Bir ovuc torpaq - Ələsgər Əlioğlunun hekayələri

Tarix:1-02-2019, 12:09 Baxış Sayı:46

Bir ovuc torpaq - Ələsgər Əlioğlunun hekayələri
Manera.az Ələsgər Əlioğlunun 3 hekayəsini təqdim edir:

BİR OVUC TORPAQ

Televiziyanın "Hünər" verilişi redaksiyasının apardığı axtarışlar nəticəsində müharibədən qara kağızı gələn İmranın qəbri Belorusiyanın kəndlərindən birində tapılmışdı.

Bu xəbər Gülsənəm qarını nə qədər ağrıtsa da, yenə özündə təskinlik tapırdı ki, heç olmasa, oğlunun qəbrinin yeri bilindi. Amma onun yaşı doxsanı haqladığından dizləri təpərdən düşmüş, gözlərinin işığı öləzimiş, ürəyinin döyüntüləri artmışdı. Ömrün qürubunda çırpına-çırpına qalan qarıya həkim maşına minməyi qadağan etdiyindən bilmirdi ki, neyləsin... O, çox düşünüb-daşındıqdan sonra zəng elədib şəhərdə yaşayan oğlu Fərmanı çağırtdırdı.

Bir su içimində özünü kəndə yetirən Fərman anasıyla görüşüb-öpüşəndən sonra işdən halı oldu. Gülsənəm qarı kövrək-kövrək dilləndi:

- Oğul, səni çağırtmaqda əsas niyyətim odur ki, qapımdakı o inəyi satıb gedəsən qardaşının arxasınca. Heç olmasa onun qəbrindən mənə bir ovuc torpaq gətirəsən. Daha ömür xışım daşa dirənməkdədir. Bəlkə bundan sonra rahat öləm...

- Da inəyi niyə satırsan, ay ana!?Sabah yola düşərəm. Qoymaram arzun gözündə qalsın!

Fərmanın gözləri doldu. İmranı xatırladı. Qardaşı cəbhəyə yola düşəndə Fərmanın beş yaşı olardı. Onun dalınca ağlayb: "Məni də apar özünlə!" -deyə haray-həşir salmışdı. Axı İmran balaca qardaşını həmişə çıxarıb evlərinin arxasından uzanıb gedən yaşıl dərəni-diki gəzdirər, ona yemlik, keçisaqqalı, baldırğan yığıb verərdi... Arabir də qucağına alıb başı üzərinə qaldırardı. Öpərdi, duz kimi yalayardı...

... Qardaşının uğrunda döyüşüb həlak olduğu kənddə Fərman çox mehribanlıqla qarşılandı. Hətta İmranın qəbri üstə kənd məktəbinin müəllim və şagirdləri də əllərində gül-çiçək dəstəsi onunla birgə yollandılar. Fərman qardaşının qəbrindən bir ovuc torpaq götürüb dəsmala bükdü və kiçik əl çantasına qoydu. Kənd camaatı Fərmanı bir neçə gün qonaq saxlamaq istəyirdi. O, üzrxahlıq edib anasının səhhəti barədə danışdı və təcili qayıtmalı olduğunu bildirdi. Ancaq təyyarəyə bilet tapmadığından qatarla qayıtmaq məcburiyyətində qaldı...

Qatarda Fərman əl çantasını gözdən qoymurdu. Axı necə də gözdən qoyaydı!? Bir ovuc torpaqdan ötrü az qala üç min kilometrə yaxın bir məsafə qət etmişdi. O, hətta kupedən əl-üzünü yumağa çıxanda da, siqaret çəkmək üçün tumbaya keçəndə də çantasını özü ilə götürürdü. Bu bir ovuc torpağı özü üçün ən böyük var-dövlət sayırdı... Gecə çantanı balışın altda qoyub yatırdı. Fərmanın bu cür hərəkəti istər-istəməz ətrafdakılarda şübhə doğururdu...

Fərman ikinci gün idi ki, qatarda yol gəlirdi. Axşam çağı növbəti dəfə siqaret çəkmək üçün tumbaya çıxdı. Siqaretdən bir neçə qüllab vurmuşdu ki, birdən böyründə iki gənc oğlanın dayanıb ona göz yetirdiyini hiss etdi. Hələ o, bir fikrə gəlməmiş, oğlanlardan biri bir göz qırpımında döş cibindəki qaz balonunu çıxarıb onun üzünə fısqırtı və ikincisi isə onun çantasını qamarlayıb qonşu vaqona keçdi...

...Fərman gözünü açanda özünü vaqon bələdçisinin kupesində gördü. Uzanıqlı vəziyyətdə idi. Huşu yeni-yeni özünə gəlirdi. Başının üstə bir milis nəfəri, bir tibb işçisi və vaqon bələdçisi dayanmışdı... O, ətrafa göz gəzdirib ilkin olaraq bu sözləri dilinə gətirdi:- "Mənim əl çantam hanı? Hanı bir ovuc torpaq?.." Tibb işçisi: "Bu nə çəkmiş adama oxşayır, nə də içmiş... Amma danışığı çox qəribədir!" -dedi. Handanhana özünü yaxşı hiss edən Fərman tumbada başına gələnləri onlara danışdı...

Sanki Fərmanın bütün dünyasını, bütün varlığını oğurlamışdılar. Bilmirdi ki, nə etsin. Təzədən geri qayıtsınmı, yoxsa yoluna davam etsin... Geri qayıtmağa pulu, yoluna davam etməyə tabı çatmırdı. Axı indi anasına nə deyəcəkdi!? Tərəddüdlər burulğanında boğula-boğula qalmışdı... Anası bəs deməyəcəkdimi: "A bala, bir ovuc torpaq nəyidiki, onu da gətirib çıxara bilmədin!?"

... Mənzilə çatmağa daha saatlar qalmışdı. Bu saatların hər biri ona vahiməli qaranlıq bir mağaranı xatırladırdı. Hər mağaranı keçdikcə həyəcanı artır, əti ürpənirdi... Fərman hələ də fikrində aranı dağa, dağı arana daşıyırdı... Çırtma vursan qanı damardı...

... O, qatardan düşüb taksiyə əyləşdi. Elə ki, kəndlərinə yetişdi, taksini yola salıb çəpərlərinin aşağısından məhlələrinə keçdi. Əyilib yerdən bir ovuc torpaq götürdü. Ustubca cibindən çıxartdığı dəsmala bükdü...

Pəncərədən Fərmanın həyətə girdiyini görən Gülsənəm qarı birtəhər özünü toplayıb eyvana çıxdı:

-Amanatı gətirə bildinmi, a bala!?

-Gətirdim, gətirdim, ana!. .

-Bura ver görüm!. .

Fərman əlindəki bükülü dəsmalı anasına uzatdı. Qarı dəsmalı açıb göz yaşları içində torpağı qoxuladıqca-qoxuladı. Sonra öpüb gözünün üstə qoydu:

-Goruna qurban olum, İmran!.. Çox şükür ki, sənin torpağın da elə bizim torpağın ətrini verir!..

Fərman başını aşağı salıb dərin fikrə getmişdi... İçərisində çəkdiyi əzablar qızarmış saca dönmüşdü. Onu qovurduqca - qovururdu...
2014

DƏRMAN

Əllərinin damarları kökdən düşmüş sazın simlərini xatırladırdı. Bu damarlar daha nə qədər gərilsə də, ötən ömrün-günün çılğın havası üstə bir daha köklənən deyildi. Şuşa... Cıdır düzü... İsa bulağı... O yerlər qarış-qarış gəlib onun gözləri önündən keçirdi...

Xəstələnib yatağa düşən Şirin kişinin yaşı səksənin aşırımını geridə qoymuşdu. İyirmi ildən artıq idi ki, İsa bulağının suyunu dadmırdı. Həmişə də söz düşəndə deyirdi: "Mənim xəmrimin suyu İsa bulağından götürülüb". Ömür-gün yoldaşını da hələ altmış il qabaq ilk dəfə bu bulağın başında görərkən sevib-seçmişdi...

Üç oğlu, bir qızı vardı Şirin kişinin. Yenə də onun başına yığışmışdı övladları. Olub-keçənlərdən danışa-danışa kişini bir hovur ovundurmaq, xəstəliyini unutdurmaq istəyirdilər. Ancaq nədən danışırlar-danışsınlar atalarının fikri-zikri İsa bulağındaydı. Birdən o, yastığa dirsəklənib xırıltılı bir səslə dilləndi:

-Ay uşaqlar, iynə vurula-vurula bədənim dönüb şadaraya. Mədəmin yükünü yeməkdən çox dərmandan tuturam. Heç birinin də bir xeyri yox... Bircə onu bilirəm ki, mənim dərmanım İsa bulağının suyudur. Bircə qurtum içsəm, özümə gələrəm...

Şirin kişinin sözündən sonra araya ağır bir sükut çökdü. Evin kiçik oğlu Asif handan-hana dilləndi:

- Ay ata, heç xiffət eləmə, bu gün-sabah torpaqlarımızı qaytaracağıq. Dönəcəyik öz doğma yurd-yuvamıza. Yenə də İsa bulağının başında süfrə açacağıq...

Aradan bir-iki gün keçmişdi. Səs yayıldı ki, Asif çadır şəhərciyindən yoxa çıxıb... Qohum-əqrəbanın hərəsinin ağlına bir fikir gəlirdi. Həyat yoldaşı Gülyanaq isə deyirdi:"O mütləq işləmək üçün Bakıya gedib. Neçə dəfə mənə bu haqda demişdi, amma mən razı olmamışdım. Bəlkə də elə buna görə evdə bildirməyib... " Birdən Gülyanağın ağlına gəlmişdi ki, Asif Bakıya getsə sənədlərini də özü ilə götürər. Sandığı açıb gözdən keçirəndən sonra o da qohum-əqrabaların hamısı kimi həyəcanlanmağa başlamışdı. Şirin kişidən başqa qohum-əqrabaların hamısı elə bil ki, tikan üstə yatırdı. Nə gündüzləri vardı, nə də gecələri... Bütün bunlara baxmayaraq çalşırdılar ki, ağır yataq xəstəsi olan Şirin kişi bu hadisədən hələlik xəbər tutmasın. Qorxurdular ki, sonra kşinin əhvalı qarışar...

Artıq aradan bir neçə gün ötmüşdü. Asifin anası Sürəyya qarı xısın-xısın ağlayırdı. Elə ağlayırdı ki, əri ondan duyuq düşməsin. Hətta bir dəfə Şirin kişi onun gözünü yaşlı görüb soruşmuşdu:

- Ağlamış adama oxşayırsan, ay arvad...

Tez özünü ələ alan Sürəyya qarı demişdi:

- A kişi, indicə soğança hazırlayırdım, soğan gözümü acışdırdı...

Atasının "mənim dərmanım İsa bulağının suyudur" sözləri Asifin dinini-imanını qaçırmışdı. Heç dinclik tapmırdı. İlan kimi qıvrıla-qıvrıla qalmışdı. Ora-bura vurnuxurdu... Atasının murazını gözdə qoya bilməzdi... Gecə əl-ayaq yığışandan sonra gündüzdən hazırlayıb kənar bir yerdə gizlətdiyi plastmas qabı da götürüb yola çıxdı... Heç kəsə də bildirmədi ki, birdən xofa düşərlər... O, gecə səhərə qədər dayanmadan yol getdi. Sübh açılan çağı özünü yaxınlıqdakı kol-kosluğa verib daldalanmalı oldu. Ehtiyatsız bir hərəkət onun həyatı bahasına başa gələ bilərdi. Ona görə də yenidən qaranlıq düşənə kimi gözləməliydi.

Elə ki, axşam düşdü, ətrafı qaranlıq bürüdü, Asif yenidən yoluna davam etməyə başladı. Atasnın sözlərini tez-tez xatırladıqca addımlarını daha da yeyinlədirdi... Ancaq tez-tez dayanır, ətrafa boylanır, yenidən yoluna davam edirdi. Arabir qarşısına çıxan irili-xırdalı çətənə plantasiyaları onu həm çaşdırır, həm də qıcıqlandırırdı: "Alçaq ermənilər öz mənəviyyatları kimi bizim torpağı da zəhərləyirlər!.. Bir vaxtlar gül-çiçək qoxuyan bu yerlərdən indi üfunət iyi gəlir... "

Asif fəhminə bel bağlaya-bağlaya gedirdi... İnanırdı ki, fəhmi heç vaxt onu aldatmaz. Daha hiss edirdi ki, uşaqlıqda qoyun-quzu otardığı yamaclardan keçir... Buralarda o qədər çiling-ağac, mərə-mərə, dirədöymə oynamışdı ki... Səhərin ala-toranında İsa bulağını axtarıb tapan Asif bir az rahat nəfəs aldı. Amma ona elə gəldi ki, İsa bulağı doğmaları üçün qəribsədiyindən daha özünə sığmır. Şırıltısı daha dəyişib olub "Cəngi" üstə... "Cəngi" çalıb ər oğulları başına toplamaq istəyir... O, kövrəldikcə-kövrəldi... Əyilib bulağın suyundan içərkən suya düşən əksinə baxıb pıçıldadı:"Bu iyrənclərin arasında nə qədər qalsan da, çox şükür ki, duruluğunu qoruyub saxlaya bilmisən, İsa bulağı!. . " Sudan içdikcə-içdi. Sonra plastmas qabı ağzınadək doldurdu. Əyilib bulağı son kərə öpdü... Daha havanın işıqlandığını hiss etdiyindən axtarıb axşama kimi daldanacaq bir yer tapdı. Gecə yuxusuz qaldığından azacıq da olsa mürgüləmək, gözünün çimirini almaq istədi... Bir də ki, onsuz da yenidən axşamı gözləməli idi. Elə bərk yorulmuşdu , bir vaxt oyandı ki, şərqarışıb. Su qabını götürüb gəldiyi yolla da geri döndü...

Asif ikinci gecə idi ki, yol gəlirdi. Qarşıdakı yoxuşu da aşandan sonra daha bütün təhlükədən sovuşacaqdı. Həmin yoxuşu yenicə aşmaq istəyirdi ki, qəfildən atəş səsləri eşidilməyə başladı... Görünür düşmənlər duyuq düşmüşdülər. O, dərəyə sarı yumalandı... Düşmənlərin atmış olduğu güllələrdən biri qabı dəlib keçmiş, çəpəki deşik açmışdı. Qab Asifin əlndən çıxıb üzü dərəyə diyirlənmişdi... Asif özünü qabın üstə atdı. Güllənin açmış olduğu çəpəki deşiklərdən su axıb tökülürdü. İşin tərsliyindən güllə qabın aşağısından dəyib, yuxarısından çıxmışdı. Bir yandan qaranlıq, bir yandan da vaxtın azlığı imkan vermirdi ki, Asif həmin deşiklərə nəsə bir şey tapıb tıxasın. Buna görə də qabı sinəsinə tutub el sarasında "balaca bacı" deyilən çöçələ barmaqlarının hər birini deşiyin birinə keçirdi. Barı qalan suyun sızmaması üçün barmaqlarını bacardıqca deşiklərə kip yerləşdirdi. Barmaqlarında kəskin ağrılar hiss etsə də, yeganə çıxış yolunu canını dişinə tutub dözməkdə gördü...

... Asif axır ki, gəlib çadır şəhərciyinə yetişdi. Birbaşa atasıgilə üz tutdu. O, çadırın qabağına çatıb səsləndi:

- Ana, ay ana! Bir çadırın ağzını aç!..

Yuxa yaymaq üçün xəmir yoğuran Sürəyya qarı bu doğma səsdən diksinən kimi oldu. Elə əli xəmirli-xəmirli bayıra çıxdı. Oğlunun qucağındakı su qabını görən qarı daha da heyrətləndi:

- Bu nədir, a bala!? Harda qalmışdın bu neçə günü?.. Bu nə qabdı?..

- Ana, atama dərman gətirməyə getmişdim! Cəld bir vedrə gətir. Barmaqlarımı qabın deşiyindən çxarsam, dərman axıb tökülər...

Sürəyya qarı cəld vedrə gətirdi. Asif su qabının deşiklərinə kipləşmiş barmaqlarını birtəhər çəkib çıxardı. Qan işləmədiyindən barmaqları uyuşub taxtaya dönmüşdü... Vedrədə isə cəmisi iki dolça su olardı-olmazdı...

Şirin kişi İsa bulağının suyundan bir stəkan başına çəkdi. Bir azdan hiss etdi ki, bədəninin ağrı-acıları səngiyir... Ürəyi təpərlənir, gözləri işığa gəlir... O, dik qalxıb əyləşdi çarpayıda:

-A bala, o sudan bir stəkan da ver!.. Çox şükür, İlahi! Axır ki, dərmanım tapılıb gəldi! Deyəsən yaşayacam, İsa bulağını görmək mənə də qismət olacaq! - dedi.
2015

HEYVA AĞACI

Min doqquz yüz qırx beşinci ilin yazında, qələbəyə az qalmış, cəbhədəki oğlundan qara kağız alan Məhluqə arvad qısılmışdı öz daxmasına. O, hələ cavan yaşlarından təsadüfi bir bədbəxt hadisə nəticəsində ərini itirib dul qalmışdı. Neçə yerdən istəsələr də, getməmiş, aman-zaman bir oğlunun qayğısını çəkmiş, istəməmişdi ki, övladı ögey ata nəfəsini hiss etsin. Nə bacıdan bir haray vardı, nə də qardaşdan. Hərə öz çulunu bir təhər sudan çıxarırdı. İndi oğlunun qara kağızı onu göynətdikcə göynədirdi. Amma Məhluqə arvadda inam vardı ki, haçansa oğlu qapıdan girəcək.

Oğlu cəbhəyə gedəndən sonra o, vaxtlı-vaxtında bağçanı suvara bilmədiyindən ağacların hamısı da demək olardı qurumuşdu. Bağçada qalan təkcə heyva ağacı idi. Oğlunun əkdiyi, oğlunun yadigarı heyva ağacı. Heyva ağacı quraqlığa davamlı olduğu üçün əyyamda-səyyamda bircə dəfə suvarılsa da, öz durumunu qoruyub saxlaya bilirdi. Üstəlik də bar-bəhəri öz yerində.

Hər payız Məhluqə arvad heyva ağacının barını yığıb çardağa düzür, az-az aparıb yaxınlıqdakı qəsəbənin gediş-gəlişli küçələrindən birində əyləşib satardı. Heyvadan çıxan qəpik-quruşu çörəyə, qəndə, çaya verib evə qayıdardı. Məhluqə arvad oğlunun qara kağızını alandan sonra mehrini salmışdı heyva ağacına. Oğlunun iyini bu ağacdan alırdı. Həmişə də bu ağaca küsənirdi. Özünə bir tuman, yaxud bir corab almaq fikrinə düşsəydi, ürəyində deyərdi: "Qoy bir görək heyva ağacı nə götürür".

Oğlu Həbibdən sonra bu heyva ağacına bel bağlayırdı. Sanki oğlu Həbib cəbhəyə gedərkən anasını bu heyva ağacına tapşırmış, "anamdan muğayat ol" demişdi.

Məhluqə arvad gecələrin birində qəribə bir yuxu da görmüşdü. Görmüşdü ki, qapıdakı heyva ağacı birdən-birə qiyafəsini dəyişdi. Dönüb oldu oğlu Həbib və qapıdan içəri girib onu bağrına basdı: "Ana, mən özüm heyva ağacına dönmüşəm. İstəmişəm ki, iyimdən, qoxumdan doyasan". Arvad: "Ay oğul!" - deyə sevincdən qışqırarkən öz səsinə yuxudan oyanmışdı. Elə həmin gündən evdə çarpayısını çəkmişdi pəncərənin qabağına. Buradan heyva ağacı yaxşı görünürdü.

İlk payız günlərindən biri idi. Heyva ağacı yetərincə bar tutmuşdu. Məhluqə arvad əlinə bel götürüb arxdan ağaca su açmaq istəyirdi. Birdən ayağı sürüşdü və üzüquylu arxa yıxıldı. Bədənindən bir gizilti keçdi. Elə hiss etdi ki, bütün içərisi buz bağladı.

Beləliklə, elə həmin gündən başlayaraq Məhluqə arvad yatağa düşdü. Axır uzaq qan qohumu Namaz kişi onun üstə həkim gətirdi. Nüsrət həkimi. Bu həkimin diaqnozu həmişə də özünü doğruldur, həmişə də nəticə dediyi kimi alınırdı. Buna görə də kənddə hamı bir həkim kimi ancaq ona inanırdı. Hələ deyən də tapılırdı ki, bu kişinin yeri Bakıdır ey, Bakıdır.

Nüsrət həkim Məhluqə arvadı dönə-dönə nəzərdən keçirdi və yekun olaraq ancaq bu sözləri dedi: "Axırı yaxşı olar". Ancaq girəvələyib Namaz kişiyə bildirdi: "Xəstənin sağalmasına ümid yoxdur, iki-üç günün qonağıdır, ehtiyatınızı görün!"

Məhluqə arvadın səhhəti saatbasaat pisləşirdi. Qonşuluqdakı Zeynəb qarı və Ülkər qarı Məhluqə arvadın baş tərəfində uzun bir kətilin üstə əyləşmişdilər. Xəstə ağır-ağır nəfəs alırdı. Birdən onun gözləri gərilməyə başladı. Sanki xəstənin bütün gücü gözlərinə yığılmışdı. Az qalırdı yerindən oynayıb çıxsın. Bir qədər əlləşdikdən sonra bir təhər qolunu balınca söykəyib gözlərini pəncərənin önündəki heyva ağacına dirədi: "Həbib, ay Həbib!" Məhluqə arvadın bu çağırışı qarıların ikisini də çaş-baş saldı. Ani olaraq onlar da pəncərədən bayıra boylandılar.

Beş-üç dəqiqə keçmədi ki, qarının başı taqətsiz halda yastığa düşdü. Heyva ağacı bundan xəbərsiz idi. Gözləyirdi ki, Məhluqə arvad indicə əlində səbət ona yaxınlaşacaq, başlayacaq kəhraba kimi meyvələri bir-bir ustubca dərib səbətə düzməyə. Ancaq Məhluqə arvad gəlmək bilmirdi. Sarala-sarala qalan heyvalar bir-bir budaqdan üzülüb düşürdü.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ