,həsrət yağır.

Aşıq sevər haqq könlüylə,
Dil açar eşqin diliylə,
Ayrılıq hicran əliylə
Barmağına xına yaxır.

Eşq nazik yeri ərlərin,
Qulağı varmış yerlərin,
Suya açdığım sirlərin
Səmti sən tərəfə axır.

Nə dağından,nə düzündən,
Getmir bulud ay üzündən,
Zülmət gecənin gözündən
Son ümittək şimşək çaxır.

Ürəyimdə dola-dola,
Sevdamla gedirəm yola,
Mən hər gün,sən gedən yola,
Yollar qəmğin mənə baxır.

YAZ GƏTİR BARI

Ürəyim götürmür qışın soyuğun,
Özünlə ömrümə yaz,gəti barı.
Məndən saxladığın gizli hisləri,
Deyə bilməyəndə yaz gətir barı.

Düzəlməz şüşədi qəlbim sınanda,
Qorxuram ömrümü sənsiz sananda,
Sənin həsrətinlə könlüm yananda
Qəlbində bir dilək yoz gətir barı.

Süslən sona kimi bolha -boluna,
Xəyal donlu sevdam girər qoluna,
Gözüm kölgə salar günlü yoluna,
Kobud cığırlara naz gətir barı.

Çəkilsin yollardan ayrılıq iyi,
Eşqin sərxoşları içməzlər meyi
Nə inlət kamanı nə sızlat neyi
Könlümü almağa saz gətir barı.

Bu qırx qapıdanda qıfıl asılıb,
Odasızdı sevgim küncə qısılıb,
Ədalət onsuzda sənsiz sıxılıb,
Səndə bu hicrandan az gətir barı.

AY ÖMRÜM, GÜNÜM

Səni çiçək şandım, sonra ürpəndim,
Qorxdumki solarsan ay ömrüm günüm.
Qönçəykən qoy büküm səni könlümə,
Orda tər qalarsan ay ömrüm günüm.

Qəlbimdə çəkilib adın naxışla,
Yoluna səpilər eşqim yağışla,
Bilirəm zalımca tək bir baxışla,
Könlümü çalarsan ay ömrüm günüm.

Yolların üstündə kölgəlik bitsəm,
Yuxundan xəyaltək gecələr itsəm,
Ömründən dumantək çəkilib getsəm,
De xoşbəxt olarsan, ay ömrüm günüm.

Eşqinlə köhlənib könlümün simi,
Sevdam sərxoş olub unudur qəmi,
Bax mən olmayanda axıra kimi,
Kövrəlib dolarsan ay ömrüm günüm.

Sənlə salamladım səhərin danın,
Eşqinlə açmışam hər xoruz banın,
Mənsiz olan zaman keçən xoş anı,
Yadına salarsan ay ömrüm günüm.

QURTAR MƏNİ

Düşmüşəm sehrinə qurtaramıram,
Gəl öz tilsimindən, al qurtar məni.
Mənə ürəyində, daha yer yoxsa,
Sıldırım qəlbindən, sal qutar məni.

Sənsiz qaranlıqdı,keçən hər anım,
Sevdamın yolunda ,qoy axsın qanım,
Ya qoy fəda olsun, yolunda canım,
Yada xilasgarım, ol qutar məni.

Hər şıltaqlığına, dözmüşəm məndə,
Sevəndə, özündə olmurki bəndə,
İtib arzularım dumanda, çəndə,
Lələm azan yolda, bul qurtar mənı.

Qonaq ol həsrətli qalan qoynuma,
Ayrılıq buzları salan qoynuma,
Babal sayılarsa düşsün boynuma,
Bu axşam yanımda qal qurtar məni.

Ədalət eşqindən düşübdü xəstə,
Neyniyirsən mal-mülkü, canımı istə,
Qıvrıl səhərəcən sinəmin üstə,
Gedəndə ilantək çal qurtar məni.

ÜRƏYİMƏ BÜKÜM SƏNİ

Ustad şair Əşrəf Veysəlliyə

Səndə Qarabağ ətri var,
Gəl sinəmə çəkim səni.
Qarabağsız üşüyəndə
Ürəyimə büküm səni.

Güney,quzey haraylısan,
Yurd ətirli dağ çayısan,
Dup-duru bulaq suyusan
Üz-gözümə çəkim səni.

Gözləri dolmuş buludsan,
Sönmüş ocaqlara odsan,
Söz mülkündə şah palıdsan,
Şah könlümdə əkim səni.

SÖZ MƏNİ GƏZİR

Ayaq dəymədikcə yurd yollarına,
Bir zaman qoyduğum,ız mənı gəzir.
Mən dağa bağlıyam,dağsız olunca
Hər gün toz-torpaqlı,düz məni gəzir.

Alıb verməyənin,əli olur bərk,
Gəl məni könlümün işığına çək,
Özüm olmayanda başqaları tək
Vicdan ürəyimdə, tez məni gəzir.

Qoppuza sevgı var,qoca ozanda,
Göylərin sehrinə düşüb azanda,
Hərdən duyğulanıb şeir yazanda
Mən söz axtarmıram,söz mənı gəzir.

Mənım ümüd ayım,günəşim batmır,
Heç beynim,ürəyim,gözümdə yatmır,
Daha yalanlara dözümüm çatmır,
Iyirmi dörd ildi ki,döz məni gəzir.

Ömrün Ədalətə üzü dönəndən,
Şah bildiyim bəxtim təxtən enəndən,
Ata ocağının odu sönəndən
Soyuq qürbətlərdə ,köz məni gəzir.

KƏNDİM

Söküb içimin sərhəddin,
Can atıram sənə kəndim.
Yoluna çıraq gözlərim
Az qalıbdı sönə kəndim.

Çatılıb ellərsiz qaşın,
Küskündü torpağın,daşın,
Dağ büqarlı məğrur başın
Bürünübdü çənə kəndim.

Hanı elin bəyi,xanı?
Çoxdan çatıb qisas anı,
Düşmənlərdən alıb qanı
El yurduna dönə ,kəndim.

Kiçilirik dözə-dözə,
Uşaqlarda durur üzə,
Qoy şəhərlər qalsın sizə,
Bəs eyləyər mənə kəndim.

Yurdsuz qalan könül, dağlan,
Di gəl qürbətlərə bağlan,
Ədalət tək dəcəl oğlan
Yadındamı yenə,kəndim.

AY MİLLƏT

Vətəndə vətənsiz olub,
Yaşamaq ardı,ay millət!
Nə zamandı yurd yolları,
Borandı,qardı,ay millət!

Kölgə düşüb o,çağlara
Qartalı dönüb ağlara,
Ahım ha çatsın dağlara,
Zirvədə sardı,ay millət!

Ömür daş atır yaşıma,
Qırış toplanır qaşıma,
Yurdsuz, yuvasız başıma
Gen dünya dardı,ay millət!

Mənasız günlər aşımaq,
Ürəkdə dərd-qəm daşımaq,
Köçkün həyatı yaşamaq,
İnanın zordu,ay millət!

Ürəyimdən qopan nalə,
Bəlkə daş qəlbləri dələ,
Nəyi gözləyirsiz hələ,
Yaş məni yordu,ay millət!

MƏHƏMMƏDƏMİN BABA

Vətənçün çox qürbət çəkdin,
Can Məhəmmədəmin baba.
Yetmiş il unutduq sənı,
Bizdən olma əmın baba.

Anladıqca sənı mıllət,
Onda çıxar candan zillət,
Bu tayda qurmusan dövlət,
O taydadır kəmin baba.

Mıllət yükü kürəyində,
Duz olmadı çörəyində,
Elçibəyin ürəyində
Yarpaqladı qəmin baba.

Taqət olsun gərək dizdə,
Şəfəq saçar nur bənizdə,
Gızlı keçdiyin dənızdə
Azad üzür gəmin baba.

Malı talanan ölkənın
Bir kəsən yoxdurmu önün?
Ad sənindi dad özgənin,
Çoxu tapıb çəmin baba.

ON BƏXTİMDƏN

Yarı yuxulu ötüşür,
Gün çıxmamış dan bəxtimdən.
Xoşbəxtliklər ömrü boyu
Gəlıb keçib yan bəxtimdən.

Yurd sevən haqq yolla getdi,
Çox silahdaşım şəhiddi,
Həsrət gözlərimdə bitdi,
Hər gün sızır qan bəxtimdən.

Ömürə kəsilib yağı,
Sayalı deyıl ayağı,
Baş əyib nökər sayağı
Ötür günlər xan bəxtimdən.

Boş ümüdlə qala bılmır,
İstədiyin ala bılmır,
Öz yurdunda ölə bılmır,
Küskün keçır an bəxtimdən.

Başımda sevda hey çaxır,
Gözlərim ulduztək axır,
Doqquzundan həsrət baxır
Biri eşqdi on bəxtimdən.

QARABAĞDA ÜŞÜYÜR YERİ

Millətlər ıçində kimliyimizdi,
Sinənizin üstə hörün bayrağı.
Ey,böyük Turanın ər oğulları
Dörd qitədən baxıb görün bayrağı.

Könlümün Qubadlı,Şuşadı piri,
Hələ aşılmamış nə çoxdu sırrı,
Çoxdan Qarabağda üşüyür yerı,
Gedirəm asmağa verin bayrağı.

Fələkdi fırladan ömürün pərin,
Vətən sevgisinin anlamı dərin,
Həmi qürur yerin həmi and yerin,
Götür sevə-sevə bürün bayrağı.

Özümü tanıyan elə o gündən,
Çalınanda duydum qürur cəngidən,
Sevərək öpmüşəm hər üç rəngindən,
Ucalardan enməz ərin bayrağı.

Qonşular üç yandan çıxardıb ağın,
Xisləti aydındı sonda qorxağın,
Zaman-zaman şəhid verən torpağın
Üşüyəndə üstə sərin bayrağı.

GÜL KİMİDİ

Düymələnmiş qönçə eşqim
Yar bağında gül kimidi.
Ayrılıqlar ürəklərdə
Tikan basan kol kimidi.

Daşlara toxuncaq dizi
Dalğalanır göy bənizi,
O,boyda Xəzər dənizi,
Yad gözündə göl kimidi.

Göylərin ulduz gözündə,
Kim durmursa öz sözündə,
Xatirəmin son üzündə
Çəkilməmiş qol kimidi.

Sınayanlar öz bəxtini,
Qalın eyləyər təxtini,
Bilməyənlər öz haqqını,
Bu həyatda qul kimidi.

Yenə qarışıb aralıq,
Nə oralıq nə buralıq,
Uzun-uzadı ayrılıq
Gözüm çəkən yol kimidi.

HEÇ KEÇİBMİ

Mən şahın yox,eşqin qulu,
Ürəyim eşqinlə dolu,
Sərgərdən sevdamın yolu
Ürəyindən heç keçibmi.

Axırımız ölüm,itim,
Yolunda göz olub bitim,
Durna qatarlı həsrətim
Diləyindən heç keçibmi.

Gəzəndə sevdama yozum
Leysana düşdü bu yazım,
Könlümdə üyünən arzum
Ələyindən heç keçibmi.

İzi var hər ötən anın,
Təklikdə sıxılar canın,
İşlərin iblis,şeytanın
Kələyindən heç keçibmi.

Gecələr gülümsünən ay
Eşqimizə ümiddi pay,
Arzun zamanın solaxay
Küləyindən heç keçibmi.

BURALIYAM QARDAŞ

Köküm bu torpağa bağlı,
Demək buralıyam qardaş.
Dədəm,babam haralısa
Məndə oralıyam qardaş.

Qara gün ötüb keçməzmi?
Bu ayrılıqlar bitməzmi?
Türkəm dediyim yetməzmi?
Neynirsən haralıyam qardaş.

Qaysaq tutmuş yaram çiydi,
Gəncliyimi dolu döydü,
Qəlpə yarası boş şeydi,
Yurdsuz yaralıyam qardaş.

Bezdim yerlibaz görməkdən,
İyrənc xislətə gülməkdən,
Bölgəyə,kəndə bölməkdən
Daim qaralıyam qardaş.

GÖZÜYLƏ

Sevdamın yoluna hicran çıxanda
Gətirir yazıma,qışı gözüylə.
Pərvaz eyləyəndə uca göylərdə
Səyyahlar seçərlər quşu,gözüylə.

Görəndə çırpınır bu sevən qəlbim,
Nə dilim söz tutur,nə əlin əlim,
O,dəniz qəlbimdə,tək zanbaq gülüm,
Kim baxsa kor olar,naşı gözüylə.

Bihuşam büllbültək ,o gül ətrinə,
Ətiri şerimin hopub sətrinə,
Kövrək bənövşədi dəysən xətrinə
Ələyər yağıştək yaşı,gözüylə.

Mənim sevgim kimi çılğındı Xəzər,
Kükrəyən dalğalar könlümdə gəzər,
Pis gözdən uzaq ol,dəyməsin nəzər,
Bədnəzər əridər daşı gözüylə.

Bu gözəllik onu salacaq qana,
Endirmir nə şaha,nədə ki xana,
Ədalət Nicattək mütü əyyanı
Görəndə öldürür qaşı,gözüylə.

ÖMÜR AĞACININ BARI DƏRDLƏRƏ

Onsuzda özümə gün ağlamadım,
Həyan dura biləm ,barı dərdlərə.
Payızda xəzəltək yola sərilən
Qırmızı dərdlərə, sarı dərdlərə.

Zaman qılınc çəkib töksədə qanın,
Fəda eyləsədə of deməz canın,
Gündən-güzarandan ötən hər anın,
Qazancı dərdlərə, varı dərdlərə.

Fələyin hər işi dava-davadı,
Biraz herağacdı, biraz savadı,
Çırpınan köksümün altı yuvadı,
Yarı sevinclərə, yarı dərdlərə.

Qəmə düçar olan ovunmaz neylə,
Nə şirin söz ilə ,nədə ki meylə,
Gir könül bağıma tamaşa eylə,
Ömür ağacının barı dərdlərə.

Barmağa diksinib ,sızlar sarı sim,
Ədalətdi atam verdiyi ismim,
Ruhum dartınsada təslimdi cismim,
Mənimlə qocalan qarı dərdlərə. ,

HARAY

Nə zamandı yurdsuz ötən
Günüm, ayım, ilim haray.
Zəngəzurdan, Qarabağdan
Pərən düşən elim, haray.

Göylər savabın endirmir,
Könlünü alıb dindirmir,
Araz yanqusun söndürmür,
Susuz yanan gülüm, haray.

Yarası var sızlar kaman,
Kamançıdan dilər aman,
Yad sözlərlə zaman-zaman
Qarışanda dılım, haray.

Keçmış baxır hər bərədən,
Bır xatırə var hərədən,
El nisgilin dağ-dərədən
Yuya bılmır selim, haray.

Birliyimiz çökə -çökə
İtiririk tökə-tökə,
Nə Təbrizə, nə Kərkükə
Yetişməyir əlim haray.

PAYIZ RƏQSİ

Sarı yarpaqların payız rəqsini
Gah zildə, gah bəmdə çalır küləklər.
Uca ağacların qanadlarından
Oynada -oynada salır küləklər.

Nəmlənmiş torpağın soyuq nəfəsi,
Düşkündü ormanın bahar həvəsi,
Ötdükcə üstündən uğultu səsi
Könülsüz tərpəşir solmuş çiçəklər.

Gah gedir,gah gəlir gahgirdi yaman,
Sarılmır daşlara yorğantək duman,
Qocaman zirvələr üşüyən zaman
Ağ örpəyin örtür üstə mələklər.

Minlərlə qənim var bır azad quşa,
Uçmağa qoymurlar səmada qoşa,
Gedıb çıxmayanda bır ömür başa
Xəzəltək tökülür yerə diləklər.

Sevənlər bılırlər bunu ən azı,
Aşiqi qorxutmaz qışın ayazı,
Nə yazı gözləyər, nə də payızı,
Sevgiylə isinər soyuq ürəklər.

AĞLAYAR

Gözlərindən göz yaşları
Tökülən torpaq ağlayar.
Yayda ıstidən bürüşən
Ağacda yarpaq ağlayar.

Gün çıxıb yar baxçasında,
Güllər könül boxçasında,
Köhnə damın taxçasında
Pas atan çıraq ağlayar.

Bır payız çisgində, çəndə,
Ömrün karvanı keçəndə,
Elin sevənlər köçəndə
Ən çoxu qıraq ağlayar.

Yaxşı-yaman ömür sürüb,
Şəvə saçın sünbül hörüb,
Qəfil ağardığın görüb
Kövrəlib daraq ağlayar.

Yayındırmaz onu güman,
Ucalığa qaçar duman,
Çətinliyə düşən zaman
Igid yox qorxaq ağlayar.

AY DAĞLAR

Yurdsuz ömrümdən elə tez
Gəlib keçir il, ay dağlar.
Dərdim sığışmaz köksünə
Dərd əhliyəm bil ,ay dağlar.

Çıxarılıb yuvasından,
Tüstü çıxmır sobasından,
Nə zamandı obasından
Uzaq düşüb el ,ay dağlar.

Ya haqq ver,yadaki qına,
Boş vədlərdən duydum cana,
Qılınc ömrüm qaçır qana,
Görüşümə gəl,ay dağlar.

Bilmirəm bu nə dözümdü,
Mamırlayan daş üzümdü,
Qoşa bulud nəm gözümdü,
Əl at yaşın sil,ay dağlar.

Ədaləti qürbət yorub,
Eləyə bılmırəm qürub,
Həsrət ılə gendən durub
Eyləyirəm əl,ay dağlar.

AZAYOĞLU

Sıxır ürəyini torpaq həsrəti,
Köz baş həsrətinə döz,Azayoğlu.
Hər payız ömürdən,ötüb keçəndə
Küləyə titrəyir diz Azayoğlu.

Yurd-yuva istəyi,düzülür səf-səf,
Ağrılar,açılar olunmurki dəf,
Hamı bir-birinə,indi gəlir kəf,
Əyrini kəsməyib düz,Azayoğlu.

Açmayır qürbətdə könlümün gülü,
Anlaşılmaz olub dərdimin dili,
Yurddan ayrı keçən iyirmi dörd ili
Mənim həsrətimdə gəz Ayazoğlu.

Əməllər düz olsa pisə yozulmaz,
İmanı olanın vədi pozulmaź,
Hər naşı ağlıyla yuxu yozulmaz,
Qarışıb yuxumu çöz Azayoğlu.

Bir eşqin fərağı ötür dillində,
Mizrabsız dil açır saz da əlində ,
Həsrət cığır salan şair könlündə
Hər bahar gül açar söz ,Azayoğlu.

İBRAHİM İLYASLIYA

Yovşan ətirli salam var
Ulu qıpçaq ellərindən.
Yovşan ətiri tökülür,
Danışdıqca dillərindən.

Ha qaçıb eldən yayına,
Türk çatar,Türkün hayına,
Bağlıdı hər kəs soyuna.
Möhkəm qırılmaz tellərnən.

Hər mərd qəlbdə bir qurd yatır,
Dörd qitəyə hey can atır,
Bitməyən həsrət kök atıb,
Türkün könlündə illərnən.

Qılınc şimşəktək çaxmadı,
Xoş gün buluddan çıxmadı,
Qoşulub dərdlər axmadı,
Bir bahar çağı sellərnən.

Ümüd qürub vaxtı batır,
Cismimdə narahat yatır,
Ruhum hər gecə can atır,
Görüşəyə o çöllərnən.

DÜNYA
Əliağa Aslanın əziz xatirəsinə

Verdiyin bir ömür vədinə uyduq,
Hər qəlbdən bir ümid asdırdın,dünya.
İşıqlı kəslərə ömür verəndə
Əlini həmişə qısdırdın,dünya.

Qoymadın bir ata nicatın tapsın,
Qoydun dərd könlündə öz atın çapsın,
Gecədə,gündüzdə ümit qapısın
Hər addım başında busdurdun dünya.

Sən zülmkar oldun neyləsin bəndə,
Aldadır həmişə quruca zəndə,
Zalım şahlar sayaq gördük ki, səndə
Verdiyini sonda qusdurdun,dünya.

Bir sərin meh gələr ləpə döyəndən,
Kəramət gözləmə özün öyəndən,
Qorxdunmu, haqq sözü üzə deyəndən,
Tutub atəşlərə qarsdırdın,dünya.

Yük yeri gəzirsən kürəyimə yıx,
İnsandan qorxmursan,barı sözdən qorx,
Kaş mənə qıyaydın,Əliağaya yox
O boyda ürəyi susdurdun,dünya.

VƏTƏN

Sən deyən oğul olmadım,
Yolunda ölmədim Vətən.
Qoynunda xoş günlər sürüb
Qədrini bilmədim Vətən.

Kölgə uzadcaq qolların
Qəlbi sərinlər yalların,
Sənə uzanan yolların
Tozunu silmədim Vətən.

Yad gözdə gəzdik pərdini,
Meydanda qoyduq mərdini,
Dağlar çəkməyən dərdini
Səninlə bölmədim Vətən.

Qələm sevsədə ovcumu,
Torpağıma qan borcumu,
Sənə.olan can borcumu
Verməyə gəlmədim Vətən.

Həsrətimə desəm dinlən,
Ümidim boylanar gendən,
Səndən ayrılan o gündən
Doyunca gülmədim Vətən.

GƏL

Zülmət gecələrin döyüb qapısın,
Xəyal gecə yarı baş qatında gəl.
Ümüdüm göylərdə pərvaz edəndə,
Həsrətim vüsala can atanda gəl.

Könlümü oxşayır quşlar səsiylə,
Bir ömür axsadım yar həsrətiylə,
Hər qışdan boylandım yaz həvəsiylə,
Çiçəklər bülbülə naz satanda gəl.

Eşqinçün açmışam könlümdə guşə,
O, duyğular verir ömrümə nəşə,
Nə vaxtsız,nə də tez, gəlmə görüşə,
Vədə tamamlanıb, vaxt çatanda gəl.

Çox arzu axıtdıq çin olsun çaya,
Eşqimiz boy atsın otay-butaya,
Alma yanağında qırmızı həya,
Gözlə gecə yarı, el yatanda gəl.

Qaranlıq yoluna ay gözün salar,
Diksinib kölgənə qısqanar sular,
Çataq arzumuza nəolar, olar,
Günəş qürub edib,gün batanda gəl.

ADLADI
Əlövsət Saldaşa

Həsrətin üstündən vəfasız illər
Əlləri kösövlü yaman adladı.
Əlövsət Saldaşın Kəlbəcər dərdi
Boy verib Murovdan aman adladı.

Hikkəsin sahilə çırpar ləpələr,
Qürbət ömrümüzü göy-göy ləpələr,
Bu yanda boynunu büküb təpələr,
O yana hər gecə güman adladı.

Boğdu qaranlıqlar ömrümün danın,
Şüşələr saxlamaz divlərin canın,
Gəncliyin,keçmişin,keçən hər anın
Üstündən yel kimi zaman adladı.

Sözlərin buz kimi daş-daş sallanıb,
Hər bənddə incitək qaş-qaş sallanıb,
Ümüdlər gözündən yaş-yaş sallanıb,
Bir saz havasında ümman adladı.

Uca qayaların dizin öpməyə,
Dərəsin,təpəsin,düzün öpməyə,
Gül üzlü dağların gözün öpməyə
Biz gedə bilmədik duman adladı.

ÖZÜMDƏN BAŞQA

Keçər bu yollardan yolum,
Keçməyən izimdən başqa.
Bu qədər sitəm etməyib,
Özümə özümdən başqa.

Yaşlaşırıq için-için,
Vaxtı yaxınlaşır köçün,
Balaların xətri üçün,
Yol varmı,dözümdən başqa.

Gərək sözdə olsun kəsər,
Sonda düz əyrini kəsər ,
Nə titrəyər, nədə əsər,
Bədəndə dizimdən başqa.

İç yetməz dərdi bükməyə,
Məhkumuq,dərdi çəkməyə,
Yar gələn yola dikməyə,
Qəlbim var gözümdən başqa.

Çıx ömrümün dar yoluna,
Qılıxlayıb gir qoluna,
Soruş geninə-boluna,
Gör nə var sözümdən başqa.

KEÇİR
Həmid Ormanlıya

Başkeçiddən Bakıyacan
Arzular yel kimi keçir.
Türkün zəfəri qəlbindən
Turana yol kimi keçir.

Göl xoşlanar sonasından,
Quşlar qalmaz sırasından,
Qarabağın səmasından
Durnalar lal kimi keçir.

İgidlər qorxmaz canından,
Yurd üçün keçər qanından,
Pullular pulsuz yanından
Rüstəmizal kimi keçir.

Dağıldıqca sərvətimiz
Yada yetdi şöhrətimiz.
Güneydəki həsrətimiz
Ürəkdən xal kimi keçir.

İldən pis gəlir ilimiz,
Dərgaha qalxıb əlimiz,
Mübarək ana dilimiz
Dilindən bal kimi keçir.

YAŞADIR MƏNİ

İyirmi üç ildi ki ,yurdsuz, yuvasız
Sınmayıb çağlayan yaşadır məni.
Kəndimin palçığın çəhmələrində
Yumayıb saxlayan yaşadır məni.

O kəs ki,bağlıdı doğma elinə
Yalan heç yapışmaz onun dilinə,
Halal çörəyinə, düz əməlinə
Ümidin bağlayan yaşadır məni.

Zaman ələyindən keçir hər gələn,
Yüzündən biridi çörəyin bölən,
Düşmən qabağında sınmayıb gülən
İçində ağlayan yaşadır məni.

Yetişmiş çibandı vədlər,yalanlar,
Cavabın gözləyir tökülən qanlar,
Yurdunda ölməyə hazır olnlar
Düşməni dağlayan yaşadır məni.

Qəriblik ömrümü qurd kimi didib,
Yurd-yuva həsrəti dilimdə bitib,
Ruhumu göylərdə çək-çevir edib,
Hər gecə yoxlayan yaşadır məni.

İILHAM QƏHRƏMANA

Bu elin,obanın ən fağırının
Təssübünü çəkər İlham Qəhrəman.
Güneylə,quzeyin uçan körpüsün
Ürəklərdə tikər İlham Qəhrəman.

İllərdi sağalmır Laçın yarası,
Həsrətdən sönsədə gözün qarası,
Dümağ varaqlara gecə yarısı
Öz içini sökər İlham Qəhrəman.

Harda haqqsızlıq var,anında dinib,
Yurdun qiblə bilib səmtinə dönüb,
Bir Türkün ocağı görsə ki,sönüb
Varlığıyla çökər İlham Qəhrəman.

Cib boş olsa olar,könüllər dolsun,
Dərdlər cücərdikcə sevənlər yolsun,
Yurdun sevməyənin kim olur olsun
Gözlərindən tökər İlham Qəhrəman.

O ilahi eşqin düşüb izinə
Sözün hücrəsində qalar xəzinə,
Şəhid məzarına gül əvəzinə
Öz könlünü əkər İlham Qəhraman.

TƏZƏDƏN BİR BƏXT YAZ

Gözündən mənimtək yayınan olar,
Yaxşı bax sağına, soluna nolar.
Ey gözə görünməz öz əlinlə qoy,
Hər çətin işləri yoluna nolar.

Görmürsən,bu qədər ummu,küsləri,
Döndər düz yoluna,dönsün pisləri,
Sevib,sevilməktək ülvü hisləri
Qismət et ürəyi yalına nolar.

Qorxutdun çoxların qır qazanınla,
Talelər korladın küt yazanınla,
Gəl,qırışları sil öz pozanınla,
Təzədən bir bəxt yaz alına nolar.

Bəxtdən yox,yaşından yarımaqdansa,
Döşəkdə illərlə qarımaqdansa,
Zillət çəkə-çəkə zarımaqdansa,
Rahat ölüm bəxş et quluna nolar.

Sığıb pənahına göylərdə hər qat,
Əlim dərgahına qalxıb bu saat,
Vaxtını ayırıb, bircə an rahat
Yansan Ədalətin halına nolar.

HARDASAN

Dərdin tüstüsünə boğulur ömrüm,
Həsrət ocağını söndür, hardasan.
İçimdə çarpışan vüsal atını
Hicranın boynuna mindir,hardasan.

Məndən bixəbərsən qarışıb başın,
Canlı bəndənəmi,ya cansız daşın,
Arzum göy üzündə qurub bardaşın,
Məni yer üzünə endir,hardasan.

Ömrün dimdiyində dənləndim,dən-dən,
Qaranlıq dünyada çox sıxıldım mən,
Hamı küsüb məndən,heç olmasa sən
Ədaləti bir yol dindir,hardasan.

HƏRDƏN

Bu dərviş misalı ömür yolunun
Dərəsin, təpəsin aşıram hərdən.
O ilahi eşqin dalınca düşüb
Sirrinə vardıqca çaşıram hərdən.

Ömür ömür deyil keçsə bayağı,
Yol alcaq üstümə qəmin ayağı,
Küləkli könlümdə dəniz sayağı
Fırtına qopanda coşuram hərdən.

Ədalət, saçını payız daraqlar,
Sozün hücrəsin də sönməz çıraqlar,
Görəndə susayır şeirə varaqlar
Ürəyimdən söz-söz daşıram hərdən

DƏRDLƏR KÜKRƏYƏNDƏ

Dərdlər kükrəyəndə aşanda bəndin
Dərdi dərman kimi, dər Qubadlıda.
Torpağı o qədər mübarəkdi ki,
Yatır xıx deməmiş nər Qubadlıda.

Həsrət duman üstə sürünər dağa,
Külək pıçıldayır dərdin yarpağa,
Mərdlik milyon ildi hopub torpağa,
Gör necə qalıbdı tər Qubadlıda.

Çoxdu çözülməyən dünyanın sirri,
Saysızdı o yerin ocağı, piri,
Kənar yerdə gəzmə incini, dürü,
Gövhər Qubadlıda, zər Qubadlıda.

Nişanlı daşların barmağı xına,
Sevgi cansızları gətirər cana,
Dosluq eyləyəndə əvvəlcə sına,
Özün gör nə çoxdu ər Qubadlıda.

Xəzan yeli çapır ömür bağına,
Arzular dırmaşır xəyal dağına,
Ədalət, gələndə dost qabağına
Könlünü palaztək sər Qubadlıda.

HARDAN XƏYALIMA DÖNDÜN BU GECƏ

Nə dincələ bildim . Nə yata bildim.
Dil açıb könlümdə dindun bu gecə.
Alışıb qəlbimdə sönüb göylərdə.
Ulduz tək gözümdən endin bu gecə.

Nakam məhəbbətim ölüncə oyaq,
O sevdam bu günə götürdü ayaq,
Gənclikdə üşümüş xatirə sayaq,
Qəlbimin küncünə sindin bu gecə.

Vüsal a çatmayan qəlb qırış-qırış,
Nakam məhəbbətlə olarmı barış,
Gətirmək çətindi hicrana duruş,
Əriyib içimdə söndün bu gecə.

Bu qorxunc dünyanın divləri yatıb,
Eşqin nağılının sonluğu çatıb,
Məni qara qoçun üstünə atıb,
Ağ qoçun belinə mindin bu gecə.

Sürütdün ömrümə gözü nəm çəni,
Niyə yaraladın təzədən məni,
Axı çalışırdım unudam səni,
Hardan xəyalıma döndün bu gecə.

NƏMLƏNƏR İNAN

Adın dodağımda cadar-cadardı,
Bircə baxışınla nəmlənər inan.
Sevən ürəyimin gur işığına,
Bir dünya arzular cəmlənər inan.

Qaldırmaq çətindi hicran daşını,
Çoxdan buraxmışam dərdin başını,
İçımdən qaldırsa illər başını,
Hirsimin buğunda dəmlənər inan.

Ellərdə bilmirəm dilimdə carsan,
Yaxşı ki ömrümdə hələdə varsan,
Hicranın yuvasın qəlbimdə qursan,
Küskün düşər könlüm qəmlənər inan.

BƏMDƏN QALXIB ZİLƏ GƏLİR
Aşıq Azər Xanlaroğluna

Barmağın dəyəndə simə,
Saz dil açıb dilə gəlir,
Göydə ötüşən bülbüllər,
Könül açıb dilə gəlir.

Ətri yayılar tər yazın,
Pərdə çəkər simin nazın,
Göyçədə dillənən sazın,
Urfan səsi milə gələr.

Könül evi xana-xana,
Bacasına qona-qona,
Bir vaxt küsüb gedən sona,
Səsi sevib gölə gəlir.

Urfan enməz qınaqlara,
Pıçıltıdır dodaqlara,
Sevinc yaşı yanaqlara,
Gözdən gilə-gilə gəlir.

Bu çalğı bənzər laylaya,
Beşiyim yandı nalaya,
Bir qız haylaya - haylaya,
Bəmdən qalxıb zilə gəlir.

ELÇİ BƏY

Təpəri, inamı itmiş ümidi,
Boş qalan qəlblərdə əkdi Elçi bəy.
Yetmiş ildən bəri yurdu bürüyən,
Zülməti nuruyla sökdü Elçi bəy.

Bir həlim haqq yatır haqq diləyində,
Uyur mışıl-mışıl dərd bələyində,
Türkün sərhədlərin öz ürəyində,
Canıyla, qanıyla çəkdi Elçi bəy.

Deməyə nə var ki, asandı dildə,
Dahilər doğulur yüz il ,min ildə,
Azadlıq toxumun kölə könlündə,
Əliylə təməlin tökdü Elçi bəy.

Layiqdi dünyada ən böyük şəstə,
Böyük ürək olmaz hər yetən kəsdə,
Haqqsızlıqlar üstə ,yalanlar üstə,
Həqiqət heykəli tikdi Elçi bəy.

Göylər göndərdiyin anlayanmadıq,
Neyçün özümüzü danlayanmadıq,
O boyda dahini tanıyanmadıq,
Eybi yox ,Allahda təkdi ,Elçi bəy.

BULANIQ DÜNYANIN DURU ŞAİRİ
Ehtiram İlhama

Haqqı olanlara üz keçmək olar,
Haqqsız qınamasın barı şairi.
Dua eyləyək ki tanrı qorusun,
Uca söz mülkünün barı şairi.

Bəmdə inildəyər, zildə qandırar,
Sevincə üz tutar, dərdi dondurar,
Alovla od tutar, sözlə yandırar,
Od alan ocağın qoru şairi.

Çəkillər çəksinlər, nadanı başa,
Sevinc adımlamaz kədərlə qoşa,
Ömür oyununda düşsədə qışa,
Üşütməz dağların qarı şairi.

Atını çapanda bərk tut yalından,
Urfanı döndərmək olmaz yolundan.
Azdıra bilərmi doğru yolundan.
Dünyanın dövləti varı şairi.

Bu dünya durduqca sözün təzə-tər,
Kişi olan kəsdən kimə nə xətər,
Dalğalı dənizdə çırpınma yetər,
Bulanıq dünyanın duru şairi.

BU HƏYATDA SINMADIM Kİ

Canımdan can qopardılar,
Ağrısamda dinmədim ki.
Kipriyimlə od götürdüm,
Alışsamda sönmədim ki.

Xərclərin boşa çəkdilər,
Bozbaşa, aşa çəkdilər,
Nə olsun başa çəkdilər,
Öz andımdan dönmədim ki.

Ümüdü bəslədim dana,
Naxış ömrüm xana-xana,
Çox çəkdilər imtahana,
Türklüyümü danmadım ki.

Bahar ömrüm versə bəhər,
Eşq ilə açılar səhər,
Gəncliyimdə çapdım kəhər,
Şilxor yabı minmədim ki.

Ruh tək candan aralandım,
Addım başı qaralandım,
Ömrü boyu yaralandım,
Bu həyatda sınmadım ki

ZAMAN SOLAXAYDI

Doğruyla gerçək arası,
Yaman solaxaydı kişi.
Xəyal aləmində üzmə,
Ümman solaxaydı kişi.

Öz ömrünə balta çalma,
Ürrəyinə çoxda salma,
Boş xəyallara gəl dalma,
Güman solaxaydı kişi.

Ümit yorulsa yollarda,
Dərdlər dincələr qolumda,
Fırıldaqçı mollalarda,
İman solaxaydı kişi.

Təpəli varsa qaşqadı,
Bacalı damlar başqadı,
İndi dövran bam-başqadı,
Zaman solaxaydı kişi.

Ruhum diksinir hər səsə,
Ömür yolun salıb kəsə,
Ədalətdən nahaq nəsə.
Uman solaxaydı kişi.

YAZ GƏLİM

Bu qışdan da ötüşəriy,
Bahara kimi döz gəlim.
Bu yolların həsrətini
Təzə nubartək üz gəlim.

Yaddaşını biraz sığa,
Xəyal eylə ötən çağa,
Könlünü aç ağ varağa,
Sevgi məktubu yaz gəlim.

Axtar, gəz əli çıraqla,
Keçmişi birdə varaqla,
Keçən günləri soraqla,
Eşqimizdən aç söz gəlim.

Sağalmayan yaram köz-köz,
Payız vaxtı köçür söz-söz,
Baş alıb səyriyəndə göz.
Səbirlə xeyrə yoz gəlim.

Pörtdü üzü ismətimin,
Döndü üzü qismətimin,
Ürəyində həsrətimin,
Yerini dərin qaz gəlim.

SƏNƏ GƏLİRƏM

Səndən əllərimi uzaq tutsamda,
Ürəyimi uzaq tuta bilmədim.
Çalışıb, vuruşub istəsəm belə,
Səni ürəyimdən ata bilmədim.

Bilirəm, bu sevda çox əlçatmazdı,
Bu, ürək işidi məndə nə günah.
Aşiqi yolundan döndərmək üçün,
Nə yalvarmaq yetər, nə aman, nə ah.

Bu tale yolunun dar ətəyində,
Fələk ələyində ələdi bizi.
Cırıb əynimizdən təzə bələyi,
Yerinə dərdlərlə bələdi bizi.

Hicranla çarpışıb gücdən düşəndə,
Hərdən ürəyimi qoyuram dincə.
Divanə sayağı qolumu açıb,
Sənə sarılıram xəyalən gecə.

İçimdə Fərhadın gücü püskürür,
Eşqimlə Bisutun dağın dələrəm.
De görüm,qəlbində mənə yer varmı,
Yığışıb bu gündən sənə gəlirəm.

QUBADLI

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ