Mənim Qaraqoç Sevgim amanatı - Çiçək Mahmudqızı yazır

Tarix:16-12-2018, 20:36 Baxış Sayı:88

Mənim Qaraqoç Sevgim amanatı - Çiçək Mahmudqızı yazır
Aşk dedin bağrıma soktun bıçağı
Akan kanım göl olmadan tükenmez
Sevda kokan bu yaranın çiceği
Petek petek bal olmadan tükenmez

Hasret nedir yarına sor düne sor
İnanmazsan dönder aktar gene sor
Sensiz geçen geceleri bana sor
Saatleri yıl olmadan tükenmez

Görsem derim biçimini rengini
Kötü talih yüksek yapar engini
İçimdeki bu sevginin yangını
Sümüklerim kül olmadan tükenmez


Bir yüngülcə könül ismarıcım olan bu yazıya ruhumun şairi Əbdürrəhim Qaraqoçun şeiri ilə başladım. Əslində poeziya mənim üçün elə Ə.Qaraqoçun bu ikicə misrasıdır ki, heç vədə tükənməz …

Sevda qoxan bu yaranın çiçəyi
Pətək pətək bal olmadan tükənməz…

( incələdikcə incələnən bəlayi-eşqin tükənməyən yanğısı və yarası… )

Mənim üçün türk şeirinin yolu əslində Mövlanalardan başlayıb Yunus Əmrədən , Pir Sultan Abdaldan , Qayıqçı Qul Mustafadan , Qaracaoğlan , İbrahim Haqqı, Dadaloğlu , Ərzurumlu Əmrah və Aşıq Veysəldən keçib taa Qaraqoçlara qədər gələn yoldu .Təbii ki, türkün çox güclü hikmət sahibləri , dünyanın qəbul etdiyi çox nəhəng şairləri olub. Hər kəs öz sevdiyini və duyduğunu yazar. Söz də, poeziya da könül işidi. Heç nəyi könülə könülsüz yedizdirmək də olmaz. Sözlə aşinalıq edən hər bəndənin zövqündə , ruhunda sevdiyi , dərk etdiyi biri olan kimi, mənim də ruhumun ehtiyacını doyuzduran təsəvvüf şairləri olub. Görünür bu da hər kəsin iç dünyasının ehtiyacıdır. Zaman- zaman mən öz könlümün , ruhumun dincliyini bu şairlərdə–sonucda Qaraqoç qardaşlarında tapmışam. Və hərdən elə düşünmüşəm ki, Qaraqoçlar min illər bundan öncə yaşayıb. Heç zaman ağlımın ucundan belə keçməyib ki, xəyallarda belə qovuşa bilməyəcəyim Qaraqoçları görə bilərəm, hətta Rəbbim rüsxət verər onları verlişimə də çəkə bilərəm…
Mənim Qaraqoç Sevgim amanatı - Çiçək Mahmudqızı yazır
…günlərin bir günü (ili dəqiq deyəmmərəm) Şəmkir ərazisində, səfalı bir məkanda- Yəhya bəy Dilqəmin oylağında böyük Söz pərvanəmiz Məmməd Aslanı verilişə çəkirdim. Söz sözü çəkirdi, söz da havalanıb sazı çəkirdi. Gah Məmməd Aslanın bitib tükənməyən söz boxçasının şirinliyində əriyib yox olurdum, gah da aşıq Elburusun dağları –dərələri heyrətə salan dəli-dəli oxularında dirilib,durulub geri özümə qayıdırdım…

Dağlar qardan-buzdan tutmuş yükünü,
Kəsdirmiş qapını qış dəli-dəli
Hər ağac dibinə yığar kökünü,
Vurnuxar yuvasız quş dəli-dəli

Dost deyincə ahım alov almada,
Könlüm dərin xülyalara dalmada,
Neyim varsa,getdi– kədər qalmada,
Axar gözlərimdən yaş dəli-dəli

Qaraqoçam, şirin xəyal quraram,
Hər kimdən nə duysam ,xeyrə yoraram,
Bu dəli ruzgardan səni soraram
Dayanma, yollara düş dəli-dəli…


Sözdən saza qalxır, sazdan sözə enir, ruhun pərvərişində pərvanə tək yanırdım.Şair Zəlimxan Yaqub demiş –dəli olmağıma bircə addım qalmışdı. İçimdə yaşatdığım dünyayla yaşadığım dünyanın tən üst-üstə düşən məqamlarını yaşayırdım.

( Şairim də,aşığım da Qaracaoğlandan, Dadaloğlundan başlayır Qaraqoçlar da dayanırdılar. Bilmirəm bu Məmməd Aslanın düşünülmüş ssenarisiydi, ya elə mənim ruhumun ehtiyacını bu söz bilicimiz duyub danışırdı, ya Aşıq Elbursa göstərişiydi –hər nəydisə saz da, söz də, şeirlər də məni məndən alıb o əngin dərələrin sonsuzlugunda əridirdi.)
Mənim Qaraqoç Sevgim amanatı - Çiçək Mahmudqızı yazır
Arada nəfəs dərib özümə gələndə qonağımdan soruşurdum –ay Məmməd müəllim, siz hardan bilirsiniz ki, mənim ruhum bu şeirlərin, bu insanların acıdı?

Qız, mən sənin ruhuna bələdəm, bilirəm sən hansı kökdəsən bu dəm—deyirdi…

(Allah sənə rəhmət eləsin, ay Məmməd Aslan. Azərbaycan dilinin şirinliyini, ətirini aldığım barmaq sayı söz bilicilərimizdən biri və bəlkə də birincisi idin və yerin hər zaman könlümüzün şah taxtındadır)

… Çəkiliş gedir,bu axarın harda , necə bitdiyindən xəbərsizik. Xəyalən Qaracaoğlanı, Dadaloğlunu, Qaraqoçları görüb gəlirəm. Üzümdən,gözümdən içimin ehtiyacını duyan Məmməd Aslan arada bir söz də atır ki, çəkiliş bitsin, səni Bahaəddinlə də danışdıracam. Qulaqlarıma inanmıram. Əbdürrəhim Qaraqoçla da danışmaq istəyirəm, deyirəm. Əbdürrəhim xəstəhaldı, amma çalışacam səni onlarla görüşdürüm ,qız –Məmməd Aslan özünəməxsus danışığı ilə ruhumun yaralı halına elə bil məlhəm edir…Beləçə çəkiliş bitir, sonra telefon bağlantısı edir, Qaraqoçlarla danışırıq…

Aylar,günlər keçir və bizim o verilişlər gedib Bahaəddin Qaraqoça yetişir.Türkün şeir dəryasından özünəməxsus pay götürən,ziyarətinə minlər,milyonlar axışıb gələn,başkanların,bakanların ilgiləndiy və hizmət etdiyi böyük bir şair üçün bizim kiçik bir proqramın dəyəri nə ola bilərdi ki, sevgidən, sayğıdan ,istəkdən dolayı…Bəlkə içimizdəki təşnə sevgi Bahaəddinə də əyan olmuşdu –nə bilim…
Mənim Qaraqoç Sevgim amanatı - Çiçək Mahmudqızı yazır
Günlərin birində Bahaəddin Qaraqoç bizi doğulduğu,boya- başa çatdığı diyara- Kahramanmaraşa 18-ci Dolunay şeir şöləninə (Kahramanmaraş Böyükşəhər Bələdiyyəsilə ) dəvət edir…

Bütün gözəlliklər də burdan başlanır, xəyalların gerçək yozumuna da burdan göz oluram. İlk dəfə Türkiyəni görmək, dövlət səviyyəsində kitab fuarında iştirak etmək, şeir şölənində izdahamlı dəqiqələri yaşamaq və bu axarın içində Bahaəddin Qaraqoçun boyunu görmək,üz-gözündən öpmək, sevmək,sevilmək, göz yaşları, həsrət ağrıları, ardı-arası kəsilməyən insan axını, Qaraqoç sevdalıları …nələr…nələr…bu gerçəkliyə bir aynadan boylanan kimi mat-məətəl baxıram.. Ertəsi gün bizi-3-4 nəfər Azərbaycandan gedən qonaqları Bahaəddin Qaraqoçun yaşadığı evə dəvət etdilər.

Burda mənə hər şey illərlə özlədiyim Qaraqoçlardan nişan verirdi…
Kahramanmaraşın Elbistan bölgəsinə bağlı, dörd tərəfi dağlarla əhatə olunmuş böyük və şirin bir köy – Çelada torpaq bir evdə dünyaya göz açan və çox sonralar bu köyü,bir eli,bir yurdu qutsallaşdıran , Kahramanmaraşı öz soyadları ilə ürəklərə qızıl hərflərlə yazdıran Qaraqoçlar…
Bahaəddin Qaraqoç –beş qardaş və qardaşların ən böyüyü . Beş qardaşın beşi də şair və hər biri də Söz meydanında öz atını dördnala çapan böyük şair , özəlliklə də mənim çox sevdiyim Türk xalq şeirinin sütunlarından olan Əbdürrəhim Qaraqoç…

Ataları Ümmət, anaları Fatimə, soyadları Elbistanın ən köklü bir ailəsindən gələn Qaraqoçlar. Qaraqoçların babası (yəni ataları) xəttatlıqla məşğul olmuş bir usta, şair,divan ədəbiyyatını , xalq ədəbiyyatını , təkkə ədəbiyyatını çox gözəl bilən və zəngin kitabxanaya malik , Bahaəddinin dili ilə desək “ürəyi və kafası dolu, könlü dəli,gözləri sulu və Allahin bir qulu “.

Təbii ki, doğulub içində böyüdüyü ailə çevrəsi,şairliyin bütün rüşeyimləri,xalq ədəbiyyatı ilə bəslənən kültür, ilhamının çeşməsi və mənbəyi olan dağların özəlliyi və gözəlliyi bu ailədə dünyaya göz açan hər bir uşaga güclü təsir etmiş və onların dünya səviyyəli bir şair kimi tanınmasına birinci dərəcəli ortam olmuşdu…
Mənim Qaraqoç Sevgim amanatı - Çiçək Mahmudqızı yazır
Füzulinin ,Yunusun, Aşıq Ömərin , Qaracaoğlanın şeirləri ilə böyüyən Ümmət Qaraqoçun beş oğlunun beşi də kiçik yaşlarından şeir dilinə aşina olmuş və get- gedə zəngin dastan bilgiləri və şeirləri ilə ölkə dərgilərinin diqqətini çəkmiş və sonralar türk poeziyasında bir vulkan kimi püskürmüşər…

Qaraqoçlar haqqında yazılar və bilgilər yetərincə yazıldıgından bəlkə də mənim uzun uzadı yazmağıma elə bir lüzum da yox , amma mənim bir könül, bir vəfa borcum var Qaraqoçlara – onu bu günlərdə Ustadın oğlu Oğuz Qaraqoça yetirməsəm içim məni rahat buraxmaz…

Bahaəddin Qaraqoç 1930 –cu ilin martın 5 də dünyaya göz açmışdı. Mənim də dünyaya gəlişim həmin gün,həmin aydı. Bəlkə bu rəgəmlərin üst –üstə düşməyində də taleyin bir kodu var,bilmirəm.

Məktəbə getdiyi ilk illərindən Savalan dağına qaçıb qartallarla gün keçirən, hansı qayada hansı kəkliyin, hansı gədikdə hansı gülün bitdiyini axtarıb gəzən , şair taleyini qayalarda, daglarda sükutun səssizliyini dinləməklə bölüşən ,içi –könülü dolu, ürəyi Azərbaycan sevdası ilə çağlayan, bütün hərəkətləri, bilgiləri,danışıqları, ərkəsöyünlüyü ilə mənə bizim böyük Məmməd Aslanı xatırladan Bahaəddin Qaraqoçun bu günlərdə köçünü durnaların payız köçünə qatıb da uçduğunu, uzaqlara öz türkülərini oxumağa getdiyini eşitdim…Bütün xatirələr çözələndi, çözələndikçə məni üşütdü .
Xəyalən Kahramanmaraşa getdm, Savalana üz tutdum, qarşı yatan dağlardan səni sordum, Ustad…

Girerim-çıkarım,gözüm yoldadır
Gezenler ortada ama sen yoksun.
Tohum ekenekde,meyvə daldaır,
Düzənlər ortada ama sen yoksun

Yanıktır,yüreği kokar evimin
Yorğundur,sivası akar evimin,
Kapısı dağlara bakar evimin,
Hazanlar ortada ama sen yoksun.

Umut kovalayıp hayal kurmaktan,
Dalğa-dalğa kıyılara vurmaktan,
Yorğun düşdüm yokluğunu sarmaktan,
Kızanlar ortda ama sen yoksun

Vakit düz ikindi bacalar tüter,
Gece olur ishak kuşları öter,
Ne acı azılır,nə hasret biter,
Yazanlar ortada ama sen yoksun.

Rüzgar kapı-kapı gezer evleri,
Şehri basar Kaf Dağının devləri,
Aşmak çok zor aşk yolunda şevləri,
Çözenler ortada ama sen yoksun…


Rüzgar qapı-qapı gəzdi də,sizləri bir- bir dənlədi də. Bu gün sizin çox sevdiyiniz Savalan da yerindədir, qıy vuran qartallarınız da ,kəklikli qayalarınız da…fəqət siz yoxsunuz ,Ustad !!! Türkün Beyaz Qartalı –Bahaəddin Qaraqoç !!! Mənim siz uyuyan torpaqlarda bir Qaraqoç Eşqim, Qaraqoç Sevdam dolaşır , muğayat olun, Ustad .

Mənim Qaraqoç Eşqim, Qaraqoç Sevgim amanatı !!!

Saygılarımla Çiçək Mahmudqızı

Azərbaycan—Gəncə…
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ