Çovdar çörəyi - Aygün Yaşar yazır

Tarix:6-02-2019, 13:37 Baxış Sayı:187

Çovdar çörəyi - Aygün Yaşar yazır
Əlibala Məhərrəmzadənin
“ Çovdar çörəyi” romanı haqqında

Dövlətin təməli ailədən başlayır. Dünyanı idarə edənlər də ən nəhayətdə hər biri bir ailədə dünyaya gəlib, böyüyüb , formalaşıblar.Dünya adlanan bu məkanda bizdən öncə yaşayan valideynlərimizin düşüncəsi ilə, əməlləri ilə tanıyarıq bu evi. Bizim üçün yüz nəsihətdən daha faydalı olur valideynlərimizin əməllərini müşahidə edib həqiqəti anlamaq. Öyrətməyin ən yaxşı yolu öz şəxsində göstərməkdir. Uşaq şüuru həqiqəti və riyanı daha tez ayırd edə bilir deyə, onlara “ etmə” dediklərimizi ilk öncə özümüz etməməliyik.

Əlibala Məhərrəmzadənin “ Çovdar çörəyi” romanını kitabın üzərindəki qeydə uyğun olaraq oxudum: birnəfəsə. Və qəhrəmanın əsər boyu özünə və ətrafındakılara verdiyi, həm də hayqıraraq verdiyi sual əslində yazıçının oxuculara, cəmiyyətin özünə verdiyi bir sualdır: Niyə?əsərdə baş verənlər günümüzdə baş verənlərdir.

Az qala hər birimizin tanıdığı, haqqında eşitdiyimiz bir Dadaş müəllim var çevrəmizdə. Bir Cəlil adlı övladları var o Dadaş müəllimlərin. Və bir gün övladımız bizi “qocalar evinə “ yola salanda biz “ pis övlad” görürük yalnız. Övladın əxlaqsızlığı, qumara, narkotikaya qurşanması, biganəliyi əslində valideynin əkdiyi tərbiyə toxumunun nəticəsi kimi özünə və cəmiyyətə qayıdır.

İnsan daim ehtiyac duyan bir varlıqdır. Kimi və ya nəyi sevdiyimiz də məhz bizim ehtiyaclarımızın göstəricisidir. Sevdiyimiz musiqilərdən , əsərlərdən tutmuş insanlara qədər hər bir sevgimizin adında “ mən” gizlənir əslində.

İslam dinimizin hədislərinə əsasən deyə bilərik ki, ömrünün ilk 7 ilində valideynin övlada borcu ona yalnız qayğı və sevgi ilə əhatə etmək, sevgiyə olan ehtiyacını qarşılamaqdır. Bu bir etibar , inam təməli rolunu oynayır . Çünki növbəti 7 ildə artıq qanun-qaydalar mərhələsi başlamalıdır. İnsan üçün isə yalnız sevdiyinin, etibar etdiyinin sözü dəyərli və inandırıcı olar. Əsər boyu həyatı təhlil edilən Cəlil uşaqlıq illərində valideyn qayğısı ilə təmin olunsa da, sonrakı illərdə əsl həyatla üzbəüz gəldiyi məqamlarda buna çox ehtiyac duyub.

Romanı oxuduqca düşünürük: doğrudan axı nece olur ki, əsli-nəslində çərçivələr aşılmayan, ailəsində ilk uşaqlıq illərində ata- ana nəvazişi bolluğunda olan, ətrafa düşünərək dərk edərək baxan Cəlil niyə bir gəncin düşə biləcəyi ən pis mühitlərə düşdü? Səbəb nədir? Axı əsas təməli nəvazişdən, qayğıdan məhrum deyildi. Cəmiyyətdən və ya özündən çıxardığı bu acıq nə idi? Axı ola bilməz ki hər şeylə təmin olunmuş bu gənc kimdənsə nəyinsə qisasını alır? Atası onunla son iki-üç ildə maraqlanmırsa gənclər hamısı bu yollaramı yönəlməlidir? Bəs onda dünyaya gələndən ata- ana üzü görməyən, sevgi-qayğı acı olan, amma əxlaqı və həyat tərzi ilə başqalarına nümunə ola bilən gənclər də var axı. Fikrimcə, ölüm hadisəsinə ata- oğul münasibətlərinin səbəb kimi qabardılması tam cavab deyil. Mənim o verilən Niyə? – yə cavabım belədir: bir atanın övlad üçün bəxş etdiyi ən dəyərli hədiyyə onun anasına sevgisidir.

Cəlilin bəlalarının kökü sevgisiz qurulan ailə, üzdən bəzəkli, içi isə qaranlıq zülmət olan valideyn münasibətlərində, xəyanətdədir. O qarşısına məqsəd qoymur ki, nalayiq yollarla getsin və qisas alsın. Sadəcə bu yollar onun qarşısına çıxdıqda ona “ aldatma”, “yalan danışma” .” xəyanət etmə”. “nəfsinə sahib ol” və sair kimi doğru yollara dəvət etməyə haqq edən biri olmadı qarşısında. Axı insan hansısa bir şər səsə uyanda onu xeyirə dəvət edən bir səs də olmalıdır. Bu səs bizim valideynlərimizin, ailə üzvlərimizin səsi olur çox vaxt. O səsi eşitmədi Cəlil. Eşitsə də inanmadı . Çünki o inandığı səsin sahibinin anası Nazlını necə aldatdığını, necə xəyanət etdiyini, necə ruhən incitdiyini görmüşdü öz gözlərilə. Vəssalam. İndi o yalnız seçim qarşısında qaldıqda bir səs eşidirdi: Şərin səsini. Dəyərli yazıçımızın toxunduğu problem, mənəvi dəyərlərimizin qorunması, xeyirlə şərin ruhumuz uğrundakı münaqişəsində hansı tərəfdə olmalıyıq sualı əsərdə bədii həllini taparaq düşündürücü, vaxt ayırmağa layiq bir əsərlə nəticələnib.

Bir neçə məqamda atanın daxili monoloqlarının məni bir oxucu olaraq kövrəltməsi, düşündürməsi, vaxtınızı alacaq bu yazını yazmağa məcbur etməsi mənə haqq verir ki, Əlibala Məhərrəmzadəni bu yazıçı uğuru ilə bağlı təbrik edim. Onun İnsan xarakterlərini, düyünləri bədii detallarla açma bacarığı isə xüsusilə diqqət cəlb edir.“ Çovdar çörəyi”, oğlunun meyidinin altına salınmış bahalı dubay xalçası, hadisələrin sonunda Cəlilin sevimli təyyarələrinin səsi və s.

Məsələn, bağda ərik toplayıb yedikləri zaman Cəlilin dərhal , qardaşı Nailin isə əvvəlcə yeyəcəyi qədər yığıb sonra talvarın altında oturub ləzzətlə yeməsi onların xarakterləri barədə çox şeylər deyə bilər. elə eyni abzasın sonunda oxuyuruq : “ Cəlil tək bu il yox, bir də heç vaxt ərik yeyə bilməyəcəkdi. Bir dişləm vurduğu ərik əlindən yerə düşdü...baxışlarını yerə düşmüş ərikdən ayırmadı, ona qarışqaların necə daraşdıqlarını müşahidə etdi.” Fikrimizcə bu sətirlərdə təkcə əriyə qarışqa daraşmasından söz açmır yazıçı.

Burda sətiraltı olaraq öz mesajını vermişdir həm də: sahib olduqlarınızı daim qoruyun, əgər qoruya bilməsəz, əldən versəniz, onlara qarışqa kimi daraşacaq, məhv edəcək qüvvələrin hücumu qaçılmaz olacaq. Bu dəyərli şey sizin ruhunuz, mənəviyyatınızdır. Və bir də bunu dərk edirik ki, insanın hansı vəzifə sahibi olması, real həyatda uğurları, var- dövləti, yaşı və sairə kimi reallıqlar onunmənəvi kamilliyinə heç bir dəlalət eləmir. Əslində bəlkə 24 yaşlı oğlunun ölümü ataya həyatın əsl mənasını öyrətmək üçün ağır bir dərs oldu.
Sonda isə fürsətdən istifadə edib məni dinləyən hər kəsdən bir rica edirəm:

--- Xoşbəxt olmaq üçün uşaq dünyaya gətirməyin, uşaqları xoşbəxt ailəyə gətirin. Və ya artıq bu barədə düşünmək gecdirsə, artıq valideynsinizsə, onda evlərinizin müvəqqəti və ən əziz qonaqları olan Uşaqlarınız üçün şipşirin xatirələr yaradın!!!

Aygün YAŞAR

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ