Gənc şairin dilemması

Tarix:31-01-2019, 18:16 Baxış Sayı:71

Gənc şairin dilemması
Cəlil Cavanşirin yeni hekayəsi

Hələ ustalıq qazanmamış kəndirbaz kimi, tutmağa bir yer axtara-axtara, hər addımdan sonra dayanaraq, qollarımı dənizin üstündə süzən qağayı kimi yanlara açıb özümü qapıya çatdırdım, damağımdakı siqaretin tüstüsündən yaşaran gözlərimi silib, gicəllənən başımı qapının çərçivəsinə söykəyib dərindən nəfəs aldım və beş addımdan sonra küçədəki izdihama qarışdım.

Harada olduğumu və gedəcəyim yeri bilməsəm də, qollarımı yanlara açıb izdihamın arasında dəli kimi addımlayırdım. Ətrafdakıların tənəli və istehzalı baxışları məni narahat etmirdi. Bu mərhələni çoxdan keçmişdim. Anidən dayanmağımın səbəbi sadəcə damağımdakı sönmüş siqareti zibil qabına atmaq və yenisini yandırmaq üçün idi. Siqareti küçənin kənarındakı zibil qabına atandan sonra xatırladım ki, alışqanım evdə qalıb. Ürəyimdə özümü söyüb, ətrafa boylandım. Ətriyyat dükanın qarşısında dayanıb həyəcanla siqaret sümürən cavan oğlana yaxınlaşdım, heç nə demədən siqareti damağıma qoyub üzünə baxdım. O da eyni qaydada üzümə baxıb əlində oynatdığı alışqanı yandırdı:
– Buyurun, müəllim.
Şəhadət barmağımla eynəyimi arxaya itələyib, təşəkkür etmədən yoluma davam etdim.

***

Hava soyuq və küləkli olduğu üçün, veyillənməkdən zövq ala bilmirdim. Qulaqlıqda Teomanın "Güzel bir gün” mahnısı səslənsə də, bu günün gözəl olduğunu qətiyyən demək olmazdı. Evdən çıxdığım yarım saat olmamış, gəzməkdən sıxıldım. Daha doğrusu soyuqdan və üzümə çırpılan küləkdən bezdim. Qollarımı yanıma salıb, qulaqlıqda İbrahim Borçalının mahnılarından birini dinləməyə başladım. Bu havada belə mahnılar insanda pozitiv əhval-ruhiyyə yaradır. Yolumun üstündəki zirzəmi-kafelərdən birinə girdim. İçəri bomboş idi. Bufetin piştaxtası arxasında oturan cavan süfrəçi məni görən kimi ayağa qalxıb ədəblə salamlaşdı, bomboş kafenin masalarından birinin yanında dayanıb nəzakətlə gülümsədi:
– Buyurun, müəllim.

Alışqanım olmadığı üçün yandıra bilmədiyim siqareti damağımdan götürüb anlaşılmaz tərzdə mızıldandım, şarfımı, papağımı çıxarıb boş stullardan birinin üstünə atdım. Paltomu çıxaranda süfrəçi cəld hərəkətlə kömək etdi və paltonu götürüb qapının yanındakı asılqandan asdı və eyni cəldliklə yanımda peyda oldu:
– Buyurun, müəllim.

Bir şüşə ucuz şərab, ağ pendir sifariş verib aşağı çökdüm. Başımı qaldıranda piştaxtanın küncünə qısılmış, mənə maraqla baxan xanımla göz-gözə gəldim. Suyuşirin, azcıq şişman, qısa saçlı, mən yaşlarda bir qadındı. Bəlli ki, bu kafenin zəhmətkeşlərindən idi. Gözlərini qıyıb diqqətlə mənə baxırdı. Az tanınmış şair olmağın pis tərəfi də budur. Baxışlarından heç nə başa düşmək mümkün deyildi. Hər halda reytinqsiz televiziya proqramlarında hay-küylə danışan, qarşısına çıxan istənilən peşə sahibini "danlayan” gənc şairi tanımamış olmazdı.
Yəqin ki, tanımışdı.
Hər halda, az da olsa tanınıram.
Böyük ehtimalla mən ona tanış gəlmişdim.
Ola bilsin ki, məni efirlərdə görmüşdü.
Bəlkə də, oxucum idi.

***

Kimsə məni tanıyanda dərhal hiss edirəm. Özümü qəribə hiss edirəm. Həyəcanlanıram. Bir az dizlərim əsir. Məsələn, o gün sərxoş olsam da, metroda mənə yer verən gənc qızın baxışlarından anlamışdım məni tanıdığını. Hələ o gün avtobusda... Televiziyadan çıxıb evə gedirdim və az qala bütün sərnişinlərin gözü məndə idi. Yəni tanıyırlar məni. Çox güman ki, şair olduğumu da bilirlər. Ehtimal ki, saytlarda çıxan şeirlərimi oxuyurlar. Dostlarım da tez-tez feysbukda paylaşır mənim şeirlərimi. Az-çox reklamım gedir. Ola bilər ki, məni tanısınlar.

Belə məqamlarda narahat oluram. Əlim-ayağıma dolaşır. Məşhurluq o qədər də xoşuma gəlmir. Kimsə məni tanıyıb diqqətlə üzümə baxanda özümü axmaq kimi hiss edirəm. Elə bilirəm uzaqlaşan kimi arxamca gülüşürlər. "Bu ki, axmağın biridir,” – tənəsini az qala hər dəfə eşitmiş kimi oluram. Bəzən hansısa universitetin qarşısından keçəndə gənc qızların baxışlarından oxuyuram ki, məni tanısılar da, yaxınlaşmağa çəkinirlər. İndiki gənc qızların gənc şairlərdən çəkinməyini də başa düşmək lazımdır. Zavallılar salam verməyə, sosial şəbəkələrdə bircə kəlimə xoş söz yazmağa peşman olurlar. Gənc qızların gənc şairlərin toruna düşməsi son vaxtlar ədəbi ictimaiyyəti ən çox narahat edən məsələlərdəndir. Gənc şairlərin bəziləri potensial Kazanova sayılırlar. Dərinə getsən arasında bəlkə, Don Juanlar da var. Qız gözlərini süzdürüb mahnının səsini artırdı, "Yanıq Kərəm”in sədaları ətrafa yayıldı.

***

Gənc şairin biri də mən. Keçən dəfə təsadüfən bir məclisdə tanış olduğum, filmlərdən, incəsənətdən, ədəbiyyatdan, fəlsəfədən söhbət etdiyim xanımın düz bir həftə zəhləsini tökdüm. Yazıq telefon nömrəsini mənə verdiyinə peşman oldu. Düzdür, ona qarşı hislərimin ötəri olmadığına özümü inandırsam da, xanımı bu dəlisov eşqimə inandıra bilmədim. Nəhayət ki, zəhlətökənlik etdiyimi dərk edib, "hücumlarımı” dayandırdım ki, böyük sevgimiz başlanmadan bitdi. Deməyim o ki, mən də digər gənc həmkarlarım kimi azadlığın tərəfdarıyam. Kifayət qədər, bəzən isə həddindən artıq azad davranışlarımla ətrafımdakıları təəccübləndirirəm. Nə isə, tanınmaqdan danışırdım axı. Belə tanınmaqdan da olmaz. Bu sərbəstliyik ucbatından az qala əclaf kimi baxırlar adama. Bu ötəri xoşbəxtliyi də çox görürlər...

***

Piştaxtanın arxasında oturan xanımın israrlı baxışları və səsini yüksəltdiyi musiqi ucbatından özümü itirib bütün keçmişimi sürətlə və xaotik şəkildə xatırladım. Son illərdə iki şeir kitabım çıxıb, televiziyalarda ara-sıra görünürəm, şairlərin toplaşdığı içki məclislərində mütləq iştirak edirəm, saytlarda, qəzetlərdə şeirlərim çap olunur. Əcəba, bu qadına hansı məclisdə iltifat göstərmişəm? Məni haradan tanıyır? Bəlkə, feysbuk dostumdur? Bəlkə instaqramda məni izləyir? Bəlkə, hansısa saytda şeirlərimi oxumuş gizli heyranlarımdan biridir? Yox, çox diqqətlə baxır. Özümü itirdiyim üçün təlaşla siqaret qutusunu masadan götürüb siqaret çıxardım. Siqareti damağıma qoymamışdan süfrəçi gənc alışqanı yandırdı:
– Buyurun, müəllim.

Yox, deyəsən, bu gənc süfrəçi də məni tanıyır. Özümü toplayıb dirsəklərimi masaya qoydum. Masa elə silkələndi ki, diksinib içimi çəkdim. Masanın ayaqlarından biri əməlli-başlı boşluqdaydı. Diqqətimi ondan yayındırıb süfrəçinin masaya düzdüyü nemətlərə: ucuz şəraba və pendirə baxdım. Bu havanın dərmanı, içməkdir. Qıpqırmızı şərabı badəyə süzüb birnəfəsə birinci badəni nuş etdim. İkinci badə də...Üçüncü badədə başımı qaldırıb qızın üzünə baxdım. Masanın yellənməsini unudub yenidən dirsəkləndim və şərab şüşəsini aşırdım. Bu dəfə qız sakitcə içini çəkib, musiqini dəyişdi. Ətrafa yayılan sevdiyim rok musiqisi kefimi açdı. Süfrəçi cəld hərəkətlə özünü yetirib aşmış şüşəni qaldırdı, masanı sildi, mən dillənməmiş növbəti şüşəni gətirib açdı:
– Buyurun, müəllim.

***

Yox, bu qadının baxışları, davranışları çox qəribədir. Elə bil məni tanıyır. Sanki, mənə simpatiyasını hiss etdirmək üçün, arada göz süzdürür. Badələri bir-birinin ardınca boşaltdıqca, daha da həyəcanlanırdım. Qərarsızlıqdan siqareti-siqaretə calamışdım. Alışqanım evdə qaldığı üçün, birinin oduna başqasını yandırırdım. O da elə gözəl baxırdı ki... Qəfildən ağlıma gələn ideyadan, üzüm işıqlandı. Bu işığı özüm görməsəm də, piştaxtanın arxasında nazla siqaret sümürən qadın yüz faiz görmüşdü.

Astaca ayağa qalxıb səntirliyə-səntirləyə asılqana yaxınlaşdım. Paltomun qoltuq cibindən yenicə çapdan çıxmış şeirlər kitabımı və qələmimi çıxardım. Hər ehtimala qarşı ya çantamda, ya da paltomun cibində yeni kitabımı gəzdirirəm. Bu vərdişim hərdən işimə yarayır. Necə yaradığını izah edə bilməyəcək qədər sərxoşam və bu dəfə daha çox işimə yarayacağını hiss edəcək qədər ümidliyəm. Masaya qayıdıb, badəmə şərab süzdüm və başımı qaldırıb qızın üzünə baxdım. Gülümsədi. Süfrəçi ortalıqda görünmədiyi üçün mən də gülümsədim. Sonra kitabı nümayişkaranə surətdə qaldırıb, ona göstərib masaya qoydum. Şərabı başıma çəkib, bir dilim pendir atdım ağzıma. Külqabıda tüstülənən siqareti götürüb tüstünü acgözlüklə ciyərlərimə çəkdim. Və hər şeyi unudub masaya dirsəkləndim...

***

Qadın təlaşla masaya yaxınlaşanda, üstümə dağılan şəraba fikir vermədən, qələmi çıxarıb avtoqraf yazmaq üçün hazırlaşırdım. Adını soruşmadan bir-iki cümlə xoş söz yazıb, kitabı imzaladım və təbii ki, telefon nömrəmi də imzamın yanına yazmağı unutmadım. Qadın nə işlə məşğul olduğuma fikir vermədən, işini görürdü. Sonra... Sonra hər şey sürətlə inkişaf etdi. Suyuşirin, qısa saçlı qadın cəld şəkildə dağılmış masanı səliqəyə saldı. Əliylə masanın müvazinətini yoxlayıb, masanın hansı ayağının yelləndiyini anladı və mənim nəzakətlə ona uzatdığım şeir kitabını cəld şəkildə əlimdən qapıb aşağı əyildi və kitabımı masanın yellənən ayağının altına qoydu. Nəfəsimi tutub onu izləyirdim. Qadın ehmalca dikəlib nə rəğbət, nə də nifrət ifadə etməyən baxışlarını üzümə dikib əvvəlki kimi gülümsədi:
– Buyurun, müəllim...

Masanı iki əliylə yoxlayıb, yellənmədiyinə arxayın olduqdan sonra toppuş bədənini yırğalaya-yırğalaya masadan uzaqlaşdı. Dirsəklərimi masaya söykəyib, başımı əllərimin arasına aldım. Masa yellənmirdi.../artkaspi.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ