Şair - ozan Osman Fərmanoğlu | Vaqif Osmanov yazır

Tarix:11-02-2019, 12:00 Baxış Sayı:163

Şair - ozan Osman Fərmanoğlu | Vaqif Osmanov yazır
Keçən əsrin 70 - ci illərinin ortalarında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) poeziyasevər tələbələrinin bir söz məbədi vardı.

“Gənc müəllim “ qəzetinin nəzdindəki Tofiq Qəhrəmanovun rəhbərlik etdiyi “Gənc qələmlər” poeziya dərnəyində hələ qaynar şəhər həyatına alışmamış, kəndin - kəsəyin havası burnundan getməmiş, ata - anasından, doğmalarından, dağlardan, düzlərdən, çaylardan ötrü qəribsəyən gənclər kövrək, püxtələşməmiş duyğularından danışar, ilk qələm təcrübələri müzakirə edilər, uğurlu yazılar “Gənc müəllim” qəzetində çap olunardı. Yusif Nəğməkar , Zahid Həmid, Tahir Xasıyev, Osman Fərmanoğlu, İlham Baxışoğlu, Şakir Xanhüseyn, Avdı Qoşqar və digər bu günün tanınmış şairləri həmin dərnəyin bulağından su içənlərdəndir.

Bu yaxınlarda mötəbər bir söz məclisində 40 - 45 il əvvəl tanıdığım, çoxdan görüşmədiyim Osman Fərmanoğlu mənə yaddaqalan sürpriz - son illərdə çap olunan üç kitabını - “Ömür ölümdən uzundur” ( 2016), “Məni hardan biləsən” (2017) və “Şər vaxtının duası” (2018) kitablarını hədiyyə etdi. Hər üç kitab “S.A.H - 21” mətbəəsində nəfis tərtibatla işıq üzü görüb. Kitablardakı müxtəlif ruhlu şeirlər poeziya aclığımın dəf edilməsində mənə çox dadlı mənəvi qida oldu.
Şair - ozan Osman Fərmanoğlu | Vaqif Osmanov yazır
Osman Fərmanoğlunu yenidən “kəşf” etdim. Şeirlərini oxuduqca anladım ki, o, çağdaş dövrümüzün ozan - şairlərindəndir. Bu qənaətə gəlməyimə səbəb onun təcnisləri, cığalı təcnisləri, qoşmaları, divaniləridir.

Osman müəllimin belə poeziya örnəkləri yaratmasının mayasında zəhmət, ilham və doğulduğu mühit dayanır. Axı sazlı - sözlü gözəl bir mahalın - Gədəbəyin yetirməsinin genindəki hüceyrələr, damarlarında dövran edən qan özünü büruzə verməməyə bilməzdi. Mən qəqiq bilmirəm, Osman Fərmanoğlu saz çalmağı və ifa etməyi bacarır ya yox? Amma, nə fərqi var, aşıq ədəbiyyatının müxtəlif janrlarında yazdığı şeirlər ona şair - ozan titulu verməyə bəs edər. Onu da vurğulayım ki, şairin sərbəst vəzndə yazdıqları sözün birbaşa mənasında heyrətimə səbəb oldu. Bu heyrət sözə qiymətdir!
Şairin dostu, Qarabağ qazisi, bu günün seçilən Söz Adamı şair - yazıçı Süleyman Abdulla Osman müəllimin daha bir qürurlu tərəfini “Məni hardan biləsən” kitabına ön sözündə nəzərə çarpdırır:

“Onun şeirlərini oxuyarkən Türkün böyüklüyünə, türkçülüyün əzəmətinə baş əyməyə bilmirsən, - qüdrət sahibi olmaq, möhtəşəm olmaq başqa bir duyğudur, Tanrım!”

İnformasiya üçün deyim ki, aşıq ədəbiyyatının qafiyələri cinas sözlərdən (şəkilcə eyni, mənaca müxtəlif) ibarət olan təcnisini yazmaq üçün şairdən, aşıqdan böyük ustalıqla yanaşı, dilin zənginliyini, çalarlarını dərindən mənimsəmək tələb olunur. Osman Fərmanoğlu filoloq, pedaqoq olduğundan bunları dəqiq bildiyinə şübhəm yoxdur. Əslində əsl şairin bir ixtisası var - şairlik,- istər filoloq olsun, istər bioloq, istərsə də riyaziyyatçı.
Osman müəllim “gedib qış günündən yaz alım bəlkə” inamı ilə səfərə çıxıb “balqabaq başların içinə ağıl qoymağa” çalışır. Çətin işdir, zəhməti itməsin təki.

Şairin təcnislərində Molla Cümə, Aşıq Ələsgər ruhu duyulur. Bu şeirlər cinas, qafiyə xatirinə yazılmayıb, zəngin informasiya daşıyıcısıdır:

Verərək Yer ilə kürək - kürəyə,
Göy qara dəm verər, Yersə kürəyə.
Tutulan olarsa göy öskürəyə, -
Deyərlər dərmandı qara qarğalar.


Yaxud:

Gələnlər yedəklər əlində çatı,
Çəkildikcə artar könlümün çatı.
Ata bax, yalına yetən əl çatı...
Cin düyünü vurar yala ha yala.

Və yaxud:

Böyüyün təşbehi, ayə, qaradı,
Qaraya bənzəyir niyə qar adı?
Şırşırın hündürü Niaqaradı,
Ölümə çəkən yer Qaraqandadı.


Şair birinci bənddə xalq təbabətindən, ikincidə xalq inancından (atın yalına vurulan cin düyünündən, bəzi bölgələrdə deyildiyi kimi “hal” adlı cinin atı minib yormasından, onu çərlətməsindən), üçüncüdə isə “qara “ sözünün böyük mənasını veməsindən, qar ilə qara rəngin eyni kökü olsa da rəng fərqliliyindən, daha sonra dünyada ən bolsulu şırşırın (şəlalənin) Niaqara olmasından söz açır. Sonuncu misra isə əsl “tibbi” məlumatdır. Belə bir deyim var: şaxta qanımı dondurdu. Bəli, güclü şaxtada donma zamanı insanın qanı qara rəng alır, bu ölümün ilk əlamətlərindəndir. Qazaxıstanın Karakanda (əslində türkcədə Qaraqanda) ərazisi qışı çox sərt keçən vilayətlərdəndir. Bu vilayət və vilayətin inzibatı mərkəzi Şimal Buzlu okeandan gələn soyuq hava kütlələrinin yolunun üstündədir. Bu soyuq hava axınının qarşısını kəsən maneə (dağlar) olmadığından əraziyə birbaşa daxil olur. Şair həm də coğrafi adın (toponimin) mənşəyini açıqlayır.

“Bir günü yazdı” rədifini şair neçə mənada, həm də uğurlu işlədir:

...Bizi oda salan məmuru yansın
Onu bəxtimizə bir günü yazdı.
..Bir gözü ağlayan, bir gözü gülən,
Ömrün bür günü qış, bir günü yazdı.


Şərəfli və şanlı tarix yaradan böyük Türk elləri heç vaxt qəhrəman qıtlığı yaşamamışdır. İndi də çiyin - çiyinə, kürək - kürəyə dayanaraq arxadaş olası, düşməni bir sərrast zərbə ilə iki yerə böləsi ərənlərimizin sayı - hesabı yoxdur. Belə oğulların şücaətini Qarabağ savaşında görmüşük. Elin arxası olan ərənlərin çiynində yaşayır Vətən. Osman müəllim də “Yarat ər indi” ricası ilə Yaradana üz tutur:

“Ol” deyib aləmi yaradan Tanrı,
Nə olar, deyərək yarat ər indi.

“Yolunu Hələb meydanı gözləyən” (Məmməd İsmayıl), haqq sözə görə dərisi soyulası şairlərin barmaqlarımızın sayından çox olmadığı çağdaş zamanda qan və gen yaddaşımızın, milli kimliyimizin daşıyıcılılarının qədrini bilməyə çağırır şair:

El uzaq tutmaz ha, onu duyanı,
Əsli düz olanlar dayaqdı elə.

Və kişiliyini, mənliyini bir tikə çörəyə satanları, yaltaqlığı, məddahlığı çörəyinə yavanlıq edənləri Osman müəllim qınayır:

Uzaqdan ağaran duzdu - yalama,
Çox başın qanına dözdü, yalama.
Tüpürdün, demə ki, sözdü, yalama,
- Yalana - yalana gedirsən elə...


Şair - ozanın başı zirvələrin qarı kimi uca və bəyaz olsa da ruhu cavandır. O, süniliyə, saxtalığa düşməndir. Gördüklərinin, eşitdiklərinin təbiiliyinə, səmimiliyinə vurğundur, süni gözəlliyə uymur. “Ümidi yolunu azmış durna dəsi”nə çevrilsə də, “gözün çadırından su sızsa” da, Hüsyn Arif demişkən, “ürək deyir yaşa hələ, Məmməd İsmayılın poeziya dili ilə desək, “hələ yaşamağa dəyər bir az da”. Ona görə də sevgisi həmişəçağlar şairin “dodağında yar adı yurd yeridi”. O.Fərmanoğlu “Deyəsən, dağlara” qoşmasında Süleyman Abdullaya müraciət edir:

Deyəsən dağlara tez - tez gedirsən,
Bizim ürəyimiz üzülür burda.
Ruhunu oxşayır alma yanaqlar,
Taxma kirpik gözlər süzülür burda.

Bu günümüzün sayılıb seçilən söz ustası Süleyman Abdulla ilə Osman Fərmanoğlunu təkcə eyni yurdun yetirmələri olmaq yox, ruh, şeir, saz yaxınlığı, mənəvi qardaşlıq, özlərinin təbirincə desək, “qağa”lıq birləşdirir. Osman “qağa” Süleyman qardaşının “Sarı ha sarı” təcnisinə nəzirəsində qazi Süleymanın döyüş yolu keçdiyi Laçına, Güləbird kəndinə - Sarı Aşığın yurduna qiyabi səyahət edir (gün o gün olsun bu səyahət gerçək olsun), şair qardaşının torpaqlarımızın işğaldan tezliklə azad olunandan sonra yenidən o yerlərə səfərə çıxmasını, gəncliyində gördüyü qanlı - qadalı yurdları ziyarət etməsini arzulayır:

Arı perik düşdü, gülə bir də de,
Ağlayan çətin ki, gülə bir də de.
Əgər yolun düşsə Güləbirdə de;
Yaxşı ha Yaxşı hey, Sarı ha Sarı.


Cığalı təcnisdə şeirin hər bəndinə bir bayatı əlavə olunur ki, buna cığa bəndi deyilir. Cığa bəndləri ilə təcnisin bəndləri arasında bir bağlılıq olmalı, təcnislə onun əlavə bəndi qafiyələnməlidir. Hər bəndin iki misrasından sonra cığa verilir, sonra qalan iki misra bənddə ifadə olunan ümumi fikri tamamlayır.

İndiki gənclər keçənin nə olduğunu yəqin ki, bilmirlər. Keçə çox da uzaq olmayan keçmişdə kənd evlərində isifadə edilən xalça növüdür. Döşəməsi taxta olmayan otağa qışda soyuqdan qorunmaq üçün keçə sərərdilər. Keçəni yunu sulayıb döyə - döyə hazırlayardılar. Osman müəllim “Ağla ha ağla” cığalı təcnisində dediyi kimi:

Bərkidən bərkidər döyüb keçəni,
Əlindən tut saxla səssiz keçəni...
Keçənin
Gedən səsdi, keçən ün.
Uzun illər kəsilməz –
Ayaq səsi keçənin.
Qurub arxasınca edi keçənin,
- Döyüb dizlərinə ağla ha ağla.


“Ha qatar - qatar” cığalı təcnisində ozan - şair klassikliklə çağdaşlığı sözün qüdrətilə qovuşdurur, “sintez” edir. Şeirin cığa hissəsində haqqın, ədalətin mizan tərəzisi əyri qalan bu günün dərdlərini dilə gətirir:

Düzülüb sayları ha say, ha saya,
Üzgün can dirənər hasa hasaya.
Ha saya,
Ha saymaya, ha saya.
Nə qanuna baxan var,
Nə də ana yasaya.
Dincəlmək istəyən tapmaz ha saya,
Fikirlər başını ha qatar, qatar...


Yaxud:

Osman, əllərində yeyər daş daşı,
Daşa yeriməkdən əllər daşdaşı...
Daş daşı,
Döyə - döyə daş daşı.
Pisə boğaz çəkincə,
Yaxşılara daş daşı.
Özünü tanıyan dosta daş daşı,
Bəlkə istəyindən daşlar saqına...


Fransız yazıçı Jül Renar gündəliyində yazırdı: “Qəflətən kitabın halı xarablaşır və o, rəfdən düşür”. Mən əminəm ki, şair - ozan Osman Fərmanoğlunun yazdığı bütün kitabların halı heç vaxt xarablaşmayacaq, poeziyasevərlərin kitab rəflərində və masasının üstündə gözəgəlimli yerdə dayanacaqdır.
“Dirilərdən düz deyənin dərisini soyub öldürən, ölülərdən haqq deyənə heykəl qoyulan” (Eldar Baxış) bu fani dünyadan “günaha batmamış əl, yalana yatmamış dil, zora əyilməmiş bel aparmaq” (Musa Yaqub) başucalığı, bütövlük, şərəfdir.

Başınız uca, üzünüz ağ, təbiniz çağlar olsun, Osman Fərmanoğlu!

VAQİF OSMANOV
Fevral, 2019.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ