manera.az
manera.az

Günəş şüasının “yazdıqları”

Günəş şüasının “yazdıqları”
RƏY-ESSE

“Nasıl çıkar karanlıklar aydınlığa?”
Nazim Hikmət

...Və utanırdı dan yeri sökülmyə...Asta-asta qalxan Günəş heç görmək istəmirdi ŞƏHİDLİ, QAÇQINLI, QARABAĞSIZ olan bu məmləkəti. O, xəcalət çəkidri əslində. Birdən Günəşdən ilıq şüa ayrıldı – öz nur topasını, söz zərrəcikləri vasitəsilə Adəm oğluna çatdırmaq üçün, onu düşüncələrə qərq etmək üçün. Beləcə BAYRAĞA, VƏTƏNƏ, ŞƏHİDƏ, ANAYA, SEVGİYƏ söz yazdı – söz dedi günəş şüası. Və onun söz çələngini, İnsanı duyğulandıran hisslərini kəlmə-kəlmə, kəlam-kəlam Sizlərlə paylaşmağım gəldi...

Dan yeri sökülər-sökülməz günəş şüası bayrağa yön aldı, ona işıq saldı və nəvazişlə beləcə “vəsf etdi”:

Ucal zirvələrə, ucal göylərə,
Dalğalan, göylərdən göy rəng almağa...
Dalğalan, yam-yaşıl zəmi olmağa.

Günəşə dalğalan, günəşə boylan,
Üç rəngdən biri də dan qızartısı.
Üzü Qarabağa, Şuşaya boylan,
Azadlıq rəngdədir qan qızartısı.


Öz nuruna bir azca hərarət də qatdı şüa... və kölgələrə deyindi, onlara fəlsəfi kəlamla beləcə yerini göstərdi:

Kölgəmlə işığım – ana-balaymış,
Sən demə kölgəmi işıq doğurmuş.
İşıq sönən kimi, kölgə özünü
Özündə intihar edib, boğurmuş.


Bir balaca da yüksəyə qalxanda şüa “gördü” ki, İnsanların simasında gülüşdən, ümiddən əsər-əlamət qalmayıb – işsizlik vaxtsız qocaldıb onları...şüa nurlu “başını buladı” və Tanrıya söyləndi:

Özün göydəsən deyə,
Yelibazlıq eləmə!
Axı İnsan olmasa,
kimə tale yazarsan?
...Axı İnsan olmasa,
Öz ürəyin dağlanar:
mələklər qalar işsiz –
qalxıb mitinq edərlər,
öz iş yerin bağlanar.


Sonra da məyyus-məyyus Azərbaycan adlı məmləkəti dolaşa-dolaşa gözü Şəhid atasına sataşdı, və onsuz da qızğın olan şüa Kişinin halına qızdı... amma ona təsəlli verməyi də “unutmadı”:

Şəhid oğul, şəhid ürək,
Atalara dözüm gərək,
Bəlkə elə...
bəlkə belə,
Adlarını dəyişdirək:
Bir ad var qəlbə yatası –
“Dərd atası”.


Kişi, gözləri qamaşsa da, ürəyi dağlansa da günəş şüasına dik baxdı – aldı görək nə dedi:

Vətən şəhidsiz olmaz ki...
Şəhidlik dərd sayılmaz ki...
Dərdim Vətən!
Dərdim Vətən!
Bu yol geri qayıtmaz ki...

Günəş şüasının “yazdıqları”
Kövrəldi günəş şüası – şairləşdi də, nur qələmini sinəsində “saz eyləyib” İnsan dərdlərinin səyahətinə çıxdı, müxtəlif peşə sahiblərinə üz tutdu, “Bir rəssamın düşüncələri”nə işıq saldı:

Kökləri Göydəymiş bu düşüncəmin,
Bir rəssam əliylə Göylər yarıldı.
Hopdu barmaqlara, hopdu kətana,
Daşa, divarlar, ruha sarıldı.

...Və işıqdan yol sala-sala daun sindromlu xəstə ilə üz-üzə gəldi. Düşündü, daşındı – bu qənaətə gəldi ki, ondan təmiz Adama çətin rast ola bilər. Onun məsum üzündə, gözlərində, cismində “böyüməyən uşaqlığ” sezdi. Onu bizlərə tanıtmaq istədi:

...O məsum uşaqlıqdan
biz ayrıldıq, sənsə yox.
Biz batili batırdıq,
sənin üst-başın batıq.

Necə gəlim yaxına,
ruhun ətrimdən qaçır,
necə qucaqlaşaq biz?
Mən çirkli, sən tər-təmiz.
Yumru yanaqlarında öpüşlər qızarır,
Bizim yanağımız yox,
çoxdan dönüb -
“üzlər görmüş üz” olub,
bizi öpən tapılmaz...

Şüanın işığı azaldı, sozaldı sanki...”Çirkli” insan bolluğundan darıxdı, karıxdı o. Göydəki Günəş Ananı unudub, Yerdə axtarmağa başladı onu. Bizlərə “Anama” hayqırtısı ilə səsləndi:

Anam mənim!
Yer üzündəki Tanrım,
gəl yenidən doğ məni.
Burda arzular – ilğım,
Burda ilğımlar uzaq...
Lüt doğmuşdun, tərtəmiz
bu çirkabın içində
bələyimi aç geri.

... Əzabıma ağlama,
zülmətlərdən al məni.
Köçməyinə dözmərəm,
özün geri dönməmiş,
sən yenidən doğ məni.


İndi öz Ana bənzərini rəssamın portretində görən Şüa Göylər üçün qəribsədi, “UTANCAQ DAN YERİ”nə dönmək istədi. Anasız Yer ona dar gəldi...Və düşündü:

Məhz
utancaq yanaqlar ona görə al olur,
bircə gün mən yaxasının
düyməsini sökməsəm,
qalmaqal olur.


Yerdən üzülmək istəyən şüa birdən “ayılıb” anladı ki, Şairdir – elə Sehran Allahverdinin özüdür... Və əslində bu kitab bir sarsıntılı duyğular toplusudur – məhrəm, tər-təmiz...müəllifi kimi.

...Elə özüm də şairləşmiş Şüaya dönmək istədim – “Karanlıkları aydınlığa çıkarmak“ üçün. Və bu Aydınlıq Sehranın şeirləri boyu İnsan çirkabına təmizlik yolunda aparan bir məqsəddir. “UTANCAQ DAN YERİ” ilə utanmadan bu missiyanı – İnsanlığ missiyasını poetik deyim və duyum vasitəsilə yerinə yetirən müəllif məqsədinə çatmış olur. Odur ki, oxuyun və “Sehran həqiqətinə” daha da yaxın olun. Bax onda şairləşən rəssamın və rəssamlaşan şairin duyğuları sizi yaşamağa səsləyəcək.

Giya PAÇXATAŞVİLİ
Azərbaycan, Gürcüstan, Rusiya Yazıçılar Birliklərinin üzvü.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031