Yanımda boş qaldı yerin... - Şeirlər

Tarix:12-01-2018, 15:25 Baxış Sayı:198

Yanımda boş qaldı yerin... - Şeirlər
Manera.az Qardaşxan Əzizxanlının redaksiyamıza göndərdiyi şeirləri təqdim edir:


***
Sahil dabanına tüpürür dəniz
küləyə qoşulub qaçmaq istəyir
ağzı köpüklənən natiq kimi o
Azadlıq meydanı açmaq istəyir

yağış dalğasında qar dalğasında
bəyaz asilik var hər dalğasında
sabunlu kəndiri dar dalğasında
yellənir
özünü asmaq istəyir

yelkənsiz qayıqlar sahildən bağlı
qumluqda batıblar əlli ayaqlı
dəniz ki özünə çəkir qayığı
dalğa ki sahilə atmaq istəyir

bu başsız külək də lap eyləyib ağ
dənizə dağ çəkir
hər dalğa bir dağ
bir tufan qaldırıb ya xilas olmaq
ya da öz içində batmaq istəyir

ƏLLƏRİMLƏ GÖZLƏRİMİ TUTMUŞAM

Gilana
Qaranlığı görüb
Əllərimlə gözlərimi tutdum.
Qaranlıqdan qorxub
Qaranlıqda olduğumu unutdum.

Əllərimlə gözlərimi tutmuşam,
Qaranlıq bir çadırda
Qara bir çadra kimi
Qara bir dünya ilə
Baş-gözümü örtmüşəm.

Əlimdə, ayağımda
Qaranlıq -
Çidar kimi!

Əllərimi gözlərimə tutmuşam
Müqəddəs quran kimi.
Əllərim gözlərimdə
Bir quranlıq söz kimi.
Dünya məni qorxudur...
Dünya məni qorxudur
Bir qaranlıq üz kimi...

BİR TALE Kİ PƏNCƏRƏDƏN DAŞ KİMİ GƏLSİN

R.T.
Bir tale ki pəncərədən daş kimi gəlsin
bir ömür ki xumar gözdən yaş kimi gəlsin
kim görüb ki belə bəxtin xoş günü gəlsin
ay ana elə bil bizə it ağız açıb

it ağzından çıxır səhər öz aramızdı
ay nə bilim xoruz banı quşların səsi
nə bilim Ay dan ulduzu hamısı sözdü
azanı da qarşılayır it hürüşməsi

it ağzından çıxan dəniz söz burda qalsın
hanı səndə o mavilik yamyaşıl yosun
dənizsənsə tufan qopar fırtınan olsun
görüm sənin göl üzünü okean yusun

Baskervillərin iti tap itən yamyamı
Itağzı gül it ağzını açır hər gülə
inanmayanın ağlına keçə yamayım
it qursağı yağ götürməz deyən aqilə

BİR ŞEİR Kİ DUA KİMİ
DEYİB DİNCƏLƏK

L.M.

Bir tale ki pəncərədən daş kimi gəlsin
bir ömür ki xumar gözdən yaş kimi gəlsin
kim görüb hər Bəri baxdan bir geri baxıb
Allaha xoş gəlməyənin xoş günü gəlsin

bir Yazı ki eşq nağılı Min bir gecəlik
bir şeir ki dua kimi deyib dincələk
uzun sözün qısasını yazan bir şeir
Yazan sözün qısasına yazıb hər şeyi

qırx incəbel qızla bağda süzən bir şeir
sərv boyu tül yelkəndə üzən bir şeir
iki daşın arasından sızan bir şeir
çay əli dağ ətəyindən uzun bir şeir

bu da sənə uzun sürən qaranlıq gecə
sanki qurdla qiyamətə qalan bir qoca
dalısıyca ayağını sürüyən küçə
günəşli gündüzdən aylı gecədən keçə

ay mərcanı çaya düşən göy bəndə düşə
ay könüldən çay adlı bir kəməndə düşə
ay sayrışan burulğan su sal daşda çaşa
çay məcranı dəyişə sel su daşdan daşa

dağ çilleyi kamanına mindirib çayı
əldən çıxan misra çəkib sözbəsöz yayı
dağdakı kef düzdə çayın burnundan gəlib
kim qaytarıb gözəl Tanrı göndərən payı

***

Yanımda boş qaldı yerin
boşluğunla doldu yerin
şerimlə doldu boşluğun
şerim ilə doldu yerin

yerin boşluğunun şeri
yerin bu şerin yeri bax
nə pəncərə yeri nə daş
yerin ay bəri bəri bax

boşluğuna doldu şerim
boşluğunla doldu şerim
boşluğun hər yerindədi
mənim şerim sənin yerin

***

Çiçəklənib alça göyəm
qarşı duran dağ təzə-tər
arx üstündə mən köhnəyəm
arx kənarı bağ təzə-tər

gecənin göy üzünə də
bağdan güllər aşıb-daşıb
əsli də göy üzündədi
Pəncərədən gələn daşın

qızın yaz çağı yaz çağı
qar qalanıb hara gör bir
qışın oğlan çağı deyil

oğlanın qış çağıdı bil
yazın qız çağı qız çağı
buz qəlbə dov gələ bilmir

BİR ANADİL OLSAYDIM

anasız anamın anası dilim
Adəmdən Xatəmə yol gedən alma
dünyaya Nyuton bəxş edən alma
mənə Pəncərədən daş kimi gəlib

Lalın da dilini anası bilir
hanı mənim dilim onu tap ana
ağzımda alışıb yanası dilim
xəzinə qalmadı onu tapana

xəzinə talayıb çapana qaldı
oxunmaz Qubanın ağ alması ta
yəqin ki qiyamət qopana qaldı
mənim bu yaramın sağalması da

***
Başıma daş düşdü mənim
yaxşı ki qoşa düşmədi
daş da başa düşdü məni
sən məni başa düşmədin

müridin olmaq istədim
dərsimi almaq istədim
dərdinə qalmaq istədim
sevgimin yaşı düşmədi

qaçacam mən qəm əlindən
dalımca qoşun düşəcək
mənim baş daşım yerinə
sənin göz yaşın düşəcək


***

N.N.

Kiçik çillə deyil hava sazaqdı
hələ fevrala var mart da uzaqdı
onda türkün sözü bu nə tuzakdı
yaz ətri burnuma haradan gəlir

ya mən havalıyam ya hava xəstə
ya da məzə könlüm təzə həvəsdə
böyük çillə ilə nəfəs nəfəsdə
yaz ətri burnuma haradan gəlir

deyirəm yazdığım hər misra elə
bir yaz havasına bürünüb gələ
bəlkə Pəncərədən daş gəlir belə
yaz ətri burnuma haradan gəlir

HEYF

Yaşayırıq
göz ilə qaş arasında
yaşayırıq
yaz ilə qış arasında
amma heyf
heyf gözdən qaşa doğru
heyf yazdan qışa doğru...



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ