Gecə yaman uzundur | Hekayə

Tarix:30-01-2019, 18:34 Baxış Sayı:67

Gecə yaman uzundur  | Hekayə
Kamran Nəzirli

Gecəyarı qəflətən itlər hürüşdülər. Bu heç hürüşməyə də bənzəmirdi, ulayırdılar canavar kimi, elə bil kəndə düşmüsən. Əcaib-qəraib səslərdən adamın lap əti ürpəşirdi. Bir azdan həyətin pişikləri də onlara qoşuldu, heyvanların bir-birinə qarışmış qəribə səs-küyünə beşmərtəbəli "sovet kibrit qutusu"nun çoxdan sönmüş işıqları bir-bir yanmağa başladı. Pərdələr aralandı, adam siluetləri göründü.

- Allah xeyir eləsin, it uladısa, sürüyə qurd gətirər... - kişi deyinə-deyinə adyalı üstündən tıncıxırmış kimi atdı, durub çarpayıda oturdu, sonra çəhrayı zolaqlı ağ xalatını geyinib həyətə açılan pəncərə önünə sarı yeridi. - Bunların ağız-ağıza verib ulaması yaxşı əlamət deyil...

Otaqda heç kim yox idi, görünür, kişi sözləri qaranlığa deyirdi. Qaranlıq heç vaxt cavab vermir. Olur bəzən, əsasən kənd yerlərində, adam hirsini qaranlığa tökür, ya da heç tökmür, sadəcə, onunla mırt vurur, yaxud da belə yarıyuxulu anlarda onu həmsöhbəti bilib dərdləşir. Düzü, uzun qış gecələrində şəhərlə kəndin bir o qədər fərqi olmur; mahiyyətcə, hər iki məkanda qış gecələri uzun olur, həyat yorğun görünür, fərq, bəlkə də, çöl heyvanlarının səs-küyündə və tərkibindədir; itlərin, pişiklərin siyahısına mal-qaranı, toyuq-cücəni, çaqqal və tülküləri, hətta bəzən zülmət gecələrdə həyət-bacalara soxulan, gözlərindən od tökülən canavarları da əlavə eləsək, kəndlə şəhərin qış gecələrinin fərqini qismən də olsa, aydın görmək olar. Əlbəttə, məsələ təkcə bunda da deyil.

Misal üçün, kəndə nisbətən şəhər adama çox şey öyrədir; öyrədir ki, həyat əlvandır, qaynardır, səs-küylüdür, vaxt çox qısadır, tələsmək heç də təndirə düşmək deyil (təndirə düşmək ehtimalı da az deyil!). Divarın o üzündəki qonşu arvadının, ya da uşağının çığır-bağırını eşitməyi, gecənin tən yarısı, ya da sübh tezdən çöldən gələn maşın siqnallarına dözməyi, yuxarı mərtəbələrdəki eyvanlardan iylənmiş bozbaş qazanlarından həyətə tökülən çirkli suların qəfil şappıltısına diksinməyi öyrədir, bir az aralıdakı küçə və xiyabanlardan gələn təkər qıjıltılarına, daha başqa-başqa min cür uğultu və gurultulara uyğunlaşmağı... öyrədir. Bu anlarda kişi şəhərlə kəndin fərqi hayında da deyildi, o, neçə illər idi ki, pəncərəsi önündəki parkda müxtəlif çöl və ev itlərini, özlərini peyğəmbər övladı kimi aparan və günü-gündən çoxalan pişik və pişik balalarını görürdü. Onlar da həyətin və parkın daimi sakinləri kimi gah harasa tələsir, gah da ora-bura hərlənib sülənirdilər; hərdən görürdü ki, hansısa ağacın, gül kolunun, yaxud da oturacağın dibində şəhər həyatının kübar ədasıyla uzanıb mürgü vururlar. Hürüşmə və ucadan miyoldama çox nadir hallarda baş verirdi. Görünür, bu qəribə gecə heyvanları da tıncıxdırıb...

Kişi işığı yandırmadan pəncərəni açdı; binanın qarşısındakı parkın Nuh əyyamından qalma işıq dirəklərinin ikisi düz onun pəncərəsi önündəydi, ordan otağa zəif işıq düşürdü. Maraqla həyətə boylandı, yüngül külək çöldən isti gərmic havasını içəri vurdu; bir sürü it hündür şam və qovaq ağaclarının altında ağzını göyə tutmuşdu, həyətin və parkın demək olar ki, bütün pişikləri də həyəcanla o tərəf-bu tərəfə vurnuxur, arabir miyoldayır, mələşir, hətta bəziləri doğmaq istəyən inək kimi böyürürdü.

Pəncərəni örtüb işıq gələn qonaq otağına keçdi. Arvadı əlində kitab divanda yuxulamışdı; hansısa gənc nasirin "Gecə yaman uzundur" adlı ilk romanıydı. Görən, nə romandı belə? Bayaq da dedi ki, yuxum gəlmir, gərək bu əl boyda kitabı oxuyub qurtaram... Nə görüb onda?

İstədi durğuzsun, vaz keçdi. Necə oldusa, arvadının aram-aram döyünən sinəsi üstündəki uzun, nazik barmaqları diqqətini çəkdi. Üzüksüz qadın barmaqları tərtəmiz, səliqəli, qırışsız idi, elə bil məktəbli barmaqlarıydı. Kişi onları xeyli süzdü. O, bu qadınla düz əlli il idi bir yastığa baş qoyurdu. Zarafat deyil, əlli il! Nələr yaşamışdılar, nələr görmüşdülər: yaz, yay, payız, qar, boran, çovğun, yarıac, yarıtox günlər, qazanclar, sevinclər, itkilər, bir əli yağda, bir əli balda olan övladlar böyütmüşdülər, daş-qaş, qızıl-brilyant almışdılar, satmışdılar, oğlanlarına toy eləmişdilər, ev almışdılar, kiminsə başına soğan doğramadan... ömür beləcə ötmüşdü, qarnına daş bağlaya-bağlaya keçmişdi ömür. İndi bu köhnə "kibrit qutusu"nda tək qalmışdılar, əl-ayaq öpmədən, mürvətlərə qalmadan yeddi ruhlu adamlar kimi həyatı yola verirdilər...

O, ilk dəfəydi qadınına beləcə, yatandan sonra baxırdı. Bircə dəfə də olsun onu yatmış vəziyyətdə görməmişdi, indi gördü. Aman Allah! Sən yatanda daha gözəl olurmuşsan, qadın! Elə bil dünənki qızdı - sevgilisi, nişanlısı, görüşünə həvəslə getdiyi, gəlişini həsrətlə gözlədiyi "ağbənizli, qələmqaşlı, qaragözlü, incəbelli, gülərüzlü" nağıl mələyi... (bəlkə, elə həyat nağıldı?). Evlənəndən sonrakı illər ərzində bircə dəfə də olsun belə düşünməmişdi; sevgisini, istəyini, ürəyindəki ən mərhəm hisslərini belə, bu qadına açmamışdı...O da dünyanın bütün başqa kişiləri kimi, əsl sevginin kitablarda və kinolarda olduğunu zənn etmişdi. Düşünmüşdü ki, sevgi əbədi deyil, çox qısa ömrü var sevginin. Evlənməmişdən ona elə gəlirdi ki, sevgilisini ölənədək sevəcək, onun bir sözünü iki etməyəcək, ona hər gün xoş sözlər deyəcək (qadını gərək hər gün tərifləyəsən!), onu hər gün əzizləyəcək, onun üçün lap dünyanın o başına da gedəcək... Amma sonra o hisslər, düşüncələr, arzular yavaş-yavaş çiçək kimi soldu; bir il, beş il, on il, əlli ildən sonra isə tamam öldü... Yox, ölə bilməz! Axı bu ədalətsiz və amansız aqibətdir! Axı qadın bütün qəlbini və ömrünü sənə bağışlayıb - sənə həyatın ən qiymətli və ən gözəl duyğularını, həzzlərini yaşadıb; o səni kişi edib, ər edib, ata, baba edib, sənin başına tac qoyub, səni şah, peyğəmbər edib, evini-eşiyini, ailəni, övladlarını, ətrafını, havanı... tənzimləyib, nizama salıb... Məgər dünyada onun kimi nizamlayıcı var? Nə olsun peyğəmbərlərin hamısı kişi olub? Məgər peyğəmbərlərin özünü qadın doğmayıb?..

Kişi işığı söndürdü, ayaqları ucunda geri qayıdaraq dolabçadan adyal götürüb gətirdi, astaca arvadının üstünə örtdü. Birdən ona elə gəldi ki, otaq işıqlanır, o, hər şeyi apaydın görür. Kitabı zərif barmaqları arasında sinəsinə sıxan uyumuş qadının üzündən nur yağır. Arvadının dinc və ağ bənizinə məsum tanış təbəssüm qonub - hə, xatırladı, əlli il bundan qabaq bir dəfə görmüşdü. Bəs necə olub ki, evləndikdən sonra o təbəssümü bircə dəfə də sezməyib... Axı necə ola bilər? Bəlkə də, görüb, fərqinə varmayıb? Ah, doğrudan, nə qəribə gecədi?! İt hürüşməsi, pişiklərin vəngiltisi, qaranlıq, işıq, sevgi və qadın təbəssümü... Görünür, həyat elə buymuş!

Dekabr gecələri uzun olur. İllah da ki, Bakıda; qar-şaxta yox, yağış yox, hərdən külək vıyıldayır, uğuldayır, isti hava kütlələri qıvrıla-qıvrıla yarımadanın gecələrinə qarışır. Belə gecələrdə yaşlı adamların, xüsusilə qan təzyiqi olan qocaların gözünə yuxu getmir. Oturub səhəri dirigözlü açırlar. Çox vaxt heç onlar üçün səhər də açılmır, elə əbədi gecə olur. Bəlkə, elə onun üçün də hər zaman gecə olub, hə?

Kişi xatirələrini dəmə qoyub asta-asta yataq otağına qayıtdı; həyətdən yenə heyvan səsləri gəldi. Bu dəfə itlərdən daha çox pişiklər vay-şivən qoparırdılar. Soyunub çarpayıya uzandı, düşündü ki, bəlkə, o da bir kitab götürüb oxusun; kitab oxuyanda adamın yuxusu gəlir. Nə çox yuxu gətirən kitab! Yox, yaxşısı budur, televizora baxsın. Hər halda, televizor yuxu üçün ən münasib dərmandır. (Yuxu dərmanı!). Düyməni basdı, kanalları bir-bir dəyişdirdi. Nəhayət, birinin üstündə əlini saxladı - film göstərirdilər...

...Qadın yataqda ərinə deyir:

- Cek, sən məni həqiqətən sevirsən?

- O nə sözdür, Marta, dünyalar qədər!.. Sənsiz ömrümü təsəvvür etmirəm...

- Yalan demirsən ki?

- Məni qorxudursan, Marta...Axı biz təzəcə evlənmişik! Hardan gəldi bu fikirlər ağlına?..

Pauza...

Qadın qəmli-qəmli yataqdan qalxır, geyinir, Cek də çarpayıda əyləşib təəccüb və heyrət dolu baxışlarla qadını süzür.

- Noolub, Marta?.. Bu gün səni tanıya bilmirəm...

Marta susur. Vanna otağına girir, tez də qayıdır. Gecədir. Pərdəsiz pəncərədən yataq otağına Ay işığı düşür. Marta yerinə girib arxasını ərinə çevirir, Cek arxadan onu qucaqlayır.

- Marta, sənə nə oldu axı? Bəlkə, bayaq kazinodakı milyoner nəsə...

- Hə, hə, Cek, o... mənə təklif etdi...

- Aman Allah! (Cek dikəlir, həyəcanlanır). De görüm nə təklif etdi o əclaf?

- Özündən çıxma! Dedi ki, sən gözəlsən. Gözəllik də sevgi kimidi - boş şeydi... Ötəridi, yel kimi... əsir, keçib gedir...

- Elə beləcə dedi? Nə üçün dedi axı? Başa düşmürəm...

- Cek, bilirsən, mən düşünürəm ki, bu dünyada hər şeyi almaq olar... Sevgini də...

- Marta, sən dəli olmusan? Bu nə sözdür?

- Yox, Cek, dayan bir, mənə qulaq as...İstəyirəm biz bir qədər açıq başla, sağlam düşüncəylə müzakirə edək bir məsələni...

- Hansı məsələni?

- O milyonçunun təklifini...

- Aman Allah, Marta... Mən onu öldürəcəyəm!

- Səfehlik eləmə...

Yenə pauza. Kadrlarda Ceklə Martanın yaşadığı kasıb, darısqal yataq otağındakı əşyaları göstərirlər: köhnə televizor, paltar dolabı, nimdaş pencək və köynəklər, rəngi ovulub tökülmüş divarlar, asılmış ucuz şəkillər...

- Bilirsən, gəl ağılla müzakirə edək... O məni bir gecəliyə satın almaq istəyir... Bir milyon dollar verir... Bir gecəliyə, eşidirsənmi? Qoca kişidir... Bir gecəliyə...

Pauza... Cek susur. O, dodaqlarını gəmirir. Marta isə davam edir:

- Mən düşünürəm ki, biz bu barədə birlikdə qərar verməliyik... İkimiz... Axı biz bir-birimizi sevirik... Seviriksə, deməli, sevgimizə görə riskə də gedə bilərik... Elə deyil, Cek?

Cek susur. Kədərlidir.

- Cek, səninləyəm. Niyə dinmirsən? Bəlkə...

- Marta, mən səni dəlicəsinə sevirəm... səni heç kimə dəyişmərəm...

- Mən də... Ah, səni sevirəm, Cek...

Qucaqlaşıb öpüşürlər...

Kadrda havanın işıqlandığı görünür. Səhərdir. Cavan ər-arvad yuxudan durur. İkisinin də kefi yaxşıdır.

Cek deyir:

- Bu gün kirayə haqqını verməliyik...Gedim görüm hardan pul tapa bilərəm...

Marta:

- Bəlkə, o milyonçuya...

Cek (düşünür, sonra gülümsəyir):

- Bilirsən, Marta, sənə demək istəyirəm ki... Mən fikrimi dəyişdim... Bəlkə, sən bir gecəliyə razı olasan... Hər halda, bir milyon dollar... Bütün həyatımız dəyişər...

Marta qayğılanır, bir qədər də əsəbi görünür:

- Mən bilirdim ki, sən məni sevmirsən... Yalandı sevgi...

- Yox, Marta, axı sən özün istədin... Mən səni sevirəm...

(Arvadına sarı gəlir, qucaqlamaq istəyir, amma qadın hirslə onu rədd edir).

- Mənə toxunma! Bir daha inandım ki, sevgi, əslində, yoxdu... Bir daha inandım ki, hər şey satılır...

Marta qapını çırpıb gedir...

...Kişi artıq yuxuya getmişdi. Yuxuda gördü ki, bir qızı sevir. Qız onun arvadına bənzəyir, elə bil bir almadır, ikiyə bölmüsən. Qız da onu sevir; o, qıza hər gün çiçək alır, xoş sözlər deyir, onu əzizləyir. Birlikdə kinoya, teatra gedirlər, bir-birlərinə diqqət göstərirlər. Evlənirlər, ata-ana, qonum-qonşu, qardaş-bacı, uzaq-yad adamlar onların sevgisinə həsəd aparırlar; cütlük, sanki güzgüdü, hamı o güzgüyə qibtəylə baxır, amma hamı görə bilmir, (axı güzgü görə bilən adamlar üçündü!), kirayələrdə yaşayırlar, işləyirlər, əziyyət çəkirlər, uşaqları olur, itkiləri, qazancları, məhrumiyyətləri... çox olur, amma sevgilərini qoruyurlar; ev-eşik qururlar, bir-birlərinə dayaq olurlar, xeyrə-şərə yarıyırlar, qəlblərini, ruhlarını, nəfslərini, övladlarını, evlərini, həyətlərini... hətta ehtiraslarını belə bütün burulğan və təhlükələrdən qoruyub qocalırlar. Birdən görür ki, əslində, təkcə o özü qocalıb, arvadı elə həminki ağbəniz qızdı - məsum, təmiz, üzügülər, namuslu və əzabkeş... Qəribədir, bəs nə üçün o gözəl qocalmayıb?.. "Ay qız, ay gözəl, de görüm sən hansı çaydan gəlmisən, adın nədir? Nə, nə dedin? Mələk? Mələk, sənsən?..".

Ayıldı. Başının üstündə arvadını gördü, yenə o tanış təbəssüm!

- Məni çağırırdın? - Mələk soruşdu.

- Hələ gecədi? Səhər açılmayıb?..

- Bu gün qış girir, innən belə gecələr uzun olacaq...

- Mələk, yaman yuxu görürdüm... Allah xeyrə calasın...

Mələk güldü.

- Üstümü sən örtmüsən? Bə niyə durğuzmadın?..

- Qıymadım... Elə şirin-şirin yatmışdın ki... Bütün günü işləmisən - paltar yumusan, evi təmizləmisən, xörək bişirmisən, dibçəklərə su vermisən, mənim köynəklərimi ütüləmisən, hələ bir gedib nəvələrini də bağçadan gətirmisən, aparıb vermisən ata-anasına... İstirahət də eləməmisən...

- Bə özün niyə yatmamısan?

- Filmə baxırdım... Axmaq bir Amerika filmidi...

- Hə, görürəm... Televizoru da söndürməmisən... - qadın kişinin böyrünə qısıldı.

- De görüm nə gördün yuxuda? Məni görürdün?

- Hə, inanmazsan, səni gördüm...Görürəm, toyumuzdu...

- Danışma...

Hər ikisi susdu.

- Səhər suya danışarsan...Yat, mənim şahım...

...Kişi əlini qadının saçlarına apardı, sığalladı, qadın gözlərini yumdu, onun üzündəki tanış təbəssüm kişiyə elə doğmalaşdı ki... Pıçıldadı:

- Dünyada ən yaxşı qadın sənsən!

Mələk dərhal gözlərini açdı, ucadan heyrətlə soruşdu:

- Nə dedin? Bir də təkrar elə...

- Dünyada ən yaxşı qadın sənsən, sən!

...Həyətdəki səs-küy kəsilmişdi. Qadın yenə şirin-şirin uyumuşdu. Kişinin yuxusu gözündə qırılmışdı, yata bilmirdi, bu gecə ona çox uzun gəldi. Televizordakı film isə davam edirdi.

...Marta Cekin yanına qayıtmışdı. O, göz yaşları içində ərindən üzr istəyirdi. Cekin gözləri də dolmuşdu.

- Bağışla məni, Marta!

- Bağışla məni, Cek. İndi başa düşürəm ki, həyatda üç şey var ki, onları pulla almaq olmaz: sevgi, təbəssüm, hava...

- Yox, Marta, pulla hər şeyi almaq olur... Axı sən özün o gün dedin ki...

- Cek, əzizim, məni bağışla, o milyonu qaytardım...

- Qaytardın? Dəli olmusan?

- Hə, Cek, mən dəli olmuşam, yalnız səni sevirəm, yalnız səni... Bizim o milyonçu ilə aramızda isə heç nə baş vermədi...

...Kadrlar dənizin dalğalarını göstərir. Dalğalar sahilə çırpılır, bir-birinə sarılan ər-arvadın üstünə su sıçrayır. Onlar öpüşürlər...

...Kişi televizoru söndürdü. Durub astaca yataq otağından Şərqə tərəf baxan mətbəxə keçdi. Çoldə bir qiyamət qopmuşdu ki, gəl görəsən. Hava, yer, göy uğuldayırdı. Qasırğaydı. Pəncərəni açar-açmaz gördü ki, külək həyətdəki yekə şam ağacını yerə çırpdı, o boyda ağac şaqqıldaya-şaqqıldaya dayanacaqdakı maşınların üstünə düşdü. Elektrik dirəklərindən bir neçəsi aşdı. İşıqlar söndü. Kişi "Allah, sən saxla!" - deyib pəncərəni örtdü. Günün ağarmasına hələ çox qalırdı.../edebiyyatqazeti.az/

Yanvar, 2019-cu il

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ