Əllidən bir qərinə - Əyyub Qiyas yazır

Tarix:14-01-2019, 22:31 Baxış Sayı:171

Əllidən bir qərinə - Əyyub Qiyas yazır
Ehtiram İlham - 50

İnsan bəzən yaşadığı həyatı taledən, alın yazısından bilmədən keçir. Amma həyatda heç nə boş yerə olmur. Bü gün yaşdıqların sabah üçün hazırlıq, sabah yaşayacaqların ömür üçün tədarükdür. Heş kəs ömrün yaxşısından-pisindən, qismətin azınan-çoxundan şikayətlənə bilməz. Çünki yaşanan nə varsa taledir, qismətdir. Ehtiram İham da mənim taleyimə düşən paydır və Allahıma şükürlər olsun, bəzən əlini sıxıb qismətimi verməyə xəsislik etsə də, Ehtiramı mənə DOST payı seçməklə, həyatımdakı bir çox boşluqların balansını tarazlayıb.

Nə ömür yaşamışıq ki? Əllicə il! Hələ ürəkdə nə qədər arzu, görüləsi iş var İlahi! Hələ sabaha ümid var! Hələ yaşamağa bəhanə var! Əlli il nədir ki? Amma zamana Müşfiq gözüylə baxanda, onu Cəfər Cabbarlı hesabı ilə ölçəndə, ya da Aqutaqava kimi “mən yazmaq istədiyim hər şeyi yazdım” hökmünü verəndə əlli yaş çox görünür, lap çox!

Mən Ehiram İlhamı tanıyanda o Məmmədov Ehtiram Ələkbər oğlu idi. Və mən onu tanıyanda bu gün bizimlə oturub-duran dostların demək olar ki, heç birini tanımırdıq. Bunu fəxrlə deyirəm! Çünki Ehtram fəxr edilməli oğuldu! Bunu fəxrlə deyirəm ona görə ki, Ehtiram bütün yaxşı dostların baş tacıdır! Yaxşı bir məsəl var bizdə, dostunu mənə göstər, deyim sən kimsən! Mən Ehtiramı bütün dünyaya göstərib deyə bilərəm, baxın görün mən kiməm!

…1985-ci ilin bomboz payızı. 15 sentyabr günü. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakltəsi, hazırlıq kursu. Ehtiram məndən 40 gün balaca olsa da orta məktəbi məndən bir il tez qurtarmışdı. Mənsə hələ onuncu sinifdə oxuyurdum. İndi Allah saxlamış Atilayı görürəm (Ehtiramın oğlunu) Ehtiramın o günləri yadıma düşür. Ürək də, ürək! Hər sözünün başında Səməd Vurğun sevgisi, ədəbiyyat yanğısı, qoşma, gəraylı… sinədəftər… Açığını deyim mən də pis deyildim, filan qədər şeir bilirdim əzbərdən, bəzən saatlarla (bəli-bəli saatlarla) otutub “biri səndən biri məndən” de ki, deyəsən. Çox yazılarımızın ilk oxucusu elə özümüz olmuşuq. Şeir üstə qırğına çıxmışıq, hə, bir də nərd oynayanda qırğına çıxırıq. Ehtiram uduzmağı bacarmır, belə də ki, lap yaxşı eləyir! Bu məmləkətdə uduzmamağa haqqı olan beş-üç nəfər varsa, onların başında elə Ehtiarm İlham durur. Söhbət nərddə uduzmaqdan getmir, təbii ki. Söhbət həyatda uduzmaqdan, həyatı udmaqdan gedir.

Elə ortaq nöqtələrmiz var ki, bəzən dogma qardaş olmadığımza heyrət edirəm. Elə maraqlı xatirələrimiz var ki, düşünürəm, onları ancaq Ehtirmala paylaşmaq olardı. Elə dərdli anlarımız var ki, məncə onlara Ehtramdan başqa heç kəslə baş-başa verib ağlaya bilməzdik. Ağlmaq yox, ulaya bilmzədik! Qurd kimi! Zamana, taleyə, həyata etiraz kimi, üsyan kimi!
Əllidən bir qərinə - Əyyub Qiyas yazır
Mən çox sevdiyim şeyləri, kəsləri Ehtirama sevdirə bildiyim kimi, o da mənə ürəyində yurd salan çox şeyi sevdirə bildi bu illər ərzində. İllərə bax ey! Əlli ilin bir qərinəsindən gedir söhbət! Məslən, o mənə Səməd Vurğunu sevdirdi. O mənə aşıq şeirini sevdirdi. Havalı vaxtalırm idi, modern şeir deyib, öz EQOmla hər kəsin zəhləsini tökməyə hazır idim. Amma o, bunu bacardı. Və nə yaxşı ki bacardı. Bu gün adam kimi danışa, adam kimi yaza bilməyim üçün Ehtramın sevdiyi şeylərə borcluyam. Ehtiram İlham bir aldığını min qaytaran oğuldur. Mən ona ancaq dogma Sumqayıtı sevdirdim, o isə mənə qarşılığında bütün Gəncəbasarı, Borçalını, Qazax elini sevdirdi. O mənə sevə bildiklərinin hamısını sevdirdi. Bu gün dostlarımız da ortaqdır. Qardaşı Firdovsi həkim var, ürəkdi, ürək! Və o, mənim də qardaşımdır! İki övladı var, Allah min budaq eləsin! Canımın bir parçasıdır ikisi də. Mənim də övladlarım onun üçün doğmadır, əzizdir, bilirəm.

Yola çıxmışıq onunla, özü də vurub çıxmışıq, maşın sürmüşəm, həm dəm olmuşam, həm ayıq! Amma arxayın olmuşam, bilmişəm ki, Allah bizim ikimizə bir yerdə qıymaz! Ümmiyyətlə, Ehtiramla bir yerdə olanda, arxayın oluram, inanıram ki, Allah də bizə baxanda gözü sevinir. Çünki, əlimizdən EŞQ paylaşmaqdan başqa nə gəlir ki, qurban olduğum sevinməsin?!

Mən adam tanıyıram doğma qardaşları ilə 5-10 il yola gedə bilmir. Bizsə həm yola gedirik, həm də yol gedirik. Çünki ümumi əmanətlərimiz var! Ehtramın anası Zeynəb xala məni ona əmanət eləyib! Allah rəhmət eləsin! Mənim anam “Ehtiram sənin qardaşındır ha”, deyirdi. Onu da mənə əmanət eləyib anam!

1987-cı ildə Ehtiram əsgərliyə getdi. Və ilk ayrılıq belə başladı? Amma ayrılıq niyə kişi olur ki? Biz he vaxt ayrılmadıq. O, əsgərlikdə olanda xeyli məktublaşımışıq! Həmin məktubları, ağılsız başım, mən saxlamamışam, amma Ehtiram çoxunu saxlayırdı, sonra arxivim üçün verdi mənə. Oxuyanda havalanıram. Adam ha deyilik! Hər biri essedir, ədəbiyyat işidir vallah! Bu, əsgərə yazılan məktublar deyil, onların hamısı yazdığımız şeirlərə, oxuğumuz kitbalara münasibətdir, təhlildir.

Əlli ildən bir qərinə! Ehtiramın tez-tez işlətdiyi bir söz var – kişinin başına iş gələr. Mən düşünmədən, tərəddüd etmədən deyə bilərəm ki, Ehtiram İlham mənim başıma gələn ən yaxşı işdir! Və sizə də arzum budur ki, başınıza Ehtiram kimi işlər gəlsin!

Sonra kitablar, redaktələr. Hətta bir yerdə işlədik, sağ olsunlar, başbilənlərimiz, yenə bizi ayırmadılar, eyni günün eyni saatında, eyni əmrlə işdən çıxartdılar. Vallah, adam bilmir ki, başına nə gələr. Amma bir şey var, hətta metroda qarşılaşdığın adam belə bəzən Allahın sənin üçün seçdiyi təsadüfün gerçəyinə çevrilir. 1985-ci ilin 15 oktybar günü, axşam saat 18-00-da biz Ehtiramla çox xoş bir təsadüfün gerçəyini yaşadıq… və o gerçək davam edir…
Əllidən bir qərinə - Əyyub Qiyas yazır
Bəzən mənə elə gəlir ki, biz elə doğuşdan bir yerdə böyümüşük. Belə getsə elə bir yerdə də öləsiyik! Çünki, mən yaşamaqdan doyanda o mənə yaşamaq bəhanəsi verir, o doyanda mən. Başımızı aldada-aldada, bəhanə tapa-tapa, hələ bir qərinə də yaşamağa ehtiyacımız var! Bəlkə dünya düzələr deyirik, bəlkə biz də məhbus olduğumuz tənha adamızdan böyük dünyaya çıxa bildik, deyirik. Deyirik də… Kişinin başına iş gələr…
Ehtiramı düşünəndə həmişə bir şeyi xatırlayıram. Uşaq vaxtı dükandan çörək alıb evə gələnə qədər, çörəyin qıraqlarını (şəhər uşaqaları ona “qorbuşka” deyirdi) yeyirdim. Bərəkətinə qurban olum, amma çörəyin ən dadlı yeri bax, həmin o “qorbuşka”sıdır. Ehtiram İlham da mənim üçün dostların “qorbuşka”sıdıdır…

Necə keçdi illər – yaş-yaş qocalıq,
Döydük gözümüzü çaş-çaş, qocaldıq,
Qəbir-qəbir qaldıq, daş-daş qocaldıq
Düşdük min oyuna, tələyə, Dərdiş!

Tale nə verdi ki bizdən nə ala?
Ömür köhlən imiş – çapdı dördnala.
Ağıllı başımız indi az qala
Dönür ifləməyə, dəliyə, Dərdiş!

Elə dara düşdük, elə dar olduq,
Baxtın arxasınca qaçdıq, yorulduq,
Gəldik qardaş olduq – dərdə yar olduq
Dözdük neçə zülmə, çiləyə, Dərdiş!

Bəzən yol göründü qarşıda – uzun,
Danışmaq istədik, dedilər susun!
Neçə dilbilməzin, neçə qanmazın
Danışası olduq diliylə, Dərdiş.

Daha heç soruşma azarın nədir…
Hamı öz ömrünü yaşayıb gedir.
Əlli il dediyin bir qərinədir –
Bir yerdə yetişdik əlliyə, Dərdiş!


P.S. Sadəcə və sadəcə, yaşın mübarək, dərdiş! Sənin olduğun dünyada yaşamağa nə var ey?!

Eşqlərimlə, Əyyub QİYAS.
11 yanvar 2019
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ