Hadişünas alimin sevinci...

Tarix:4-05-2019, 16:56 Baxış Sayı:412

Hadişünas alimin sevinci...
İslam Qəribli... Bəlkə də bu ad çoxlarına tanış deyil. Amma müasir ədəbiyyat aləmi, filologiya elmi üçün bu ad doğmadır.

O, ədəbiyyatşünaslıq elmində tanınmış bir alimdir, klassik və müasir ədəbiyyata aid onlarla məqalənin, neçə elmi və bədii kitabın, xaricdə çap olunan tədqiqatların müəllifidir. Amma ən ümdəsi hadişünaslığın görkəmli nümayəndəsidir. Böyük Azərbaycan şairi Məhəmməd Hadinin həyat və yaradıcılığının tədqiqində yeni mərhələ filologiya elmləri doktoru İslam Qəriblinin adı ilə bağlıdır.

İslam Qəribli 1954-cü ilin gözəl bir may günündə Lerikin Mulalan kəndində dünyaya göz açıb. O Lerikdə ki, əzəldən gözəlliklər diyarı olub və Xalq şairi Fikrət Qoca şeirlərinin birində bu torpağı belə vəsf edib:

Allah da elə bəlkə,
Cənnəti uyduranda.
Lerikdən danışarmış.


Amma Lerikə başıucalıq, dünyaca şöhrət qazandıran təkcə əsrarəngiz təbiəti deyil, həm də mənəvi sərvəti olan insanlardır. Vaxtilə bütün dünya jurnalistləri Lerikə axışırdılar ki, görən buranın sakinləri niyə 120, 130, 140, 150 il ömür sürürlər? Bunu bir ənənə adlandırırdılar. Halbuki, çox yaşamaq ənənə deyil, Lerik üçün mövcudluqdur, reallıqdır. Uca dağlar, sərin bulaqlar, yaşıl meşələr. Təmiz hava - kimi belə məkanda yüz il yaşamaz..

Lerik Azərbaycana tanınmış ziyalılar, sənətkarlar, dövlət xadimləri bəxş etmişdir. Məmmədhüseyn Əliyev, Əlisa Nicat, Hüseynbala Mirələmov, Allahverdi Məmmədli, Ağacəfər Həsənli, Novruz Nəcəfoğlu, Sabir Cümşüd, Balayar Sadiq, Seyfəddin Səbayel, İsaq Əmənullayev, Eldar İskəndərzadə, Qədiməli Əhməd, Nurəddin Mirzəxanlı - bu adlarını çəkdiyim söz adamları müasir Azərbaycan ədəbiyyatının "Lerik budağını" təşkil edirlər. Görkəmli ədəbiyyatşünas Xeyrulla Məmmədov, həmçinin Bəhlul Abdulla, Elman Quliyev, Əvəz Sadıqov, Tehran Əlişanoğlu və İslam Qəribli isə ədəbiyyatşünas alimlərdir.

İslam Qəribdi Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. Hələ tələbəlik illərində tələbə dostları və müəllimlərinin rəğbətini qazanmışdı, tələbə elmi cəmiyyəti xətti ilə elmi məruzələri maraqla qarşılanmışdı.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra İslam Qəribli Biləsuvar və Lerik rayonlarında on beş il orta məktəbdə müəllimlik edir. O, rayonda çıxan qəzetlərdə kiçik həcmli məqalələrini, şeirlərini dərc etdirir, "Bakı" qəzetində, həmçinin "Elm və həyat", "Ulduz" jurnallarında da məqalələri çap olunur.

İnsana şairlik və alimlik göydən pay verilmir, bəxşiş olunmur. Gərək fitrədən istedadın ola və bu istedadı korşalmağa qoymayasan. İslam Qəribli də ürəyinə və qələminə xəyanət etmədi, şairlik iddiasında olmasa da, alimlik iddiasında oldu və bu iddia onu Nizami adına Ədəbiyyat İnstitutuna gətirib çıxardı. Onu da qeyd edək ki, İslamın bir alim kimi formalaşmasında iki görkəmli ədəbiyyatşünasın - Əziz Mirəhmədovun və Xeyrulla Məmmədovun təsir və qayğısını unutmaq olmaz.

İslam Qəribli 1990-cı ilin sentyabrında, Lerikin ucqar bir kəndində müəllim işləyə-işləyə professor Əziz Mirəhmədovun rəhbərliyilə "Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması" mövzusunda namizədlik dissertasiyası müdafiə edir, iki ay sonra isə görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin təşəbbüsü ilə Ədəbiyyat İnstitutuna işə dəvət olunur.

Bakıda qaynar ədəbi və elmi mühitə qovuşandan sonra İslam Qəriblinin həyatında yeni mərhələ başlayır. O, müxtəlif qəzet və jurnallarda bir-birinin ardınca silsilə məqalələr dərc etdirir, neçə-neçə bədii və elmi kitabların tərtibçisi, redaktoru olur və az bir zaman ərzində mətnşünas alim kimi də özünü təsdiq edir.

Azərbaycan oxucusuna, ədəbi ictimaiyyətə az tanış olan bir sıra müəlliflərin əsərləri, əsasən arxiv materialları və ərəb əlifbalı mətnlərlə işləməyə üstünlük verən İslam Qəriblinin gərgin axtarış və zəhməti sahəsində işıq üzü görür. Dini-fəlsəfi poeziya nümunələrinin toplandığı "Necə qan ağlamasın daş bu gün", "Şeyx Səfiəddin Ərdəbillinin "Qara məcmuə", Məhəmməd Biriya və Əlirza Nəbdil Oxtayın əsərləri kitab halında məhz onun zəhməti sayəsində ədəbi ictimaiyyətə təqdim olunur. Heyran xanım, Seyid Əbülqasım Nəbati, X.Natəvan, A.A.Bakıxanov, M.M.Qumri, M.H.Dəxil, M.Hadi, M.Şəhriyar, M.Nəhavəndi və daha neçə Azərbaycan şair və yazıçılarının əsərlərinin müqəddimə, izah və şərhlərlə çapa hazırlanmasında müstəsna xidmətləri olan İ.Qəribli bu gün müasir mətnşünaslığımızın sayılan-seçilən nümayəndələrindən biridir.

Əsasən XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının mötəbər tədqiqatçılarından hesab olunan İslam Qəribli müasir ədəbiyyata aid yazıları ilə də diqqəti cəlb edir. Onun "Sönməyən ocaq", "Sözün sehri","Ədəbiyyat sərhəd tanımır" kitablarında dərc olunan məqalə və oçerkləri ondan həm bir ədəbiyyat tarixçisi, həm də tənqidçi kimi danışmağa imkan verir.

İslam Qəribli Ədəbiyyat İnstitutunun "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin əməkdaşıdır və Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi, təbliği və nəşri sahəsində bir sıra uğurlara imza atmışdır. Xüsusilə Məhəmməd Biriyanın seçilmiş əsərlərinin nəşri və onun həyatı, yaradıcılığı ilə bağlı tədqiqat işi İ.Qəriblinin uğurlu işlərindən biridir. Onun Güney ədəbiyyatı ilə bağlı araşdırmaları təkcə respublikamızda deyil, İran İslam Respublikasında da maraqla qarşılanmışdır.

Klassik və müasir ədəbiyyatımızın bir çox nümayəndələri barədə əsərlərin müəllifi kimi tanınan İslam Qəribli, şəksiz ki, böyük şairimiz Məhəmməd Hadinin yaradıcılığını tədqiq edən və hadişünaslığın yeni mərhələsini yaradan bir alimdir. Onun doktorluq dissertasiyası da Məhəmməd Hadidəndir.

Məhəmməd Hadi XX əsr Azərbaycan romantizminin banilərindən biridir. Həyatı faciələr içində keçən Hadinin şeirləri də bir müddət faciəvi durumla üzləşib, bu şeirlər çətin, mürəkkəb ərəb-fars-türk sözləri ilə əhatə olunmuşdu. Amma o, ədəbiyyatımızda ilk istiqlal şairlərindən biridir, həmişə Azərbaycanı müstəqil görmək istəyirdi. Bir şeirində yazırdı ki:

Xaki-siyəhi parladacaq nuri-xəyalım,
Qalmış vətənim leyleyi-zülməlar içində.

Sərbəst bu güngzülmünü icradə müzalim.
Ərbabi-ədalət hanı Mənfalar içində.

Mən bir diriyəm, etdi məni dəfn təsadüf,
Zində görünən bir sürü mövtalər içində.

İmzasını qoymuş miləl övraqi-həyata,
Yox millətimin xətti bu imzalar içində.


Daim Vətənin istiqlalını arzulayırdı Hadi. İslam Qəribli də Hadi dünyasına addım-addım yaxınlaşaraq bu böyük sənətkarın tədqiqində nəzərə çarpan boşluqları aradan qaldırmağa can atmışdır. Heç şübhəsiz ki, görkəmli alimlərimizdən Məmməd Cəfərin, Mir Cəlalın, Əziz Mirəhmədovun Hadi yaradıcılığı ilə tədqiqatları da İslamın bir hadişünas kimi yetişməsində mühüm rol oynamışdır. "Məhəmməd Hadinin ədəbi irsi Azərbaycan dövri mətbuatında (1905-1920-ci illər)" mövzusunda doktorluq dissertasiyası doğrudan da ədəbiyyatşünaslıq elmində yeni bir hadisədir və akademik Bəkir Nəbiyev bu əsər haqqında yazmışdı: "İslam Qəribli Hadi irsinin öyrənilməsi və nəşri ilə sistemli və davamlı şəkildə məşğul olan tədqiqatçıdır. Bu əsərlə hadişünaslıqda yeni bir mərhələnin başlandığı qənaftindəyik və bu əsəri ədəbiyyatşünaslıq elmimizin son uğurlarından biri hesab edirik".

İslam Qəribli əsrin əvvəllərində çıxan qəzet və jurnallarda Hadinin əsərlərini, xüsusilə publisistik yazılarını diqqətlə oxumuş, onları bir ədəbiyyatşünas səliqəsi ilə mövzular üzrə təhlil etmiş. Həmin dövrün ədəbi mənzərəsini yaratmışdır.

O, Hadi haqqında Azərbaycanın və xarici ölkələrin nüfuzlu mətbuat orqanlarında 50-dən artıq məqalə çap etdirmiş, Hadi irsinin tədqiqinə həsr olunmuş həcmi 63 çap vərəqi olan dörd kitab ("Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi intibah" poeması, "Məhəmməd Hadi yaradıcılığının "Həyat" və "Fyuzat" mərhələsi", "Məhəmməd Hadi və mətbuat", "Mən bir kitab, hər vərəqim min kitabdır") çap olunmuşdur.

O, indiyə kimi M.Hadinin kitablarının heç birinə düşməyən 60-dan yuxarı şeiri, 100-ə qədər elmi-publisistik məqaləni və bir sıra poetik tərcümələri üzə çıxarmış, onları nəşrə hazırlamışdır.

Vaxtilə Məhəmməd Hadi bir şeirində yazmışdı:

Ey ol vəqti görən məsud, unutma, bizləri yad et,
Bu yolda həsrət ilə can verən əhbabi tedad et.
Məzarım üzrə gəl dur, qəmli-qəmli ağla, fəryad et,
Oxu bu şeiri qəbrimdə, ələttəkrar övrad et.
Dur ey zindani-nisyanda yatan, azad olub aləm,
Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!


Amma Hadi xəyalında yaratdığı o günləri görmədi. Onu isə unutmadılar, bir müddət ədəbi irsi çap olunmasa da, sonralar, keçən əsrin 60-cı illərindən başlayaraq öyrənilməyə, çap olunmağa başlandı. Və Hadi yaradıcılığına ömür sərf edən bir alim kimi İslam Qəribli də alqışa, təqdirə layiq alimdir. Ona elmi yaradıcılığında uğurlar arzulayaq!

Vaqif YUSİFLİ
filologiya elmləri doktoru


P.S- Bu gün, 4 may görkəmli Hadişünas alim İslam Qəriblinin doğum günüdürБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ