Hacının haqqı və salamı

Tarix:10-12-2018, 11:33 Baxış Sayı:253

Hacının haqqı və salamı
Hacı Soltan Əlizadənin 60 yaşına

Bizim evə aparan yol dar dalandan keçir – “Gənclik” küçəsinin ikinci döngəsi. Bizim qapımızın önündən arabir özü gənc olsa da yerişindən yaşına uyuşmayan bir müdriklik yağan nurani üzlü bir insan keçib gedirdi. Onda mən uşaq idim, onun hamıdan seçilən fərqli görkəmi məndə maraq oyatmışdı. Atam deyərdi ki, Hüseynqulunun oğludur, məscidə gedir.

Hələ sovetlər dağılmamışdı, məscidlərin, din ocaqlarının üzərində hələ də nəzarət vardı. Bizim kənddəki “Məşədi Qərib” məscidi imanını qoruyan insanların sığınacaq yeri idi. Sovet hakimiyyətinin xofu, qadağaları bu insanların qəlbindən Allah sevgisini çıxara bilməmişdi. Uzun illər boyu insanlar bu məscidə gəlib Allaha ibadətlə məşğul olublar, buranı dağılmaqdan xilas ediblər. Gənc Soltan burda böyük iman məktəbi keçib. Onun dini görüşlərinin formalaşmasında Axund Məşədi Məzahirin böyük rolu olub. Bu həmin Məşədi Məzahirdir ki, 37-ci ilin repressiyalarına məruz qalmışdı, 10 il sürgün həyatı yaşamışdı, ömrünün 18 ilini vətənindən kənarda yaşamağa məhkum edilmişdi.

...Gərdişi-dövran dəyişdi. Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra etiqad azadlığı insanları Tanrı sevgisinə qovuşdurdu. On dörd yaşım vardı, yeddinci sinifdə oxuyurdum. Evimizdə ana babam Mircavad Ağadan qalma müqəddəs bir kitab vardı, anam o kitabı həmişə qoruyardı, xüsusi parçaya büküb evin ən yuxarı başında saxlayardı. Mən o kitabı oxumaq eşqiylə alışıb-yanırdım. Hər dəfə kitabı əlimə götürüb vərəqləyir, onu nə vaxt oxuya biləcəyim haqda düşüncələrə qapılırdım. Bu, Qurani-Kərim idi. Bir gün atam bu həvəsimi görüb dedi ki, bəlkə uşağı Quran dərsinə göndərək? Anam dedi ki, həvəsi varsa qoy gedib oxusun. Atam Azərbaycanın görkəmli ruhanilərindən, ilahiyyat alimlərindən olan Hacı Əhmədə mənim bu istəyimi deyəndən sonra Hacı atama oxumağı öyrədən bir Quran kitabı verdi ki, bununla dərslərə başlasın. Mənə Quran oxumağı Hacı Əhmədin tələbələrindən olmuş qonşumuz İlham öyrətməyə başladı. Bir müddət sonra məscidə Quran dərslərinə getməyə başladım. Orda isə bizə avazla Quran oxumağı Hacı Soltan öyrədirdi. Ünsiyyətimiz o zamanlardan başladı. Sonra Hacı mənə nəfis tərtibatlı bir Quran və cənamaz bağışladı. Bu, çox-çox illər sonra olacaqdı. Hələ taleyin məni hansı istiqamətə yönləndirəcəyindən xəbərsiz idim.

Yazı-pozuya, ədəbiyyata hədsiz həvəsim məni jurnalistikaya gətirib çıxartdı. Mətbuatda mütəmadi yazılarım çıxırdı və həmin dövrdə Hacı Soltanın görünməyən tərəfləri üzə çıxdı; o, həm bədii yaradıcılıqla məşğul olur, həm də araşdırmaçı kimi islamşünaslığın toxunulmayan sahələrini tədqiq edirdi. Hacıyla münasibətlərimiz müəllim-şagird müstəvisindən dostluq mərhələsinə keçdi. Onun bir-birinin ardınca dəyərli kitabları nəşr olunmağa başladı. “Azərbaycan dərvişləri və rövzəxanları”, “Şah İsmayıl Xətai”, “Xətai və Füzuli”, “Həzrət Əli və dünya ədəbiyyatı”, “İslamda idman və boksun şahı Məhəmməd Əli”, “İslam İdman Antologiyası” və digər kitabları onu həm bir şair, həm də ilahiyyat alimi kimi tanıtdırdı. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Hacı Soltan bütün kitablarında indiyə qədər toxunulmayan mövzulara müraciət edib. Məsələn, “Həzrət Əli və dünya ədəbiyyatı” mövzusu nə islamda nə də ədəbiyyatımızda heç vaxt araşdırılmayıb. Hacı Soltan bu mövzunu ciddi tədqiq etmiş və ortaya samballı bir kitab qoymuşdur. Dərvişlər haqqında da ilk kitabı o, yazıb. İslamda idman mövzusunda elmi ədəbiyyat tapmaq çox çətindir, Hacı Soltan bu sahədə olan boşluğu “İslam İdman Antologiyası” ilə doldurmağa çalışdı. O, 25 kitab müəllifidir və bu kitabların hər biri təzkirə xarakterlidir. O, bu kitabları yazmaq üçün Azərbaycanın şəhər və kəndlərini qarış-qarış gəzib, araşdırmalar aparıb, unudulmaqda olan şəxsiyyətləri yenidən yaddaşımıza qaytarıb.
Hacının haqqı və salamı
Hacı Soltan yeganə din xadimidir ki, onun fəaliyyəti təkcə axundluqla, dini ayinlərin icrasıyla bitmir. O, Nizamidən üzübəri bütün klassiklərimizin yaradıcılığına dərindən bələd olan bir adamdır. “Şah İsmayıl Xətai”, “Xətai və Füzuli”, “Xətaişünaslığa hədiyyə” kitablarında bu görkəmli şəxsiyyətlərin Tanrıya bağlılıq hissi, dini dünyagörüşləri və islama verdiyi töhfələr haqda geniş bilgilər verilir. Tanrı ona həm də şairlik istedadı bəxş edib və o, bu külçəni cilalayıb, bir “Divan” bağlayıb. Onun şairlik yönü ədəbiyyatşünaslıq baxımından ayrıca bir araşdırma mövzusudur.
O, uzun illərdir ki, Abşeronun ən qədim kəndlərindən olan Buzovna kəndinin Axundudur. Hacı Soltan klassik şairlərimizin, keçmişimizdə iz qoymuş insanların irsinin yaşaması üçün xeyli işlər görmüş, onların yubileylərinin, xatirə gecələrinin keçirilməsinin birbaşa təşəbbüskarı və təşkilatçısı olmuşdur. Mən bu tədbirlərin əksəriyyətinin iştirakçısı olmuşam və hər dəfə Hacının bu işləri necə can yanğısıyla, sevgiylə gördüyünün şahidiyəm. 1990-cı ilin 20 yanvar faciəsində onun fədakarlığını görmüşəm, Qarabağ müharibəsində qızğın döyüşlərin getdiyi vaxtda ön cəbhədə əsgərlərlə görüşləri haqda da o zamanların mətbuatında yazılıb. Onun bir kitabı da var: “Yaşamaq, yaşatmaq, yaratmaq”. Hacı Soltanın həyatdakı missiyasını bu üç söz tam ifadə edir.

O vaxt “İki sahil” qəzetində çalışırdım və həmin qəzetdə Hacının bir neçə kitabı haqqında yazılar yazmışdım. Xoşuna gəlmişdi. Bir dəfə məndən xahiş etdi ki, onun “Xətaişünaslığa hədiyyə” kitabına ön söz yazım. O zaman cəmi-cümlətanı 23 yaşım vardı. Onun bu gözlənilməz təklifindən özümü itirdim, belə bir samballı kitaba ön söz yazmaq o qədər də asan deyildi. Amma yazdım! Hacının mənə olan inamından güc aldım və “Şah İsmayıl Xətainin Buzovnalı nəvəsi” adlı bir yazı yazdım. Yazı həmin kitabda ön söz kimi çap olundu.

Sonra əsgərliyə yollandım. Naxçıvanda hərbi xidmət keçdim və həmin dövrdə anamla müntəzəm məktublaşırdıq. Bir dəfə anam mənə yazmışdı ki, “Hacını gördüm, səni soruşdu, dedim əsgərlikdədir. Sənə salam göndərdi”. O qədər sevinmişdim ki! Həmin məktubları indi də anamdan qalan qiymətli yadigar kimi qoruyub saxlayıram. Çox sevinmişdim, çünki bir müddət əvvəl həyatımın çox çətin günlərini yaşamışdım, jurnalistikadan ayrı düşmüşdüm. Özümü boşluqda hiss edirdim və sanki ətraf aləmdən tamamilə təcrid olunmuşdum. Gələcəkdə məni nə gözlədiyini bilmirdim. O ağır mərhələni keçmək mənim üçün çox çətin oldu... Eyni zamanda düşünürəm ki, görünür, o sınaq dövrünü keçməsəydim, sonrakı uğurlar da gəlməyəcəkdi. Həmin ağır günlərdə Hacı Soltanın anam vasitəsilə mənə salam göndərməsi sanki məni yenidən həyata qaytardı. Anamın o cümləsini oxuyanda içim sim kimi titrədi. Düşündüm ki, demək, hələ mənə inanırlar. Həyatımın yenidən təbii axarına düşməsi üçün daha bir neçə il lazım oldu. Bu həyatda heç nə asanlıqla əldə olunmur. Mən bu gün az-çox nəyəsə nail olmuşamsa, buna görə minnətdar olduğum insanlardan biri Hacı Soltandır. Bu yazını yazdıqca yuxusunu suya danışan adam kimi özümü son dərəcə rahat hiss edirəm.

Ötən il Nizami adına Ədəbiyyat Muzeyində Şah İsmayıl Xətainin 530 illiyi ilə bağlı bir tədbir keçirilirdi. Akademik, Millət vəkili Rafael Hüseynovun tədbirdəki çıxışı həm də aşağıda dedikləriylə yaddaşıma həkk olundu:

“Ötən illərdən birində Azərbaycan mətbuatında bir yazı çıxmışdı, o yazıdakı bir ifadə dillərə düşmüşdü və müəyyən insanları düşündürür, onlarda suallar yaradırdı. O ifadə belə idi: “Şah İsmayıl Xətainin Buzovnalı nəvəsi”. Şah İsmayılın Buzovna kəndinə bir aidiyyatı yoxdur. Amma Buzovnadan olan Hacı Soltan ki, var, onun bir nəvə kimi, övlad kimi Şah İsmayıla birbaşa aidiyyatı var”.

Rafael müəllimin çıxışında mənim yazım xatırlanmışdı və o məqamda mən duyğulu anlar yaşadım.
Hacının haqqı və salamı
Bir məqamı da xatırlayıram. On beş il bundan öncə “Ədalət” qəzetində Hacı Soltan haqqında bir yazı yazmışdım və onda Hacının 45 yaşı vardı. Mən isə onun 55 yaşı olduğunu zənn etmişdim və o yazıya da 55 rəqəmi düşmüşdü. Görünür, mən onu elə həmişə ağsaqqal kimi qəbul etmişəm və ağsaqqal ifadəsi ilə 45 rəqəmi ziddiyyət təşkil edir. İlk baxışda bu belədir. Amma yazımın əvvəlində də qeyd etdiyim kimi, o, elə lap gənc yaşlarından ağsaqqal kimi qəbul olunmuşdu. Həmin yazı çap olunandan sonra Hacıyla bir məclisdə görüşdük və dedi ki, yazın yaxşı idi, amma mənim 55 yox, 45 yaşım var. Yanlış da bir naxışdır. İnsan üçün yaş önəmli deyil, onun dəyəri gördüyü işlərlə, insanlığa verdiyi töhfələrlə ölçülür. Onun kitaba,elmə, ədəbiyyata sevgisi ətrafında olan insanlara da sirayət edib. O, bütün çıxışlarında, yazdığı kitablarda insanları kitab oxumağa, elm öyrənməyə səsləyib.

Müqəddəs kitabımız Qurandır və bu sözün də mənası “oxumaq” deməkdir. Peyğəmbərimiz “elmi beşikdən qəbrədək öyrənin” deyir. Hacı Soltan mənə kitabı sevdirib və kitab mənim həyatımı dəyişib. Kitablar olmasaydı, mən heç vaxt həyatı indiki qədər dərk edə bilməzdim.

Əslində bu yazını yubiley yazısı kimi nəzərdə tutmamışdım. Mən bu yazını yazanda onun yaşını tamam unutdum. Gerçək bu ki, dekabrın 21-də Hacı Soltanın 60 yaşı tamam olur. Amma içimdəki nizamsızlıq, ovqatımın pərakəndəliyi ruh halıma da sirayət elədi və bu yazı bizi hər dəfə Tanrının ətəklərində dolandıran bu ruhani və nurani insan haqqında içimdəki hisləri tam ifadə etmək üçün yetərli olmadı. Ürəyimdən çox sözlər keçir. Hacı haqqında söz deməyin özü bir məsuliyyətdir. Tarix boyu şeyxlər, övliyalar, nəbilər bəşəriyətin yolunu işığa bürüyüblər. Hacı Soltan da bu yolun, müqəddəs yolun yolçusudur.

Yolun heç vaxt tükənməsin, Hacı!

Kənan HACIБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ